Ukraynada fəaliyyət göstərən azərbaycanlı alim: "Elmi tədqiqatlarımı davam edirəm"

AZƏRBAYCANLI ALİMİN 52-Cİ KİTABI UKRAYNADA NƏŞR OLUNDU

Ukraynada yaşayan azərbaycanlı alim, tibb elmləri doktoru, professor Aydın Salmanovun 52-ci kitabı Kiyevdə nəşr olunub. 

592 səhifəlik, ukrayna və ingilis dillərində dərc edilən elmi nəşr döyüş yaralarının cərrahi müalicəsindən sonra yaranan ağırlaşmalara həsr edilib. Dərslik tibb universitetlərinin tələbələri, Hərbi Tibb Akademiyasının kursantları, cərrahiyyə ixtisası üzrə çalışan həkimlər və tibb universitetlərinin müəllimləri üçün nəzərdə tutulub. Bu barədə alim saglamolun.az saytına məlumat verib. 

Professor Aydın Salmanov yeni kitabının nəşri ilə bağlı bildirib ki, Ukraynada mövcud olan ağır vəziyyətə baxmayaraq, elmi tədqiqatlarını davam etdirir. O, araşdırmalarının nəticələrinin həm Ukrayna, həm də dünyanın digər ölkələri üçün faydalı olacağına əminliyini ifadə edib.

Yeni nəşr xüsusilə müharibə şəraitində alınan yaraların cərrahi müalicəsi, əməliyyatdan sonrakı ağırlaşmaların öyrənilməsi və onların qarşısının alınması baxımından elmi-praktik əhəmiyyət daşıyır.

Xatırladaq ki, 1957-ci ildə Şəmkirdə anadan olan Aydın Salmanov 1981-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. O, uzun illərdir Ukraynada elmi-pedaqoji fəaliyyət göstərir. 2026-cı ildə də onun adı infeksion nəzarət və antimikrob davamlılıq sahəsindəki elmi fəaliyyətlə bağlı Ukrayna Ümumölkə İnfeksion Nəzarət və Antimikrob Rezistentlik Assosiasiyasının rəhbər heyətində yer alır. Alimin həmmüəllifləri sırasında olduğu 2026-cı il nəşrlərindən biri də hərbi hospitalda infeksion nəzarətə həsr olunmuş dərslikdir.

Günel İbadova
saglamolun.az

 

Saglamolun.Az