Dişlər yaddaş kartımızdır?

Yapon alimləri ağız boşluğunun sağlamlığı ilə yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi arasında diqqətçəkən əlaqə aşkar ediblər. Araşdırmaya görə, dişlərini itirən yaşlı insanlarda demensiya riski daha yüksək olur.

Yaponiyanın Tohoku Universitetinin alimləri 47 293 nəfərin sağlamlıq məlumatlarını təhlil edərək dişlərin sayı ilə demensiyanın inkişafı arasındakı əlaqəni araşdırıblar. Tədqiqatda yaşı 65-dən yuxarı olan iştirakçılar təxminən 9 il müddətində müşahidə edilib.

Müşahidə dövründə iştirakçıların 8247-də, yəni 17,4 faizində demensiya inkişaf edib.

Nəticələr göstərib ki, ağızda qalan dişlərin sayı azaldıqca demensiya halları da artır. Ən azı 20 dişi olan insanlarla müqayisədə dişsiz şəxslərdə demensiya riski 27 faiz yüksək olub. Ağzında 1–9 dişi qalanlarda bu göstərici 12 faiz, 10–19 dişi olanlarda isə 14 faiz təşkil edib.

DİŞLƏRİN İTKİSİ BEYİNƏ NECƏ TƏSİR EDİR?

Alimlər bu əlaqəni izah edən bir neçə mümkün mexanizm irəli sürürlər.

Birincisi, dişlərin itirilməsi çeynəmə qabiliyyətini zəiflədir. Nəticədə insan sərt meyvə, tərəvəz və zülalla zəngin qidaları qəbul etməkdə çətinlik çəkir, qidalanması məhdudlaşır. Bu isə beynin normal fəaliyyəti üçün vacib olan qida maddələrinin çatışmazlığına gətirib çıxara bilər.

İkincisi, diş itkisinə səbəb olan parodont xəstəlikləri və ağız boşluğundakı xroniki iltihab orqanizmdə ümumi iltihabi prosesləri gücləndirə bilər. Bu proseslərin beyin sağlamlığına da mənfi təsir göstərməsi ehtimal olunur.

Üçüncü amil isə sosial təcriddir. Dişlərini itirən insanlar danışmaqdan, gülümsəməkdən və ünsiyyətdən çəkinə bilərlər. Sosial təcrid isə demensiyanın məlum risk faktorlarından biridir.

Tədqiqatçılar hesablayıblar ki, diş itkisi araşdırılan əhali arasında demensiya hallarının 7,2 faizi ilə əlaqələndirilə bilər. Bu göstərici depressiv əlamətlər və sosial təcriddən sonra üçüncü yerdə qərarlaşıb. Kişilərdə isə diş itkisinin göstəricisi 12 faizlə araşdırılan risk faktorları arasında ilk yerdə olub.

DİŞLƏRİ QORUMAQ BEYİNİ DƏ QORUMAQDIRMI?

Mütəxəssislər ağız boşluğunun sağlamlığının qorunmasını yalnız estetik məsələ hesab etməməyi tövsiyə edirlər. Müntəzəm stomatoloji müayinələr, diş əti xəstəliklərinin vaxtında müalicəsi və itirilmiş dişlərin bərpası ümumi sağlamlıq üçün əhəmiyyətlidir.

Qeyd edək ki, araşdırma diş itkisinin birbaşa demensiyaya səbəb olduğunu sübut etmir. Nəticələr iki vəziyyət arasında statistik əlaqəni göstərir. Bu əlaqənin mexanizmlərini dəqiqləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Günel İbadova

Saglamolun.az

Mənbə: Journal of the American Medical Directors Association

 

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

 YUXUDA ORQANİZM NECƏ YAĞ YANDIRIR, ƏZƏLƏLƏRİ GÜCLƏNDİRİR?

Yuxu sadəcə gün ərzində toplanan yorğunluğu aradan qaldırmaq üçün deyil. İnsan yatarkən orqanizmdə əzələ toxumasının qorunması, sümüklərin möhkəmlənməsi, yağ mübadiləsi və beynin fəaliyyətinin bərpası ilə bağlı mühüm proseslər gedir.

ABŞ-ın Kaliforniya Universitetinin (Berkeley) alimləri nüfuzlu “Cell” elmi jurnalında dərc olunan araşdırmada böyümə hormonunun yuxu zamanı ifrazını tənzimləyən neyron əlaqəsini müəyyən ediblər.

Tədqiqatın maraqlı nəticəsi budur ki, yuxu ilə böyümə hormonu arasında əlaqə birtərəfli deyil. Yuxu hormonun ifrazını stimullaşdırır, böyümə hormonu isə öz növbəsində beynin oyanma prosesində iştirak edən mexanizmlərinə təsir göstərir.

Böyümə hormonu yalnız uşaqların boy atması üçün vacib deyil. Yetkin yaşlarda da bu hormon əzələ toxumasının qorunmasına, sümük sağlamlığının dəstəklənməsinə, yağ mübadiləsinə və qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir.

Araşdırmanın aparıcı müəllifi, neyrobiologiya üzrə tədqiqatçı Sinlu Din və həmkarları əvvəlki tədqiqatlardan fərqli olaraq hormon səviyyəsini yalnız qan analizləri ilə ölçməklə kifayətlənməyiblər. Onlar siçanların beynindəki sinir hüceyrələrinin fəaliyyətini birbaşa qeydə alaraq yuxu, hormonal ifraz və oyanma arasındakı əlaqəni araşdırıblar.

Məlum olub ki, beynin hipotalamus adlanan nahiyəsində yerləşən müxtəlif neyron qrupları böyümə hormonunun ifrazını tənzimləyir. Bu proses həm REM, həm də qeyri-REM yuxu mərhələlərində fərqli mexanizmlərlə həyata keçirilir.

Alimlər həmçinin müəyyən ediblər ki, yuxu zamanı artan böyümə hormonu beyin kötüyündə yerləşən və oyanıqlıqla əlaqəli sinir hüceyrələrinin fəaliyyətinə təsir edir. Beləliklə, yuxu hormonun ifrazını, hormon isə oyanıqlıq mexanizmlərini tənzimləyən qarşılıqlı əlaqə yaradır.

BU KƏŞF NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?

Tədqiqat yuxunun maddələr mübadiləsi, toxumaların bərpası və hormonal tarazlıq üçün əhəmiyyətini daha dərindən anlamağa imkan verir. Gələcəkdə bu nəticələr yuxu pozuntuları ilə əlaqəli diabet və bəzi nevroloji xəstəliklərin müalicəsi istiqamətində yeni yanaşmalara yol aça bilər.

 

Saglamolun.az

Mənbə: Euronews

 

Bir genin sağlam nüsxəsi autizmi tamamilə müalicə edə bilər?

BU, AUTİZMİN MÜALİCƏSİ DEMƏKDİR

Autizmlə əlaqəli genetik dəyişiklikləri aradan qaldırmaq mümkün ola bilərmi? Alimlər bu istiqamətdə indiyədək fərqli yanaşmalardan birini sınaqdan keçiriblər. Onlar zədələnmiş geni əvəz etmək əvəzinə, onun sağlam nüsxəsini aktivləşdirərək beyin hüceyrələrinin fəaliyyətini normaya yaxınlaşdırmağa nail olublar. Tədqiqatın nəticələri gələcəkdə autizmin bioloji mexanizmlərinə yönəlmiş müalicə üsullarının hazırlanması üçün yeni ümid yaradıb.

BİR GENİN SAĞLAM NÜSXƏSİ NƏYİ DƏYİŞƏ BİLƏR?

ABŞ-ın Kaliforniya Universitetinin (UCLA Health) tədqiqatçıları autizmlə güclü əlaqəsi olan iki genə – CHD8 və SCN2A-ya diqqət yetiriblər.

İnsan orqanizmində bir çox genin iki nüsxəsi olur. Bəzi genetik mutasiyalar bu nüsxələrdən birini sıradan çıxarır. Nəticədə sağlam qalan digər nüsxə orqanizmin ehtiyac duyduğu zülalı kifayət qədər istehsal edə bilmir. Bu çatışmazlıq isə beynin inkişafına və sinir hüceyrələrinin fəaliyyətinə təsir göstərə bilir.

Alimlərin yanaşması məhz bu nöqtədə fərqlənib: onlar qüsurlu genin özünü dəyişdirməyə və ya əvəz etməyə çalışmayıblar. Bunun əvəzinə, xüsusi modifikasiya edilmiş CRISPR texnologiyası vasitəsilə sağlam gen nüsxəsinin fəaliyyətini artırıblar.

BEYİN HÜCEYRƏLƏRİNDƏ NƏ BAŞ VERDİ?

Tədqiqatçılar bu üsulu insan kök hüceyrələrindən əldə edilmiş neyronlarda və beyin toxumasının bəzi xüsusiyyətlərini təqlid edən kiçik üçölçülü strukturlarda – kortikal orqanoidlərdə sınaqdan keçiriblər.

Nəticələr diqqətçəkən olub:

- CHD8 geni ilə bağlı modellərdə hüceyrələrin həddindən artıq böyüməsi azalıb, yetişmə prosesi yaxşılaşıb və gen aktivliyi normal göstəricilərə yaxınlaşıb.
- SCN2A geni ilə bağlı modellərdə neyronların elektrik aktivliyinin böyük hissəsi bərpa olunub.
- Ən maraqlı məqamlardan biri isə müdaxilənin yalnız mutasiya daşıyan hüceyrələrdə təsir göstərməsi, sağlam hüceyrələrdə və qonşu genlərdə arzuolunmaz aktivləşmə yaratmaması olub.

Tədqiqata UCLA-nın insan genetikası, nevrologiya və psixiatriya üzrə professoru Daniel Geschwind rəhbərlik edib. İlk müəllif George Chen isə nəticələrin gələcək müalicə strategiyaları üçün mühüm istiqamət açdığını bildirib.

BU, AUTİZMİN MÜALİCƏSİ DEMƏKDİRMİ?

Hələlik yox. Tədqiqat tamamilə laboratoriya modellərində aparılıb. Bu texnologiyanın insan beyninə təhlükəsiz çatdırılması, uyğun müdaxilə vaxtının müəyyənləşdirilməsi və uzunmüddətli nəticələrinin öyrənilməsi üçün əlavə araşdırmalar tələb olunur.

Alimlər xüsusilə bir məqama diqqət çəkirlər: müdaxilənin təsiri inkişafın hansı mərhələsində tətbiq edilməsindən asılı ola bilər. Yəni eyni üsul müxtəlif dövrlərdə eyni nəticəni verməyə bilər.

Buna baxmayaraq, araşdırma mühüm elmi istiqamət göstərir: gələcəkdə bəzi genetik pozuntuların nəticələrini yalnız simptomları yüngülləşdirməklə deyil, onların yaranmasına səbəb olan bioloji mexanizmlərə müdaxilə etməklə də dəyişdirmək mümkün ola bilər.

Tədqiqatın nəticələri *Nature Neuroscience* jurnalında dərc olunub.

Mənbə: UCLA Health, News Medical.

Günel İbadova
Saglamolun.az

 

Uşaqlarınızı bu əşyadan qoruyun - Azərbaycanlı həkim (VİDEO


Uşaqlar üçün adi oyuncaq və ya kiçik bir məişət əşyası bir anda ölümcül təhlükəyə çevrilə bilər. Xüsusilə düymə batareyaları udulduqda valideynlərin vaxt itirməsi ağır daxili zədələnmələrə səbəb ola bilər. SAF Hospitalda üç batareya udan azyaşlıya təcili müdaxilə edilib.

Azyaşlı uşaq 3 ədəd batareya udduqdan sonra valideynləri tərəfindən SAF Hospitalın Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb. Müayinə zamanı batareyalardan birinin mədədə, digər ikisinin isə bağırsaqda olduğu müəyyən edilib. Təcili endoskopik müdaxilə ilə mədədəki batareya çıxarılıb. Bir neçə saatlıq müşahidədən sonra uşaq evə buraxılıb.

Bəs uşaq yad cisim udduqda valideynlər necə davranmalıdır? Hansı hallarda təxirəsalınmaz müdaxilə tələb olunur?

Mövzu ilə bağlı SAF Hospitalın Təcili Yardım Şöbəsinin həkimi Murad Abbasov bildirib ki, uşağın yad cisim udduğu məlum olduqda valideynlər ilk növbədə sakitliyini qorumalı və onun nəfəs alıb-almadığını müəyyənləşdirməlidirlər.

Həkimin sözlərinə görə, əgər uşaq ağlayırsa, səs çıxara bilirsə və göyərmə müşahidə olunmursa, valideynlər təcili tibbi yardıma müraciət etməli və uşağın nə udduğunu müəyyənləşdirməlidirlər.

Murad Abbasov qeyd edib ki, uşaq ağlaya və səs çıxara bilmirsə, nəfəs almaqda çətinlik çəkirsə və göyərməyə başlayırsa, bu, təxirəsalınmaz müdaxilə tələb edən vəziyyətdir.

Həkim bildirib ki, belə hallarda dərhal təcili yardım çağırılmalı və uşağın yaşına uyğun ilkin yardım göstərilməlidir. Bir yaşdan kiçik uşaqlara beş dəfə kürək nahiyəsinə zərbə və beş dəfə döş qəfəsinə təkan, bir yaşdan böyük uşaqlara isə beş dəfə kürək nahiyəsinə zərbə və beş dəfə qarın təkanı tətbiq edilməlidir.

Həkimin sözlərinə görə, uşaq normal nəfəs alsa belə, yad cismin udulması təhlükəsiz hesab edilə bilməz. Belə cisimlər bağırsaq keçməzliyinə, mədə və ya bağırsaq divarının zədələnməsinə, hətta deşilməsinə səbəb ola bilər. Batareyalar isə daxili orqanlarda ciddi kimyəvi yanıq yarada bilər.


VİDEO 

 

VALİDEYNLƏRƏ XÜSUSİ XƏBƏRDARLIQ: Batareya udulmasından şübhələnirsinizsə, uşağın heç bir əlaməti olmasa belə, dərhal təcili tibbi yardıma müraciət edin.
Qusdurmağa çalışmayın, yemək və içki verməyin, tibbi yardımı gecikdirməyin.

SAF Hospital Təcili Yardımla əlaqə 012 980 



Günel İbadova
Sağlamoun.az

Kilolu adamlarla bağlı ən son araşdırma - Az yaşayırlar

PİYLƏNMƏNİ AŞKARLAMAQ ÜÇÜN BİR GÖSTƏRİCİ KİFAYƏT ETMİR

İnsanların artıq çəkili və ya piylənmədən əziyyət çəkdiyini müəyyənləşdirmək üçün geniş istifadə olunan bədən kütləsi indeksi (BKİ) sağlamlıq risklərini qiymətləndirməkdə həmişə dəqiq nəticə vermir. 844 mindən çox insanın məlumatları əsasında aparılan beynəlxalq araşdırma göstərib ki, yalnız çəki və boya əsaslanan bu göstərici bəzi insanlarda piylənməni aşkar etməyə, digərlərində isə düzgün qiymətləndirməyə bilər.

“Nature” elmi jurnalında dərc olunan tədqiqatda Çin, Böyük Britaniya, ABŞ və İspaniyadan 844 108 yetkin insanın məlumatları təhlil edilib. Alimlər ənənəvi BKİ göstəricisini bel çevrəsi, boyla bel çevrəsinin nisbəti və orqanların funksional vəziyyəti ilə müqayisə ediblər.

