YUXUDA ORQANİZM NECƏ YAĞ YANDIRIR, ƏZƏLƏLƏRİ GÜCLƏNDİRİR?
Yuxu sadəcə gün ərzində toplanan yorğunluğu aradan qaldırmaq üçün deyil. İnsan yatarkən orqanizmdə əzələ toxumasının qorunması, sümüklərin möhkəmlənməsi, yağ mübadiləsi və beynin fəaliyyətinin bərpası ilə bağlı mühüm proseslər gedir.
ABŞ-ın Kaliforniya Universitetinin (Berkeley) alimləri nüfuzlu “Cell” elmi jurnalında dərc olunan araşdırmada böyümə hormonunun yuxu zamanı ifrazını tənzimləyən neyron əlaqəsini müəyyən ediblər.
Tədqiqatın maraqlı nəticəsi budur ki, yuxu ilə böyümə hormonu arasında əlaqə birtərəfli deyil. Yuxu hormonun ifrazını stimullaşdırır, böyümə hormonu isə öz növbəsində beynin oyanma prosesində iştirak edən mexanizmlərinə təsir göstərir.
Böyümə hormonu yalnız uşaqların boy atması üçün vacib deyil. Yetkin yaşlarda da bu hormon əzələ toxumasının qorunmasına, sümük sağlamlığının dəstəklənməsinə, yağ mübadiləsinə və qanda şəkərin səviyyəsinin tənzimlənməsinə kömək edir.
Araşdırmanın aparıcı müəllifi, neyrobiologiya üzrə tədqiqatçı Sinlu Din və həmkarları əvvəlki tədqiqatlardan fərqli olaraq hormon səviyyəsini yalnız qan analizləri ilə ölçməklə kifayətlənməyiblər. Onlar siçanların beynindəki sinir hüceyrələrinin fəaliyyətini birbaşa qeydə alaraq yuxu, hormonal ifraz və oyanma arasındakı əlaqəni araşdırıblar.
Məlum olub ki, beynin hipotalamus adlanan nahiyəsində yerləşən müxtəlif neyron qrupları böyümə hormonunun ifrazını tənzimləyir. Bu proses həm REM, həm də qeyri-REM yuxu mərhələlərində fərqli mexanizmlərlə həyata keçirilir.
Alimlər həmçinin müəyyən ediblər ki, yuxu zamanı artan böyümə hormonu beyin kötüyündə yerləşən və oyanıqlıqla əlaqəli sinir hüceyrələrinin fəaliyyətinə təsir edir. Beləliklə, yuxu hormonun ifrazını, hormon isə oyanıqlıq mexanizmlərini tənzimləyən qarşılıqlı əlaqə yaradır.
BU KƏŞF NƏ ÜÇÜN ƏHƏMİYYƏTLİDİR?
Tədqiqat yuxunun maddələr mübadiləsi, toxumaların bərpası və hormonal tarazlıq üçün əhəmiyyətini daha dərindən anlamağa imkan verir. Gələcəkdə bu nəticələr yuxu pozuntuları ilə əlaqəli diabet və bəzi nevroloji xəstəliklərin müalicəsi istiqamətində yeni yanaşmalara yol aça bilər.
Saglamolun.az
Mənbə: Euronews
Saglamolun.Az



















