Zədələnmiş qığırdaq bir iynə ilə bərpa olunacaq


Stenford Tibb Məktəbinin alimləri oynaq qığırdaq toxumasının bərpası ilə bağlı araşdırma aparıb. Tədqiqat göstərib ki, yaşlanma ilə əlaqəli olan 15-PGDH adlı zülalı bloklayan preparatın inyeksiyası diz oynağındakı zədələnmiş qığırdaq toxumasının yenidən formalaşmasına kömək edir.
Araşdırma zamanı preparat həm heyvanlar, həm də insan qığırdaq nümunələri üzərində sınaqdan keçirilib. Nəticələrə görə, müalicədən sonra yeni və funksional qığırdaq toxumasının yaranması müşahidə olunub. Alimlər bildirib ki, bu üsul xüsusilə idman zədələrindən sonra yaranan osteoartritin inkişaf riskini azaltmağa kömək edə bilər.
Mütəxəssislər qeyd edib ki, qığırdaq toxumasının özünü bərpa etmə qabiliyyəti çox zəifdir və bu səbəbdən diz zədələrindən sonra illər ərzində osteoartrit inkişaf edir. Yeni preparatın həm inyeksiya, həm də tablet formasının gələcəkdə oynaq protez əməliyyatlarına ehtiyacı azalda biləcəyi düşünülür.

 

Bacılar depressiya riskini azaldır - Yeni araşdırma


Harvard Universiteti alimlərinin araşdırmasına görə, bacı ilə yaxın münasibət insanın psixoloji və fiziki sağlamlığına müsbət təsir göstərir. Tədqiqat nəticələri göstərib ki, bacısı olan insanlarda stress hormonu hesab edilən kortizolun səviyyəsi daha aşağı olur. Hətta fərqli şəhərlərdə yaşayıb nadir hallarda görüşən bacılar arasında belə emosional bağ insanın özünü daha güvənli hiss etməsinə kömək edir.
Mütəxəssislər bildirib ki, çətin və stresli anlarda bacı ilə qısa telefon danışığı belə insanın sakitləşməsinə təsir edir. Araşdırmada qeyd olunub ki, bacısı olan qadınlarda menopauza və boşanma sonrası depressiya halları daha az müşahidə edilir və onlar ağır həyat hadisələrindən sonra daha tez özünə gəlirlər.
Mütəxəssislər bildirib ki, qardaş və bacılarla yaxşı münasibətlər ümumilikdə insan sağlamlığı üçün faydalıdır. Lakin araşdırmalar xüsusilə bacı ilə olan emosional bağın psixoloji vəziyyətə daha güclü təsir göstərdiyini vurğulayıb. Bununla yanaşı, alimlər qeyd edib ki, bu cür münasibətlər ciddi depressiya zamanı peşəkar müalicəni əvəz etmir. Ancaq yaxın ailə bağı insanın psixi sağlamlığını qoruyan mühüm amillərdən biri hesab olunur.

Tampona görə hər iki ayağını itirən "Qızıl ayaq" modelin sağlamlıq faciəsi


“Qızıl Ayaqlı Qız” kimi tanınan məşhur model Lauren Wasser 24 yaşında olarkən menstruasiya dövründə tampon istifadəsi zamanı nadir, lakin həyati təhlükəsi olan Toksik Şok Sindromuna (TSS) yoluxub
Bu sağlamlıq faciəsi tibb tarixinin nadir hadisələrindəndir.
Model menstruasiya zamanı tamponu qaydalara uyğun dəyişsə də, qısa müddətdə yüksək hərarət, halsızlıq və güclü ağrılardan əziyyət çəkib. Əvvəlcə qrip hesab edilən simptomlar sonradan ağır sepsis və orqan çatışmazlığına çevrilib. Həkimlər onun yaşamaq şansını cəmi 1 faiz qiymətləndirib.
Xəstəlik nəticəsində əvvəlcə sağ ayağı dizdən aşağı amputasiya edilən model illər sonra digər ayağını da itirib. Buna baxmayaraq, Lauren Wasser yenidən podiumlara qayıdaraq həm moda dünyasında uğur qazanıb, həm də qadınları Toksik Şok Sindromunun riskləri barədə məlumatlandırmağa başlayıb.
Mütəxəssislərin sözlərinə görə, Toksik Şok Sindromu əsasən tamponun uzun müddət dəyişdirilmədən istifadə edilməsi zamanı bakteriyaların sürətlə çoxalaraq qana keçməsi nəticəsində yaranır. Bu vəziyyət ağır infeksiya, qan zəhərlənməsi və hətta ölümə qədər gətirib çıxara bilər.

Yorğun oyanırsınız? - Səhərlər 20 dəqiqə bunu edin

 

Osaka Metropoliten Universitetinin tədqiqatçıları səhər yuxudan oyanan zaman yaranan halsızlıq və diqqət dağınıqlığını aradan qaldırmağın ən effektiv yolunu müəyyən edib. "Building and Environment" jurnalında dərc olunan araşdırma göstərib ki, oyanma keyfiyyəti birbaşa yataq otağına daxil olan təbii işığın vaxtından asılıdır.

Alimlər laboratoriya şəraitində 3 fərqli oyanma metodunu müqayisə edib. Təcrübədə iştirak edən gənclər üzərində aparılan müşahidələr sübut edib ki, oyanma saatından cəmi 20 dəqiqə əvvəl otağa daxil olan təbii işıq beyin fəaliyyətini aktivləşdirmək üçün ən ideal vasitədir. Bu üsulla oyanan şəxslər həm özlərini daha gümrah hiss edir, həm də diqqət tələb edən testlərdə daha yüksək sürət nümayiş etdirir.

Tədqiqatın maraqlı məqamlarından biri odur ki, işığın otağa çox erkən daxil olması yuxu keyfiyyətini aşağı salır. Çünki uzunmüddətli işıq təsiri tez-tez oyanmalara səbəb olur ki, bu da insanın özünü yorğun hiss etməsi ilə nəticələnir. 20 dəqiqəlik qısa və mülayim işıq isə bioloji saatı zədələmədən bədəni təbii şəkildə oyadır.

 

Yeni virusla bağlı 42 günlük karantin qərarı verildi - RƏSMİ AÇIQLAMA

İspaniya hakimiyyəti və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Tenerifedə "MV Hondius" kruiz laynerində aşkarlanan hantavirus infeksiyası ilə bağlı genişmiqyaslı beynəlxalq əməliyyata başlayıb.