Nəticələr göstərib ki, yalnız BKİ əsasında aparılan qiymətləndirmə iştirakçıların 5,2–8,6 faizində piylənməni aşkar etməyib. Digər tərəfdən, 1,2–3,1 faizində piylənmə vəziyyətini olduğundan artıq qiymətləndirib. Əlavə antropometrik göstəricilərin nəzərə alınması piylənmənin müəyyən edilməsini 3,3–7,4 faiz artırıb.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri piylənmənin iki fərqli vəziyyətə ayrılmasıdır.

Klinik piylənmə – artıq piy toxumasının ürək-damar sistemi, böyrəklər və digər orqanların fəaliyyətinə, yaxud insanın gündəlik həyatına mənfi təsir göstərdiyi vəziyyətdir.

Kliniköncəsi piylənmə isə artıq piylənmənin mövcud olduğu, lakin hələ orqan funksiyalarında piylənmə ilə əlaqəli pozuntu yaranmadığı mərhələdir. Bu vəziyyət gələcəkdə müxtəlif xəstəliklərin inkişaf riskini artıra bilər.

Məlum olub ki, klinik piylənməsi olan insanlarda ölüm riski piylənməsi və orqan disfunksiyası olmayanlarla müqayisədə 69 faiz yüksəkdir. Kliniköncəsi piylənmədə isə bu göstərici 19 faiz təşkil edib.

Daha bir maraqlı nəticə ondan ibarətdir ki, kliniköncəsi piylənməsi olan insanların 77–91 faizində 10 il ərzində klinik piylənməyə keçid müşahidə edilməyib.

Alimlər hesab edirlər ki, piylənmənin diaqnostikasında yalnız tərəzidəki rəqəmə və BKİ-yə əsaslanmaq düzgün yanaşma deyil. Bel çevrəsi, piy toxumasının paylanması və orqanların funksional vəziyyəti də nəzərə alınmalıdır. Bu, həm xəstəliyin daha dəqiq müəyyənləşdirilməsinə, həm də müalicənin fərdi risklərə uyğun seçilməsinə kömək edə bilər.

 

Saglamolun.az

Mənbə: Nature

Bu ədviyyat xoşagəlməz xatirələri silir

Sarıkökün tərkibindəki kurkumin maddəsi beyində qorxu ilə əlaqəli yaddaş proseslərinə təsir göstərə bilər. ABŞ-da aparılan elmi araşdırma bu təbii birləşmənin qorxu xatirələrinin möhkəmlənməsini zəiflədə biləcəyini üzə çıxarıb.

Nüfuzlu “Neuropsychopharmacology” jurnalında dərc olunan tədqiqat Yale Universitetinin alimlərinin də iştirakı ilə aparılıb.

Təcrübə zamanı laboratoriya siçovullarına müəyyən səs tonu ilə birlikdə zəif elektrik şoku verilib. Nəticədə heyvanlarda həmin səsə qarşı qorxu reaksiyası formalaşıb. Onlar səsi eşidəndə hərəkətsiz qalaraq qorxduqlarını nümayiş etdiriblər.

Daha sonra alimlər heyvanların qidasına sarıkökün əsas aktiv maddəsi olan kurkumin əlavə ediblər. Bir müddət sonra eyni səs yenidən səsləndirildikdə kurkumin qəbul edən heyvanlarda qorxu reaksiyasının əhəmiyyətli dərəcədə zəiflədiyi müşahidə olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, kurkumin təkcə yeni qorxu xatirələrinin möhkəmlənməsinə deyil, əvvəllər formalaşmış qorxu yaddaşının yenidən aktivləşdikdən sonra möhkəmlənməsi prosesinə də təsir göstərə bilər.

Alimlərin fikrincə, bu təsir yaddaşın beyində saxlanılması və yenidən möhkəmlənməsində iştirak edən molekulyar mexanizmlərlə əlaqəli ola bilər.

Araşdırmanın nəticələri posttravmatik stress pozuntusu, güclü qorxu və travmatik hadisələrlə əlaqəli psixoloji problemlərin müalicəsi baxımından da maraq doğurur.

Lakin mütəxəssislər mühüm məqama diqqət çəkirlər: bu nəticələr hələlik heyvanlar üzərində aparılan təcrübəyə əsaslanır. Sarıkökün insanlarda pis və travmatik xatirələri sildiyini təsdiqləyən klinik sübut yoxdur. Buna görə də onu psixoloji travmaların müalicə vasitəsi hesab etmək düzgün deyil.

Saglamolun.az

Mənbə: Neuropsychopharmacology 

 

 

Məşhur brendlərə artıq pul ödəməyə dəyərmi?

Kofein dərmanın təsirini artıra bilərmi?

Soyuqdəymə və qrip mövsümündə apteklərdə müxtəlif markaların təqdim etdiyi preparatlara tələbat artır. Xüsusilə “maksimum güclü təsir” vəd edən bahalı dərmanlar alıcıların diqqətini çəkir. Bəs bu preparatlar daha ucuz alternativlərdən həqiqətən fərqlənirmi?

BBC-nin araşdırmasına görə, bir çox məşhur soyuqdəymə və qrip dərmanının tərkibi daha ucuz analoqları ilə demək olar ki, eynidir. Bu isə bəzi hallarda istehlakçıların yalnız brend adına görə artıq pul ödədiyini göstərir.

Mançester Universitetinin Əczaçılıq bölməsinin rəhbəri, professor Ceyn Lourens bildirir ki, tanınmış markalarla daha ucuz preparatlar arasında ciddi fərq olmaya bilər. Əsas məsələ dərmanın adı deyil, tərkibindəki təsiredici maddələr və onların miqdarıdır.

Məsələn, bəzi bahalı soyuqdəymə preparatlarının tərkibində 500 mq parasetamol olur. Eyni miqdarda parasetamolu daha ucuz, generik dərmanlardan da əldə etmək mümkündür. Parasetamol ağrıları azaldır və hərarəti aşağı salır, lakin infeksiyanın özünü müalicə etmir.

Burun tutulmasına qarşı dərmanlar nə dərəcədə təsirlidir?

Bir çox kombinə edilmiş preparatın tərkibində fenilefrin də var. Bu maddə burundakı damarları daraldaraq tutulmanı azaltmaq üçün nəzərdə tutulub. Lakin professor Lourensin sözlərinə görə, fenilefrinin tablet formasında effektivliyinə dair ciddi elmi sübutlar məhduddur.

ABŞ-ın dərman tənzimləyici qurumu FDA da 2024-cü ildə ağızdan qəbul edilən fenilefrinin burun tutulmasına qarşı effektiv olmadığını əsas gətirərək onun bu preparatların tərkibindən çıxarılmasını təklif edib.

Bəzi dərmanlarda bəlğəmi durultmaq məqsədilə quanifenezin də istifadə olunur. Bu maddənin faydası ilə bağlı tədqiqatların nəticələri isə birmənalı deyil.

Kofein dərmanın təsirini artıra bilərmi?

Bəzi kombinə edilmiş soyuqdəymə preparatlarında 65 mq-a qədər kofein olur. Bu miqdar təxminən bir fincan hazır qəhvədəki kofeinə yaxındır. Araşdırmalar kofeinin parasetamolun təsirini müəyyən qədər gücləndirə və ağrıkəsici təsirin daha tez başlamasına kömək edə biləcəyini göstərir. Lakin bu üstünlüyün böyük olmadığı vurğulanır.

Mütəxəssislərin əsas mesajı budur: soyuqdəymə dərmanı seçərkən yalnız tanınmış brendə və yüksək qiymətə deyil, tərkibə, təsiredici maddələrin miqdarına və preparatın hansı simptom üçün nəzərdə tutulduğuna diqqət yetirmək lazımdır.

saglamolun.az

Mənbə: BBC

Artıq çəkisi tibb işçilərinə imtahan oldu

300 KİLOQRAMLI PASİYENTİN MÜAYİNƏSİ 

Moskvada çəkisi təxminən 300 kiloqram olan kişinin xəstəxanaya çatdırılması üçün 360 xilasedici və Fövqəladə Hallar əməkdaşı səfərbər edilib.

Hadisə Şmitovski keçidində yerləşən yaşayış binasında baş verib. Xroniki ürək çatışmazlığından əziyyət çəkən kişinin səhhəti pisləşdiyi üçün təcili tibbi yardım çağırılıb.

Hadisə yerinə gələn həkimlər pasiyentin çəkisi səbəbindən onu mənzildən çıxarmaqda və təcili yardım avtomobilinə yerləşdirməkdə çətinlik çəkiblər. Nəticədə daşınma prosesinə Fövqəladə Hallar xidmətinin əməkdaşları cəlb olunub.

Xüsusi qüvvə və vasitələrdən istifadə edilməklə pasiyent binadan çıxarılaraq təcili tibbi yardım avtomobilinə yerləşdirilib. Daha sonra onun xəstəxanaya, o cümlədən reanimasiya şöbəsinə köçürülməsinə kömək göstərilib.

Hadisə ağır piylənmənin yaratdığı problemləri bir daha gündəmə gətirib. Belə hallarda pasiyentin yalnız tibbi müayinəsi və müalicəsi deyil, təhlükəsiz şəkildə daşınması da ciddi təşkilati və texniki hazırlıq tələb edir.

Mənbə: healthmail.ru

 

Çiy, yoxsa bişmiş kələm daha faydalıdır?

KƏLƏMİN GİZLİ GÜCÜ: BAĞIRSAQLARDAN İMMUN SİSTEMİNƏ QƏDƏR NƏYƏ FAYDALIDIR?

SAĞLAM QİDA | SAĞLAMOLUN.AZ

Mətbəximizdə salatların, dolmaların, turşuların və müxtəlif yeməklərin ayrılmaz hissəsi olan kələm əslində sadə tərəvəz deyil. Kalorisi az, lif və vitaminlərlə zəngin olan bu tərəvəz bağırsaqların fəaliyyətindən immun sisteminin normal işləməsinə qədər bir sıra proseslərdə iştirak edir.

Üstəlik, müasir elmi araşdırmalar kələmin tərkibindəki bəzi təbii birləşmələrin sağlamlıq üçün potensial faydalarını da üzə çıxarıb. Bəs hər gün süfrəmizə qoyduğumuz kələm orqanizmimizdə hansı dəyişikliklərə səbəb olur?

BAĞIRSAQLARIN TƏBİİ KÖMƏKÇİSİ

Kələmin ən mühüm üstünlüklərindən biri liflə zəngin olmasıdır. Qida lifləri bağırsaqların normal fəaliyyətini dəstəkləyir, nəcisin həcmini artırır və qəbizliyin qarşısının alınmasına kömək edir.

Kələmdəki liflər bağırsaq mikrobiotasının, yəni həzm sistemində yaşayan faydalı mikroorqanizmlərin fəaliyyəti üçün də əhəmiyyətlidir.

Ancaq bir məqamı unutmayın: çox miqdarda çiy kələm yemək bəzi insanlarda qaz, köp və qarın ağrısı yarada bilər. Xüsusilə həssas bağırsağı olanlar porsiyaya diqqət etməlidirlər.

İMMUN SİSTEMİNƏ DƏSTƏK

Kələm C vitamininin yaxşı mənbələrindən biridir. Bu vitamin immun sisteminin normal fəaliyyətində iştirak edir, kollagen sintezi üçün vacibdir və hüceyrələri oksidləşdirici stressdən qorumağa kömək edir.

Maraqlı fakt: 100 qram çiy ağ kələmdə təxminən 47 mq C vitamini ola bilər. Bu miqdar kələmi gündəlik qidalanmada faydalı vitamin mənbələrindən birinə çevirir.

 

KƏLƏMİN TƏRKİBİNDƏ XÜSUSİ MADDƏLƏR VAR

Kələm xaççiçəklilər fəsiləsinə aiddir. Bu tərəvəzin diqqətçəkən xüsusiyyətlərindən biri qlükozinolatlar adlanan təbii bitki birləşmələrini ehtiva etməsidir.

Kələm doğranarkən və çeynənərkən bu maddələrdən izotiosianatlar kimi bioloji aktiv birləşmələr əmələ gələ bilər. Onların bəziləri hüceyrələrin müdafiə mexanizmlərinə və orqanizmdə zərərsizləşdirmə proseslərinə təsir göstərir.

Alimlər bu birləşmələrin xərçəngin yaranma mexanizmlərinə mümkün təsirini araşdırırlar. Lakin kələm yeməyin xərçəngdən qoruduğunu və ya xəstəliyi müalicə etdiyini söyləmək üçün hələ kifayət qədər klinik sübut yoxdur.

 

ÜRƏK VƏ DAMARLAR ÜÇÜN FAYDALI SEÇİM

Kələmin tərkibində kalium, lif və antioksidant xüsusiyyətli bitki maddələri var. Kalium normal qan təzyiqinin tənzimlənməsində, lif isə qanda xolesterinin səviyyəsinin idarə olunmasında rol oynayır.

Tərəvəzin müntəzəm istehlakı ürək-damar sağlamlığını dəstəkləyən ümumi qidalanma modelinin bir hissəsi ola bilər. Əlbəttə, kələm dərman deyil və yüksək təzyiqin müalicəsini əvəz etmir.

SÜMÜKLƏR VƏ QAN LAZIMI VİTAMİNLƏR

Kələm K vitamini ilə zəngindir. Bu vitamin qanın normal laxtalanması və sümük toxumasının sağlamlığı üçün vacibdir.

Bundan başqa, tərkibində folat (B9 vitamini) də var. Folat hüceyrələrin bölünməsində və qırmızı qan hüceyrələrinin yaranmasında iştirak edir.

Vacib xəbərdarlıq: Varfarin kimi qan durulaşdırıcı dərman qəbul edənlər K vitamini ilə zəngin qidaların miqdarını kəskin dəyişməməlidirlər. Kələmi qidalanmadan tam çıxarmaq yox, onun qəbulunu sabit saxlamaq vacibdir.

ARIQLAMAQ İSTƏYƏNLƏR ÜÇÜN İDEAL TƏRƏVƏZ

100 qram çiy ağ kələmin enerji dəyəri təxminən 24 kilokaloridir. Tərkibindəki lif toxluq hissinin daha uzun davam etməsinə kömək edir.

Bu xüsusiyyət kələmi çəkiyə nəzarət etmək istəyənlər üçün yaxşı seçimə çevirir. Xüsusilə mayonez və kalorili souslar əvəzinə limon şirəsi, göyərti və az miqdarda zeytun yağı ilə hazırlanan kələm salatı daha məqsədəuyğundur.

 

KƏLƏM ŞİRƏSİ MƏDƏ XORASINI SAĞALDIRMI?

Kələmlə bağlı ən məşhur iddialardan biri onun mədə və onikibarmaq bağırsaq xoralarına faydalı olmasıdır.

Bu fikir təsadüfən yaranmayıb. Keçmişdə kələm şirəsinin tərkibində olduğu düşünülən və şərti olaraq "U vitamini" adlandırılan S-metilmetionin maddəsi ilə bağlı araşdırmalar aparılıb.

1949–1952-ci illərdə dərc edilmiş kiçik tədqiqatlarda təzə kələm şirəsi qəbul edən xora xəstələrində müsbət nəticələr qeydə alınıb. Lakin bunlar müasir klinik tədqiqat standartlarına cavab vermir. Bu gün kələm şirəsinin mədə xorasını sağaltdığını təsdiqləyən yetərli sübut yoxdur. 

