3 kq "Jelibon" yedi, reanimasiyaya düşdü

Britaniyada qəribə hadisə baş verib. Natan Riminqton adlı şəxs 3 gün ərzində, 3 kiloqram jelibon yeyib və nəticədə reanimasiyaya yerləşdirilib. Məlumata görə, Natan Amazon platformasından 3 kq-lıq marmelad ayısı konteyneri sifariş edib və onu qısa müddət ərzində təkbaşına yeyib. Bu miqdarda şirniyyat təxminən 10 min kilokalori təşkil edir. Bir müddət sonra kişidə şiddətli qarın ağrıları, tərləmə və zəiflik müşahidə olunub.

Nəticədə o, xəstəxanaya aparılıb. Əvvəlcə həkimlər qida zəhərlənməsindən şübhələnib. Lakin aparılan testlər onun həddindən artıq jelatin qəbul etdiyini göstərib. Əlavə müayinələr nəticəsində isə Natan Riminqtonda kəskin divertikulit, yəni yoğun bağırsağın divarlarında olan çıxıntıların iltihabı diaqnozu qoyulub.

Həkimlər bildirib ki, jelatin və digər sıx maddələrin həddən artıq qəbulu bağırsaqda iltihab riskini artırır.

Qeyd edək ki, Natan 6 gün reanimasiyada saxlanılıb. Ona damar yolu ilə müalicə və tam aclıq rejimi təyin edilib.

Saglamolun.Az