Üç nəfərin ölümü ilə nəticələnən epidemiya səbəbindən sərnişinlərin təxliyəsinə start verilib.
ÜST-nin Baş direktoru Tedros Qebreyesus Tenerifeyə gələrək vəziyyəti yerindəcə qiymətləndirib.

Jurnalistlərə açıqlama verən Baş direktor əhalini sakitliyə çağırıb: “Bu, ikinci bir COVID-19 dalğası deyil.

Ümumi əhali üçün risk səviyyəsi olduqca aşağıdır, insanların qorxmasına və panika yaşamasına heç bir əsas yoxdur”.
Statistika və virusun növü Gəmi ilə əlaqəli ümumilikdə 8 yoluxma halı qeydə alınıb. Aparılan laboratoriya analizləri nəticəsində 6 nəfərdə hantavirusun And (ANDV) ştamı təsdiqlənib.

Mayın 2-dən yeni ölüm halının qeydə alınmaması müsbət göstərici kimi qiymətləndirilir.
ÜST-nin epidemiya və pandemiya məsələləri üzrə direktoru qeyd edib ki, virusun inkubasiya dövrünü nəzərə alaraq, bütün sərnişinlər 42 gün müddətində aktiv tibbi müşahidə altında saxlanılacaqlar.

İnsanların üzərində gen terapiyası sınağına icazə verildi

ABŞ QİDA VƏ DƏRMAN ADMİNİSTRASİYASI


ABŞ-nin Qida və Dərman Administrasiyası (FDA) yaşlanma biologiyası sahəsində mühüm addım atıb. Qurum hüceyrə yaşlanmasının qarşısını almağı hədəfləyən yeni gen terapiyasının insanlar üzərində ilk klinik sınağına icazə verib. “Life Biosciences” tərəfindən hazırlanmış ER-100 adlı terapiya hüceyrələri daha gənc və funksional vəziyyətə qaytarmaq üsuluna əsaslanır.
Mütəxəssislərin sözlərinə görə, bu elmi yenilik hüceyrələri tam şəkildə kök hüceyrəyə çevirmədən daha gənc vəziyyətə qaytarır. Texnologiya Nobel mükafatı laureatı Shinya Yamanakanın hüceyrələrin yenidən proqramlaşdırılması ilə bağlı araşdırmalarından ilham alıb.
İlk klinik mərhələdə terapiya əsasən yaşa bağlı göz xəstəlikləri və optik sinir zədələnmələri olan pasiyentlər üzərində sınaqdan keçiriləcək. Tədqiqatçılar preparatın təhlükəsizliyini və insan orqanizmində effektivliyini qiymətləndirəcək.
Alimlər hesab edir ki, ER-100 uğurlu nəticə verərsə, bu yanaşma gələcəkdə yalnız görmə problemlərinin deyil, bir çox yaşla bağlı xəstəliklərin müalicəsində yeni dövrün başlanğıcı ola bilər.

 

Penis xərçəngi oldu, orqandan 30% kəsildi

ƏMƏLİYYATINI CANLI YAYIMDA ÇƏKDİLƏR: “BU, BAŞQALARININ HƏYATINI XİLAS EDƏ BİLƏR”

Şotlandiyada yaşayan 49 yaşlı mühəndis Alaster Munro penisində yaranan kiçik şişliyin böyüməyə başladığını gördükdən sonra həkimə müraciət edib. Müayinələrdən sonra ona nadir rast gəlinən penis xərçəngi diaqnozu qoyulub. Həkimlər xəstəliyin limfa düyünlərinə yayıldığını müəyyən ediblər.
Alaster 7 saat davam edən ağır əməliyyata girib. Cərrahlar orqanın təxminən 30 faizini, həmçinin xərçəng yayılan limfa düyünlərini çıxarıblar. Daha sonra bud nahiyəsindən götürülən dəri ilə rekonstruksiya aparılıb. İlk əməliyyatdan sonra bədəndə yenə xərçəng hüceyrələri qaldığı üçün o, ikinci dəfə əməliyyat olunub və radiasiya terapiyası alıb.
Hazırda tam sağaldığı açıqlansa da, Alaster ciddi fəsadlarla yaşayır. O, normal sidiyə gedə və cinsi həyat yaşaya bilmir. Həkimlər növbəti iki ildə xəstəliyin yenidən qayıtma riskinin yüksək olduğunu bildirirlər.
Alaster əməliyyatının BBC tərəfindən videoya çəkilməsinə xüsusi məqsədlə razılıq verib. O bildirib ki, kişilər utandıqları üçün simptomları gizlətməməli, hər hansı şiş, qanaxma və ya dəyişiklik hiss etdikdə dərhal həkimə müraciət etməlidirlər.

3 ölü, onlarla insan təhlükədə - Hantavirus


Atlantik okeanında səyahət edən Hollandiya bayraqlı “MV Hondius” kruiz gəmisində baş verən hantavirus epidemiyası dünya səhiyyə qurumlarını hərəkətə keçirib.

Aprelin 1-də Argentinadan yola düşən və Antarktida istiqamətinə üzən gəmidə artıq 3 nəfər həyatını itirib, 8 nəfər isə müalicə altındadır.

Hazırda Kabo-Verde sahillərində olan gəmidəki 150 sərnişin öz kabinalarında izolyasiya edilib.
Hantaviruslar əsasən gəmiricilər tərəfindən daşınan viruslar qrupudur.

İnsanlara yoluxma adətən bu heyvanların ifrazatları ilə təmas olduqda və ya qurumuş ifrazat hissəciklərinin hava-damcı yolu vasitəsilə baş verir.
Xəstəliyin ilk mərhələsi qripə bənzədiyi üçün diaqnoz qoymaq çətindir. Yüksək hərarət, əzələ ağrıları və titrəmə ilə başlayan virus qısa müddətdə iki ağır formaya keçə bilər.