 

 Mədə xorası olan insanlar həkim müayinəsindən keçməli və təyin edilmiş müalicəni davam etdirməlidirlər.

ÇİY, YOXSA BİŞMİŞ KƏLƏM?

Kələmin hazırlanma üsulu onun qida dəyərinə təsir edir.

- Çiy kələm: C vitaminini və istiliyə həssas bəzi maddələri daha yaxşı qoruyur.
- Bişmiş kələm: Həzm edilməsi bəzi insanlar üçün daha asandır. 
- Turşu kələm: Fermentasiya nəticəsində faydalı mikroorqanizmlər yaranır. Lakin duz miqdarı yüksəkdir. 

Ən yaxşı seçim müxtəlif hazırlanma üsullarını növbələşdirməkdir.

KİMLƏR KƏLƏM YERKƏN DİQQƏTLİ OLMALIDIR?

Kələm əksər insanlar üçün təhlükəsiz və faydalı qidadır. Ancaq bəzi hallarda ehtiyatlı olmaq lazımdır:

- Qıcıqlanmış bağırsaq sindromu və köp problemi olanlar çiy kələmi az miqdarda qəbul etməlidirlər.
- Qalxanabənzər vəzi problemi olanlar kələmi normal qida porsiyalarında istehlak edə bilərlər. Lakin xüsusilə yod çatışmazlığı fonunda həddindən artıq miqdarda çiy xaççiçəkli tərəvəz qəbulu məsləhət görülmür.
- Böyrək xəstəliyi olanlar kalium qəbuluna dair fərdi pəhriz tövsiyələrinə əməl etməlidirlər.
- Qan durulaşdırıcı dərman qəbul edənlər K vitamini ilə bağlı həkim məsləhətini nəzərə almalıdırlar.

 NƏTİCƏ

Kələm möcüzəvi dərman deyil, amma gündəlik qidalanmada özünə layiqli yer tutan faydalı tərəvəzdir. Lif, C və K vitaminləri, folat və bioloji aktiv bitki birləşmələri onu sağlam qidalanmanın dəyərli komponentinə çevirir.

Bəzən sağlamlığımız üçün ən yaxşı seçimlər bahalı və ekzotik məhsullar deyil, elə öz mətbəximizdəki sadə tərəvəzlərdir.

Mənbələr :ABŞ Milli Xərçəng İnstitutu, University Hospitals, PubMed 

Günel İbadova
SAĞLAMOLUN.AZ

Ukraynada fəaliyyət göstərən azərbaycanlı alim: "Elmi tədqiqatlarımı davam edirəm"

AZƏRBAYCANLI ALİMİN 52-Cİ KİTABI UKRAYNADA NƏŞR OLUNDU

Ukraynada yaşayan azərbaycanlı alim, tibb elmləri doktoru, professor Aydın Salmanovun 52-ci kitabı Kiyevdə nəşr olunub. 

592 səhifəlik, ukrayna və ingilis dillərində dərc edilən elmi nəşr döyüş yaralarının cərrahi müalicəsindən sonra yaranan ağırlaşmalara həsr edilib. Dərslik tibb universitetlərinin tələbələri, Hərbi Tibb Akademiyasının kursantları, cərrahiyyə ixtisası üzrə çalışan həkimlər və tibb universitetlərinin müəllimləri üçün nəzərdə tutulub. Bu barədə alim saglamolun.az saytına məlumat verib. 

Professor Aydın Salmanov yeni kitabının nəşri ilə bağlı bildirib ki, Ukraynada mövcud olan ağır vəziyyətə baxmayaraq, elmi tədqiqatlarını davam etdirir. O, araşdırmalarının nəticələrinin həm Ukrayna, həm də dünyanın digər ölkələri üçün faydalı olacağına əminliyini ifadə edib.

Yeni nəşr xüsusilə müharibə şəraitində alınan yaraların cərrahi müalicəsi, əməliyyatdan sonrakı ağırlaşmaların öyrənilməsi və onların qarşısının alınması baxımından elmi-praktik əhəmiyyət daşıyır.

Xatırladaq ki, 1957-ci ildə Şəmkirdə anadan olan Aydın Salmanov 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O, uzun illərdir Ukraynada elmi-pedaqoji fəaliyyət göstərir. 2026-cı ildə də onun adı infeksion nəzarət və antimikrob davamlılıq sahəsindəki elmi fəaliyyətlə bağlı Ukrayna Ümumölkə İnfeksion Nəzarət və Antimikrob Rezistentlik Assosiasiyasının rəhbər heyətində yer alır. Alimin həmmüəllifləri sırasında olduğu 2026-cı il nəşrlərindən biri də hərbi hospitalda infeksion nəzarətə həsr olunmuş dərslikdir.

Günel İbadova
saglamolun.az

 

"Xəyali dost yaradıcılıq potensialının göstəricisidir" - Psixoloqlar

GÖZLƏ GÖRÜNMƏYƏN DƏRD ORTAQLARI TƏHLÜKƏLİ DEYİL

Uşaqlıqda görünməyən dostlarla danışmaq, onlarla oyunlar qurmaq və sirlərini bölüşmək valideynləri bəzən narahat edir. Halbuki psixoloqların araşdırmaları göstərir ki, xəyalı dostların yaranması əksər hallarda tənhalıq və ya sosial problemlərin əlaməti deyil. Əksinə, bu cür dostluqlar uşağın emosional və zehni inkişafına müsbət təsir göstərə bilər.

Psixoloqlar Naomi Aguiar və Marjorie Taylorın məlumatlarına görə, uşaqların təxminən üçdə ikisinin yeddi yaşına qədər xəyalı dostu olur. Bu dostlar insan, heyvan, fantastik obraz, hətta danışan bir əşya şəklində təsəvvür edilə bilər. Məsələn, bir uşağın xəyalında dostu adi süd qabı, digərində isə görünməyən balerina və ya sehrli heyvan ola bilər.

Mütəxəssislər bildirirlər ki, xəyalı dostu olan uşaqların real həyatda dostlarının sayı digər uşaqlardan az deyil. Onlar bu obrazları çox vaxt sadəcə ünsiyyət ehtiyacından, oyun oynamaq və əylənmək istəyindən yaradırlar.

Araşdırmalar xəyalı dostluğu olan uşaqlarda yaradıcılıq, hekayə qurmaq bacarığı və diqqətin daha yaxşı inkişaf edə biləcəyini göstərir. Belə uşaqlar başqalarının hisslərini, düşüncələrini və niyyətlərini anlamaqda da üstün nəticələr nümayiş etdirə bilirlər. Bununla belə, alimlər bu xüsusiyyətlərin xəyalı dostların təsiri ilə yarandığını, yoxsa emosional anlayışı daha güclü olan uşaqların belə dostlar yaratmağa meyilli olduğunu hələ də dəqiqləşdirməyiblər.

Xəyalı dostlar sosial münasibətləri öyrənmək üçün də bir növ təhlükəsiz məşq meydanı rolunu oynaya bilər. Uşaq həmin obrazla mübahisə edir, barışır, üzr istəyir, sərhədlər müəyyənləşdirir və problemlərin həll yollarını sınaqdan keçirir. Sonradan bu təcrübəni real münasibətlərində də tətbiq edə bilər.

Bu xüsusiyyət autizmli uşaqlarda da müşahidə olunur. 124 autizmli uşağın valideynləri arasında aparılan araşdırmada iştirakçıların 49 faizi övladlarının 1–11 yaş arasında xəyalı dost yaratdığını bildirib. Mütəxəssislər hesab edirlər ki, belə ünsiyyət uşaqlara sosial münasibətləri daha rahat öyrənmək imkanı verə bilər.

Maraqlıdır ki, xəyalı dostlar yalnız uşaqlıq dövrünə aid deyil. Bəzi insanlar onları yeniyetməlikdən yetkinliyə qədər qoruyub saxlayır, digərləri isə yetkin yaşlarında belə obrazlar yaradır. Psixoloqların fikrincə, böyüklər xəyalı dostlardan çətin söhbətlərə hazırlaşmaq, iş situasiyalarını məşq etmək, emosional dəstək almaq və gündəlik stressin öhdəsindən gəlmək üçün istifadə edə bilərlər.

Beləliklə, uşağın xəyalında görünməyən dostunun olması öz-özlüyündə narahatlıq səbəbi deyil. Bəzən uşağın qurduğu xəyali dünya onun real həyatı daha yaxşı anlamasına kömək edən yaradıcı bir məkana çevrilir.

 Günel İbadova
Sağlamolun.az

Mənbə: BBC

 

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

POLİPLƏRİ VAXTINDA GÖTÜRMƏK XƏRÇƏNG RİSKİNİ AZALDIR - SAF Hospital-ın qastroenteroloq-hepatoloq, endoskopist həkimi Dr. Aydın Abbasov

Mədə xərçəngi uzun müddət heç bir ciddi ağrı və narahatlıq yaratmadan inkişaf edə bilər. Xəstəliyin ilkin mərhələlərində əlamətlərin hiss olunmaması isə onun vaxtında aşkarlanmasını çətinləşdirir. Lakin mədədə yaranan törəmənin yerləşdiyi nahiyədən asılı olaraq zamanla fərqli şikayətlər meydana çıxa bilər.

SAF Hospital-ın qastroenteroloq-hepatoloq, endoskopist həkimi Aydın Abbasov mədə xərçənginin təhlükəli xüsusiyyətləri, poliplərin vaxtında aşkarlanmasının əhəmiyyəti və xəstəliyin əlamətləri barədə məlumat verib.

Həkimin sözlərinə görə, mədədə yaranan törəmələr, xüsusilə ilkin mərhələlərdə, ağrısız ola bilər. Buna görə də insan uzun müddət özündə ciddi problem hiss etməyə bilər. Şikayətlərin xarakteri isə əsasən törəmənin mədənin hansı hissəsində yerləşməsindən asılıdır.

Mədənin giriş hissəsində, yəni qida borusu ilə birləşən nahiyədə yerləşən şişlər zamanı ilk növbədə udma çətinliyi yaranır. Əvvəlcə bərk qidaların mədəyə keçməsi çətinləşir. Törəmə böyüdükcə keçid daha da daralır və xəstə hətta maye qəbul etməkdə, su içməkdə belə çətinlik çəkə bilər. Bu, xəstəliyin irəliləmiş mərhələlərində müşahidə oluna bilən ciddi əlamətlərdəndir.

Mədənin çıxış hissəsində yerləşən törəmələr isə qidanın mədədən bağırsağa keçməsinə mane ola bilər. Belə hallarda xəstədə ürəkbulanma, yeməkdən sonra ağırlıq və təkrarlanan qusma müşahidə edilir. Xəstə qəbul etdiyi qidanı həzm edə bilmədiyindən zamanla çəki itkisi və qidalanma pozğunluğu da yarana bilər.

Dr. Aydın Abbasov mədə xərçənginin qarşısının alınmasında və erkən aşkarlanmasında poliplərin vaxtında müəyyən edilməsinin əhəmiyyətini də vurğulayır. Xüsusilə adenomatöz poliplər diqqət tələb edir. Bu poliplər xərçəngönü dəyişiklik hesab olunur və zamanında aşkarlanaraq uyğun üsulla götürülmədikdə gələcəkdə bədxassəli törəməyə çevrilmə riski daşıyır.

Yoğun bağırsaqda aşkarlanan poliplərin də, xüsusilə adenomatöz poliplərin, kolonoskopiya zamanı götürülməsi və histoloji müayinəyə göndərilməsi vacibdir. Poliplərin vaxtında xaric edilməsi bəzi hallarda gələcəkdə kolorektal xərçəngin inkişaf riskini azaltmağa imkan verir, deyə qastroenteroloq vurğulayıb. 

Mütəxəssislər xəbərdarlıq edirlər ki, mədə-bağırsaq sistemində yaranan davamlı narahatlıqları adi həzm problemi kimi qiymətləndirmək düzgün deyil. Udma çətinliyi, səbəbsiz arıqlama, təkrarlanan qusma və uzunmüddətli mədə narahatlığı zamanı mütləq həkimə müraciət edilməlidir.

Unutmayın, mədə-bağırsaq xəstəliklərində erkən diaqnostika həyat qurtara bilər.

Günel İbadova
Saglamolun.az

Bu xəstəliyi var imiş

Bu xəsəliyi var imiş SİMPTOMLAR OLUB - İDMANÇININ ATASI

ABŞ-da keçirilən Nyu-York marafonunda 24 yaşlı qadın finiş xəttinə cəmi 3 kilometr qalmış huşunu itirərək dünyasını dəyişib.

Pensilvaniya ştatının sakini Reyçel Apa noyabrın 1-də keçirilən yarış zamanı qəfil yerə yıxılıb. Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, xəstəxanada həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun atası qızının ölümünə səbəb kimi rabdomioliz diaqnozunun qoyulduğunu bildirib. Bu, skelet əzələlərinin sürətlə parçalanması nəticəsində yaranan və həyati təhlükə törədə bilən ağır vəziyyətdir.

Rabdomioliz nədir və niyə təhlükəlidir?

Rabdomioliz zamanı zədələnmiş əzələ hüceyrələrinin tərkibindəki maddələr, o cümlədən mioqlobin qana qarışır. Bu proses böyrəklərə ciddi zərər verə, ürək ritminin pozulmasına və hətta çoxsaylı orqan çatışmazlığına səbəb ola bilər.

Mütəxəssislər bildirir ki, bu vəziyyət marafon iştirakçıları arasında nadir görülsə də, həddindən artıq fiziki yüklənmə və isti hava riskləri artırır.

2022-ci il Nyu-York marafonunda rabdomiolizlə bağlı 24 hadisə qeydə alınıb.

Halbuki əvvəlki yarışlarda bu göstərici adətən 3-4 nəfər olub. Həmin il yüksək temperatur və rütubət idmançılar üçün əlavə təhlükə yaradıb.

Rabdomioliz xəstəliyinin ilkin simptomları uzunmüddətli fiziki yüklənmədən sonra yaranan adi yorğunluqla qarışdırıla bilər.

Xəstəliyin əsas əlamətləri bunlardır:

- Həddindən artıq yorğunluq və halsızlıq;
- Əzələ ağrıları və zəiflik;
- Ürəkbulanma və qusma;
- Huşun itirilməsi;
- Çaşqınlıq və sayıqlama.

Mütəxəssislər bildirirlər ki, intensiv fiziki fəaliyyət zamanı orqanizm çoxlu istilik istehsal edir. Həddindən artıq isti və rütubətli hava bədənin tərləmə yolu ilə soyumasını çətinləşdirir. Susuzlaşma isə əzələ zədələnməsini daha da ağırlaşdıra bilər.

Həkimlər xəbərdarlıq edir: Uzunmüddətli və intensiv idman zamanı qeyri-adi əzələ ağrıları, güclü halsızlıq və ya huş dəyişikliyi yaranarsa, bunu adi yorğunluq hesab etmək olmaz. Rabdomioliz təcili tibbi müdaxilə tələb edən vəziyyətdir.

saglamolun.az

Mənbə: CNN

"Bal soyuqdəyməni sağaltmır" - Rusiyalı həkim

İSTİ ÇAYA BAL ƏLAVƏ ETMƏK OLMAZ? - HƏKİM CAVABLAYIR

 

Soyuq havalarda bir çox insan boğaz ağrısından qorunmaq, öskürəyi yüngülləşdirmək və immunitetini gücləndirmək üçün bal qatılmış isti çay içir. Bəs balı qaynar çaya əlavə etdikdə onun faydalı xüsusiyyətləri həqiqətən yox olurmu?

