Virus əleyhinə C vitamininin rolu

Havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyaların, həmçinin, qripin yayılmasında artım müşahidə olunur.
Kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq, düzgün müalicə olunmadıqda isə ağırlaşmalarla müşayiət olunur. Əhalinin ən həssas təbəqələri - yaşlılar, xroniki xəstələr, hamilə qadınlar və uşaqlarda bu infeksiyalar daha ağır gedişatlı və fəsadlı ola bilər.
Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər mühüm rol oynayır. İnfeksiyadan qorunmaq və xəstəliyə yoluxmamaq üçün

-tibbi maskadan istifadə;
-otaq havasının tez-tez dəyişdirilməsi;
-əllərin təmizliyi
-sağlam qidalanma
-immun sisteminin gücləndirilməsi vacibdir.

İmmun sisteminin gücləndirilməsi virus infeksiyalarının profilaktikası üçün əhəmiyyətli şərtlərdəndir. Virus əleyhinə immun cavabda vitamin C mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sisteminin virusa qarşı adekvat cavabı üçün çox vacibdir, çünki mitoxondrial, virus əleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün bütöv kaskadı induksiya edir.

Həmçinin, Vitamin C defisitində dərinin və selikli qişanın baryer funksiyası yetərli olmur.
Vitamin C-nin çatışmazlığı orqanizmin immun sistemini zəiflədir. Bu vitamin orqanizmdə güclü antioksidant və əsas immunomodulyatorlardan biri olaraq, infeksiyaya və iltihaba qarşı müdafiəni aktivləşdirir. Bu baxımdan venadaxili yüksək dozalı vitamin C kəskin respirator virus xəstəliklərinə yoluxmuş insanlara tövsiyə olunur.
Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:


• İmmun hüceyrələrinin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir

İstifadə qaydası: Yüksəkdozalı vit. C 7,5 g - 50 ml + NaCl 0,9% -100 ml venadaxili damcı üsulu ilə həftədə 2 dəfə.

Mənbə: BTİMM elmi şöbəsi

100 yaşdan yuxarı insanların bədənində bunlar var

ALİMLƏR AÇIQLADI


Braziliyalı alimlər uzunömürlü insanların sağlamlığının əsas sirrini açıqlayıb. San-Paulu Universitetinin tədqiqatçıları müəyyən edib ki, 100 və daha yuxarı yaşa çatan şəxslərin immun sistemi adi insanlardan fərqli işləyir. Araşdırmanın nəticələri “Genomic Press” jurnalında dərc olunub.
Tədqiqatda 140-dan çox iştirakçı yer alıb. Onların arasında yaşı 100-dən yuxarı olan şəxslər və 110 yaşdan artıq “superuzunömürlülər” də olub. Alimlər aşkar edib ki, bu insanların immun hüceyrələri zədələnmiş zülalların parçalanmasını və toxumaların hüceyrə “tullantılarından” təmizlənməsini daha effektiv həyata keçirir. Bu mexanizmlər xroniki iltihabın qarşısını alır və demensiya, xərçəng, ürək-damar xəstəlikləri riskini azaldır.
Alimlərin fikrincə, bu xüsusiyyətlər COVID-19 pandemiyası dövründə də mühüm rol oynayıb. Araşdırmada iştirak edən və 2020-ci ildə virusa yoluxan üç uzunömürlü ağır fəsadlar olmadan tam sağalıb. Gələcəkdə bu mexanizmlərin öyrənilməsi immun yaşlanmanın ləngidilməsinə və sağlam ömrün uzadılmasına kömək edə bilər.

Kalori yox, qida keyfiyyəti önəmlidir

ARIQLAMAĞIN SİRRİ


Amerikalı mütəxəssislər uzunmüddətli arıqlama üçün əsas amilin kalori saymaq deyil, qidalanmanın keyfiyyəti olduğunu bildirib.

“The Conversation” portalının yazdığına görə, qısa müddətli sərt pəhrizlər tez nəticə versə də, əksər hallarda davamlı olmur və çəkinin yenidən artması ilə nəticələnir.
Araşdırmalar göstərib ki, pəhrizlə arıqlayan insanların cəmi 20 faizi əldə etdiyi nəticəni uzun müddət qoruyur.

Bunun əsas səbəblərindən biri ciddi qadağalara əsaslanan pəhrizlərin psixoloji və fizioloji baxımdan çətin olmasıdır.

Sevilən qidaların tamamilə rasiondan çıxarılması beyini zəiflədir və güclü yemək istəyi yaradır.

Fizioloji baxımdan isə kəskin kalori azaldılması iştahın artmasına, toxluq hissinin zəifləməsinə və enerjiyə qənaət mexanizmlərinin işə düşməsinə səbəb olur.

Bundan əlavə, sürətli arıqlama zamanı yağla yanaşı əzələ kütləsi də itirilir ki, bu da maddələr mübadiləsini zəiflədir və çəkinin geri qayıtma riskini artırır.
Mütəxəssislər balanslı və tədricən arıqlamanı tövsiyə edib.

Zülal və liflə zəngin qidalar — tam taxıllar, paxlalılar, meyvə və tərəvəzlər — daha uzunmüddətli toxluq yaradır.

15 min tibb bacısı tətilə çıxdı

ŞƏHƏR TARİXİNDƏ ƏN BÖYÜK KÜTLƏVİ ETİRAZ


Nyu-York şəhərində tibb işçilərinin tarixində ən böyük etiraz aksiyası keçirilir. Şəhərdə təxminən 15 min tibb bacısı işlərini dayandıraraq küçələrə çıxıb. “Politico” nəşrinin məlumatına görə, bu, Nyu-York tarixində tibb bacılarının say baxımından ən böyük tətilidir.
Aksiya iştirakçıları inflyasiyanın mövcud səviyyəsini nəzərə alan maaş artımı, kadr çatışmazlığına qarşı tədbirlərin qorunub saxlanılması və genişləndirilməsi, eləcə də əmək müqavilələrinə iş yerində zorakılıqdan müdafiə mexanizmlərinin daxil edilməsini tələb edib.
Xəstəxana rəhbərləri irəli sürülən tələbləri real olmadığını və federal maliyyə dəstəyinin azalması riskindən narahat olduqlarını bildirib. Nyu-York ştatının qubernatoru Keti Hoçul pasiyentlərin təhlükəsizliyini təmin etmək üçün əlavə resursların səfərbər edildiyini açıqlayıb. Şəhər meri Zohran Mamdani isə əhaliyə tibbi xidmətin fasiləsiz göstəriləcəyinə dair təminat verib. Xəstəxanalar müvəqqəti personal cəlb etməyə məcbur qalıb.