Ağciyər Sindromu - Nəfəs darlığı və ağciyərlərin maye ilə dolması. Bu zaman ölüm riski təxminən 35%-dir. Böyrək Sindromu isə Daxili qanaxma və böyrək çatışmazlığı. Bu zaman ölüm riski 1%-15% arası təşkil edir.
Hantavirusun spesifik bir dərmanı və ya pevəndi yoxdur. Müalicə əsasən xəstənin orqanizmini dəstəkləməkdən ibarətdir. ÜST rəhbəri bildirib ki, hazırda ictimai sağlamlıq üçün risk aşağıdır.

 

Döl ana bətninə geri yerləşdirildi - Əməliyyatdan sonra


Nigeriyalı cərrah Oluyinka Olutoye tibdə yeniliyə imza atıb. ABŞ-da Texas Children’s Hospital-da həyata keçirilən əməliyyat zamanı həkimlər 23 həftəlik dölü ananın bətnindən müvəqqəti çıxarıb, həyati təhlükə yaradan şişi aradan qaldırdıqdan sonra yenidən ana bətninə yerləşdiriblər.
Döl nadir rast gəlinən və sürətlə böyüyən sakrokoksigeal teratoma adlı şişdən əziyyət çəkirdi. Bu vəziyyət vaxtında müdaxilə edilməsəydi, körpənin həyatını təhlükə altına sala bilərdi. Əməliyyat zamanı döl plasenta ilə əlaqədə saxlanılıb, bu da onun oksigen və qida təminatını qoruyub.
Uğurlu müdaxilədən sonra hamiləlik normal davam edib və körpə – Linli Houp – 36-cı həftədə sağlam şəkildə dünyaya gəlib. Bu hadisə fetal cərrahiyanın imkanlarını nümayiş etdirərək, doğulmamış körpələrin də müalicəsinin mümkün olduğunu bir daha sübut edib.

 

3D printerlə insan gözü üçün buynuz qişa hazırlanıb - Uğurla dovşana köçürülüb


Cənubi Koreyada alimlər 3D çap texnologiyası ilə şəffaf və biouyğun süni buynuz qişa (kornea) hazırlayıb.

Layihə Pohang Elm və Texnologiya Universiteti (POSTECH) tədqiqatçıları tərəfindən həyata keçirilib.

Tədqiqatın nəticələri “Biofabrication” elmi jurnalında dərc olunub.
Buynuz qişa gözün ön hissəsini qoruyan və görmə üçün vacib rol oynayan nazik təbəqədir.

Onun zədələnməsi ciddi görmə itkisinə səbəb olur və hazırda əsas müalicə üsulu transplantasiyadır.

Lakin Cənubi Koreyada buynuz qişa transplantasiyası üçün orta gözləmə müddəti təxminən 6 il təşkil edir.
Tədqiqatçılar hüceyrədənkənar matriks və kök hüceyrələri birləşdirərək xüsusi canlı hüceyrələr hazırlayıb və onu 3D printer vasitəsilə çap edib.

Çap zamanı yaranan mexaniki gərginlik liflərin düzgün düzülməsinə imkan yaradaraq şəffaf kolagen şəbəkə strukturu formalaşdırıb.
Eksperiment zamanı süni buynuz qişa dovşan gözünə köçürülüb və 4 həftə ərzində insan buynuz qişasına bənzər şəffaflıq əldə edib.

Alimlərin sözlərinə görə, bu texnologiya gələcəkdə kornea transplantasiyası gözləyən milyonlarla insana ümid verə bilər.

 

Kifli çörək ana südünü əvəz edə bilərmi?

Sosial şəbəkələrdə təbii mayalı çörəyin təsiri ana südü ilə müqayisə edilir. Lakin mütəxəssislər bu yanaşmanın elmi baxımdan düzgün olmadığını bildirib.

Araşdırma “PLoS ONE” jurnalında dərc olunub. Tədqiqatda “Lactobacillus reuteri” adlı bakteriyanın immun sistemə və iltihabi proseslərə təsiri öyrənilib.

Alimlər bu bakteriyanın sinir sistemi vasitəsilə oksitosin hormonunun ifrazını artıraraq iltihabı azalda biləcəyini qeyd edib.
Ancaq vacib məqam ondan ibarətdir ki, bu nəticələr əsasən heyvanlar üzərində aparılan təcrübələrə əsaslanır və insan orqanizmi üçün tam təsdiqlənməyib.

Bundan əlavə, qeyd olunan bakteriya hər təbii mayalı çörəkdə olmur və bişirmə prosesi zamanı mikroorqanizmlərin bir hissəsi məhv olur.

Fermentasiya prosesi çörəyin qida dəyərini artırır, fitin turşusunu azaldır və mineralların mənimsənilməsini yaxşılaşdırır. Bu səbəbdən təbii mayalı çörək həzm sistemi üçün daha uyğun alternativ sayılır.
Nəticə olaraq, bu çörək növü nə ana südü kimi immuniteti qoruyan vasitə, nə də müalicə üsuludur. Bu, sadəcə daha təbii və nisbətən faydalı qida seçimidir.

"Sehirli göbələklər" nikotin asılılığından xilas edir

Psixoaktiv maddələrin siqaretdən imtina prosesinə kömək edə biləcəyi ilə bağlı yeni elmi nəticələr ortaya çıxıb. BBC-nin verdiyi məlumata görə, tədqiqatlar göstərib ki, xüsusilə psilosibin tərkibli “sehrli göbələklər” insanların düşüncə tərzini dəyişərək nikotin asılılığından uzaqlaşmağa təsir göstərir. ABŞ-da aparılan araşdırmada psixoterapiya ilə birlikdə psilosibin qəbul edən şəxslərin siqareti tərgitmə ehtimalının, nikotin plastırından istifadə edənlərlə müqayisədə daha yüksək olduğu müəyyən edilib.
Alimlər bildirib ki, bu təsir əsasən insanların həyat prioritetlərinin dəyişməsi ilə bağlıdır. İştirakçılar qeyd edib ki, psixodelik təcrübədən sonra siqaret artıq onlar üçün əhəmiyyətini itirib. Bununla belə, mütəxəssislər nəticələrin hələ ilkin olduğunu vurğulayıb və daha geniş araşdırmalara ehtiyac olduğunu bildirib. Psilosibinin depressiya və bəzi psixi pozğunluqların müalicəsində effektivliyi öyrənilir.
Qeyd olunub ki, psixodelik maddələrin istifadəsi bir çox ölkədə qadağandır və yalnız elmi nəzarət altında tətbiq edilir.

