AFDRODİZİAKLAR HAQQINDA ELM NƏ DEYİR?

İntim istəyi artırdığı iddia edilən qidalar, bitkilər, yağlar və xüsusi preparatlar əsrlərdir insanların maraq dairəsindədir. Bu vasitələr afrodiziak adlanır. Adı qədim yunanların sevgi ilahəsi Afroditadan götürülən bu anlayışın arxasında isə maraqlı bir sual dayanır: Onlar həqiqətən cinsi həvəsi artırır, yoxsa bu, sadəcə inanc və reklamdır?
Afrodiziakları şərti olaraq iki qrupa ayırmaq olar: təbii və kimyəvi tərkibli vasitələr.
Təbii afrodiziaklar sırasına şokolad, bal, qoz, badam, çiyələk, dəniz məhsulları, zəncəfil, darçın, zəfəran, jenşen və maca kimi bitki mənşəli məhsullar daxil edilir. Onların bir qismi antioksidantlar, vitaminlər və digər faydalı maddələrlə zəngindir. Lakin sağlam qida olmaq avtomatik olaraq cinsi istəyi artırmaq demək deyil.
Elmi araşdırmalarda jenşen və zəfəran kimi bəzi bitkilərin cinsi funksiyaya mümkün müsbət təsirləri araşdırılıb. 2025-ci ildə dərc olunmuş sistematik icmalda bitki mənşəli əlavələrin erektil funksiya və cinsi istək üzərində müəyyən müsbət təsirləri göstərilsə də, tədqiqatçıların fikrincə, daha geniş və keyfiyyətli araşdırmalara ehtiyac var.
Kimyəvi vasitələr isə fərqli təsir mexanizminə malikdir. Məsələn, erektil disfunksiyanın müalicəsində istifadə olunan sildenafil tərkibli preparatlar cinsiyyət orqanına qan axınını yaxşılaşdırır. Ancaq bu dərmanlar birbaşa cinsi həvəs yaratmır və həkim məsləhəti olmadan qəbul edilməməlidir.
Bu preparatların nəzarətsiz istifadəsi xüsusilə təhlükəlidir. ABŞ Milli Tamamlayıcı və İnteqrativ Sağlamlıq Mərkəzi xəbərdarlıq edir ki, cinsi fəallığı artırmaq adı ilə satılan bəzi əlavələrin tərkibində etiketdə göstərilməyən dərman maddələri aşkarlanıb. Onlar ürək-damar preparatları ilə qarşılıqlı təsirə girərək təzyiqin təhlükəli dərəcədə enməsinə səbəb ola bilər.
Bəs intim istəyin azalmasının səbəbi nədir? Stress, yuxusuzluq, depressiya, hormonal dəyişikliklər, münasibətlərdə problemlər, bəzi dərmanlar və xroniki xəstəliklər cinsi həvəsə təsir göstərə bilər.
Mütəxəssislərin əsas tövsiyəsi sadədir: afrodiziak axtarmazdan əvvəl problemin səbəbini müəyyənləşdirmək lazımdır. Çünki heç bir qida və ya möcüzəvi preparat sağlam cinsi həyatın universal təminatçısı deyil.
Mənbələr: NCCIH, PubMed, Mayo Clinic.
Saglamolun.Az



