Təcili yardım həkimləri fırtınada xəstəni 1 kim xərəkdə daşıyıb

GÜCLÜ FIRTINA SƏBƏBİNDƏN


Kamçatkada güclü siklon səbəbindən təcili tibbi yardım həkimləri ekstremal şəraitdə çalışmaq məcburiyyətində qalıb. Regional səhiyyə nazirliyinin məlumatına görə, küləyin sürətinin saniyədə 45 metrə çatdığı şiddətli fırtına zamanı təcili yardım əməkdaşları bir xəstəni bir kilometrdən artıq məsafədə xərəkdə daşıyıblar.
Hadisə yanvarın 13-nə keçən gecə baş verib. Ayaq sınığı olan pasiyent yol şəraitinin ağır olması səbəbindən avtomobillə daşına bilməyib. Həkimlər FHN əməkdaşları ilə birlikdə güclü külək və qar fırtınasına baxmayaraq xəstəni təhlükəsiz şəkildə tibb müəssisəsinə çatdırıb. Nazirlikdə bildirilib ki, bu, sutka ərzində qeydə alınan yüzlərlə çağırışdan yalnız biridir.

Yeni nəslin beyni buna görə "çürüyür"

PSİXOLOQLAR XƏBƏRDARLIQ EDİR


2024-cü il üzrə aparılan psixoloji trend analizləri Z nəsli yetkinləri arasında narahatedici bir davranışın geniş yayıldığını göstərir. Araşdırmalara görə, bir çox gənc xroniki stress və zehni həddindən artıq yüklənməyə cavab olaraq saatlarla yataqda qalaraq telefonla vaxt keçirir və yuxuya gedə bilmir.
Psixologiyada “yataqda çürümə” (bed rotting) adlandırılan bu davranış forması zahirən istirahət təsiri bağışlasa da, mütəxəssislər bunun əslində tükənmişliyin və emosional yorğunluğun göstəricisi olduğunu vurğulayırlar. Psixoloqlar bildirir ki, beyin həddindən artıq yükləndikdə özünü qorumaq məqsədilə “qapanma” rejiminə keçir və əlavə enerji tələb edən fəaliyyətlərdən yayınmağa çalışır.
Mütəxəssislərin sözlərinə görə, qısa müddətdə rahatladıcı görünən bu vəziyyət uzunmüddətli perspektivdə ciddi mənfi təsirlərə yol aça bilər. Belə ki, davamlı “yataqda çürümə” diqqət toplama qabiliyyətinin zəifləməsinə, əhval-ruhiyyənin pozulmasına, motivasiyanın azalmasına və gündəlik fəaliyyətlərə marağın itirilməsinə səbəb olur.
Psixoloqlar gənclərə stresslə mübarizə üçün passiv qaçış yolları əvəzinə, yuxu rejiminin tənzimlənməsi, fiziki aktivlik, ekran vaxtının azaldılması və peşəkar psixoloji dəstək kimi daha sağlam üsullara üstünlük verməyi tövsiyə edirlər.

Azərbaycan kişiləri dünyada 4-cü yerdədir

TESTESTERON SƏVİYYƏSİNƏ GÖRƏ


“World Population Review” tərəfindən yayımlanan məlumata görə, Azərbaycan kişiləri orta testosteron səviyyəsinə görə dünyada 4-cü pillədə qərarlaşıb. Statistik göstəricilərə əsasən, ölkədə kişilərin orta testosteron səviyyəsi 740 nanogram/desilitr təşkil edir.
Reytinq cədvəlinə Özbəkistan liderlik edir. Bu ölkədə kişilərin orta testosteron səviyyəsi təxminən 780 nanogram/desilitr olaraq qeydə alınıb. İkinci yerdə Xorvatiya qərarlaşıb – burada göstərici 760 nanogram/desilitr civarındadır. İlk üçlüyü Kamerun tamamlayır.
Siyahının beşinci pilləsində Monqolustan yer alıb. Bu ölkədə orta testosteron səviyyəsi 720 nanogram/desilitr təşkil edir. Altıncı sırada isə 710 nanogram/desilitr göstərici ilə Efiopiya qərarlaşıb.
Mütəxəssislər testosteron səviyyəsinə genetika, qidalanma, həyat tərzi və fiziki aktivlik kimi amillərin təsir etdiyini bildirirlər. Qeyd olunur ki, testosteron səviyyəsi kişi sağlamlığı, əzələ kütləsi, enerji və ümumi fiziki vəziyyətlə sıx bağlıdır.

İnsanlar normadan 40% artıq duz istehlak edir

YENİ ARAŞDIRMA


Araşdırmaya görə, İngiltərədə yaşayan böyüklər həftə ərzində təxminən 155 paket çipsə bərabər miqdarda duz qəbul edir.

Britaniya Ürək Fondu (BHF) bildirir ki, orta hesabla gündəlik duz qəbulu 8,4 qramdır ki, bu da hökumətin tövsiyə etdiyi 6 qramlıq normadan təxminən 40 faiz çoxdur.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət yüksək qan təzyiqi, infarkt və insult riskini ciddi şəkildə artırır.
Ürək Fondunun məlumatına görə, istehlak edilən duzun böyük hissəsi çörək, səhər yeməyi taxılları,

hazır souslar və yarımfabrikatlar kimi gündəlik məhsullarda gizlidir.

Buna görə də insanlar nə qədər duz qəbul etdiklərinin fərqində olmur.

