Səbəb: Mühakimə olunmaq qorxusu
Süni intellekt artıq yalnız suallara cavab verən, mətn yazan və məlumat axtaran texnologiya deyil. İnsanların bir qismi onunla şəxsi problemlərini bölüşür, narahatlıqlarını danışır, hətta emosional dəstək axtarır.
İsraildə aparılan yeni araşdırma bu tendensiyanın kifayət qədər geniş yayıldığını göstərib.
Tel-Hay Universiteti və Bar-İlan Universitetinin tədqiqatçıları son bir il ərzində generativ süni intellektdən istifadə etmiş 584 yetkin insan arasında sorğu keçiriblər. Nəticələrə görə, iştirakçıların 29,3 faizi emosional dəstək almaq məqsədilə süni intellekt çatbotlarına müraciət etdiyini bildirib.
Psixoloji sıxıntı əlamətləri daha qabarıq olan respondentlər arasında bu göstərici 47 faizə yüksəlib. Araşdırmada gənclərin və qadınların bu məqsədlə süni intellektə daha çox müraciət etdiyi də müəyyənləşdirilib.
Bəs insanlar niyə hisslərini real insanlarla deyil, süni intellektlə bölüşməyə üstünlük verirlər?
Bunun mümkün səbəbləri arasında mühakimə olunmaq qorxusunun olmaması, istənilən vaxt söhbət edə bilmək, şəxsi mövzuları daha rahat ifadə etmək və qarşı tərəfin reaksiyasından çəkinməmək dayanır. Çatbotlar istifadəçini dinləyirmiş kimi cavab verir, suallar ünvanlayır və emosional vəziyyəti anlamağa çalışır.
Lakin burada mühüm bir məqam var: süni intellekt psixoloq və ya psixoterapevti əvəz etmir.
ChatGPT və Gemini kimi sistemlər peşəkar psixoloji yardım göstərmək üçün yaradılmayıb. Onların cavabları hər zaman düzgün, təhlükəsiz və konkret insanın vəziyyətinə uyğun olmaya bilər.
Tədqiqatçılar sorğunun süni intellektlə söhbətlərin insanlara həqiqətən kömək edib-etmədiyini və ya zərər verib-vermədiyini müəyyənləşdirmədiyini vurğulayırlar. Nəticələr yalnız sorğuda iştirak edən qrupun təcrübəsini əks etdirir.
Görünür, texnologiyanın inkişafı ilə insanların süni intellektdən gözləntiləri də dəyişir. Artıq onlar yalnız məlumat deyil, bəzən anlayış, təsəlli və dinlənilmək hissi də axtarırlar.
Saglamolun.az redaksiyası bu sorğunu ölkəmizdə davam etdirir.
SORĞUDA İŞTİRAK ÜÇÜN:
Ad, soyad:
Təvəllüd:
Peşə:
1. Neçə müddətdir süni intellektdən istifadə edirsiniz?
2. Psixoloji dəstək almaq üçün süni intellektə müraciət edirsinizmi?
3. Həftədə neçə dəfə şəxsi problemlərinizi və emosional vəziyyətinizi süni intellektlə bölüşürsünüz?
4. Süni intellektlə söhbətlər sizə özünüzü daha yaxşı hiss etməyə kömək edirmi?
5. Bəzən onun cavablarından sonra özünüzü daha pis hiss etdiyiniz olurmu?
6. Süni intellektə real insanlarla bölüşə bilmədiyiniz hansısa sirri və ya problemi etibar edirsinizmi?
7. Süni intellektin verdiyi psixoloji məsləhətlərə nə dərəcədə etibar edirsiniz?
8. Süni intellektlə söhbəti psixoloq və ya psixoterapevtə müraciətin alternativi hesab edirsinizmi?
Cavablarınızı Instagram səhifəmizdə bizimlə bölüşün. Sorğunuz anonimlik prinsipi ilə də təqdim olunacaq.
Mənbə: Involta.media
Saglamolun.Az



