Rusiyalı qastroenteroloq, tibb elmləri namizədi Yevgeni Belousov bu barədə yayılan fikirlərə aydınlıq gətirib. Həkimin sözlərinə görə, yüksək temperatur balın bəzi aktiv komponentlərinin azalmasına səbəb olsa da, onun bütün faydalı xüsusiyyətləri itmir.

Balın əsas tərkib hissələrindən olan karbohidratlar, o cümlədən sadə şəkərlər, qızdırıldıqda da qalır. Bununla belə, qaynar su balın bəzi qiymətli komponentlərinin miqdarını azalda və onun dadına təsir göstərə bilər.

Mütəxəssis balı birbaşa qaynar çaya əlavə etməməyi, içkinin bir qədər soyumasını gözləməyi tövsiyə edir.

 

Bəs bal soyuqdəymədən qoruyurmu?

Həkim xəbərdarlıq edir ki, balı dərman kimi qəbul etmək düzgün deyil. Bal qatılmış çay xoş və faydalı qida əlavəsi ola bilər, lakin soyuqdəymədən qorunmağa zəmanət vermir və tibbi müalicəni əvəz etmir.

Bundan başqa, balın tərkibində sadə şəkərlər çox olduğundan onun həddindən artıq istifadəsi məsləhət görülmür. Bəzi insanlarda köp və digər həzm narahatlıqları yarada, allergik reaksiyalara səbəb ola bilər.

Bir yaşdan kiçik uşaqlara bal vermək olmaz!

 

Həkim xüsusilə vurğulayır ki, bir yaşına çatmamış körpələrə bal vermək qətiyyən olmaz. Çünki bu, körpələrdə botulizm kimi ağır infeksion fəsadlara səbəb ola bilər.

Nəticə etibarilə, balı isti çayla içməkdən imtina etməyə ehtiyac yoxdur. Sadəcə çayın bir qədər soyumasını gözləmək, balı ölçülü istifadə etmək və onu bütün xəstəliklərin dərmanı hesab etməmək lazımdır.

 

Mənbə: health.mail.ru

Azərbaycanlı oftalmoloq: "Xeyirdir, amma xəstə gözün dərmanı deyil"

Uşaqlığımızın dadı, qoxusu, bir də analarımızın heç vaxt unudulmayan qayğı dolu nəsihətləri var. “Ay bala, kök şirəsi çəkmişəm, gəl iç, gözlərinə xeyirdir”, “Qaragilə ye, gözlərin dərmanıdır...” Bu sözləri yəqin ki, çoxumuz eşitmişik. Nəsildən-nəslə ötürülən bu tövsiyələrin arxasında xalq təbabətinin əsrlərdən gələn təcrübəsi dayanır. Bəs ana qayğısı ilə yoğrulmuş bu inancların nə qədəri elmi həqiqətdir? Kök və gilənar həqiqətən görməmizə faydalıdırmı? Bu dəfə uşaqlıqdan yaddaşımıza hopmuş bu suallara elmin gözü ilə baxdıq və cavabları azərbaycanlı cərrah-oftalmoloqdan öyrəndik.

Kompüter və telefon ekranlarına uzun müddət baxmaq gözlərimizə necə təsir edir? Yaş artdıqca hansı göz xəstəliklərinin yaranma riski yüksəlir və görməni qorumaq üçün nələrə diqqət etməliyik?

Bu və digər sualları SAF Hospitalın cərrah-oftalmoloqu Leyda Kazımovaya ünvanladıq. Həkimin göz sağlamlığının qorunması, düzgün qidalanma və göz xəstəliklərinin erkən aşkarlanması ilə bağlı tövsiyələrini təqdim edirik.

 

Kök yemək görmə qabiliyyətini yaxşılaşdırırmı?

Kök beta-karotinlə zəngindir. Orqanizm beta-karotini A vitamininə çevirir. A vitamini tor qişanın normal fəaliyyəti, xüsusilə zəif işıqda görmə üçün vacibdir.

A vitamini çatışmazlığı gecə görməsinin zəifləməsinə və digər göz problemlərinə səbəb ola bilər.

Kökü gündəlik qida rasionunuza daxil etmək, onu çiy, bişmiş və ya salat şəklində qəbul etmək faydalıdır.

Ancaq A vitamini çatışmazlığı olmayan insanda çoxlu kök yemək görmə itiliyini artırmır və eynək ehtiyacını aradan qaldırmır.

 

Qaragilə gözlərin sağlamlığı üçün faydalıdırmı?

Qaragilə antosianinlər və digər antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri oksidləşdirici zədələnmədən qorumağa kömək edir.

Qaragilə sağlam və balanslı qidalanmanın faydalı hissəsidir. Lakin elmi araşdırmalar qaragilənin miopiyanı, kataraktanı və ya digər göz xəstəliklərini müalicə etdiyini, yaxud görmə qabiliyyətini bərpa etdiyini təsdiqləmir.

Qaragiləni müntəzəm olaraq qida rasionunuza əlavə edin, lakin onu dərman vasitəsi hesab etməyin.

 

Gözlərin sağlamlığı üçün hansı qidaları qəbul etmək lazımdır?

Gündəlik qidalanmada kök və qaragilə ilə yanaşı, ispanaq və brokkoli də zəngin lutein və zeaksantin mənbəyi olduqları üçün faydalıdır.

Balıq və yumurta da zəngin tərkiblərinə görə göz sağlamlığına dəstək verən qidalar sayılır.

Qoz və badam E vitamini və faydalı yağlar mənbəyidir, sitrus meyvələri isə, bildiyiniz kimi, C vitamini ilə zəngindir.

 

Gözlərimizi qorumaq üçün hər gün hansı qaydalara əməl etməliyik?

Mənim pasiyentlərimə tövsiyə etdiyim 10 sağlam göz qaydası var.

İlk olaraq, gecə 7–9 saat yatmaqdır. Gündəlik rasionda tərəvəz və meyvə istehlak etmək vacib şərtdir. Günəşdən və kompüter şüalarından qorunmaq üçün xüsusi eynəklərdən istifadə gözlərin qurumasının qarşısını alır. Siqaret gözlərin düşmənidir, ondan bacardıqca uzaq durun.

Qan şəkərini və arterial təzyiqi mütəmadi olaraq nəzarətdə saxlayın. Həkim məsləhəti olmadan, qonşunuz istifadə edib deyə, diaqnoz qoyulmadan özbaşına göz damcılarından istifadə etməyin. Görmədə qəfil dəyişiklik olduqda vaxt itirmədən həkimə müraciət edin.

Bu qaydalara əməl etmək sizi ahıl yaşlarınıza qədər dünyanın rənglərini və gözəlliklərini olduğu kimi görməyə vəsilə olacaq.

Amma ən vacib məsələ də budur ki, qlaukoma, makula degenerasiyası və katarakta kimi xəstəlikləri vaxtında aşkar etmək üçün müntəzəm müayinələrdən keçmək lazımdır.

Günel İbadova
sağlamolun.az

 

Uşaqlıq xatirələri həyatımıza yön verir

İnsan böyüsə də, uşaqlıqda yaşadığı hisslər, qorxular və qarşılanmamış ehtiyaclar onun həyatında iz buraxa bilər. Psixologiyada bu vəziyyəti izah etmək üçün “daxili uşaq” anlayışından istifadə olunur. Bəs daxili uşaq nədir və onunla necə işləmək olar?

“Daxili uşaq” insanın uşaqlıq təcrübələrini, xatirələrini, emosiyalarını və ehtiyaclarını özündə birləşdirən psixoloji metaforadır. Bu anlayışa görə, uşaqlıqda yaşanan hadisələr insanın yetkinlik dövründəki düşüncələrinə, münasibətlərinə və davranışlarına təsir göstərə bilər.

Konsepsiyanın ilkin ideyaları isveçrəli psixoloq Karl Qustav Yunqun arxetiplər nəzəriyyəsi ilə əlaqələndirilir. Daha sonra psixoloq Erik Bern insanın üç fərqli eqo vəziyyətindən – valideyn, yetkin və uşaq mövqeyindən çıxış edərək bu yanaşmanı inkişaf etdirib.

DAXİLİ UŞAĞIN YARALANDIĞINI NECƏ ANLAMAQ OLAR?

Mütəxəssislərin fikrincə, uşaqlıqda emosional ehtiyacları qarşılanmayan, hissləri görməzdən gəlinən və ya daim tənqid edilən insanlar yetkinlik dövründə müəyyən çətinliklərlə üzləşə bilərlər.

Bunlara başqalarının sevgisini qazanmaq üçün daim özünü qurban vermək, insanlara güvənməkdə çətinlik çəkmək, yaxın münasibətlərdən qorxmaq, güclü emosiyaları idarə edə bilməmək və daxili boşluq hissi daxildir.

Məsələn, insan qarşı tərəfdən qısa müddət ərzində cavab almadıqda həddindən artıq narahatlıq keçirə, tərk edilmək qorxusu yaşaya bilər. Bəzən isə öz fikrini bildirməkdən, “yox” deməkdən çəkinər. Bu reaksiyaların arxasında uşaqlıq təcrübələri dayana bilər.

KÜSKÜN DAXİLİ UŞAQ İLƏ NECƏ BARIŞAQ?

Psixologiyada bu istiqamətdə bir neçə üsuldan istifadə olunur:

1. Daxili uşağa məktub yazmaq: Uşaqlıqda yaşadığınız hissləri və ehtiyacları yazmaq, özünüzü daha yaxşı anlamağa kömək edə bilər.
2. Vizualizasiya: Özünüzü uşaqlıq yaşınızda təsəvvür edərək həmin vaxt ehtiyac duyduğunuz sevgi, qayğı və təhlükəsizlik hissini canlandırmaq.
3. Meditasiya: Nəfəs məşqləri və meditasiya vasitəsilə emosional gərginliyi azaltmaq.
4. Gündəlik tutmaq: Hissləri, xatirələri və təkrarlanan davranışları yazaraq özünüzü müşahidə etmək.
5. Yaradıcılıqla məşğul olmaq: Rəsm çəkmək, rəqs etmək, mahnı oxumaq və uşaqlıqdan sevdiyiniz məşğuliyyətlərə qayıtmaq.
6. Psixoterapiya: Mütəxəssisin köməyi ilə uşaqlıq təcrübələrini araşdırmaq və onların bugünkü davranışlara təsirini anlamaq.

Mütəxəssislər vurğulayırlar ki, bu proses tədricən aparılmalıdır. Ağrılı xatirələrlə təkbaşına və hazırlıqsız şəkildə üzləşmək əvəzinə, ehtiyac olduqda psixoloq və ya psixoterapevtə müraciət etmək vacibdir.

Daxili uşaqla işləməyin məqsədi keçmişi unutmaq deyil. Əsas məqsəd uşaqlıq təcrübələrini anlamaq, öz ehtiyaclarını tanımaq, sağlam şəxsi sərhədlər qurmaq və bugünkü həyatında daha şüurlu seçimlər edə bilməkdir.


Mənbə: Health Mail

Sarıköklə qaraciyər dostdurlar

Gündəlik mətbəxdə istifadə etdiyimiz sarıkök qaraciyərin yaşla əlaqədar dəyişikliklərdən qorunmasında rol oynaya bilər. Alimlərin diqqətini bu ədviyyatın tərkibindəki təbii aktiv maddə – kurkumin cəlb edib.

Food & Function elmi jurnalında dərc olunan icmal araşdırmada kurkuminin bağırsaq mikroflorası ilə qaraciyər arasındakı qarşılıqlı əlaqəyə təsiri təhlil edilib. Tədqiqatçılara görə, yaş artdıqca bağırsaq mikroflorasının tərkibi dəyişir, bağırsağın qoruyucu baryeri zəifləyir və iltihabi proseslər güclənir. Bu dəyişikliklər qaraciyər hüceyrələrinə zərər verə bilən maddələrin orqana keçməsini asanlaşdıra bilər.

 

Araşdırmada kurkuminin bağırsaq baryerinin bütövlüyünü qorumağa, faydalı mikrofloraya müsbət təsir göstərməyə və öd turşularının mübadiləsini tənzimləməyə kömək edə biləcəyi qeyd olunur. Bundan əlavə, bu maddənin iltihabı azaltmaq və qaraciyər fibrozunun inkişafını ləngitmək potensialı da araşdırılıb.

Lakin alimlər xəbərdarlıq edirlər: bu nəticələr zərdəçalın insanlarda qaraciyərin qocalmasının qarşısını aldığını hələ sübut etmir. Kurkuminin qoruyucu təsirini təsdiqləmək üçün əlavə klinik tədqiqatlara ehtiyac var. Buna görə də zərdəçal qaraciyər xəstəliklərinin müalicəsi və ya profilaktik dərmanı hesab edilməməlidir.

Elmi mənbə: Food & Function jurnalı

 

"Bu dərmanı atmaq vərdişə çevrilib" - Uzman terapevt


2025-ci ildə nüfuzlu American Journal of Respiratory and Critical Care Medicine jurnalında dərc olunan Amerika Torakal Cəmiyyətinin klinik təlimatında göbələk əleyhinə preparatların hər kəsə profilaktik təyin edilməsinə qarşı tövsiyə verilib.
Mütəxəssislər bildirirlər ki, hətta göbələk infeksiyası riski olan, reanimasiya şöbəsində müalicə alan, lakin neytropeniyası və orqan transplantasiyası tarixçəsi olmayan ağır xəstələrdə belə bu preparatların rutin istifadəsi məqsədəuyğun hesab edilmir. Tövsiyə mövcud elmi sübutların təhlili və GRADE qiymətləndirmə sistemi əsasında hazırlanıb.
2025-ci ilin mayında The Lancet Infectious Diseases jurnalında dərc olunan kandidozun diaqnostikası və müalicəsinə dair qlobal təlimatda da göbələk infeksiyalarının risk qruplarına uyğun qiymətləndirilməsinin vacibliyi vurğulanır. Xüsusilə immun sistemi ciddi zəifləmiş, kimyaterapiya və transplantasiya müalicəsi alan pasiyentlərdə profilaktik yanaşma fərdi müəyyən edilməlidir.
Mütəxəssislərin əsas mesajı budur: antibiotik qəbul etmək avtomatik olaraq göbələk əleyhinə dərmana ehtiyac yaratmır. Əsassız dərman istifadəsi yan təsirlərlə yanaşı, göbələk əleyhinə preparatlara davamlılığın artması riskini də gündəmə gətirir.
Bəs yerli mütəxəssislər bu mövzuda hansı mövqeyi sərgiləyir? SAF Hospitalın terapevti, daxili xəstəlklər uzmanı, ailə həkimi Uzm. Dr. Əfsanə Bayramova sağlamolun.az-ın suallarını cavablayıb.


Antibiotik qəbul edən hər kəs əlavə olaraq göbələk əleyhinə dərman da istifadə etməlidirmi? Bu preparatların profilaktik məqsədlə qəbulu nə dərəcədə doğrudur?
Xeyr, antibiotik qəbul edən hər kəsin əlavə olaraq göbələk əleyhinə dərman qəbul etməsinə ehtiyac yoxdur. Antibiotiklər bəzi hallarda normal mikrofloranın tarazlığını poza və göbələklərin çoxalması üçün şərait yarada bilər. Lakin bu hal hər pasiyentdə müşahidə olunmur.