Yüksək təzyiq “səssiz qatil” adlandırılır və Böyük Britaniyada böyüklərin təxminən üçdə birinə təsir edir, lakin milyonlarla insan bundan xəbərsizdir.
Ümumdünya Səhiyyə Təşkilatı duz istehlakının azaldılmasının minlərlə vaxtsız ölümü qabaqlaya biləcəyini vurğulayır.

Ana südünün miqdarını ölçən ilk cihaz

509 MANATA SATIŞA ÇIXARILACAQ


CES 2026 (sies) sərgisində valideynlərin marağına səbəb olan yeniliklərdən biri dünyada ilk dəfə

ana südünün miqdarını real vaxtda ölçən “Coro” monitoru olub.

Bu cihaz körpənin nə qədər süd qəbul etdiyini 0,01 millilitr dəqiqliklə izləyə bilir və

bazarda analoqu olmayan texnologiya kimi təqdim olunur.

“Coro” silikon döş ucu qoruyucusu formasındadır və içərisində patentləşdirilmiş mikroaxını ölçən sensor yerləşir.

Süd qoruyucudan keçdikcə məlumatlar dərhal mobil tətbiqə ötürülür.

Pulsuz tətbiq süd həcmini təhlil edərək valideynlərə körpənin qidalanma ehtiyaclarını daha yaxşı anlamağa kömək edir.

Bayram süfrəsinin "təhlükəli" qidaları

HƏKİM-DİETOLOQ AÇIQLAYIR

Qarşıdan gələn Yeni il bayramı ərəfəsində zəngin və ağır qidalar sağlamlıq üçün risk yaradır. Rusiyalı həkim-dietoloq və qastroenteroloq Yevgeni Arzamastsev bildirib ki, həddindən artıq yemək və uyğun olmayan qida kombinasiyaları mədə-bağırsaq sistemi üçün zərərlidir.
Mütəxəssisin sözlərinə görə, bayram süfrəsində ən təhlükəli məhsullar sırasında ilk yeri kolbasa, sosis və sardelkalar tutur. Onlardan sonra hisə verilmiş məhsullar gəlir. Üçüncü sırada alkoqollu içkilər və mayonez, dördüncü yerdə isə piyli və ya yağda qızardılmış ətlər qərarlaşıb. Daha sonra şirniyyatlar və tortlar, siyahının sonunda isə duzlu şorabalar yer alır.
Arzamastsev qeyd edib ki, ağır qidaların eyni vaxtda qəbul edilməsi riski daha da artırır. Xüsusilə göbələk, mayonez və pendirin birlikdə yeyilməsi mədə üçün ağır yükdür.
Həkim bayram günlərində daha yüngül seçimlərə üstünlük verməyi tövsiyə edir. O, mayonezin zeytun yağı ilə, duzlu xiyarın isə təzə xiyarla əvəz olunmasını məsləhət görərək, bu cür dəyişikliklərin mədə-bağırsaq sisteminə düşən yükü azalda biləcəyini vurğulayıb.

 

Mübahisəsiz əyləncə üçün bunları edin

 

STRES YOX, SEVİNCLƏ QEYD EDİN

Yeni il bayramında ailə və dostlarla xöşbəxt anlar arzulayarkən, bəzən mübahisələr də baş qaldırır. Psixoloqlar, bayram süfrəsi ətrafında münaqişələrdən qaçmaq üçün ən sadə qaydanı xatırladır: söhbət mövzusuna diqqət yetirin və konflikt yarada biləcək mətləblərdən, məsələn siyasətdən uzaq durun. Belə mövzular bayram əhval-ruhiyyəsini pozaraq mübahisəni alovlandıra bilər və onları başqa gün müzakirə etmək məqsədəuyğundur.
Mütəxəssislər həmçinin deyir ki, bayram süfrəsinə yaxşı əhval-ruhiyyə ilə əyləşmək vacibdir və gərginlik yaranarsa, qısa fasilə vermək və ya söhbəti daha neytral mövzuya yönəltmək kömək edir. Bu, stressli anlarda hamının rahatlamağına və münasibətləri qorumağa imkan yaradır.
Unutmayıbn ki, bütün mübahisələrin sonunda yenə də hər kəs öz fikrində qalır, deyə ekspertlər bildirir.

Mənbə: Health.ru

 

Alkoqollu içkinin azı olmur

AVROPA SPİRTLİ İÇKİLƏRƏ “YOX” DEYİR

Alkoqolun sağlamlıq üçün təhlükəsiz dozasının olub-olmaması Avropada hələ də mübahisə mövzusudur. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, alkoqolun heç bir miqdarı təhlükəsiz deyil və o, birinci qrup kanserogenlər  sırasına daxildir. Məlumata görə, Avropa İttifaqı dünyada adambaşına ən çox alkoqol istehlak edilən regiondur və burada xərçəng əsas ölüm səbəblərindən biridir.

2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə orta illik alkoqol istehlakı 8,5 litr təmiz spirt təşkil edib. Latviya, Portuqaliya və Rumıniyada bu göstərici 11,5 litrdən çox olub. Bununla belə, bəzi elmi dairələr az miqdarda alkoqolun ürək-damar xəstəlikləri riskini azaltmadığını, lakin ümumi sağlamlıq üçün faydasının sübut olunmadığını bildirir.

Avropa ölkələrinin tövsiyələri isə fərqlidir. İrlandiyada qadınlar üçün həftədə 11, kişilər üçün 17 qram standart porsiya limiti müəyyən edilib. İspaniya daha sərt yanaşaraq qadınlara gündə 10 qramdan artıq alkoqol qəbul etməməyi tövsiyə edir. Latviya və Litva isə tam imtinanı məsləhət görür.

 

Mənbə: Euronews

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

 TƏTİL ÜÇÜN ŞİRİN TÖVSİYƏ

Tətil günlərində sağlam qidalanma və idman vərdişlərini qorumaq çətin olsa da, mütəxəssislər, bu dövrdə özünüzə çox sərt qaydalar qoymaq əvəzinə, kiçik və davamlı vərdişlərə fokuslanmağı məsləhət görüb.

