Üzünü qırxanlarda daha çox bakteriya aşkarlanıb


Kişi saqqalının gigiyenik olub-olmaması uzun illərdir müzakirə olunur. Alimlərin araşdırmaları göstərir ki, saqqalda çoxlu sayda bakteriya və digər mikroorqanizmlər yaşasa da, bu, onun avtomatik olaraq sağlamlıq üçün təhlükəli olması demək deyil. Mütəxəssislərin sözlərinə görə, insan dərisinin özü də trilyonlarla bakteriya, virus və göbələyin yaşadığı təbii mikrobioma malikdir və saqqal da bu mühitin bir hissəsidir.
Xəstəxana əməkdaşları arasında aparılan müxtəlif tədqiqatlar ziddiyyətli nəticələr göstərib. Bəzi araşdırmalarda saqqallı kişilərdə bakteriyaların daha çox olduğu bildirilsə də, digər tədqiqatlarda saqqallı və təmiz qırxılmış şəxslər arasında ciddi fərq aşkarlanmayıb. Hətta bəzi hallarda üzü qırxılmış şəxslərdə xəstəxanadaxili infeksiyalara səbəb olan qızılı stafilokok bakteriyası daha çox müşahidə edilib. Alimlər bunu ülgüclə qırxılma zamanı yaranan xırda dəri zədələri ilə əlaqələndirir.
Dermatoloqlar bildirirlər ki, əsas məsələ saqqalın olub-olmaması deyil, ona düzgün qulluq edilməsidir. Saqqalın hər gün yuyulması, xüsusilə idmandan və ya yağlı qida qəbulundan sonra təmizlənməsi, həmçinin xüsusi qulluq vasitələrindən istifadə edilməsi mikrobların çoxalmasının qarşısını almağa kömək edir. Mütəxəssislər gün ərzində saqqala tez-tez əl vurmağın da gigiyena baxımından arzuolunmaz olduğunu vurğulayırlar.

 

Saglamolun.Az