Bəs göbələk əleyhinə dərman hansı hallarda lazımdır?
İlk növbədə, müayinə zamanı göbələk infeksiyası təsdiqləndikdə və ya klinik əlamətlər əsasında aşkar edildikdə bu preparatların istifadəsinə ehtiyac yaranır.
Bundan başqa, təkrarlayan vulvovaginal kandidoz zamanı həkim tərəfindən müəyyən edilmiş müalicə və profilaktika sxeminə uyğun olaraq, ağır immunçatışmazlığı olan bəzi pasiyentlərdə, eləcə də uzunmüddətli və geniş spektrli antibiotik müalicəsi alan yüksək riskli pasiyentlərdə fərdi qiymətləndirmədən sonra göbələk əleyhinə dərmanlar təyin edilə bilər.

 

 

Bəs antibiotiklə birlikdə göbələk əleyhinə dərman qəbul etmək niyə insanlar arasında geniş yayılıb?

Çünki illər ərzində antibiotiklərlə yanaşı göbələk əleyhinə dərmanların da təyin edilməsi sanki məcburi qayda kimi qəbul olunub. Bu yanaşma zamanla pasiyentlər arasında vərdişə çevrilib. Bir çox insan antibiotik qəbul etməyə başlayanda avtomatik olaraq göbələk əleyhinə dərman da almalı olduğunu düşünür. Bəzən bu qərar həkim məsləhəti olmadan, sadəcə yaxınlarının və ya tanışlarının təcrübəsinə əsaslanaraq verilir. Halbuki hər antibiotik müalicəsi göbələk infeksiyasına səbəb olmur. Antibiotiklərin mikrofloraya təsiri olsa da, bu, bütün insanlarda eyni şəkildə özünü göstərmir. Pasiyentin yaşı, immun sisteminin vəziyyəti, yanaşı xəstəlikləri və istifadə etdiyi preparatlar da nəzərə alınmalıdır. Buna görə də antibiotiklə birlikdə göbələk əleyhinə dərman qəbulunu universal qayda kimi təqdim etmək düzgün deyil.

 

Göbələk əleyhinə dərmanların ehtiyac olmadan qəbulu hansı fəsadlara səbəb ola bilər?

Göbələk əleyhinə preparatlar da digər dərmanlar kimi orqanizmə müəyyən təsir göstərir və onların istifadəsi tibbi göstərişə əsaslanmalıdır. Bu preparatların bəziləri qaraciyər fermentlərinə təsir göstərə, hətta qaraciyər funksiyalarında pozulmalara səbəb ola bilər. Digər dərmanlarla qarşılıqlı təsirə girərək onların orqanizmdə təsirini gücləndirə və ya zəiflədə bilərlər. Xüsusilə bir neçə preparat qəbul edən, xroniki xəstəlikləri olan pasiyentlərdə bu məqam daha çox diqqət tələb edir. Bundan başqa, göbələk əleyhinə dərmanların istifadəsi ürəkbulanma, qarın ağrısı, ishal və digər əlavə təsirlərlə müşayiət oluna bilər. Bəzi preparatlarda allergik reaksiyalar və daha ciddi arzuolunmaz təsirlər də mümkündür. Ehtiyac olmadığı halda bu dərmanların qəbulu orqanizmə əlavə yük yaradır və heç bir real fayda verməyə bilər. Ona görə də göbələk əleyhinə preparatlar yalnız həkim göstərişi ilə, düzgün doza və müddətdə qəbul edilməlidir.

 


Kəmalə Osmanova

 

Evə qayıtmaq istəməmək - ayrılığın xəbərçisi

Münasibətlərin dağıldığını göstərən ilk əlamət...

İnsan münasibətlərinin tədricən pozulduğunu göstərən ilk əlamət heç də həmişə mübahisələr, xəyanət və ya tez-tez yaşanan münaqişələr olmur. Bəzən münasibətlərdəki çatların ilk işarəsi insanın evə qayıtmaq istəməməsi ola bilər.

Seksoloq Annabel Nayt bu barədə Britaniyanın Metro nəşrinə müsahibəsində danışıb. Mütəxəssis sosial şəbəkələrdə müzakirə olunan maraqlı bir müşahidəyə diqqət çəkib: insan partnyorunun evdə olduğunu öyrənəndə məyus olursa və evə getməyə tələsmirsə, bu, münasibətlərdə ciddi problemlərin göstəricisi ola bilər.

Naytın sözlərinə görə, insan evə qayıtmaq fikrindən həqiqətən narahatlıq keçirirsə, hətta bundan panikaya düşürsə, münasibətlərin gələcəyi barədə düşünməyin vaxtı çatmış ola bilər. Çünki ev insanın özünü təhlükəsiz, rahat və qəbul edilmiş hiss etməli olduğu məkandır. Əgər insan evə getmək əvəzinə başqa yerlərdə vaxt keçirməyə, işdə qalmağa və ya tək olmağa üstünlük verirsə, bunun arxasında münasibətlərdən qaynaqlanan emosional narahatlıq dayana bilər.

Lakin seksoloq vacib bir məqama da aydınlıq gətirib: hər dəfə evə getmək istəməmək münasibətlərin dağılması demək deyil. Bəzən insan sadəcə gərgin iş günündən sonra tək qalmağa, dincəlməyə və özünə vaxt ayırmağa ehtiyac duyur.

Əsas fərq bu ehtiyacın partnyora necə çatdırılmasındadır. Sağlam münasibətlərdə insanlar şəxsi sərhədləri və tək qalmaq istəkləri barədə açıq danışa bilirlər. Əgər insan bunu izah etmək əvəzinə partnyorunun evdə olmasından narahatlıq keçirir, ünsiyyətdən qaçır və öz ehtiyaclarını ifadə edə bilmirsə, zamanla emosional uzaqlaşma dərinləşə bilər.

Psixoterapevt Mig Bennett də uzunmüddətli nikahların dağılmasının əsas səbəblərindən biri kimi qarşılıqlı hörmətə əsaslanan ünsiyyətin olmamasını göstərir.

Mütəxəssislərin diqqət çəkdiyi əsas məqam budur: münasibətləri qoruyan yalnız sevgi deyil, həm də bir-birinin ehtiyaclarını anlamaq, sərhədlərə hörmət etmək və açıq ünsiyyət qurmaq bacarığıdır.

 

Mənbə: healthmail.ru

 

Soyuq havalarda nə yemək daha məqsədəuyğundur?

Havalar soyuduqca bir çox insan daha tez-tez acdığını, yemək istəyinin artdığını və xüsusilə isti, kalorili qidalara üstünlük verdiyini hiss edir. Bu, sadəcə mövsümi vərdiş deyil. Soyuq temperatur orqanizmdə istilik balansını qorumaq üçün bir sıra fizioloji mexanizmləri işə salır.

Bədən temperaturu aşağı düşdükdə beyin hipotalamus vasitəsilə istiliyin qorunması və istehsalını təmin edən reaksiyaları aktivləşdirir. Əzələlərin qeyri-iradi titrəməsi, damarların daralması və qəhvəyi piy toxumasının fəaliyyəti bu mexanizmlərə daxildir. Xüsusilə qəhvəyi piy toxuması enerji sərf edərək istilik yaradır. Bu proses termogenez adlanır.

Orqanizmin enerji ehtiyacı artdıqda qida qəbulu da arta bilər. Nəticədə insan daha çox yemək, xüsusilə də yağlı, karbohidratlı və isti qidalara üstünlük verməyə başlayır. Bununla belə, soyuğun iştahaya təsiri hər kəsdə eyni deyil. Burada hormonal dəyişikliklər, maddələr mübadiləsi və fərdi xüsusiyyətlər də rol oynayır.

ABŞ Milli Sağlamlıq İnstitutunun (NIH) tədqiqatçılarının iştirak etdiyi və American Journal of Clinical Nutrition jurnalında dərc olunan araşdırmada 47 nəfər könüllü müşahidə edilib. İştirakçılar 24 saat ərzində 19°C temperaturda və normal istilik şəraitində saxlanılaraq qida qəbulları müqayisə edilib.

Nəticələr göstərib ki, soyuq şəraitdə iştirakçılar normal temperaturla müqayisədə orta hesabla 13 faiz, yəni gündə təxminən 411 kilokalori daha çox qida qəbul ediblər. Maraqlıdır ki, bu artım növbəti gün müşahidə edilməyib. Tədqiqat həmçinin qida qəbulunun artmasının yalnız maddələr mübadiləsinin sürətlənməsi ilə izah olunmadığını göstərib.

British Journal of Nutrition jurnalında dərc olunan başqa bir araşdırmada isə 23 sağlam kişi 16°C, 24°C və 32°C temperatur şəraitində müşahidə edilib. Nəticələr soyuğun ümumi qida qəbulunu əhəmiyyətli dərəcədə artırmadığını, lakin isti və yağlı qidalara üstünlüyü gücləndirdiyini göstərib.

Mütəxəssislər isti şorbalar, balıq, tərəvəzlər, paxlalılar və zülalla zəngin qidaları rasiona daxil etməyi tövsiyə edirlər. Xüsusilə tərəvəzli və balıq bulyonunda hazırlanmış şorbalar həm maye qəbulunu təmin edir, həm də balanslı qidalanmağa kömək edir.

Əsas məqam isə budur: soyuq havada artan iştahanı yalnız orqanizmin istilik yaratmaq ehtiyacı ilə əlaqələndirmək olmaz. Qida seçiminə həm fizioloji, həm də davranış və psixoloji amillər təsir göstərir.

Soyuq havada daha çox yemək istəyirsinizsə, bu, bədəninizin istilik və enerji balansını qorumağa verdiyi reaksiyalardan biri ola bilər.

Sağlamolun.az

Bunları hər kəs bilməlidir!


Son dövrlər İran-ABŞ münasibətlərində artan gərginlik, Yaxın Şərqdəki hərbi-siyasi qarşıdurmalar və nüvə silahından istifadə ehtimalı ilə bağlı müzakirələr bu mövzunu yenidən gündəmə gətirir. Nüvə silahı təhlükəsi təkcə dövlətlərin təhlükəsizlik strategiyası deyil, həm də milyonlarla insanın həyatı ilə bağlı məsələdir. Belə bir fövqəladə vəziyyətdə panikaya qapılmamaq, düzgün qərar vermək və ilkin təhlükəsizlik qaydalarını bilmək həyati əhəmiyyət daşıyır. Bəs nüvə partlayışı baş verərsə, ilk saniyələrdə nə etməliyik? Radiasiyadan necə qorunmalıyıq? Bu sualları SAF Hospitalın Təcili Yardım Şöbəsinin müdiri Dr. Əli Əliyevə ünvanladıq.

Nüvə partlayışı baş verərsə, insanın ilk reaksiyası necə olmalıdır?
İlk növbədə panikaya qapılmamaq və mümkün qədər tez təhlükəsiz yerə sığınmaq lazımdır. Əgər partlayışın işıq parıltısını görsəniz, ona baxmayın, gözlərinizi qoruyun, dərhal yerə uzanaraq üzünüzü aşağı çevirin və başınızı əllərinizlə örtün. Zərbə dalğaları keçənədək yerdən qalxmayın. Daha sonra ən yaxın möhkəm binaya daxil olun.

Evdə və ya binada olan insanlar harada gizlənməlidir?
Ən təhlükəsiz yerlər zirzəmilər, yeraltı sığınacaqlar və beton konstruksiyalı binaların mərkəzi hissələridir. Pəncərələrdən, qapılardan, damdan və xarici divarlardan mümkün qədər uzaq durmaq lazımdır. Pəncərələri, qapıları bağlayın, havalandırma və kondisioner sistemlərini söndürün. Avtomobil radiasiyadan etibarlı müdafiə vasitəsi deyil.

Partlayışdan sonra küçədə qalan insan nə etməlidir?
Ən böyük təhlükələrdən biri radioaktiv toz və hissəciklərdən ibarət radioaktiv çöküntüdür. Açıq havada qalmısınızsa, ağzınızı və burnunuzu parça və ya maska ilə örtərək dərhal qapalı məkana keçin. Üst geyiminizi ehtiyatla çıxarın və ayrıca paketə qoyun. Mümkündürsə, duş qəbul edin, saçınızı və dərinizin açıq hissələrini sabunlu su ilə yuyun. Dərini sərt şəkildə sürtmək olmaz.


Nüvə partlayışından sonra nə qədər müddət sığınacaqda qalmaq lazımdır?Ən azı 24 saat, yaxud rəsmi qurumlar təhlükənin sovuşduğunu bildirənədək sığınacaqdan çıxmamaq tövsiyə olunur. Radioaktiv çöküntünün yaratdığı radiasiya səviyyəsi zaman keçdikcə azalır, lakin ilk saatlar xüsusilə təhlükəlidir. Yaxınlarınızı axtarmaq, uşaqları məktəbdən götürmək və ya avtomobillə başqa əraziyə getmək üçün küçəyə çıxmayın. Onların olduğu müəssisələr də müvafiq təhlükəsizlik tədbirləri görməlidir.

Radioaktiv şüalanmaya məruz qalan insanda hansı əlamətlər müşahidə oluna bilər?
Yüksək dozada radiasiyaya məruz qalma ürəkbulanma, qusma, halsızlıq, baş ağrısı və ishal kimi əlamətlərlə özünü göstərə bilər. Dəri zədələnmələri və daha ağır hallarda kəskin şüa xəstəliyi yarana bilər. Ancaq simptomların olmaması insanın radiasiyaya məruz qalmadığını sübut etmir. Radiasiya hiss orqanları ilə müəyyən edilmir.

Yod preparatları qəbul etmək radiasiyadan qoruyurmu?
Əli Əliyev: Bu, cəmiyyətdə geniş yayılmış yanlış təsəvvürlərdən biridir. Kalium yodid yalnız radioaktiv yodun qalxanabənzər vəz tərəfindən mənimsənilməsinin qarşısını müəyyən qədər alır. O, digər radioaktiv maddələrdən və nüvə partlayışının radiasiyasından qorumur. Həkim və ya rəsmi səhiyyə qurumlarının göstərişi olmadan yod preparatları qəbul etmək olmaz

Belə bir fövqəladə vəziyyətə ailələr indidən necə hazırlaşmalıdır?
Hər ailənin fövqəladə vəziyyət planı olmalıdır. Evin yaxınlığındakı zirzəmi və yeraltı sığınacaqların yerini əvvəlcədən müəyyənləşdirin. Su, uzun müddət saxlanıla bilən qida, dərmanlar, ilk yardım çantası, fənər, batareya ilə işləyən radio və enerji mənbəyi hazırlayın. Ailə üzvləri təhlükə zamanı harada toplaşacaqlarını və hansı qaydalara əməl edəcəklərini bilməlidirlər. Ən əsası, yalnız rəsmi məlumatlara etibar etmək və əsassız xəbərlərlə panika yaratmamaqdır.

 

Bəzi insanlar 4 saat yatır - Səbəbi açıqlandı

Bəzi insanlar gecə cəmi 4–6 saat yatmalarına baxmayaraq, özlərini gümrah və enerjili hiss edir, gün ərzində yuxulu, yorğun olmurlar. Alimlər müəyyən ediblər ki, bu xüsusiyyətin arxasında nadir genetik mutasiyalar dayanır.