Rusiyalı dietoloq Natali Mokarinin sözlərinə görə, sevdiyiniz bayram yeməklərindən tam imtina etməyə ehtiyac yoxdur. Əsas məqsəd balans yaratmaqdır. Məsələn, şirniyyatlarla yanaşı meyvə və tərəvəzlər də əlavə etmək, kifayət qədər su içmək və porsiyalara diqqət yetirmək özünüzü daha enerjili hiss etməyə kömək edə bilər.

Fiziki aktivlik də mütləq idman zalı demək deyil. Qısa gəzintilər, yüngül dartınmalar, ailə ilə açıq havada hərəkətli oyunlar bədəni oyadır və yorğunluğu azaldır. Amerikalı fitness mütəxəssisi Dana Santas isə bildirib ki, 10 dəqiqəlik gəzinti belə faydalıdır.

Ən vacibi isə günahkarlıq hissindən uzaq durmaqdır. Tətilin məqsədi dincəlmək və yaxınlarla vaxt keçirməkdir. Kiçik sağlam seçimlər edərək həm bayramın dadını çıxarmaq, həm də özünüzü yaxşı hiss etmək mümkündür, deyə mütəxəssis bildirib.

Yeni il hədiyyə qutuları alarkən diqqətli olun!

AZƏRBAYCAN QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

Yeni il yaxınlaşır və uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularına maraq artır.
Hədiyyə qutuları seçimində diqqətli olmaq vacibdir:
Rəsmi mağazalardan alış edin. Məhsulun tarixi və etiketini yoxlayın.

Qutunun sağlam və zədəsiz olmasına fikir verin. Tez xarab olan məhsullara diqqət edin. Valideynlər, uşaqların şirniyyatı həddindən artıq istehlak etməsinə nəzarət edin.
Bu xəbərdarlığı AR-nın Qida Təhlükəsizliyi Agentliyi yayıb.
Məlumatda bildirilir ki, hər hansı şübhə yaranarsa, Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə müraciət ünvanlaya bilərsiniz.
Sağlam və təhlükəsiz Yeni il üçün doğru seçim edin!

 

"Sİ mətbəxdə təhlükədir" - Amerikalı jurnalist

PİNTEREST RESEPTLƏRİNDƏN ŞİKAYƏT

Amerikalı jurnalist Brenda Qudmanın Pinterest üzərindən tapdığı reseptin uğursuzluğu süni intellektin məişət sahəsində yaratdığı yeni riski üzə çıxarıb.

“Şokolad palıdı” adı ilə təqdim olunan desert resepti real inqrediyentlərə əsaslansa da, praktikada icraolunmaz olub.

Saatlarla davam edən cəhdlərdən sonra məlum olub ki, resept və onu müşayiət edən vizuallar süni intellekt tərəfindən yaradılıb.

Araşdırma göstərib ki, “DessertsPro.com” və oxşar saytlar AI vasitəsilə yüzlərlə saxta resept yayımlayır, real aşpaz və bloqçu görüntüsü yaradır.

Mütəxəssislər bildirir ki, bu cür platformalar istifadəçilərin vaxtını və pulunu itirməklə yanaşı, real kontent istehsalçılarını da sıxışdırır.

Pinterest rəhbərliyi AI məzmununu filtrasiya etdiyini desə də, bloqçular və istifadəçilər bunun hələ effektiv olmadığını bildirir.

 

Mənbə: CNN

Çəki azaldan iynələri dayandıranda iştah yenidən yüksəlir


ÇƏKİ NİYƏ GERİ QAYIDIR?

GLP-1 əsaslı arıqlama iynələri (Wegovy, Mounjaro) minlərlə insan üçün iştahı azaldaraq sürətli çəki itkisi yaradıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, preparatlar dayandırıldıqdan sonra risklər başlayır. Həkimlərin müşahidələrinə görə, iynələr kəsiləndən bir neçə gün sonra “iştaha siqnalı” yenidən aktivləşir, güclü aclıq hissi yaranır və 1–3 il ərzində itirilmiş çəkinin 60–80 faizi geri qayıdır.
BBC-yə danışan Britaniya vətəndaşı Tanya Hall iynələri dayandıranda qısa müddətdə həddindən artıq yeməyə başladığını, Ellen Ogley isə dərmanı tədricən azaldaraq həyat tərzini dəyişməyin çəkinin qorunmasında həlledici rol oynadığını bildirib. Mütəxəssislər vurğulayır ki, əsas problem dərmanı kəsmək deyil, “çıxış strategiyası”nın olmamasıdır. NICE tövsiyə edir ki, müalicədən sonra ən azı bir il qidalanma, fiziki aktivlik və psixoloji dəstək davam etməlidir. Əks halda arıqlama iynələrini dayandırmaq bir çoxları üçün çəki baxımından ciddi geriyə dönüş riski yaradır.

Mənbə: BBC

İlon Maskın şirkəti insan beyninə implant yerləşdirdi

NEYROLİNK İNSAN BEYNİNDƏ: İLK UĞURLU İMPLANT

İlon Mask insan beyninə Neuralink çipinin ilk uğurlu implantasiyasının həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, prosedur problemsiz keçib. Pasiyentin vəziyyəti stabildir və ilkin neyron siqnalları ümidverici nəticələr göstərir. Neuralink beyin-kompüter interfeysi texnologiyasına əsaslanır və istifadəçiyə kompüter və digər rəqəmsal qurğuları yalnız düşüncə vasitəsilə idarə etməyə imkan verir.
Şirkət bu texnologiyanı ilk mərhələdə iflic və ağır nevroloji pozuntuları olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutur. Mütəxəssislər uğuru mühüm elmi nailiyyət kimi qiymətləndirsələr də, təhlükəsizlik və etik məsələlərin diqqətlə araşdırılmasının vacibliyini vurğulayırlar.
Xatırladaq ki, bu çip beyin hüceyrələrinin elektrik siqnallarını oxuyaraq onları kompüter və digər rəqəmsal qurğular üçün əmrlərə çevirir və əlilliyi olan şəxslərin texnologiyalardan istifadəsinə imkan yaradır.

