Xoş əhvalı belə bərpa edin - Psixiatr açıqlayır

FƏSLİN RUH DÜŞKÜNLÜYÜ - ƏHVALIMIZI NECƏ BƏRPA EDƏK? 

Payızın gəlişi ilə günlərin qısalması, günəş işığının azalması və havanın dəyişməsi bəzi insanlarda əhvalın aşağı düşməsinə, yorğunluğa və yuxululuğa səbəb olur. Mütəxəssislər bu vəziyyəti çox vaxt payız kədəri adlandırsalar da, bəzi hallarda söhbət mövsümi depressiyadan gedə bilər.

SAF Hospitalın psixiatrı Həlimə Qəmədrlinskaya bildirir ki, mövsüm dəyişikliyi orqanizmin bioloji ritmlərinə təsir göstərir. Gün işığının azalması yuxu və əhval-ruhiyyənin tənzimlənməsində iştirak edən melatonin və serotonin sistemlərində dəyişikliklərə səbəb olur. 

Payız melanxoliyasının əsas əlamətləri:

- Səbəbsiz kədər və ruh düşkünlüyü;
- Tez yorulma və enerji azalması;
- Həddindən artıq yatmaq istəyi;
- Şirniyyata və karbohidratlı qidalara meylin artması;
- Diqqəti cəmləməkdə çətinlik;
- İnsanlardan uzaqlaşmaq və ünsiyyətə marağın azalması.

Bəs bu vəziyyətdən necə çıxmaq olar?

İlk növbədə, gündəlik rejimi qorumaq vacibdir. Səhər saatlarında açıq havada gəzmək, gün işığından daha çox faydalanmaq, müntəzəm fiziki aktivlik və balanslı qidalanma əhval-ruhiyyəyə müsbət təsir göstərərir. 

Yuxu rejiminə diqqət yetirmək, yaxınlarla ünsiyyəti azaltmamaq, sevilən məşğuliyyətlərə vaxt ayırmaq da faydalıdır. Alkoqol və həddindən artıq kofein qəbulu isə vəziyyəti ağırlaşdıra bilər.

Lakin ruh düşkünlüyü iki həftədən artıq davam edirsə, insan əvvəllər zövq aldığı fəaliyyətlərə marağını itirirsə, gündəlik həyatına ciddi təsir göstərirsə, bunu sadəcə payız kədəri hesab etmək olmaz. Bu əlamətlər depressiyaya işarə edə bilər.

Belə hallarda psixiatr müayinəsi vacibdir. Mövsümi depressiyanın müalicəsində vəziyyətə uyğun olaraq psixoterapiya, işıq terapiyası və dərman müalicəsindən istifadə edilə bilər.

Unutmayın: ruh düşkünlüyü ilə mübarizə aparmaq üçün özünüzü məcbur etmək deyil, vəziyyətin səbəbini anlamaq və vaxtında dəstək almaq lazımdır.  

 

Günel İbadova

Mənbələr: Health Mail

 

Saglamolun.Az