Əksər insanlar üçün sağlam yuxu müddəti 7–9 saat hesab olunur. Lakin genetik xüsusiyyətlər bəzi şəxslərin daha az yuxu ilə normal fəaliyyət göstərməsinə imkan verir.

Kaliforniya Universitetinin San-Fransiskodakı tədqiqatçıları insanlarda yuxu müddətinə təsir edən genetik mutasiya aşkar ediblər. Bu mutasiyanı daşıyan şəxslər adətən normal vaxtda yatmağa getsələr də, səhər daha tez oyanırlar. Onların gecə yuxusu bəzən cəmi 4–6,5 saat davam edir.

Bu nadir irsi xüsusiyyət ailəvi qısa yuxu sindromu (FNSS) adlanır. İndiyədək bu sindromla əlaqəli bir neçə genetik mutasiya müəyyən edilib.

Tədqiqatçıları ən çox təəccübləndirən məqam isə belə insanların az yatmalarına baxmayaraq, özlərini yaxşı hiss etmələridir. Molekulyar bioloq İn-Hui Fu və həmkarları bu xüsusiyyətin mexanizmlərini araşdırırlar.

Maraqlıdır ki, bəzi genetik variantlar yalnız yuxu müddətini azaltmır, həm də yuxusuzluğun müəyyən mənfi nəticələrindən qoruyucu təsir göstərə bilər.

Aparılan təcrübədə alimlər FNSS ilə əlaqəli mutasiyanı siçanlarda sınaqdan keçiriblər. Nəticələr göstərib ki, həmin genetik varianta malik siçanlar daha az yatmalarına baxmayaraq, yaddaş pozuntularına qarşı müəyyən qorunma nümayiş etdiriblər. Digər təcrübələrdə isə bu variantların Alzheimer xəstəliyinə bənzər dəyişikliklərə qarşı mümkün qoruyucu təsiri araşdırılıb.

Başqa bir araşdırmada genetik mutasiyaya malik əkizlərdən biri digərindən təxminən bir saat az yatıb. Hər iki şəxs 38 saat fasiləsiz oyaq saxlanıldıqda, az yatan əkiz tapşırıqları yerinə yetirərkən təxminən 40 faiz daha az səhvə yol verib.

Alimlər həmçinin müəyyən ediblər ki, az yatan əkizdə dərin yuxunun müddəti digərindən ciddi fərqlənməyib. Bu, onun daha qısa yuxu müddətində belə bərpaedici yuxu mərhələlərini qoruyub saxlaya bildiyini göstərir.

Tədqiqatçılar hesab edirlər ki, bu genetik mexanizmlərin öyrənilməsi gələcəkdə yuxu çatışmazlığının yaddaşa və beyin fəaliyyətinə mənfi təsirlərini azaltmaq üçün yeni yanaşmaların hazırlanmasına kömək edə bilər.

Qeyd edək ki, bu xüsusiyyət olduqca nadir insanlarda var. İnsanların özlərini yaxşı hiss etmələri üçün yuxu müddətini süni şəkildə azaltmaq tövsiyə edilmir.

Mənbə: Elmi tədqiqatlar, Kaliforniya Universitetinin San-Fransisko kampusu (UCSF)

 Yüksək qan təzyiqi yaddaşı pozur

Sosial aktivlik zehni gücləndirir

Alimlər demensiya riskini müəyyənləşdirmək üçün xüsusilə aşağı və orta gəlirli ölkələrin əhalisi nəzərə alınmaqla hazırlanmış yeni, sadə qiymətləndirmə modeli yaradıblar. Beş əsas göstəriciyə əsaslanan bu üsul yaşlı insanlarda xəstəliyin inkişaf ehtimalını əvvəlcədən qiymətləndirməyə imkan verir.

Northumbria Universitetinin rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu tərəfindən hazırlanan modelin əhəmiyyəti ondadır ki, dünyada demensiya ilə yaşayan insanların təxminən 60 faizi aşağı və orta gəlirli ölkələrin payına düşür. Lakin indiyədək istifadə edilən risk qiymətləndirmə vasitələrinin əksəriyyəti yüksək gəlirli ölkələrin əhalisi əsasında hazırlanıb və digər regionlarda eyni dərəcədə effektiv nəticə vermir.

Yeni model 11 mindən çox yaşlı insanın məlumatları əsasında, üç qitədə yerləşən yeddi ölkədə sınaqdan keçirilib. Onun tətbiqi üçün qan analizi, beyin müayinəsi və ya xüsusi tibbi avadanlıq tələb olunmur. Risk göstəricilərini müəyyənləşdirmək üçün insanla sadə söhbət aparmaq kifayətdir.

Qiymətləndirmə beş əsas amilə əsaslanır:

1. Yaş: Ən güclü risk göstəricisidir. Xüsusilə 70 yaşdan sonra risk artır, 80 yaşdan etibarən isə bu artım daha nəzərəçarpan olur.

2. Sosial aktivlik: Ailə üzvləri və dostlarla ünsiyyət, digər insanlarla birgə yaşamaq, ictimai və sosial fəaliyyətlərdə iştirak nəzərə alınır.

3. Fiziki aktivlik: Gündəlik hərəkətlilik, gəzinti, ev işləri və digər fiziki fəaliyyətlər qiymətləndirilir.

4. Yüksək qan təzyiqi: Nəzarətsiz hipertoniya zamanla beynin qan damarlarına zərər verərək demensiya riskini artıra bilər.

5. Pul idarəetməsində çətinlik: İnsanın maliyyə məsələlərini əvvəlki kimi idarə edə bilməməsi, gündəlik həyatda yaranan koqnitiv dəyişikliklərin erkən əlamətlərindən biri kimi qiymətləndirilir.

Hər göstəriciyə müəyyən bal verilir və ümumi nəticə 0–9 bal arasında dəyişir. Tədqiqatın nəticələrinə görə, 0 bal toplayan şəxsin növbəti üç il ərzində demensiyaya tutulma ehtimalı təxminən 1 faiz, 9 bal toplayan şəxsdə isə bu göstərici 19 faizə yaxındır.

Modelin dəqiqlik göstəricisi 0,75 olub. Bu nəticə onun elmi tədqiqatlarda istifadə üçün klinik baxımdan əhəmiyyətli potensiala malik olduğunu göstərir.

Tədqiqat müəllifləri xüsusi vurğulayırlar ki, yeni alət hazırda ümumi əhali üçün rutin tibbi skrininq vasitəsi deyil. Əsas məqsəd demensiya riski yüksək olan insanları müəyyənləşdirmək, onları gələcək tədqiqatlara və klinik sınaqlara cəlb etməkdir.

Alimlər modelin Cənubi Asiya, Yaxın Şərq, Şimali Afrika və Saxaradan cənubda yerləşən Afrika ölkələrində də əlavə yoxlanılmasına ehtiyac olduğunu bildirirlər.

Mənbə: News-Medical

Ət və pomidor, balıq və limon - birlikdə yeyilməlməlidir


Qidalanma ilə bağlı ən çox yayılan fikirlərdən biri bəzi məhsulların birlikdə yeyilməsinin həzm sisteminə zərər vurmasıdır. Ət və pomidor, balıq və limon, süd və meyvə, zülal və karbohidratların eyni yeməkdə qəbul edilməsi haqqında müxtəlif xəbərdarlıqlara rast gəlmək mümkündür. Bəs bu iddiaların nə qədəri elmi cəhətdən doğrudur?
Həzm prosesi ağız boşluğundan başlayaraq mədə və nazik bağırsaqda davam edən mürəkkəb mexanizmdir. Bu prosesdə mədə turşusu, öd və müxtəlif həzm fermentləri iştirak edir. Orqanizm eyni yeməkdə qəbul edilən zülalları, yağları və karbohidratları paralel şəkildə həzm edə bilir.
Bununla belə, bəzi qida kombinasiyaları müəyyən insanlarda köp, qarında ağrı, reflüks və digər narahatlıqlar yarada bilər. Əsas məsələ məhsulların bir-birinə uyğun gəlməməsi deyil, onların tərkibi, miqdarı və insanın fərdi həzm xüsusiyyətləridir.


ŞELDON NƏZƏRİYYƏSİ: QİDALARI AYRI-AYRI YEMƏK LAZIMDIRMI?
Amerikalı naturopat Herbert Şeldon XX əsrin əvvəllərində ayrı qidalanma nəzəriyyəsini populyarlaşdırmışdı. Onun fikrincə, zülallar və karbohidratlar ayrı qəbul edilməli, müxtəlif məhsulların bir yeməkdə qarışdırılması həzmi çətinləşdirməlidir.
Lakin müasir qastroenterologiya bu nəzəriyyəni təsdiqləmir. İnsan həzm sistemi eyni vaxtda müxtəlif qida komponentlərini parçalamaq və mənimsəmək qabiliyyətinə malikdir.
2010-cu ildə International Journal of Obesity jurnalında dərc olunan klinik tədqiqatda ayrı qidalanma prinsipi ilə balanslaşdırılmış adi pəhrizin təsiri müqayisə edilib. Nəticələr göstərib ki, eyni kalorili qidalanma şəraitində məhsulları ayrı yemək əlavə çəki itkisi və ya metabolik üstünlük yaratmır.
Deməli, ət və tərəvəzi, yaxud zülal və karbohidratları eyni boşqabda qəbul etmək öz-özlüyündə həzmə zərər vermir.


ƏT VƏ POMİDOR: BU İKİ MƏHSUL BİRLİKDƏ ZƏRƏRLİDİRMİ?
Şeldonun nəzəriyyəsində ət və pomidorun birlikdə yeyilməsi tövsiyə olunmurdu. Bunun səbəbi pomidorun turşuluğunun zülalların həzminə mane olması iddiası idi.
Lakin müasir elmi araşdırmalar bu fikri təsdiqləmir. Mədə turşusu zülalların parçalanmasında iştirak edir və pomidorun turşuluğu bu prosesi dayandırmır. Ət və pomidor birlikdə qəbul edilə bilər.
Ancaq qastroezofageal reflüksdən (GERD) əziyyət çəkən insanlarda pomidor mədə yanmasını və turşunun qida borusuna qayıtmasını gücləndirə bilər. Bu, ətlə pomidorun uyğunsuzluğundan deyil, fərdi həssaslıqdan qaynaqlanır.

BALIQ VƏ LİMON: NİYƏ BU KOMBİNASİYADAN QORXMAQ LAZIM DEYİL?
Balığın limonla yeyilməsinin zərərli olması barədə elmi sübut yoxdur. Əksinə, limonda olan C vitamini bitki mənşəli qidalardakı dəmirin mənimsənilməsini yaxşılaşdıra bilər.
Limon balığın dadını dəyişir, lakin onun zülalını yararsız hala salmır. Balıq və limon birlikdə istifadə edilə bilən normal qida kombinasiyasıdır.


SÜD VƏ MEYVƏ: HƏZM PROBLEMİ YARADA BİLƏR?
Südün meyvələrlə qarışdırılması da tez-tez müzakirə olunan mövzulardandır. Əksər sağlam insanlarda bu kombinasiya təhlükəli deyil.
Lakin laktoza dözümsüzlüyü olan şəxslərdə süd qarında köp, qaz, ağrı və ishala səbəb ola bilər. Bəzi meyvələrdəki fermentləşən karbohidratlar da həssas bağırsağı olan insanlarda oxşar simptomlar yarada bilər.
Belə hallarda problem məhsulların birlikdə yeyilməsindən deyil, orqanizmin müəyyən maddələri həzm etməkdə çətinlik çəkməsindən qaynaqlanır.


HANSI QİDA KOMBİNASİYALARINA DİQQƏT ETMƏLİ?
Bəzi qidaların birlikdə və ya eyni yeməkdə çox miqdarda qəbulu həzm narahatlığını artıra bilər:
• Yağlı yeməklər və turş məhsullar: Reflüksə meyilli insanlarda mədə yanmasını gücləndirə bilər.
• Süd və laktoza tərkibli digər məhsullar: Laktoza dözümsüzlüyü olanlarda köp və ishal yarada bilər.
• Soğan, sarımsaq və paxlalılar: Həssas bağırsağı olanlarda fermentasiya və qaz əmələ gəlməsini artıra bilər.
• Böyük porsiyada yağlı və karbohidratlı yeməklər: Mədənin boşalmasını ləngidə, ağırlıq və reflüks hissini artıra bilər.
2025-ci ildə The Lancet Gastroenterology & Hepatology jurnalında dərc edilmiş sistematik icmal və meta-analizdə 2338 nəfərin iştirak etdiyi 28 randomizə edilmiş tədqiqat qiymətləndirilib. Nəticələr göstərib ki, qıcıqlanmış bağırsaq sindromunda aşağı FODMAP pəhrizi qarında köp və şişkinliyin azaldılmasına kömək edə bilər. Bu pəhriz müəyyən fermentləşən karbohidratların məhdudlaşdırılmasına əsaslanır.

QİDALARI AYRI-AYRI YEMƏK ARIQLAMAĞA KÖMƏK EDİR?
Bu iddia da elmi araşdırmalarda təsdiqini tapmayıb.
2000-ci ildə International Journal of Obesity jurnalında dərc edilmiş klinik tədqiqatda 54 artıq çəkili insan iki qrupa bölünüb. Bir qrup ayrı qidalanma, digər qrup isə balanslaşdırılmış pəhriz saxlayıb.
Altı həftəlik müşahidədən sonra çəki itkisi və bədən yağının azalması baxımından ayrı qidalanmanın əlavə üstünlüyü müəyyən edilməyib.

BƏS NECƏ QİDALANMAQ DAHA DÜZGÜNDÜR?
Mütəxəssislər qidalanmada məhsulları süni şəkildə bir-birindən ayırmaq əvəzinə balanslı menyuya üstünlük verməyi tövsiyə edirlər.
• Zülal mənbələrini (ət, balıq, yumurta) tərəvəzlərlə birləşdirin.
• Rasiona liflə zəngin tərəvəz, meyvə və tam taxıllar əlavə edin.
• Həddindən artıq yağlı və böyük porsiyalı yeməklərdən çəkinin.
• Yeməkdən sonra dərhal uzanmayın.
• Hansı məhsulun sizdə narahatlıq yaratdığını müşahidə edin.
Əsas nəticə: Ət və pomidor, balıq və limon, süd və meyvə kimi kombinasiyaları ümumi qayda olaraq qadağan etmək üçün elmi əsas yoxdur. Əsas olan fərdi həssaslıqları nəzərə almaq, düzgün porsiya seçmək və balanslı qidalanmaqdır.


Mənbə: PubMed

 

İnsan soyuqlaşır - təsir edən 4 amil

NİYƏ BƏDƏN TEMPERATURU AZALIR?

Yeni elmi araşdırmalar insan orqanizminin temperatur göstəricilərinin dəyişdiyini ortaya qoyur.

Uzun illər 36,6–37°C insan bədəninin normal temperaturu kimi qəbul edilib. Lakin müasir tədqiqatlar göstərir ki, son 150 ildə insanların orta bədən temperaturu azalıb. Alimlər bu dəyişikliklərin səbəblərini araşdırır və sağlamlıq göstəricilərinin yenidən qiymətləndirilməsinin vacibliyini vurğulayırlar.