Mənbə: Involta.media

İt sahibi olmaq sağlamlığa faydalıdır

SOSİAL ƏLAQƏLƏRDƏ DƏ MÜSBƏT DƏYİŞİKLİK MÜŞAHİDƏ OLUNUR

Araşdırmalar göstərir ki, ilk dəfə it sahiblənən insanlar daha çox gəzir və sosial aktivliklərini artırır. Yaponiyada aparılan tədqiqatda yeni sahiblərin dost və tanışlarla daha tez-tez ünsiyyət qurduğu, üzbəüz görüşlərdə isə kiçik dəyişikliklər müşahidə edildiyi bildirilir.
“Scientific Reports” jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, it sahibi olmaq fiziki aktivliyi yüksəldir, gündəlik rutin və sosial həyatın zənginləşməsinə müsbət təsir göstərir. Nəticələr birbaşa səbəb‑nəticə kimi qiymətləndirilməsə də, sahiblərin həyat tərzində əhəmiyyətli dəyişikliklər yarandığı qeyd olunur. Yeni sahiblər gündəlik piyada gəzmə və sosial əlaqə vərdişlərini inkişaf etdirərək həm sağlamlıqlarını, həm də münasibətlərini gücləndirirlər.
Mənbə: News-Medical.net

 

Naftaln neftinin istifadəsi üzrə nəzarət gücləndirilir

SANİTARİYA QAYDALARINA ƏMƏL OLUNMASI YOXLANILACAQ

Naftalan neftinin tibbi məqsədlərlə istifadə zamanı mövcud norma və qaydalara uyğunluğu yoxlanılacaq. Bu barədə 2026–2029-cu illəri əhatə edən Tədbirlər Proqramında qeyd olunub. Sənədə əsasən, müvafiq dövlət qurumları tərəfindən sanitar-gigiyenik tələblərə əməl olunmasına nəzarət ediləcək, müalicə müəssisələrində yoxlamalar aparılacaq.
Məqsəd naftalan neftinin təhlükəsiz və səmərəli istifadəsini təmin etmək, müalicə prosesində mümkün risklərin qarşısını almaqdır. Eyni zamanda, məhsulun keyfiyyətinin qorunması və tibbi tətbiq sahəsində standartların gücləndirilməsi nəzərdə tutulur.
Mənbə: Report.az

Kofe əhvalı yüksəldir - Elm sübut etdi

ALİMLƏR İZAH EDİR


Alimlər yuxudan oyandıqdan sonra əhval-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu açıqlayıb. “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, səhər saatlarında qəhvə və digər kofeinli içkilərin qəbulu müsbət emosiyaları nəzərəçarpacaq dərəcədə artırır.
Tədqiqat Almaniyanın Bilefeld Universitetinin alimləri tərəfindən aparılıb və kofeinin gündəlik həyatda insanların emosional vəziyyətinə təsiri öyrənilib. Kofein dünyanın ən geniş yayılmış psixoaktiv maddəsidir və planet əhalisinin təxminən 80 faizi onu müntəzəm olaraq qəbul edir. O, qəhvə, çay, qazlı içkilər və şokoladın tərkibində olur, əsasən yorğunluğu azaltmaq, diqqəti artırmaq üçün istifadə edilir.
Araşdırmada yaşı 18–29 arasında olan 230-dan çox gənc iştirak edib. İştirakçılar iki və dörd həftə ərzində gündə bir neçə dəfə qısa sorğulara cavab verərək son 90 dəqiqədə kofein qəbul edib-etmədiklərini və emosional vəziyyətlərini qiymətləndirib. Nəticələr göstərib ki, kofein qəbulu müsbət emosiyaların artması ilə əlaqəlidir. Bu təsir xüsusilə oyandıqdan sonrakı ilk 2,5 saat ərzində daha güclü olub.
Mütəxəssislər qeyd edib ki, qəhvənin əhvalı yaxşılaşdıran təsiri xüsusilə özünü yorğun hiss edən insanlarda daha aydın müşahidə olunur.

Yağlı pendir və qaymaq demensiya riskini azaldır

YENI ELMI ARAŞDIRMA SÜBUT ETDİ



İsveçdə aparılan uzunmüddətli araşdırma göstərib ki, yağlı pendir və qaymaq istehlakı demensiya riskinin azalması ilə əlaqələndirilib. “Neurology” jurnalında dərc olunan tədqiqatda bildirilib ki, yağ tərkibi yüksək olan pendir və süd məhsullarını müntəzəm yeyən insanlarda demensiyaya tutulma ehtimalı daha aşağı olub.
Araşdırmada İsveçin müxtəlif bölgələrindən olan 27 670 yetkin şəxs iştirak edib. Tədqiqatın əvvəlində iştirakçıların orta yaşı 58 olub və onlar təxminən 25 il ərzində izlənilib. Bu müddət ərzində 3 208 nəfərə demensiya diaqnozu qoyulub. Məlum olub ki, gündə ən azı 50 qram yağlı pendir yeyən şəxslərdə demensiya riski az yeyənlərlə müqayisədə 13 faiz aşağı olub.
Bundan əlavə, gündə 20 qram və ya daha çox yağlı qaymaq istehlak edənlərdə demensiya riski 16 faiz aşağı olub. Lakin bütün süd məhsulları üçün bu nəticə keçərli deyil. Yağsız və ya az yağlı süd məhsullarında oxşar qoruyucu təsir müşahidə olunmayıb.
Mütəxəssislər vurğulayırlar ki, bu araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir. Onların fikrincə, fiziki aktivlik, balanslı qidalanma, siqaretdən uzaq durmaq və ümumilikdə sağlam həyat tərzi beyin sağlamlığı üçün daha vacib amillərdir.