Papilloma virusu işiqla məhv ediləcək - Səhiyyə sahəsində daha bir yenilik


Meksikalı alimlər insan papilloma virusunun (HPV) müalicəsi ilə bağlı yeni metod təqdim edib. Bu yanaşma yalnız profilaktikaya deyil, artıq virusa yoluxmuş pasiyentlərin müalicəsinə yönəlib və tibb sahəsində mühüm yenilik kimi qiymətləndirilir.
Yeni metod fotodinamik terapiyaya əsaslanır. Bu zaman orqanizmə xüsusi fotohəssas maddə – fotosensibilizator, yəni işığa qarşı həssaslığı artıran, təbii və ya süni yolla sintez edilmiş maddə yeridilir və o, yalnız yoluxmuş hüceyrələrdə toplanır. Daha sonra həmin hüceyrələr müəyyən dalğa uzunluğuna malik lazer şüası ilə təsirləndirilir. Nəticədə aktiv oksigen yaranır və virusla zədələnmiş hüceyrələr məhv edilir, sağlam toxumalar isə qorunur.
Klinik sınaqların ilkin nəticələrinə görə, prosedurdan sonra bəzi pasiyentlərdə virus artıq analizlərdə aşkar edilməyib. Mütəxəssislər bildirir ki, bu texnologiya təsdiqlənərsə, HPV ilə mübarizədə yeni mərhələnin başlanğıcı və gələcəkdə daha geniş tətbiq oluna bilər.

Uşaqlarda diqqət pozuntusu riskini süni intellekt aşkarlayacaq


Süni intellektə əsaslanan yeni alət uşaqlarda diqqət çatışmazlığı və hiperaktivlik sindromunu (DÇHS) rəsmi diaqnozdan əvvəl proqnozlaşdırmağa imkan verir. ABŞ-da aparılan araşdırmaya görə, sistem uşaqların elektron tibbi qeydlərini analiz edərək erkən mərhələdə risk əlamətlərini müəyyənləşdirir.
Tədqiqatçılar 140 mindən çox uşağın məlumatlarını təhlil edərək, modelə doğumdan erkən uşaqlıq dövrünə qədər olan göstəriciləri “öyrədib”. Nəticədə süni intellekt davranış, inkişaf və klinik faktorların kombinasiyasını tanıyaraq gələcəkdə diqqət çatışmazlığı və hiperaktivlik sindromunu diaqnozu qoyula biləcək uşaqları yüksək dəqiqliklə müəyyən edib.
Mütəxəssislər bildirib ki, erkən aşkarlama uşaqların vaxtında dəstək almasına, təhsil və sosial nəticələrin yaxşılaşmasına şərait yaradır. Bununla belə, alimlər vurğulayıb ki, bu texnologiya həkimləri əvəz etmir, yalnız onların işini asanlaşdıraraq risk qrupunda olan uşaqları daha tez müəyyən etməyə kömək edir.

 

Laboratoriyada insan böyrəyi yaradıldı - 60 saat fasiləsiz işləyir

Çinli alimlər laboratoriya şəraitində tam funksional insan böyrəyi hazırladıqlarını açıqlayıb. Kök hüceyrələrdən əldə edilən orqanoidlər və xüsusi hidrogel strukturlar əsasında yaradılan bu böyrək tibb sahəsində böyük maraq doğurub.
Aparılan testlər göstərib ki, süni böyrək qanın süzülməsi, elektrolit balansının tənzimlənməsi, sidik istehsalı və hormonlara cavab vermə kimi əsas funksiyaları yerinə yetirir. Mütəxəssislərin sözlərinə görə, bu göstəricilər onun təbii orqana çox yaxın işlədiyini göstərir. Bundan əlavə, laboratoriya sınaqları zamanı orqan 60 saat ərzində fasiləsiz və stabil şəkildə fəaliyyət göstərib.
Ekspertlər bildirir ki, bu yenilik gələcəkdə orqan transplantasiyası sahəsində ciddi dönüş yarada və donor çatışmazlığı probleminin həllinə kömək edə bilər.

Çox sevirsinizsə ayrılmayın - Qırıq ürək sindromu

ALİMDƏN XƏBƏRDARLIQ


Türkiyəli alim, Oytun Erbaş yarım qalan sevginin insan sağlamlığına təsiri ilə bağlı maraqlı açıqlamalar verib. O, bildirib ki, güclü emosional bağlılıq zamanı baş verən ayrılıq ciddi stress yaradır və bu, ürək fəaliyyətinə mənfi təsir göstərir. Professorun sözlərinə görə, “takotsubo sindromu” kimi tanınan vəziyyət – yəni “qırıq ürək sindromu” – nəticəsində ürək böyüyə və hətta ürək çatışmazlığı yarana bilər.
Erbaş qeyd edib ki, ayrılıq zamanı yaranan narahatlıq, davamlı düşüncə və anksiyete ürək döyüntüsünü sürətləndirir. Uzun müddət yüksək nəbz isə ürək üçün risklidir. Alim bu vəziyyəti “asılılıqdan çıxma sindromu” ilə müqayisə edərək vurğulayıb ki, insan sevdiyi şəxsdən uzaqlaşdıqda oxşar psixoloji və fiziki gərginlik yaşayır.
Mütəxəssis xüsusilə güclü sevgi dövründə ani ayrılıqlardan çəkinməyi tövsiyə edib. Onun fikrincə, emosional sabitlik qorunmadıqda bu cür hallar sağlamlıq üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.

Qocalmanı dayandırmaq mümkün olacaq

ALİMLƏR YENİ PREPARAT ÜZƏRİNDƏ İŞLƏYİR


Rusiyada alimlər qocalmanı ləngitmək məqsədilə yeni gen terapiyası preparatı üzərində çalışır. Layihə çərçivəsində hüceyrələrin qocalma prosesini başladan “RAGE” geninin bloklanması hədəflənir. Mütəxəssislərin fikrincə, bu genin aktivliyi hüceyrə səviyyəsində yaşlanmanı sürətləndirir, onun bloklanması isə əksinə, hüceyrələrin “gəncliyini” daha uzun müddət qorumağa kömək edir.
Məlumata görə, preparatın hazırlanması müasir genetik texnologiyalara əsaslanır və bu qocalma ilə mübarizədə ən perspektivli yanaşmalardan biri hesab olunur. Tədqiqatlar ölkədə həyata keçirilən “Sağlamlığın qorunması üçün yeni texnologiyalar” milli layihəsi çərçivəsində aparılır.
Alimlər hesab edir ki, belə innovativ yanaşma gələcəkdə yaşla bağlı xəstəliklərin profilaktikasında və insanların ömrün artırılmasında mühüm rol oynayır. Bununla yanaşı, layihə hələ inkişaf mərhələsindədir və klinik tətbiq üçün əlavə tədqiqatlara ehtiyac var.