1860-cı illərdə alman həkim Karl Vunderlix insan bədəninin normal temperaturunu müəyyənləşdirmək üçün genişmiqyaslı araşdırmaya başlayıb. O, 15 il ərzində təxminən 25 min pasiyentin temperaturunu ölçərək bir milyondan çox göstərici toplayıb. Nəticədə sağlam yetkin insan üçün orta temperaturu 37°C müəyyən edib. Bu rəqəm uzun müddət tibbdə əsas istinad göstəricisi kimi istifadə olunub.

Lakin sonrakı araşdırmalar bu göstəricinin müasir insanlar üçün tam uyğun olmadığını göstərib.

MÜASİR İNSANLARIN BƏDƏNİ DAHA SOYUQ OLUB?

Stenford Universitetinin infeksion xəstəliklər üzrə mütəxəssisi Culi Parsonnet və həmkarları 1862–2017-ci illər arasında ABŞ-da təxminən 190 min insana aid temperatur ölçmələrini təhlil ediblər.

Tədqiqat nəticəsində müasir yetkin insanların orta bədən temperaturunun təxminən 36,39°C olduğu müəyyən edilib. Bu göstərici əvvəlki qəbul edilmiş normadan aşağıdır.

Alimlərin fikrincə, bu dəyişiklik təkcə ölçmə cihazlarının təkmilləşməsi ilə izah olunmur. İnsanların həyat tərzi, sağlamlıq vəziyyəti və ətraf mühit də temperatur göstəricilərinə təsir edə bilər.

Tədqiqatçılar bu dəyişikliklə bağlı bir neçə ehtimal irəli sürürlər:

1\. İnfeksiyaların azalması

Keçmişdə insanlar vərəm, dizenteriya, revmatik qızdırma və digər xroniki infeksiyalardan daha çox əziyyət çəkirdilər. İmmunitet sistemi infeksiyalarla mübarizə apararkən enerji sərf edir və bədəndə istilik yaranır. Peyvəndləmə, antibiotiklər, gigiyena və tibbi xidmətlərin inkişafı infeksiyaların azalmasına şərait yaradıb.

2\. Daha rahat yaşayış şəraiti

Müasir insanlar həyatlarının böyük hissəsini temperaturu tənzimlənən məkanlarda keçirirlər. Kondisioner və mərkəzi istilik sistemləri orqanizmin ətraf mühitin temperaturuna uyğunlaşmaq üçün daha az enerji sərf etməsinə səbəb olur.

3\. Metabolizmin dəyişməsi

Yaş, fiziki aktivlik və bədən quruluşu temperatur göstəricilərinə təsir edir. Yaş artdıqca metabolizm və istilik istehsalı azala bilər.

4\. Həyat tərzi və qidalanma

Fiziki aktivliyin azalması, qidalanma vərdişlərinin dəyişməsi və ümumi sağlamlıq vəziyyətinin yaxşılaşması da bədənin enerji sərfiyyatına və istilik istehsalına təsir göstərə bilər.

BƏDƏN TEMPERATURUNA TƏSİR EDƏN 4 ƏSAS AMİL

Alimlər temperaturun hər kəsdə eyni olmadığını vurğulayırlar. Fərdi göstəricilərə bir neçə amil təsir edir:

- Yaş: Yaşlı insanlarda metabolizmin yavaşlaması ilə bədən temperaturu aşağı ola bilər.
- Cins: Qadın və kişilərin temperatur göstəriciləri fərqlənə bilər. Hormonal dəyişikliklər də bu fərqə təsir edir.
- Günün saatı: Bədən temperaturu səhər saatlarında daha aşağı, günün ikinci yarısında isə daha yüksək olur. Ən yüksək göstəricilər adətən 16:00–18:00 arasında qeydə alınır.
- Boy və çəki: Bədən quruluşu istilik itkisinə və istehsalına təsir göstərir. Bədən səthinin sahəsi və metabolik aktivlik temperatur göstəricilərində rol oynayır.

BƏS 37°C GÖSTƏRİCİSİ ARTİQ KÖHNƏLİB?

Bəzi müasir tibbi mənbələr normal temperaturun qiymətləndirilməsində fərdi göstəricilərə daha çox diqqət yetirməyə başlayıb. Bununla belə, 37°C rəqəmi tamamilə yanlış hesab edilmir.

Alimlər bildirirlər ki, bədən temperaturu üçün vahid və dəyişməz sərhəd yoxdur. Məsələn, 36,99°C ilə 37,01°C arasında tibbi baxımdan kəskin fərq axtarmaq düzgün deyil. Temperaturun qiymətləndirilməsi insanın yaşı, ölçmə üsulu, günün saatı və digər əlamətlərlə birlikdə aparılmalıdır.

Yetkinlərdə temperaturun 35°C-dən aşağı düşməsi hipotermiya, 40°C-dən yuxarı qalxması isə ciddi sağlamlıq probleminin əlaməti ola bilər. Belə hallarda tibbi qiymətləndirmə vacibdir.

NƏTİCƏ

İnsan bədəninin temperaturu son 150 ildə dəyişmiş ola bilər. Lakin alimlər bu prosesin bütün səbəblərini hələ tam müəyyən etməyiblər. Müasir tibb üçün əsas məsələ yalnız termometrdə görünən rəqəm deyil, həmin göstəricinin insanın ümumi sağlamlıq vəziyyəti ilə necə əlaqələndirilməsidir.

Mənbə: BBC Health 

"Nüvə qışı" təhlükəsi - BÜTÜN DÜNYADA!

KİMYƏVİ QIŞ TƏHLÜKƏSİNDƏN QORUNMAĞIN ÜSULLARI 

Dünyada nüvə müharibəsi ehtimalı və mümkün “nüvə qışı” ssenarisi ilə bağlı narahatlıqlar yenidən gündəmə gəlir. “Nüvə qışı” anlayışı nüvə partlayışlarından sonra atmosferə qalxan tüstü və hisin günəş işığını azaltması, nəticədə temperaturun uzun müddət aşağı düşməsi ehtimalını ifadə edir. Bu, adi qış şaxtası deyil, qlobal miqyaslı hipotetik iqlim fəlakətidir.

Belə ssenarilər ətrafında yayılan xəbərdarlıqları real meteoroloji proqnozlarla qarışdırmaq olmaz. Bununla belə, qəfil temperatur enməsi, istilik və elektrik təchizatının kəsilməsi kimi fövqəladə hallara hazır olmaq hər kəs üçün vacibdir.

BƏDƏN TEMPERATURUNU NECƏ QORUMALI?

Kəskin soyuqda orqanizm istiliyi sürətlə itirir. Bədən temperaturunun 35°C-dən aşağı düşməsi hipotermiya adlanır və həyati təhlükə yarada bilər. Güclü titrəmə, halsızlıq, nitqin dolaşması, çaşqınlıq və yuxululuq əsas xəbərdarlıq əlamətləridir.

GEYİM VƏ QAT- QAT İSTİLİK

- Bir qalın geyim əvəzinə 3 qat yüngül geyim seçin. Daxili qat bədəndəki nəmi uzaqlaşdırmalı, orta qat istiliyi saxlamalı, üst qat isə külək və sudan qorumalıdır.
- Baş, qulaq, boyun, əl və ayaqları mütləq örtün.
- Suya davamlı ayaqqabı, isti corab və əlcək geyinin.
- Paltar islanarsa, dərhal quru geyimlə əvəz edin.
- Həddindən artıq tərləməyin. Tər bədənin sürətlə soyumasına səbəb ola bilər.

ƏRZAQ EHTİYATI

Elektrik və qaz təchizatında fasilə ehtimalına qarşı evdə ən azı 3 günlük ərzaq ehtiyatı saxlamaq məqsədəuyğundur:

- Konservləşdirilmiş məhsullar;
- Paxlalılar, düyü, qarabaşaq və yulaf;
- Quru meyvələr, qoz-fındıq;
- Uzun müddət saxlanılan digər qida məhsulları;
- Körpələr və xüsusi qidalanmaya ehtiyacı olan şəxslər üçün uyğun ərzaqlar.

Kalorili və balanslı qidalanma orqanizmin enerji ehtiyacını ödəməyə kömək edir.

SU EHTİYATI

Soyuq havada susuzluq hissi azalsa da, orqanizmin suya ehtiyacı davam edir. İçməli su ehtiyatı yaradın. Su borularının donması və təchizatın dayanması ehtimalını nəzərə alın. Su qablarını təmiz, qapalı yerdə saxlayın. Qar birbaşa yeyilməməli, su kimi istifadə olunacaqsa əridilməli və təhlükəsizliyi təmin edilməlidir.

EVİN İSTİLİYİ VƏ ELEKTRİK

- Pəncərə və qapılardakı istilik itkisini azaldın.
- İstifadə olunmayan otaqların qapılarını bağlayın.
- Fənər, ehtiyat batareya, powerbank və radio saxlayın.
- İsitmə cihazlarını təhlükəsizlik qaydalarına uyğun istifadə edin.
- Generatoru, manqalı və kömür sobasını qapalı məkanda işlətməyin. Dəm qazı ölümcül zəhərlənməyə səbəb ola bilər.
- Daimi istifadə etdiyiniz dərmanların ehtiyatını da əvvəlcədən yoxlayın.

ANİ ŞAXTA ZAMANI NƏ ETMƏLİ?

Əgər qəfil temperatur enməsi zamanı açıq havada qalmısınızsa, ilk növbədə küləkdən qorunan sığınacaq tapın. Hərəkət edin, lakin fiziki gücünüzü həddindən artıq sərf etməyin. İsti, şirin və alkoqolsuz içki qəbul edin.

Bədəndə güclü titrəmə, koordinasiya pozuntusu, nitqin dolaşması və çaşqınlıq hipotermiyanın əlamətləri ola bilər. Belə şəxsi dərhal isti yerə aparın, yaş paltarlarını çıxarın, quru örtüklə bürüyün və təcili tibbi yardım çağırın. İstilik ilk növbədə sinə, boyun və bədənin mərkəzi hissəsinə verilməlidir.

NƏ ETMƏMƏLİ?

1. Alkoqol qəbul etməyin. İstilik hissi yaratsa da, bədənin istilik itirməsini sürətləndirə bilər.
2. Soyuqda fiziki gücünüzü həddindən artıq sərf etməyin. Tərləmə və yorğunluq hipotermiya riskini artırır.
3. Donmuş əlləri və ayaqları sürtməyin. Bu, toxuma zədələnməsini ağırlaşdıra bilər.
4. Donmuş nahiyəni qaynar suya və ya birbaşa odun qarşısına tutmayın. Yanıq yarana bilər.
5. Evi qaz sobası, manqal və ya generatorla qızdırmağa çalışmayın. Dəm qazı zəhərlənməsi riski var.

Unutmayın: hipotermiya zamanı bədən temperaturunun 35°C-dən aşağı düşməsi tibbi təcili vəziyyətdir. Vaxtında müdaxilə həyat xilas edə bilər.

Sağlamolun.az

Mənbələr: ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi (CDC)

TƏZYİQDƏN İŞIQLANAN ELEKTRON DƏRİ YARADILIB

Sinqapur Milli Universitetinin alimləri toxunuşun və təzyiqin təsirindən işıq saçan, insan dərisini təqlid edə bilən elektron örtük hazırlayıblar. Yeni texnologiya robototexnika, tibbi cihazlar və ağıllı protezlərin inkişafında mühüm rol oynayacaq. 

 

DƏRİYƏ BƏNZƏR TEXNOLOGİYA TƏZYİQİ İŞIQLA GÖSTƏRİR

Tədqiqatçılar tərəfindən hazırlanmış eLuminator adlı elektron dəri cəmi 70 mikrometr qalınlığındadır. Elastik və yumşaq quruluşa malik material təzyiqi birbaşa görünən işıq siqnallarına çevirir. Beləliklə, ayrıca ekran və mürəkkəb sensor pikselləri olmadan toxunuşun forması və təzyiqin səth üzrə necə paylandığı müşahidə edilə bilir. 

 

BARMAQ İZLƏRİNİ BELƏ GÖSTƏRƏ BİLİR

Texnologiyanın ən diqqətçəkən xüsusiyyətlərindən biri yüksək dəqiqliklə işləməsidir. Elektron dərinin məkan ayırdetmə qabiliyyəti 847 dpi təşkil edir. Sistem barmaq izlərinin incə xətlərini və səthdə yaranan təzyiq fərqlərini göstərə bilir. İşıq reaksiyası təxminən 15 millisaniyə ərzində baş verir. 

 

TİBB VƏ ROBOTOTEXNİKADA İSTİFADƏ OLUNACAQ

Yeni materialın gələcəkdə bir sıra tibbi tətbiqlərdə faydalı olacağı gözlənilir. Cərrahi alətlərə inteqrasiya edildikdə, həkimlər toxumalara tətbiq olunan qüvvəni vizual olaraq qiymətləndirə və müdaxilə zamanı daha dəqiq işləyə bilərlər.

Texnologiya həmçinin şəkərli diabet xəstələrində ayaqaltı təzyiqin paylanmasını izləməyə kömək edə bilər. Bu, ayaqda yara yaranması riski yüksək olan nahiyələrin müəyyənləşdirilməsi baxımından əhəmiyyətlidir. Ağıllı protezlərdə və robotlarda isə toxunma hissini daha dəqiq təqlid etmək üçün istifadə olunacaq. 

Tədqiqatın nəticələri 2026-cı ilin mayında Nature Communications jurnalında dərc olunub. Alimlər texnologiyanın həssaslığını artırmaq və enerji sərfiyyatını azaltmaq üzərində işləyirlər.

Mənbə:Nature.com

Yaşlanmağı qəbul eləmək 7 il ömrü uzadır

Yaşlanmaq yalnız fiziki dəyişikliklərdən ibarət deyil. İnsanların yaşa münasibəti, özlərini necə hiss etmələri və yaşla bağlı stereotiplərə inanıb-inanmamaları onların psixoloji və fiziki sağlamlığına təsir göstərə bilər.

Yale Universitetinin İctimai Səhiyyə Məktəbində çalışan epidemiologiya və psixologiya professoru Becca Levy-nin araşdırmalarında yaşlanmaya müsbət münasibət bəsləyən insanların mənfi düşüncələrə sahib olanlarla müqayisədə orta hesabla 7,5 il daha uzun yaşadığı müəyyən edilib. Bu nəticənin müxtəlif ölkələrdə aparılan tədqiqatlarda da təkrar müşahidə edildiyi bildirilir.

Yaşla bağlı stereotiplər sağlamlığa necə təsir edir?

Ümumdünya Səhiyyə Təşkilatının hesabatına əsasən, yaş ayrı-seçkiliyi insanların özlərinə münasibətini də dəyişə bilər. Cəmiyyətdə yaşlı insanların zəif, fəaliyyətsiz və yeni biliklər öyrənmək qabiliyyətindən məhrum olması barədə fikirlər geniş yayılsa da, bu yanaşma reallığı tam əks etdirmir.

Mütəxəssislər qeyd edirlər ki, insan yaşına görə müəyyən imkanlardan özünü məhrum etdikdə onun özünəinamı azala, sosial əlaqələri zəifləyə və psixoloji vəziyyəti pisləşə bilər. Yaşla əlaqəli mənfi stereotiplərin daxildə mənimsənilməsi depressiya, narahatlıq, tənhalıq, fiziki aktivliyin azalması və idrak funksiyalarının zəifləməsi ilə də əlaqələndirilir.