Yaşlandıqca özünəinamın zəifləməyi demensiya xəbərçisidir

ALİMLƏR ORTA YAŞDA PSİXOLOJİ DƏYİŞİKLİKLƏRƏ DİQQƏT ÇƏKİR


Orta yaş dövründə özünə inamın azalması gələcəkdə demensiya riskinin artması ilə əlaqəlidir. Bu nəticəyə London Universitet Kollecinin alimləri gəlib. Araşdırmanın aparıcı müəllifi Filip Frank bu barədə Independent nəşrinə açıqlama verib. Tədqiqat Böyük Britaniyada həyata keçirilən Whitehall II uzunmüddətli araşdırmasının 5 811 iştirakçısının məlumatlarının təhlilinə əsaslanıb. İştirakçılar illər ərzində həm fiziki, həm də psixi sağlamlıqları barədə geniş məlumat təqdim ediblər.
Araşdırmaya görə, orta yaşda həyat çətinliklərinin öhdəsindən gələ bilmədiyini düşünən şəxslərdə demensiya riski təxminən 50 faiz daha yüksək olub. Eyni zamanda emosional uzaqlaşma, insanlara qarşı isti hisslərin azalması, davamlı stress və şəxsi fəaliyyətindən narazılıq da risk faktorları kimi müəyyən edilib. Hətta diqqətin cəmlənməsində subyektiv çətinliklər belə yaşlılıqda demensiya ehtimalının artması ilə əlaqələndirilib.
Filip Frank bildirib ki, bu əlamətlər tez-tez depressiya ilə müşayiət olunsa da, tədqiqatda depressiyanın özü birbaşa demensiya riski ilə əlaqəli çıxmayıb. Bu isə klinik diaqnozdan çox, beyində erkən və gizli gedən emosional və koqnitiv dəyişikliklərin həlledici rol oynadığını göstərir.


Mənbə: Independent

 

Bönövşəyi qidaların sağlamlığa faydaları açıqlandı

YENİ ARŞDIRMA


Alimlər bildirib ki, bənövşəyi, tünd mavi və qırmızı rəngli meyvə-tərəvəzlərdə bol olan antosianlar sağlamlıq üçün faydalıdır. Antosianlar giləmeyvələrə, qara üzümə, bənövşəyi kələmə, qara düyüyə və bənövşəyi şirin kartofa rəng verən təbii flavonoid piqmentlərdir. Araşdırmalar göstərib ki, bu maddələr güclü antioksidant təsirə malikdir və hüceyrələri oksidləşdirici stresdən qoruyur.
Elmi tədqiqatlara əsasən, antosianlar ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, damarların elastikliyini artırır, qan təzyiqinin tənzimlənməsinə kömək edir və “pis” xolesterinin oksidləşməsini azaldır. Bu təsirlər ateroskleroz və ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.
Antosianların beyin sağlamlığına da xeyirlidir. Bəzi klinik araşdırmalarda giləmeyvə və albalı şirəsinin yaşlı insanlarda yaddaş, diqqət və nitq axıcılığını yaxşılaşdırdığı müəyyən edilib. Mütəxəssislər bunu antosianların iltihabı azaltması və beyin qan dövranını yaxşılaşdırması ilə izah edib.

Elmi möcüzə - implant əlil adama ikinci həyat verdi

DÜŞÜNCƏ GÜCÜ VƏ TEXNOLOGİYA


Çində aparılan yeni klinik sınaqlarda tamamilə implantasiya edilən və simsiz işləyən beyin-kompüter interfeysi (BCI) sayəsində ağır travma nəticəsində səkkiz ildir paraliz vəziyyətində olan 28 yaşlı xəstə düşüncə gücünə cihazları idarə etməyi bacarıb.
Şanxayda yerləşən Huashan xəstəxanasında aparılan əməliyyatdan cəmi beş gün sonra pasiyent elektrikli əlil arabasını sürməyə, internetə daxil olmağa, videoyarış oyunları oynamağa və ağıllı ev cihazlarını istifadə etməyə müvəffəq olub.
Bu uğur, Şanxay mənşəli NeuroXess şirkəti tərəfindən hazırlanan tam implantasiya olunan BCI sisteminin insan üzərində tətbiqinin əhəmiyyətini göstərir.
Bu növ interfeys beynin elektrik siqnallarını oxuyur və onları kompüter və mexaniki cihazlar üçün əmrlərə çevirir, beləliklə sinir sistemi ilə texnologiya arasında birbaşa əlaqə yaradır. Elektrik motor fəaliyyəti itkin olan xəstələr üçün bu texnologiya özünü idarəetmə və ünsiyyət imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Mənbə: China Daily

 

3 dədqiə "planka" sürətlə çəkini salır


QISA MÜDDƏTLİ STATİK YÜKLƏNMƏ BƏDƏNİN TONUSUNU ARTIRIR

Sosial şəbəkələrdə yayılan məlumata görə, gündə üç dəqiqə planka saxlamaq 15 gün ərzində bədənin ümumi tonusuna nəzərəçarpan təsir göstərir. Mütəxəssislər bildirir ki, bu statik məşq eyni anda 20-dən çox əzələ qrupunu – qarın, bel, çiyin, omba və dərin stabilizatorları aktivləşdirir. Müntəzəm tətbiq edildikdə qarın ətrafında yağlanmanın azalmasına, duruşun yaxşılaşmasına və bədənin daha yığcam görünməsinə şərait yaradır.
Mütəxəssislərin sözlərinə görə, planka zamanı stabilizator əzələlərinin işə düşməsi metabolizmin cüzi artmasına səbəb olur və gündəlik təkrarlanma ilə bu təsir daha aydın hiss edilir. Tövsiyə edilən proqram ilk gün 30 saniyəlik saxlama ilə başlayır və hər gün müddət artırılaraq iki həftənin sonunda üç dəqiqəyə çatdırılır. Məşqin əsas şərti qəfil ağır yüklənmə yox, ardıcıllığın qorunmasıdır.
Məlumata görə, düzgün texnika ilə icra olunan 15 günlük planka proqramı qarın əzələlərinin möhkəmlənməsinə, bel nahiyəsinin sabitliyinin artmasına və ümumi özünəinam hissinin güclənməsinə töhfə verə bilər. Məşq üçün xüsusi avadanlığa ehtiyac yoxdur və planka ev şəraitində rahat şəkildə yerinə yetirilə bilər.