Milli Onkologiya Mərkəzində PARTLAYIŞ olub



Milli Onkologiya Mərkəzinin otaqlarının birində partlayış olub.

Xəstə Mübariz Əliyev hadisə yerində ölüb.

Şüa-diaqnostika şöbəsinin həkim-radioloqu Asif Nəsirlinin həkim ağır xəsarət alıb.
O, təcili olaraq xəstəxanaya hospitalizasiya edilib.

Hadisə şöbənin birinci mərtəbəsində baş verib.
Hüquq-mühafizə orqanları ataşdırma başlayıb.

Aspirin xərçəng riskini azaldır

ALİMLƏR TƏSİR MEXANİZMİNİ AÇIQLAYIR


Ağrıkəsici kimi tanınan aspirinlə bağlı yeni araşdırmalar onun bəzi xərçəng növlərinin yaranma və yayılma riskini azaltdığını göstərir. Xüsusilə genetik olaraq yüksək risk qrupuna daxil olan şəxslərdə – məsələn, Linç sindromu daşıyıcılarında – aparılan uzunmüddətli tədqiqatlarda preparatın müntəzəm qəbulu bağırsaq xərçəngi riskini təxminən 50 faiz azaldıb.
Alimlər müəyyən ediblər ki, aspirin qan laxtalanmasını azaldaraq və iltihabi prosesləri zəiflədərək şiş hüceyrələrinin yayılmasının qarşısını da alır. Eyni zamanda, dərman immun sisteminin xərçəng hüceyrələrini tanımasını asanlaşdıran mexanizmlərə təsir göstərir.
Bununla yanaşı, mütəxəssislər xəbərdarlıq edir ki, aspirin hər kəs üçün uyğun deyil.
SİNXRON – OP. DR. CƏMİL ƏLƏKBƏROV - TORAKAL - CƏRRAH
Dərmanın uzunmüddətli istifadəsi daxili qanaxma və mədə problemləri kimi yan təsirlər yarada bilər. Buna görə də onun profilaktik məqsədlə qəbulu yalnız həkim məsləhəti ilə aparılmalıdır, deyə cərrah vurğulayıb.

Mənbə: BBC

Nadir xəstəliklər və gen terapiyası - Dünyada ilk dəfə

TİBBDƏ İNQİLABİ YENİLİKLƏR PROTOKOLLARI GERİDƏ QOYUR

Son aylarda tibb sahəsində baş verən yeniliklər müalicə və diaqnostika yanaşmalarında mühüm dönüş yaradıb. İlk dəfə olaraq nadir immunçatışmazlıqlar üçün gen terapiyası rəsmi təsdiq alıb. Bu metod xəstəliyin səbəbini gen səviyyəsində aradan qaldırmağa imkan verir və uzunmüddətli nəticələr vəd edir.
Eyni zamanda ürək ritm pozuntularının real vaxt rejimində izlənməsi üçün yeni görüntüləmə texnologiyaları tətbiq olunur. Bu üsullar aritmiyaların dəqiq yerini müəyyənləşdirərək daha hədəfli və effektiv müdaxiləyə şərait yaradır.
Mütəxəssislər qeyd edir ki, bu qədər sürətli inkişaf tibbi protokolların yenilənməsini çətinləşdirir. Lakin innovasiyalar fərdiləşdirilmiş müalicənin yaxın gələcəkdə daha geniş yayılacağını göstərir.
Mənbə: Nature Medicine, The Lancet, 2026

İş stresindən minlərlə adam vaxtından tez ölür

UZUN İŞ SAATLARI VƏ TƏZYİQ MİLYARDLARLA ZƏRƏR VURUR


Beynəlxalq Əmək Təşkilatının və BMT-nin yeni hesabatına görə, uzun iş saatları, iş yerində qeyri-sabitlik, təzyiq və psixoloji zorakılıq əsas risk faktorları kimi göstərilir.
Məlumata əsasən, bu risklər daha çox ürək-damar xəstəlikləri və psixi pozuntularla əlaqələndirilir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə isə depressiya və təşviş pozuntuları hər il təxminən 12 milyard iş gününün itirilməsinə səbəb olur.
Araşdırmada qeyd olunur ki, işlə bağlı stress və qeyri-sağlam mühit dünya üzrə hər il 45 milyon il sağlam həyat itkisi yaradır və qlobal ÜDM-in təxminən 1,37 faizi bu səbəbdən itirilir. Avropada isə bu göstərici 1,43 faiz təşkil edir.
Ekspertlər bildirir ki, həftədə 55 saatdan çox işləmək insult riskini 35 faiz, ürəyin işemik xəstəliklərindən ölüm riskini isə 17 faiz artırır. Qlobal miqyasda isə işçilərin 35 faizi həftədə 48 saatdan artıq çalışır.
Hesabatda həmçinin qeyd edilir ki, iş yerində zorakılıq və təqib halları geniş yayılıb. Dünyada çalışan insanların 23 faizi həyatında ən azı bir dəfə belə hallarla qarşılaşıb.