Bunun əksinə olaraq, yaşlanmağa müsbət yanaşan insanlarda yaddaş göstəricilərinin daha yaxşı olması və Alzheimer xəstəliyi ilə əlaqəli bəzi beyin biomarkerlərinin daha aşağı səviyyədə müşahidə edilməsi barədə nəticələr mövcuddur.

Aktiv həyat üçün yaş məhdudiyyət deyil

Kanadadakı Makmaster Universitetinin Yaşlanma üzrə Tədqiqat İnstitutunun elmi rəhbəri Parminder Raina vurğulayır ki, yaşlanma dağıdıcı proses kimi qəbul edilməməlidir. Onun fikrincə, insanların böyük bir hissəsi yaşlandıqdan sonra da müstəqil yaşayır, cəmiyyətə töhfə verir və fiziki cəhətdən aktiv qalır.

Mütəxəssislər yaşlı insanların yeni bacarıqlar öyrənə, əzələ gücünü artıra və fiziki fəaliyyətlərini inkişaf etdirə bildiklərini bildirirlər. Buna görə də, insanın müəyyən yaşdan sonra təhsil almaq, yeni fəaliyyətə başlamaq və ya sosial həyatını davam etdirmək üçün gecikdiyini düşünməsi əsassızdır.

Araşdırmalarda yaşlanmaya müsbət münasibətin formalaşmasında ailənin, medianın və cəmiyyətdəki nümunələrin də mühüm rol oynadığı qeyd olunur. Uşaqlıqdan etibarən yaşlanma prosesinin təbii həyat mərhələsi kimi izah edilməsi gələcəkdə yaşla bağlı mənfi stereotiplərin azalmasına kömək edə bilər.

Nəticə: Yaşlanma qaçılmaz bioloji prosesdir, lakin bu mərhələyə münasibətimiz dəyişə bilər. Yaşı məhdudiyyət kimi deyil, həyat təcrübəsinin davamı kimi qəbul etmək psixoloji rifahın və sağlam həyat tərzinin qorunmasına dəstək ola bilər. Bununla belə, müsbət düşüncənin təkbaşına ömrü uzatdığı nəticəsinə gəlmək olmaz: qeyd olunan 7,5 illik fərq tədqiqatlarda müşahidə edilmiş əlaqəni ifadə edir, hər bir insan üçün zəmanət deyil.

Mənbə: BBC Health 

Kişinin gözündə bitki cücərib - Qeyri-adi tibbi faktlar

Yakutiyada oftalmoloqlar gözündə bitki toxumu cücərən 42 yaşlı kişinin görmə qabiliyyətini xilas ediblər. Bu barədə Yakutiya Respublika Oftalmoloji Xəstəxanasının baş həkimi İvan Lutskan MAX sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Pasiyentin sözlərinə görə, hadisə yay aylarında Abıyski rayonunda meşədə gəzərkən baş verib. Bu zaman ağac budağı gözünə dəyib və iltihab yaranıb. Növbəti dörd ay ərzində kişini hər gün baş ağrıları, göz daxili təzyiqin yüksəlməsi və gözündə yad cisim olması hissi narahat edib.

Kişi toxumu özü çıxarmağa çalışsa da, hər dəfə ağrı hiss edib. O, başqa bir tibb müəssisəsinə də müraciət edib, lakin müayinə zamanı həkimlər gözdəki yad cismi aşkar edə bilməyiblər.

Əməliyyatı təcili oftalmoloji yardım mərkəzinin oftalmoloq-cərrahı Yelizaveta Karpova həyata keçirib. Həkimin sözlərinə görə, yad cismin gözdə qalması buynuz qişada xoranın yaranmasına və nəticədə görmə qabiliyyətinin itirilməsinə səbəb ola bilərdi.

Bitki toxumu inyeksiya iynəsinin köməyi ilə gözdən çıxarılıb. Müdaxilədən dərhal sonra pasiyentin vəziyyəti yüngülləşib. Həkimin sözlərinə görə, toxumun kökü artıq təxminən 3 millimetr uzanmışdı. Karpova bunun öz tibbi təcrübəsində ilk belə hadisə olduğunu bildirib.

Mənbə: Yakutiya Respublika Oftalmoloji Xəstəxanasının baş həkimi İvan Lutskanın MAX sosial şəbəkəsindəki paylaşımı.

Sümük bərkidən qidalar bunlardır

Kalsium çatışmazlığı uzun müddət heç bir aşkar əlamət vermədən davam edə bilər. Lakin bu mineralın orqanizmdə azlığı təkcə sümüklərin möhkəmliyinə deyil, əzələlərin, sinir sisteminin və ürəyin fəaliyyətinə də mənfi təsir göstərə bilər.

Rusiyanın Roskaçestvo təşkilatının funksional qidalanma üzrə mütəxəssislərinin məlumatına görə, orqanizmdə kalsium çatışmadıqda bədən digər vacib funksiyaları təmin etmək üçün sümük toxumasındakı kalsium ehtiyatlarından istifadə etməyə başlayır. Nəticədə sümüklər zəifləyə, sınıq riski arta və uzun müddət ərzində osteoporoz inkişaf edə bilər.

Mütəxəssislər bildirirlər ki, kalsium çatışmazlığının mümkün əlamətləri arasında tez yorulma, əzələ ağrıları, spazmlar və dişlərlə bağlı problemlər yer alır. Ağır hallarda isə ürək ritminin pozulması da müşahidə oluna bilər. Bununla belə, bu əlamətlər yalnız kalsium çatışmazlığına xas deyil və başqa sağlamlıq problemləri ilə də əlaqəli ola bilər.

Məlumata əsasən, yetkin insanların gündəlik kalsium ehtiyacı təxminən 1000 milliqramdır. 60 yaşdan sonra bu miqdar 1200 milliqrama qədər arta bilər. Kalsiumun orqanizmdə mənimsənilməsində D vitamini də mühüm rol oynayır.

Kalsiumla zəngin qidalar sırasına bərk pendir, süd, kefir, kəsmik, küncüt, sümüyü ilə birlikdə yeyilən sardina, lobya və soya daxildir. Bu məhsulların balanslı qidalanmaya daxil edilməsi orqanizmin mineral ehtiyacının qarşılanmasına kömək edə bilər.

Mütəxəssislər qeyd edirlər ki, kalsium çatışmazlığından şübhələndikdə özbaşına preparat qəbul etmək əvəzinə həkimə müraciət etmək lazımdır. Çünki qanda kalsiumun normal görünməsi bəzi hallarda sümük ehtiyatlarının vəziyyətini tam əks etdirməyə bilər.

Mənbə: Health Mail

Sağlamlığımız təbiətdədir - Alman alimlərindən yeni araşdırma


Quşları müşahidə etmək yaşlı insanlarda idrak funksiyalarının zəifləməsini ləngidə və demensiya ilə yaşayan şəxslərin psixoloji vəziyyətini yaxşılaşdırır. Yeni araşdırmalar bu fəaliyyətin beynin diqqət, görmə və tanıma ilə əlaqəli sahələrinə təsir göstərəcəyini ortaya qoyub.


Kanadanın Toronto şəhərindəki Baycrest Akademiyasının tədqiqatçısı Erik Vinqin rəhbərlik etdiyi araşdırmada təcrübəli quş müşahidəçilərinin beyin fəaliyyəti yeni başlayan şəxslərlə müqayisə edilib. MRT nəticələri göstərib ki, təcrübəli müşahidəçilərdə diqqət və vizual tanıma ilə əlaqəli bəzi beyin sahələri daha fərqlidir. Bu, yaş artdıqca idrak funksiyalarının qorunmasına kömək edir.

Almaniyada qocalar evlərində aparılan başqa bir tədqiqatda isə quş yemləyicilərinin quraşdırılması sakinlərin əhval-ruhiyyəsinə və sosial ünsiyyətinə müsbət təsir göstərib.
Mütəxəssislər bildirib ki, quşları izləmək insanlarda maraq və müsbət emosiyalar yaradır, təbiətlə əlaqəni gücləndirir və sosial ünsiyyəti təşviq edir.

Nanəcövhər yağı haqqında 10 maraqlı fakt! Faydası nədir, ziyanı nə?!

Apteklərdə satılan nanəcövhər yağı haqqında çoxları eşidib. Bəs onun həqiqətən hansı faydaları var? Baş ağrısından qarın köpünə, burun tutulmasından dəri problemlərinə qədər bir çox şikayətdə adı çəkilən bu yağ barədə bildiklərimiz nə dərəcədə doğrudur?

Gəlin, nanəcövhər yağı haqqında 10 maraqlı fakta nəzər salaq!

1.  NANƏ YAĞI BAĞIRSAQ PROBLEMLƏRİNƏ KÖMƏK EDƏ BİLƏR?

Elmi araşdırmalar göstərir ki, xüsusi örtüklü nanə yağı kapsulları qıcıqlanmış bağırsaq sindromunun bəzi əlamətlərini, o cümlədən qarın ağrısı və köpü azalda bilər. Lakin bu nəticə bütün nanə yağı məhsullarına aid deyil.

2. NANƏ YAĞI HƏR NÖV BAŞ AĞRISINI KEÇİRİR.

Bəzi tədqiqatlarda nanə yağı tərkibli, dəriyə tətbiq olunan xüsusi preparatların gərginlik tipli baş ağrısını yüngülləşdirə bildiyi göstərilib. Ancaq bütün baş ağrılarında eyni nəticəni gözləmək olmaz.

3. SƏRİNİLİK HİSSİ BURUN TUTULMASININ ARADAN QALXDIĞI DEMƏK DEYİL?

Nanənin tərkibindəki mentol insanda nəfəsin daha rahat olduğu hissini yarada bilər. Lakin bu hiss burun yollarının həqiqətən açıldığı demək deyil.

4. NANƏ YAĞI MƏDƏ YANMASINA HƏMİŞƏ YAXŞI TƏSİR EDİR.

Əksinə, nanə yağı bəzi insanlarda mədə yanmasını və reflüks əlamətlərini gücləndirə bilər. Xüsusilə bu şikayətlərdən əziyyət çəkənlər ehtiyatlı olmalıdır.

5. NANƏ YAĞI DƏRİDƏ QICIQLANMA YARADA BİLƏR?

Bəli. Konsentrat yağın dəriyə birbaşa çəkilməsi qızartı, qaşınma və yanma ilə nəticələnə bilər. İstifadə zamanı məhsulun təlimatına əməl etmək vacibdir.

6. NANƏ YAĞINI BURUNA DAMIZDIRMAQ TƏHLÜKƏSİZDİR.

Xeyr. Burunun içinə özbaşına yağ damızdırmaq selikli qişanı qıcıqlandıra bilər. Yağın tənəffüs yollarına düşməsi də təhlükəli nəticələrə səbəb ola bilər.

7. TƏBİİ YAĞI İÇMƏK ZƏHƏRLƏNMƏ YARADA BİLƏR?

Nanəcövhər yağı yüksək konsentrasiyalı efir yağıdır. Ağızdan qəbul üçün nəzərdə tutulmayan məhsulun içilməsi ürəkbulanma, qusma və digər ciddi fəsadlara səbəb ola bilər.

8. UŞAQLAR ÜÇÜN DƏ NANƏ YAĞI İSTİFADƏ ETMƏK OLAR.

Xüsusilə körpələrdə və azyaşlı uşaqlarda mentol tərkibli məhsullar nəfəsalma ilə bağlı təhlükə yarada bilər. Həkim məsləhəti olmadan belə məhsulları uşaqlara tətbiq etmək olmaz.

9. NANƏ YAĞININ TƏSİRİ ONUN FORMASINDAN ASILIDIR?

Bəli. Aptekdə satılan kapsul, dəriyə çəkilən preparat və aromaterapiya üçün nəzərdə tutulan yağ eyni qaydada istifadə edilmir. Məhsulun təyinatı və konsentrasiyası mühüm əhəmiyyət daşıyır.

10. ƏN VACİB FAKT: TƏBİİ VASİTƏ DƏ DÜZGÜN İSTİFADƏ EDİLMƏLİDİR!

Hamiləlik və südvermə dövründə, xroniki xəstəliklər zamanı və dərman qəbul edərkən nanə yağından müalicə məqsədilə istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

NƏTİCƏ: Nanəcövhər yağı müəyyən hallarda faydalı ola bilər, lakin hər xəstəliyin dərmanı deyil. Əsas məsələ onun hansı formada, hansı məqsədlə və necə istifadə edilməsidir.

 

Mənbələr: ABŞ Milli Tamamlayıcı və İnteqrativ Sağlamlıq Mərkəzi (NCCIH), Avropa Dərman Agentliyi (EMA)

 

12 min qadının məlumatı araşdırılıb

ÇİNLİ ALİMLƏRDƏN ARAŞDIRMA



Çinin Quançjou Tibb Universitetinin alimləri fiziki aktivliyin yumurtalıqlarda yumurta hüceyrələrinin ehtiyatının azalmasını ləngidə biləcəyini müəyyən edib. “Nature Aging” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, bu təsir adiponektin hormonunun siqnal mexanizmi ilə əlaqəlidir.


Araşdırmada Böyük Britaniyada 152 mindən çox, ABŞ-da isə 12 mindən artıq qadının məlumatları təhlil edilib. Britaniya məlumatlarında fiziki aktivliyin daha yüksək olması menopauzanın daha gec başlaması ilə əlaqələndirilib. Alimlər siçanlar üzərində apardıqları təcrübələrdə də oxşar nəticələr əldə edib. Fiziki məşqlər yumurtalıqlarda follikulların qorunmasına kömək edib. Adiponektin hormonunun istehsalı azaldıqda isə məşqlərin qoruyucu təsiri zəifləyib.


Alimlər vurğulayıb ki, nəticələr hələlik insanlarda menopauzanın gecikdirilməsini təsdiqləmir.

İdman və vitamin D - dostdurlar, ya düşmən?! - Yeni Araşdırma


Mütəmadi fiziki məşqlər D vitamini səviyyəsinin qorunmasına kömək edir. Britaniyalı alimlər bu qənaətə elmi araşdırmaların nəticələrini təhlil etdikdən sonra gəlib. Tədqiqatın nəticələri “Frontiers in Endocrinology” jurnalında dərc olunub.


Araşdırmaya əsasən, hətta bir dəfə fiziki məşq etmək qanda D vitamininin və onun aktiv formasının səviyyəsini bir neçə saat ərzində müvəqqəti yüksəldir. Mütəmadi məşqlər zamanı isə bu təsir daha uzun müddət davam edir.


Alimlər xüsusilə qış aylarında fiziki aktivliyin əhəmiyyətini vurğulayır. Günəş işığının azalması səbəbindən bu dövrdə D vitamininin səviyyəsi aşağı düşür. Lakin müntəzəm məşq edən insanlarda mövsümi azalmanın daha zəif olduğu müşahidə edilib. Bu təsirin yalnız çəki itkisi ilə bağlı olmadığı da müəyyənləşdirilib. D vitamini sümüklərin sağlamlığında, immun sisteminin fəaliyyətində və əzələlərin normal funksiyasında mühüm rol oynayır.


Bununla belə, tədqiqatçılar fiziki aktivliyin D vitamini çatışmazlığının müalicəsində əlavələri tam əvəz etdiyini iddia etmir. Müşahidə olunan təsirin mexanizmini dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Subcategories