 

Menstrual qan xəstəliklərin erkən aşkarlanmasına kömək edir

ELMDƏ YENİ YANAŞMA


“Yararsız” sayılan menstrual qan qadın sağlamlığında yeni diaqnostik imkan kimi araşdırılıb. ABŞ-da fəaliyyət göstərən startaplar və elmi qruplar ev şəraitində, qeyri-invaziv üsulla toplanan menstrual qanın endometrioz da daxil olmaqla bir çox xəstəliyin aşkarlanmasında faydalı ola biləcəyini göstərib.
San-Fransisko bölgəsində qurulan “NextGen Jane” indiyədək minlərlə istifadə olunmuş tampon nümunəsi toplayaraq RNT, DNT və zülallar üzərində analiz aparıb. Tədqiqatlar endometriozu olan və olmayan qadınlar arasında mühüm molekulyar fərqlər aşkar edib. Məqsəd isə illərlə gecikən və yalnız cərrahi yolla qoyulan endometrioz diaqnozu üçün sadə ev testinin yaradılmasıdır.
Digər layihələr, menstrual qablar və xüsusi gigiyenik vasitələrlə canlı hüceyrələri toplayaraq hüceyrə səviyyəsində fərqləri araşdırır. Bundan əlavə, menstrual qan hormon səviyyələrinin izlənməsi, xərçəng növlərinin skrininqi, diabetə nəzarət və kök hüceyrə tədqiqatları üçün potensial mənbə sayılır.
Mənbə: The Guardian

Sperma donoru yüzlərlə uşağa xərçəng geni ötürüb

XƏRÇƏNG RİSKİ İLƏ DOĞULAN UŞAQLAR

Avropada aparılan genişmiqyaslı jurnalist araşdırması ciddi tibbi qalmaqalı üzə çıxarıb. Xərçəng riskini kəskin artıran genetik mutasiya daşıyan anonim sperm donorunun sperması ilə azı 197 uşaq dünyaya gəlib. Mütəxəssislərin bildirdiyinə görə, bu uşaqların bir qismi artıq müxtəlif xərçəng növlərinə tutulub, bəziləri isə erkən yaşda həyatını itirib.
Məlumata əsasən, donorun spermasında TP53 genində mutasiya olub. Bu gen orqanizmdə hüceyrələrin xərçəngə çevrilməsinin qarşısını alan əsas mexanizmlərdən biridir. Donorun özü sağlam olsa da, spermasının təxminən 20 faizində təhlükəli mutasiya mövcud olub. Həmin sperma ilə doğulan uşaqlarda isə mutasiya bədənin bütün hüceyrələrinə ötürülüb və bu, Li-Fraumeni sindromu kimi tanınan ağır genetik risklə nəticələnib. Bu sindrom ömür boyu xərçəngə tutulma ehtimalını 90 faizə qədər yüksəldir.
Araşdırma Avropa Yayım Birliyinin Jurnalist Araşdırmaları Şəbəkəsi çərçivəsində 14 media qurumu, o cümlədən BBC tərəfindən aparılıb. Məlum olub ki, donorun sperması 14 ölkədə 67 klinikada istifadə edilib.

MƏNBƏ: BBC News

Cinsi orqanına kartof yerləşdirdi - Tibbi cahillik

HAMİLƏ QALMAMAQ ÜÇÜN

Kolumbiyada gənc qadın kəskin qarın ağrıları ilə xəstəxanaya yerləşdirilib. Müayinə zamanı həkim-ginekoloqlar pasiyentin cinsiyyət orqanında qeyri-adi yad cisim aşkar ediblər. Məlum olub ki, qadın hamiləliyin qarşısını almaq məqsədilə kartofdan istifadə edib. Tibbi baxımdan əsassız və təhlükəli olan bu üsul ciddi fəsadlara yol açıb.
Həkimlərin bildirdiyinə görə, orqanizmdə qalan kartof rütubətli mühitin təsiri ilə kök atmağa və cücərməyə başlayıb. Nəticədə iltihab, güclü ağrı və infeksiya riski yaranıb. Pasiyent üzərində aparılan cərrahi müdaxilə texniki baxımdan mürəkkəb olmasa da, nadir hallarda rast gəlinən tibbi hadisə kimi qeydə alınıb.
Araşdırma zamanı məlum olub ki, bu “kontrasepsiya üsulu” qadının şəxsi təşəbbüsü olmayıb. Ona bu metodu anası məsləhət görüb. Həkimlər bu faktı tibbi savadlılığın aşağı səviyyəsinin təhlükəli nəticəsi kimi qiymətləndiriblər.
MƏNBƏ: Colombia Reports

 

Darçının xərçəng əleyhinə imkanları

İLTİHABI AZALDIR

Yeni tədqiqatlar göstərir ki, darçından alınan bioaktiv birləşmələr xərçəng hüceyrələrinin siqnal yollarını dəyişə bilər, lakin insanlar üzərində geniş testlər aparılmadan bu təsirlər barədə dəqiq nəticə söyləmək mümkün deyil. “Frontiers in Nutrition” jurnalında dərc olunmuş nəzərdən keçirmədə alimlər darçının tərkibindəki maddələrin xərçənglə əlaqəli siqnallaşma proseslərinə necə təsir etdiyini araşdırıblar.
Tədqiqat darçının hüceyrə siqnalı sistemlərində NF-κB və AP-1 kimi amillərə təsir göstərə biləcəyini, bu yolla iltihab, hüceyrə sağ qalma və angiogenez kimi xərçəng inkişafında iştirak edən prosesləri yavaşlada biləcəyini göstərir. Bununla belə, yuxarı dozalarda darçında olan kumarin maddəsinin qaraciyər zəhərliliyi yaratma riski də var və bu, təhlükəsizlik baxımından vacib məsələdir.
Alimlər vurğulayırlar ki, darçının xərçəng qarşısını alma və ya müalicə vasitəsi kimi istifadəsi üçün hələ klinik sınaqlar və insanlarda təhlükəsizlik testləri aparılmalıdır.