Mənbə: Beynəlxalq Əmək Təşkilatı, 2026

Yeni xərçəng əleyhinə dərman - Qazaxıstan istehsal edəcək

DVC PREPARATI KLİNİK MƏRHƏLƏYƏ ÇATIB

Qazaxıstanda yerli istehsal olan DVC adlı xərçəng əleyhinə preparatın klinik sınaqları davam edir. Bu barədə ölkənin elm və ali təhsil naziri Səyasət Nurbek hökumət iclasında məlumat verib. Onun sözlərinə görə, dərman artıq insanlar üzərində sınaq mərhələsinə keçib və hazırda Astana Onkoloji Mərkəzində, eləcə də regionlardakı ixtisaslaşmış klinikalarda test edilir.
Nazir bildirib ki, preparatın qeydiyyatı üçün yalnız milli deyil, beynəlxalq standartların tələbləri də yerinə yetirilməlidir. Bu səbəbdən əlavə klinik sınaqlara ehtiyac yaranıb. Planlara əsasən, tədqiqatlar 2026-cı ilin sonuna qədər tamamlanacaq və dərman ilkin olaraq ölkə daxilində qeydiyyatdan keçiriləcək.
Qeyd edək ki, preparatın hazırlanması 2024-cü ildən davam edir. İlkin məlumatlara görə, dərman şiş və metastazlara birbaşa təsir göstərir və xəstələr tərəfindən ümumilikdə yan təsirsiz qəbul olunur.
Mənbə: Tengrinews.kz

Ən təhlükəli xəstəliklər - Qrip birinci yerdədir

XRONİKİ XƏSTƏLİKLƏR ÖLÜM RİSKİNİ ARTIRIR


Yaxın beş il üçün ən yüksək ölüm göstəricisinə səbəb olacaq xəstəliklər açıqlanıb. Rusiya Elmlər Akademiyasının akademiki, epidemioloq Gennadi Onişenko bildirib ki, əsas risk qruplarına ürək-damar, onkoloji və endokrin xəstəliklər daxildir. Onun sözlərinə görə, bu üç istiqamət uzun illərdir ölüm statistikasında lider mövqeyini qoruyur.
Mütəxəssis qeyd edib ki, infeksion xəstəliklər arasında isə qrip ön sırada qalır. Xüsusilə A və B ştammlarının davamlı dəyişməsi virusun təhlükəsini artırır. Qrip infeksiyası xroniki xəstəlikləri, xüsusilə ürək-damar problemlərini kəskinləşdirərək ağırlaşmalara səbəb ola bilər.
Onişenkonun sözlərinə görə, son 20 ildə yüksək ölüm riski yaradan xəstəliklərin siyahısı demək olar dəyişməyib. COVID-19 pandemiyası dövründə tətbiq edilən məhdudiyyətlər qripin yayılmasını qismən azaltsa da, bu virus hələ də ciddi təhlükə olaraq qalır.
Ekspert əlavə edib ki, yeni infeksiyalar arasında meymunçiçəyi də insan populyasiyasında yayılmaqdadır. Bununla yanaşı, xolera pandemiyasının hələ də tam başa çatmadığı vurğulanır.
Mənbə: TASS

"Xanımlar narkotiklə müalicə olunur" - Qərdə qalmaqal

AMERİKALI REJİSSORUN “WEED” SƏNƏDLİ FILMİ


Son illərdə qadınlar arasında tibbi məqsədlə marixuana istifadəsinin artması diqqət çəkib.

Yeni “Weed” sənədli filmində qeyd olunur ki, ənənəvi tibbi müalicə üsullarından nəticə ala bilməyən bir çox qadın çıxış yolunu məhz marixuanada görür.

Xərçəng müalicəsinin yan təsirləri, endometrioz, menopauza və xroniki ağrılar kimi problemlərlə üzləşən qadınlar bu vasitənin simptomları yüngülləşdirdiyini bildirib.
Mütəxəssislər hesab edir ki, bu tendensiya qadın sağlamlığı problemlərinin uzun illər yetərincə araşdırılmaması ilə bağlıdır.

Klinik tədqiqatlarda qadınların az təmsil olunması müalicə boşluqları yaradıb.

Bu səbəbdən bir çoxu alternativ yollar axtarmağa başlayıb.
Araşdırmalar göstərir ki, xüsusilə orta və yaşlı qadınlar arasında marixuana istifadəsi artır.

Bununla yanaşı, alimlər onun tibbi potensialını araşdırmağa davam edir.

Bununla belə, ekspertlər marixuananın universal müalicə olmadığını, istifadənin həkim nəzarəti ilə aparılmasının vacibliyini vurğulayır.

 

Sarımsaq və yod - Oynaq ağrılarına təbii məlhəm

MÜTƏXƏSSİSLƏR “XALQ RESEPTİ”NƏ QARŞI EHTİYATLI OLMAĞI TÖVSİYƏ EDİR


SARIMSAQ VƏ YOD QARIŞIĞI İDDİALARI ELMİ TƏSDİQ TAPMIR
Son günlər sosial şəbəkələrdə “sarımsaq və yod qarışığı”nın oynaq ağrılarına qarşı təsirli vasitə olduğu iddiaları geniş yayılıb.

Paylaşımlarda bildirilir ki, üç diş sarımsaq üzərinə yod əlavə edilərək iki həftə qaranlıq mühitdə saxlanılır və alınan məhlul oynaqlara tətbiq edildikdə ağrıları azaldır.

Bəzi istifadəçilər bu üsulu “nənələrin resepti” kimi təqdim edərək xüsusilə diz ağrılarında sürətli nəticə verdiyini iddia edir.
Lakin mütəxəssislər qeyd edir ki, bu cür qarışıqların effektivliyini təsdiqləyən elmi sübutl mövcud deyil.

Dermatoloqlar və revmatoloqlar xəbərdarlıq edir ki, yodun dəriyə nəzarətsiz tətbiqi qıcıqlanma, yanıq və allergik reaksiyalar yarada bilər.

Eyni zamanda, oynaq ağrılarının səbəbləri müxtəlif olduğundan, standart və təsdiqlənmiş tibbi müalicə üsulları daha etibarlı hesab olunur.
Mütəxəssislər vurğulayır ki, sosial şəbəkələrdə yayılan bu tip “möcüzəvi reseptlər”ə tənqidi yanaşmaq və özbaşına müalicədən çəkinmək vacibdir.

