Bluetooth ilə çalışan qulaqlıqlar qalxanabənzər vəz düyünləri riskini artırır

ALİMLƏRDƏN XƏBƏRDARLIQ


Çin alimlərinin yeni araşdırması göstərib ki, simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxanabənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər. Tədqiqat “Sciencefic Reports! Jurnalında dərc edilib. Alimlər xüsusilə qulağın içinə yerləşdirilən və boyun nahiyəsinə yaxın olan qulaqlıqların qalxanabənzər vəzə təsirini araşdırıb.
Tədqiqatın nəticələrinə görə, Bluetooth qulaqlıqlarının qalxanabənzər vəzə fiziki yaxınlığı artdıqca bu vəzdə düyünlərin əmələ gəlməsi riski də yüksəlir. Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən və maddələr mübadiləsini tənzimləyən vacib orqandır. Bu vəzdə yaranan düyünlər çox vaxt xoşxassəli olsa da, onların vaxtında aşkarlanması və mütəmadi tibbi nəzarət sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.
Tədqiqatçılar hesab edir ki, Bluetooth qulaqlıqlarının yaydığı zəif elektromaqnit dalğaları uzunmüddətli təsir nəticəsində vəz toxumalarına müəyyən təsir göstərə bilər. Bununla belə, bu mexanizmi tam anlamaq üçün daha geniş elmi araşdırmalara ehtiyac olduğu vurğulanıb.
Ekspertlər qulaqlıqlardan istifadə müddətini məhdudlaşdırmağı, mümkün olduqda naqilli qulaqlıqlara üstünlük verməyi və uzun telefon danışığı zamanı cihazı boyun nahiyəsindən uzaq tutmağı tövsiyə edib.

Saglamolun.Az