Mənbə: Frontiers in Nutrition

 

Ev ətirləndiriciləri pişiklərə ziyandır


GİZLİ TƏHLÜKƏ
Veterinarlar ev heyvanı saxlayanları populyar aromadiffuzorların təhlükələri barədə xəbərdar edib. Mütəxəssis Mixail Şelyakovun sözlərinə görə, insanların xoş qəbul etdiyi bir çox ətirlər, xüsusilə də sitrus tərkibli aromalar, pişik və itlər üçün ciddi narahatlıq və toksiki təsir yaradır.
Onun sözlərinə görə, aromadiffuzorların yaydığı hissəciklər havada qalır, daha sonra isə səthlərə çökməklə heyvanların tənəffüs yollarına daxil olur. Heyvanlar həmin tozcuqlara ayaqları ilə toxunaraq onları yalaya və beləliklə maddəni orqanizmlərinə keçirir. Bu isə bədəndə yüksək konsentrasiyaya, sadə qıcıqlanmadan tutmuş daha ciddi fəsadlara səbəb olur.
Həkim qeyd edib ki, kəskin və güclü qoxular heyvanlarda stress və diskomfort yaradır, vaxtında müdaxilə olunmadıqda isə tənəffüs problemlərini ağırlaşdıraraq astmatik əlamətlərin pnevmoniyaya keçməsinə qədər təhlükəli vəziyyətlər yaradır.

Süni intellekt həyat xilas elədi


TİBBDƏ MARAQLI HADİSƏ
Norveçdə 49 yaşlı kişinin həyatını süni intellekt xilas edib. Şiddətli qarın ağrısı ilə xəstəxanaya müraciət edən pasiyentə ilkin müayinədən sonra sadəcə antasid dərmanları yazılıb və evə buraxılıb. Ağrılar davam etdikdə o, simptomlarını “Grok” süni intellektinə təsvir edib. Grok isə cavab olaraq perforasiya olunmuş xora və ya qeyri-adi appendisit ehtimalını göstərərək dərhal xəstəxanaya qayıdıb KT müayinəsi tələb etməsini tövsiyə edib.
Pasiyent tövsiyəyə əməl edərək yenidən həkimə gedib və “Grok”-un mesajını göstərərək KT müayinəsi tələb edib. Aparılan tomoqrafiya nəticəsində onun appendiksinin partlama həddində olduğu müəyyən edilib və dərhal əməliyyata alınıb. Altı saat davendiks çıxarılıb və pasiyentin ağrıları tamamilə yox olub.

Bakıda 8 məktəbli saqqızdan zəhərlənib

 

TƏBİB-DƏN AÇIQLAMA

14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda qeyd olunub ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. İlkin araşdırmalarda məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss edib.

TƏBİB-dən verilən məlumata görə,  11.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb. Bildirilib ki, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Nəticəsi barədə məlumat veriləcək.

 

Sosial şəbəkə trendi 13 yaşlı qızı öldürdü

ZƏHƏRLİ BUXAR UDARAQ HƏYATINI İTİRİB

İngiltərənin Lesterşir qraflığında13 yaşlı Tiqan Carmanın faciəvi ölümü sosial şəbəkələrdə yayılan təhlükəli trendlərlə bağlı ciddi müzakirələr yaradıb.

 Yeniyetmə öz otağında huşsuz halda tapılıb və tibbi müdaxilələrə baxmayaraq, hadisə yerində həyatını itirib. Ailənin sözlərinə görə, ölümün sosial şəbəkələrdə populyarlaşan və “xrominq” adlanan, dezodorant kimi məişət məhsullarının zəhərli buxarlarını udmaqla bağlı baş verdiyi ehtimal olunur. Ögey ata Rob Hopkin isə həmin gün Tiqanın dezodorant balonundan istifadə etdiyini təsdiqləyib.

Ailə gəncləri belə riskli trendlərdən qorumaq üçün maarifləndirmənin gücləndirilməsinə çağırır. Tiqanın bacısı petisiya başladaraq dezodorant və digər kimyəvi məhsullar üzərinə aydın xəbərdarlıq işarələrinin əlavə olunmasını, həmçinin məktəblərdə sosial şəbəkələrin təhlükələri barədə geniş tədris aparılmasını tələb edir. Onların məqsədi bu faciəni digər uşaqlar üçün xəbərdarlıq nümunəsinə çevirmək və oxşar hadisələrin qarşısını almaqdır.

 

Döymə dilindən qoluna keçdi


İNDİ AĞZINDA “NÖQTƏLİ VERGÜL” VAR

Britaniyada 21 yaşlı tələbə Harriet Trevhitt əməliyyat sonrası nadir hadisə ilə üzləşib. Dilində xərçəng diaqnozu qoyulan Harrietin orqanının yarısı çıxarılıb və sağ qolundan götürülən dəri və damar toxuması ilə rekonstruksiya edilib. Lakin əməliyyatın nəticəsi onu heyrətləndirib: qızın qolunda olan “semicolon” döyməsi indi dilinin alt hissəsində görünür.

“Semicolon” (;) – bir cümlədə əlaqəli iki fikri ayırmaq üçün istifadə olunan durğu işarəsidir, həmçinin psixoloji və sosial simvol kimi depressiya, həmçinin özünü zərər vermə ilə mübarizədə ümidi itirməməyi tövsiyyə edir.

Harriet döymənin bu şəkildə yer dəyişməsini “inanılmaz” adlandırıb. Həkimlər bildirirlər ki, bu nadir hadisə, həmçinin rekonstruktiv cərrahiyyənin mürəkkəbliyini göstərir. Əməliyyatdan sonra Harriet aylarla nitq və udma terapiyası alıb, proton şüa müalicəsini tamamlayıb və hazırda tam sağalıb. Onun hekayəsi erkən diaqnostikanın, müalicə planının və psixoloji dəstəyin vacibliyini bir daha önə çıxarır. Harriet həmçinin həyatında baş verən bu “nöqtəli vergül” dəyişimini şəxsi motivasiya və ictimai mesaj kimi dəyərləndirir.

 

Mənbə: People.com

Subcategories