Oynaq ağrısı hallarında ilkin diaqnostika və uyğun müalicə üçün həkimə müraciət edilməsi tövsiyə olunur.
Mənbə: Medical News Today

Yeni cihaz xatirələrimizi toplayacaq

UNUTMAQ TARİXƏ QOVUŞUR


“Looki” adlı yeni nəsil geyilə bilən texnologiya istifadəçilərə gündəlik həyatın anlarını əlavə səy göstərmədən yadda saxlamağa imkan verir. Bu cihaz adi diktofon və ya kamera deyil. O, istifadəçi ilə 24/7 “yaşayan” süni intellekt assistentidir. Gün ərzində baş verən hadisələri avtomatik qeydə alan ooki, istifadəçinin diqqətindən qaçan detalları belə yadda saxlayır və lazım olduqda geri qaytarır.
Texnologiya xüsusilə “sıfır montaj” prinsipi ilə seçilir. Çəkilən görüntülər əsasında süni intellekt avtomatik olaraq vloginq formatında videolar hazırlayır. Bu isə istifadəçilərə əlavə vaxt sərf etmədən gündəlik həyatlarını paylaşmaq imkanı yaradır.
Bundan əlavə, Looki yaddaş köməkçisi kimi də təqdim edilir. İstifadəçi itirdiyi əşyaları tapmaq və ya gün ərzində baş verən hadisələri xatırlamaq üçün cihaza sorğu verə bilər. Bu xüsusiyyət onu “xarici yaddaş” kimi təqdim edir.

 

Qəhvə, su, yoxsa süd içmək daha yaxşıdır?

ENDOKRİNOLOQ MİFLƏR HAQQINDA DANIŞIB

Qəhvə, su, yoxsa süd içmək daha yaxşıdır? Bu haqda Rusiyalı həkim-endokrinoloq Maksim Kuznetsov danışıb.
Onun sözlərinə görə, isti suya limon əlavə etmək maddələr mübadiləsini sürətləndirmir və susuzluğu da aradan qaldırmır. Bu sadəcə isti su və limondur. Soyuq içkilər angina yaratmır — anginanın səbəbi bakteriya və viruslardır. Hətta soyuq su bəzən angina zamanı ağrını azaltmaq üçün istifadə olunur. İçdiyiniz bütün su qısa zamanda qana sorulur. Özünüzü məcbur edib konkret miqdarda su içməyə ehtiyac yoxdur. Susadınızsa, için, susamadınızsa, içməyin. Çay, qəhvə, şorba və digər qidalardakı maye də su balansına daxildir.
Bundan əlavə, sızanaqların südlə birbaşa əlaqəsi yoxdur — bu ayrıca dəri xəstəliyidir. Əgər laktoza dözümsüzlüyünüz yoxdursa, süddən imtina etməyə ehtiyac yoxdur. Süd sizi kökəltmir, kökəlmə yalnız artıq kalori ilə bağlıdır. Bitki mənşəli süd çox vaxt adi süddən daha kalorili olur.
Həmçinin, endokrinoloq bildirib ki qəhvə qaraciyər xərçəngi, Alzheimer və şəkərli diabet riskini azaldır. O, nə bədəndən kalsiumu “çıxarır”, nə də orqanizmi susuzlaşdırır — bunun elmi sübutu yoxdur. Ümumilikdə, qəhvədən asılılıq barədə dəqiq bioloji sübut da yoxdur, deyə həkim bldirib.

 

Bakıda XXI əsrin Genomik Tibbinə hərs edilmiş konfrans keçirilib

“REPRODUKTİV SAĞLAMLIQDAN NEYROGENETİKAYA”

Qadın və reproduktiv sağlamlıq sahəsində müasir yanaşmaların müzakirəsi, genomik tibbin imkanlarının genişləndirilməsi və innovativ elmi nəticələrin praktikaya tətbiqi məqsədilə “XXI Əsrin Genomik Tibbi: Reproduktiv Sağlamlıqdan Neyrogenetikaya” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Tədbir çərçivəsində genomika sahəsində son nailiyyətlər, reproduktiv tibbdə genetik faktorların rolu, prenatal diaqnostika, neyrogenetika və fərdiləşdirilmiş müalicə yanaşmaları üzrə aktual mövzular yerli və beynəlxalq mütəxəssislərin iştirakı ilə müzakirə olunacaqdır. Konfrans, həmçinin tibb mütəxəssisləri arasında təcrübə mübadiləsi və yeni əməkdaşlıq imkanlarının yaradılması üçün mühüm platforma rolunu oynayacaqdır.

T.F.D., uzman cərrah-onkoloq Dr. Ceyhun İsayev konfransda məruzəçi qismində çıxış edib.

VİDEO - “REPRODUKTİV SAĞLAMLIQDAN NEYROGENETİKAYA”

 Bu elmi tədbir həkimlərin bilik və bacarıqlarının inkişafına, müasir tibbi texnologiyaların tətbiqinə və nəticə etibarilə pasiyentlərə göstərilən xidmət keyfiyyətinin daha da yüksəldilməsinə töhfə verməyi hədəfləyir.

 

Dikdaban geyinənlərə xəbərdarlıq

PROFESSOR AÇIQLAYIR


Günboyu dikdaban geyən xanımların ayaqlarında ağırlıq, şişkinlik və yorğunluq yaranır.

Bir müddət sonra, bu problemlər əməliyyata səbəb olan xəstəliklər yaradır. Mövzu ilə bağlı PROFESSOR, CƏRRAH-FLEBOLOQ DR. VÜQAR FƏTTAH-PUR STV Xəbərə danışıb.

Professor bildirib ki, dikdaban ayaqqabılar geyməyii tövsiyə etmir. Çünki daimi hündür dabanlı ayaqqabı geyinən pasiyentlərdə damar genişliyi müşahidə edilir. 
Fəttah-Pur 3 santimetrdən yüksək olan dikdabanların sağlamlığa ziyan olduğunu bildirib. 

VİDEO - PROF. Vüqar Fəttahpur


Mütəxəssis vurğulayıb ki, geyimdə əsas meyar estetikadan əvvəl rahatlıq olmalıdır; uzun müddət dikdaban ayaqqabı geyinmək damar və oynaq problemlərini artırır.

İnsan dəbli yox, sağlam olmalıdır, deyə həkim fikrini tamamlayıb.

