POLİPLƏRİ VAXTINDA GÖTÜRMƏK XƏRÇƏNG RİSKİNİ AZALDIR - SAF Hospital-ın qastroenteroloq-hepatoloq, endoskopist həkimi Dr. Aydın Abbasov
Mədə xərçəngi uzun müddət heç bir ciddi ağrı və narahatlıq yaratmadan inkişaf edə bilər. Xəstəliyin ilkin mərhələlərində əlamətlərin hiss olunmaması isə onun vaxtında aşkarlanmasını çətinləşdirir. Lakin mədədə yaranan törəmənin yerləşdiyi nahiyədən asılı olaraq zamanla fərqli şikayətlər meydana çıxa bilər.
SAF Hospital-ın qastroenteroloq-hepatoloq, endoskopist həkimi Aydın Abbasov mədə xərçənginin təhlükəli xüsusiyyətləri, poliplərin vaxtında aşkarlanmasının əhəmiyyəti və xəstəliyin əlamətləri barədə məlumat verib.
Həkimin sözlərinə görə, mədədə yaranan törəmələr, xüsusilə ilkin mərhələlərdə, ağrısız ola bilər. Buna görə də insan uzun müddət özündə ciddi problem hiss etməyə bilər. Şikayətlərin xarakteri isə əsasən törəmənin mədənin hansı hissəsində yerləşməsindən asılıdır.
Mədənin giriş hissəsində, yəni qida borusu ilə birləşən nahiyədə yerləşən şişlər zamanı ilk növbədə udma çətinliyi yaranır. Əvvəlcə bərk qidaların mədəyə keçməsi çətinləşir. Törəmə böyüdükcə keçid daha da daralır və xəstə hətta maye qəbul etməkdə, su içməkdə belə çətinlik çəkə bilər. Bu, xəstəliyin irəliləmiş mərhələlərində müşahidə oluna bilən ciddi əlamətlərdəndir.
Mədənin çıxış hissəsində yerləşən törəmələr isə qidanın mədədən bağırsağa keçməsinə mane ola bilər. Belə hallarda xəstədə ürəkbulanma, yeməkdən sonra ağırlıq və təkrarlanan qusma müşahidə edilir. Xəstə qəbul etdiyi qidanı həzm edə bilmədiyindən zamanla çəki itkisi və qidalanma pozğunluğu da yarana bilər.
Dr. Aydın Abbasov mədə xərçənginin qarşısının alınmasında və erkən aşkarlanmasında poliplərin vaxtında müəyyən edilməsinin əhəmiyyətini də vurğulayır. Xüsusilə adenomatöz poliplər diqqət tələb edir. Bu poliplər xərçəngönü dəyişiklik hesab olunur və zamanında aşkarlanaraq uyğun üsulla götürülmədikdə gələcəkdə bədxassəli törəməyə çevrilmə riski daşıyır.
Yoğun bağırsaqda aşkarlanan poliplərin də, xüsusilə adenomatöz poliplərin, kolonoskopiya zamanı götürülməsi və histoloji müayinəyə göndərilməsi vacibdir. Poliplərin vaxtında xaric edilməsi bəzi hallarda gələcəkdə kolorektal xərçəngin inkişaf riskini azaltmağa imkan verir, deyə qastroenteroloq vurğulayıb.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, mədə-bağırsaq sistemində yaranan davamlı narahatlıqları adi həzm problemi kimi qiymətləndirmək düzgün deyil. Udma çətinliyi, səbəbsiz arıqlama, təkrarlanan qusma və uzunmüddətli mədə narahatlığı zamanı mütləq həkimə müraciət edilməlidir.
Unutmayın, mədə-bağırsaq xəstəliklərində erkən diaqnostika həyat qurtara bilər.
Günel İbadova
Saglamolun.az
Saglamolun.Az



















