"Xəyali dost yaradıcılıq potensialının göstəricisidir" - Psixoloqlar

GÖZLƏ GÖRÜNMƏYƏN DƏRD ORTAQLARI TƏHLÜKƏLİ DEYİL

Uşaqlıqda görünməyən dostlarla danışmaq, onlarla oyunlar qurmaq və sirlərini bölüşmək valideynləri bəzən narahat edir. Halbuki psixoloqların araşdırmaları göstərir ki, xəyalı dostların yaranması əksər hallarda tənhalıq və ya sosial problemlərin əlaməti deyil. Əksinə, bu cür dostluqlar uşağın emosional və zehni inkişafına müsbət təsir göstərə bilər.

Psixoloqlar Naomi Aguiar və Marjorie Taylorın məlumatlarına görə, uşaqların təxminən üçdə ikisinin yeddi yaşına qədər xəyalı dostu olur. Bu dostlar insan, heyvan, fantastik obraz, hətta danışan bir əşya şəklində təsəvvür edilə bilər. Məsələn, bir uşağın xəyalında dostu adi süd qabı, digərində isə görünməyən balerina və ya sehrli heyvan ola bilər.

Mütəxəssislər bildirirlər ki, xəyalı dostu olan uşaqların real həyatda dostlarının sayı digər uşaqlardan az deyil. Onlar bu obrazları çox vaxt sadəcə ünsiyyət ehtiyacından, oyun oynamaq və əylənmək istəyindən yaradırlar.

Araşdırmalar xəyalı dostluğu olan uşaqlarda yaradıcılıq, hekayə qurmaq bacarığı və diqqətin daha yaxşı inkişaf edə biləcəyini göstərir. Belə uşaqlar başqalarının hisslərini, düşüncələrini və niyyətlərini anlamaqda da üstün nəticələr nümayiş etdirə bilirlər. Bununla belə, alimlər bu xüsusiyyətlərin xəyalı dostların təsiri ilə yarandığını, yoxsa emosional anlayışı daha güclü olan uşaqların belə dostlar yaratmağa meyilli olduğunu hələ də dəqiqləşdirməyiblər.

Xəyalı dostlar sosial münasibətləri öyrənmək üçün də bir növ təhlükəsiz məşq meydanı rolunu oynaya bilər. Uşaq həmin obrazla mübahisə edir, barışır, üzr istəyir, sərhədlər müəyyənləşdirir və problemlərin həll yollarını sınaqdan keçirir. Sonradan bu təcrübəni real münasibətlərində də tətbiq edə bilər.

Bu xüsusiyyət autizmli uşaqlarda da müşahidə olunur. 124 autizmli uşağın valideynləri arasında aparılan araşdırmada iştirakçıların 49 faizi övladlarının 1–11 yaş arasında xəyalı dost yaratdığını bildirib. Mütəxəssislər hesab edirlər ki, belə ünsiyyət uşaqlara sosial münasibətləri daha rahat öyrənmək imkanı verə bilər.

Maraqlıdır ki, xəyalı dostlar yalnız uşaqlıq dövrünə aid deyil. Bəzi insanlar onları yeniyetməlikdən yetkinliyə qədər qoruyub saxlayır, digərləri isə yetkin yaşlarında belə obrazlar yaradır. Psixoloqların fikrincə, böyüklər xəyalı dostlardan çətin söhbətlərə hazırlaşmaq, iş situasiyalarını məşq etmək, emosional dəstək almaq və gündəlik stressin öhdəsindən gəlmək üçün istifadə edə bilərlər.

Beləliklə, uşağın xəyalında görünməyən dostunun olması öz-özlüyündə narahatlıq səbəbi deyil. Bəzən uşağın qurduğu xəyali dünya onun real həyatı daha yaxşı anlamasına kömək edən yaradıcı bir məkana çevrilir.

 Günel İbadova
Sağlamolun.az

Mənbə: BBC

 

Saglamolun.Az