Sarı bibər gözləri qidalandırır - Elmi araşdırma

Bolqar bibəri yalnız süfrəyə rəng qatmır. Onun müxtəlif rəngləri fərqli vitaminlər, bitki piqmentləri və antioksidantlarla zəngindir. Elmi araşdırmalar bu maddələrin göz sağlamlığının qorunmasında da rol oynadığını göstərir. Bəs hansı rəngin özəlliyi nədir?

YAŞIL BİBƏR

Xlorofil, lutein və digər karotinoidlər ehtiva edir. C vitamini ilə də zəngindir. Yaşıl rəng adətən bibərin tam yetişməmiş mərhələsini göstərir.

QIRMIZI BİBƏR

Beta-karotin və kapsantin kimi karotinoidlərin mənbəyidir. Tam yetişdiyi üçün antioksidant tərkibi yaşıl bibərlə müqayisədə daha yüksək ola bilər.

SARI BİBƏR

Lutein və zeaksantinlə diqqət çəkir. Xüsusilə zeaksantin gözün torlu qişasının mərkəzi hissəsi olan makulanın sağlamlığının qorunmasında əhəmiyyətlidir.

Bəs ACİ BİBƏR?

Tərkibindəki kapsaisin ona acılıq verir. Bu maddə iltihabəleyhinə və digər bioloji təsirləri baxımından araşdırılır. Lakin acı bibərin görməni yaxşılaşdırdığı elmi şəkildə sübut edilməyib.

ŞİRİN BİBƏR

Su, lif və C vitamini ilə zəngindir. C vitamini kollagen sintezində iştirak edir, kollagen isə gözün buynuz qişasının strukturunda mühüm rol oynayır.

ELM NƏ DEYİR?

2022-ci ildə Journal of Microbiology and Biotechnology jurnalında dərc olunan araşdırmada müxtəlif rəngli bibərlərin antioksidant tərkibi müqayisə edilib. Qırmızı və narıncı bibərlərdə karotinoidlərin yüksək olduğu müəyyənləşdirilib. Sarı bibər isə bəzi antioksidant testlərində üstün nəticə göstərib.

Müxtəlif rəngli bibərlərin tərkibi ilə bağlı araşdırmalar göstərir ki, yetişmə mərhələsi dəyişdikcə onların antioksidant və karotinoid profili də dəyişir. Buna görə yalnız bir rəngə üstünlük verməkdənsə, müxtəlif rəngli bibərləri qidalanmaya daxil etmək daha məqsədəuyğundur.

Bolqar bibəri görmə qüsurlarını müalicə etmir, lakin tərkibindəki antioksidantlar və vitaminlər sayəsində göz sağlamlığını dəstəkləyən faydalı qidalardandır.


Saglamolun.Az