Dişlər yaddaş kartımızdır?

Yapon alimləri ağız boşluğunun sağlamlığı ilə yaddaş və düşünmə qabiliyyətinin zəifləməsi arasında diqqətçəkən əlaqə aşkar ediblər. Araşdırmaya görə, dişlərini itirən yaşlı insanlarda demensiya riski daha yüksək olur.

Yaponiyanın Tohoku Universitetinin alimləri 47 293 nəfərin sağlamlıq məlumatlarını təhlil edərək dişlərin sayı ilə demensiyanın inkişafı arasındakı əlaqəni araşdırıblar. Tədqiqatda yaşı 65-dən yuxarı olan iştirakçılar təxminən 9 il müddətində müşahidə edilib.

Müşahidə dövründə iştirakçıların 8247-də, yəni 17,4 faizində demensiya inkişaf edib.

Nəticələr göstərib ki, ağızda qalan dişlərin sayı azaldıqca demensiya halları da artır. Ən azı 20 dişi olan insanlarla müqayisədə dişsiz şəxslərdə demensiya riski 27 faiz yüksək olub. Ağzında 1–9 dişi qalanlarda bu göstərici 12 faiz, 10–19 dişi olanlarda isə 14 faiz təşkil edib.

DİŞLƏRİN İTKİSİ BEYİNƏ NECƏ TƏSİR EDİR?

Alimlər bu əlaqəni izah edən bir neçə mümkün mexanizm irəli sürürlər.

Birincisi, dişlərin itirilməsi çeynəmə qabiliyyətini zəiflədir. Nəticədə insan sərt meyvə, tərəvəz və zülalla zəngin qidaları qəbul etməkdə çətinlik çəkir, qidalanması məhdudlaşır. Bu isə beynin normal fəaliyyəti üçün vacib olan qida maddələrinin çatışmazlığına gətirib çıxara bilər.

İkincisi, diş itkisinə səbəb olan parodont xəstəlikləri və ağız boşluğundakı xroniki iltihab orqanizmdə ümumi iltihabi prosesləri gücləndirə bilər. Bu proseslərin beyin sağlamlığına da mənfi təsir göstərməsi ehtimal olunur.

Üçüncü amil isə sosial təcriddir. Dişlərini itirən insanlar danışmaqdan, gülümsəməkdən və ünsiyyətdən çəkinə bilərlər. Sosial təcrid isə demensiyanın məlum risk faktorlarından biridir.

Tədqiqatçılar hesablayıblar ki, diş itkisi araşdırılan əhali arasında demensiya hallarının 7,2 faizi ilə əlaqələndirilə bilər. Bu göstərici depressiv əlamətlər və sosial təcriddən sonra üçüncü yerdə qərarlaşıb. Kişilərdə isə diş itkisinin göstəricisi 12 faizlə araşdırılan risk faktorları arasında ilk yerdə olub.

DİŞLƏRİ QORUMAQ BEYİNİ DƏ QORUMAQDIRMI?

Mütəxəssislər ağız boşluğunun sağlamlığının qorunmasını yalnız estetik məsələ hesab etməməyi tövsiyə edirlər. Müntəzəm stomatoloji müayinələr, diş əti xəstəliklərinin vaxtında müalicəsi və itirilmiş dişlərin bərpası ümumi sağlamlıq üçün əhəmiyyətlidir.

Qeyd edək ki, araşdırma diş itkisinin birbaşa demensiyaya səbəb olduğunu sübut etmir. Nəticələr iki vəziyyət arasında statistik əlaqəni göstərir. Bu əlaqənin mexanizmlərini dəqiqləşdirmək üçün əlavə tədqiqatlara ehtiyac var.

Günel İbadova

Saglamolun.az

Mənbə: Journal of the American Medical Directors Association

 

Saglamolun.Az