Dondurma ürəyə xeyirdir

ALİMLƏRDƏN YENİ İDDİA


Dondurma və digər yağlı süd məhsullarının sağlamlığa təsiri ilə bağlı yeni araşdırmalar maraqlı nəticələr ortaya qoyub. Mütəxəssislərin sözlərinə görə, bəzi tədqiqatlar göstərib ki, tam yağlı süd məhsulları, o cümlədən nadir hallarda istehlak edilən dondurma, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski ilə gözlənildiyindən daha az əlaqəlidir.
Alimlər hesab edirlər ki, bu təsir məhsulların tərkibində olan təbii yağlar, kalsium və bioaktiv maddələrlə bağlıdır. Bu komponentlər bəzi hallarda xolesterin səviyyəsinin daha balanslı qalmasına və orqanizmin insulinə reaksiyasının yaxşılaşmasına kömək edir.
Lakin bu o demək deyil ki, çox sayda dondurma yemək təhlükəsizdir.
Əsas məsələ balanslı qidalanma və ölçülü istehlakdır. Dondurma kimi şirniyyatlar yalnız nadir hallarda və sağlam rasionun bir hissəsi kimi qəbul edilməlidir.
Həkimlər qeyd edib ki, sağlam həyat tərzi sərt qadağalar üzərində deyil, düzgün seçimlər və davamlı balans üzərində qurulmalıdır.

Mənbələr: National Library of Medicine, Harvard Health Publishing, The Nutrition Source

 

5 saat sonra dirilən xəstə

HƏKİMLƏR XƏSTƏNİ XİLAS ETDİ


Yakutiyanın Mirnıy şəhərində həkimlər klinik ölüm vəziyyətində olan pasiyenti uzunmüddətli reanimasiya tədbirləri nəticəsində həyata qaytarıb. Hadisə güclü soyuqlar zamanı baş verib.
Məlumata görə, yerli sakin gecə saatlarında evə qayıdarkən halsızlaşıb və skamyada yuxuya gedib. Bir müddət sonra onun vəziyyətini görənlər təcili tibbi yardım çağırıb. Hadisə yerinə çatan həkimlər pasiyentdə klinik ölümün baş verdiyini müəyyən edib. Reanimasiya briqadası dərhal müdaxiləyə başlayıb. Həkimlərin tətbiq etdiyi xüsusi hipotermiya və “tədricən isinmə” metodu sayəsində pasiyentin bədən temperaturu mərhələli şəkildə yüksəldilib. Bir neçə saatlıq intensiv reanimasiya tədbirlərindən sonra ürəkdə yenidən elektrik aktivliyi müşahidə olunub və ürək ritmi bərpa edilib. Daha sonra defibrilyasiya və əlavə müdaxilələrlə ürək fəaliyyəti tam bərpa olunub.
Həkimlərin sözlərinə görə, pasiyent təxminən 5 saat klinik ölüm vəziyyətində qalıb. Buna baxmayaraq, uğurlu reanimasiya nəticəsində o, bir gün sonra süni komadan çıxarılıb və həyati funksiyaları bərpa olunub.

Mənbə: rg.ru

Rəqs depressiyanı azaldır

YENİ ARAŞDIRMA


Son araşdırmalar rəqsin psixoloji sağlamlığa müsbət təsirini bir daha təsdiqləyir. 2024-cü ildə nüfuzlu “British Medical Journal”da dərc olunan geniş meta-analiz göstərib ki, fiziki aktivlik, xüsusilə rəqs, depressiya simptomlarının azalmasına kömək edir.
Mütəxəssislər bildirib ki, rəqsin təsiri onun çoxşaxəli olmasından qaynaqlanır. Bu fəaliyyət həm fiziki hərəkəti, həm diqqəti, koordinasiyanı, ritmi və emosiyaları birləşdirir. Eyni zamanda sosial ünsiyyət imkanı yaradır ki, bu da insanın özünü təcrid olunmuş hiss etməsinin qarşısını alır.
Bununla belə, həkimlər vurğulayıb ki, rəqs dərman müalicəsinin alternativi kimi qəbul edilməməlidir. Araşdırmalar fiziki aktivliyin ümumilikdə faydalı olduğunu göstərsə də, hər bir pasiyent üçün yanaşma fərdi olmalıdır. Antidepressantlar, psixoterapiya və fiziki aktivlik bir-birini tamamlayan vasitələrdir.

 

Z nəslinin süni intellektə inamı azalır

YENİ ARAŞDIRMA ŞOK NƏTİCƏLƏRİ AÇIQLADI


ABŞ-da fəaliyyət göstərən Gallup şirkətinin apardığı son sorğu gənclərin süni intellektə münasibətində nəzərəçarpacaq dəyişiklik olduğunu göstərir. Business Insider nəşrinin yaydığı məlumata görə, 14–29 yaş arası təxminən 1600 nəfərin iştirak etdiyi tədqiqatda texnologiyaya olan müsbət münasibətin azaldığı müəyyən edilib.
Araşdırmaya əsasən, süni intellektə qarşı yüksək həvəs göstərənlərin payı son bir ildə 36 faizdən 22 faizə enib. Ümid hissi ifadə edənlərin göstəricisi isə 18 faizə qədər azalıb. Eyni zamanda, mənfi reaksiyalar artıb: respondentlərin 31 faizi texnologiyaya qarşı qıcıq hiss etdiyini bildirib, narahatlıq səviyyəsi isə təxminən 40 faiz olaraq qalır.
Bununla belə, sorğu iştirakçılarının yarısı bu alətlərdən həftədə ən azı bir dəfə istifadə etdiyini qeyd edib.
Mütəxəssislər hesab edir ki, bu tendensiya texnologiyaya münasibətdə daha realist və ehtiyatlı yanaşmanın formalaşdığını göstərir.
Mənbə: Business Insider

Barmaq kəsiklərini evdə müalicə etmək təhlükəlidir - VİDEO

TRAVMATOLOQ XƏBƏRDARLIQ EDİR


Mətbəxdə və ya gündəlik həyatda baş verən barmaq kəsikləri çox vaxt yüngül görünsə də, bəzi hallarda ciddi fəsadlara səbəb olur.

Kiçik yaralarda sadə müdaxilə daha dərin sinir və vətərlərin zədələnməsi ilə nəticələnə bilər.

Hansı hallarda yaraya sadəcə yapışqan tətbiq etmək olar, hansı vəziyyətlərdə isə mütləq həkimə müraciət edilməlidir.

Bu haqda TRAVMATOLOQ DR. İLQAR AĞABƏYOV STV Xəbərə danışıb.  VİDEO

Sonda Dr. İlqar Ağabəyov vurğulayıb ki, barmaq kəsiklərini kiçik hesab edib laqeyd yanaşmaq düzgün deyil. Erkən müdaxilə mümkün fəsadların qarşısını almaqda əsas rol oynayır, deyə həkim bildirib.

Subcategories