DÜNYA VƏ AZƏRBAYCAN SƏHİYYƏSİ BU HƏFTƏ
DÜNYA
1. MƏDƏALTI VƏZİ XƏRÇƏNGİNƏ QARŞI YENİ HƏB
Mədəaltı vəzi xərçənginin müalicəsində daraxonrasib adlı gündəlik qəbul edilən preparat ümidverici nəticələr göstərib. İlkin klinik tədqiqatda 61 pasiyentin demək olar ki, 90 faizində şişin böyüməsi dayanıb, 60 faizdən çoxunda isə şişlər kiçilib və ya yox olub; təxminən hər 12 xəstədən birində xərçəng görüntüləmədə görünməyib. Nəticələr böyük ümid yaratsa da, preparat hələ müalicəvi zəmanət verən dərman hesab edilmir.
20 noyabr
Mənbə: Daily Summary
2. SÜNİ İNTELLEKT DÖŞ XƏRÇƏNGİNİN AŞKARLANMASINDA SINAQ EDİLİR
Böyük Britaniyada süd vəzi xərçənginin erkən aşkarlanması üçün dünyanın ən geniş süni intellekt əsaslı skrininq tədqiqatlarından biri başlanıb. Təxminən 700 min qadının cəlb olunacağı EDITH layihəsində süni intellekt mammoqrafiya görüntülərini qiymətləndirən iki mütəxəssisdən birini əvəz edəcək. Məqsəd xərçəngin daha erkən aşkarlanması və radioloqların iş yükünün azaldılmasıdır.
23 noyabr
Mənbə: Daily Summary
3. DÖŞ XƏRÇƏNGİNƏ QARŞI 20 İLDƏN SONRA YENİ HORMONAL MÜALİCƏ
ABŞ Qida və Dərman Administrasiyası erkən mərhələli, estrogen reseptor-müsbət döş xərçənginin müalicəsi üçün giredestrant preparatını təsdiqləyib. Gündə bir dəfə qəbul edilən bu dərman 20 ildən artıq müddətdə həmin xəstə qrupu üçün təsdiqlənən ilk yeni hormonal müalicə yanaşmasıdır. Klinik sınaqda xəstəliyin invaziv təkrarlanması və ya ölüm riskinin standart hormonal müalicə ilə müqayisədə 30 faiz azaldığı bildirilib.
23 noyabr
Mənbə: FDA
4. MALYARİYAYA QARŞI YENİ PEYVƏND 87 FAİZ EFFEKTİVLİK GÖSTƏRİB
Genetik modifikasiya edilmiş malyariya peyvəndi PfSPZ-LARC2 ilkin klinik sınaqda 87 faiz effektivlik nümayiş etdirib. Nəzarətli yoluxma sınağında peyvənd olunan 15 nəfərdən yalnız ikisində infeksiya qeydə alınıb, plasebo qəbul edən yeddi iştirakçının hamısı isə yoluxub. Bu nəticə ümidvericidir, lakin peyvəndin geniş əhali qruplarında effektivliyi hələ araşdırılmalıdır.
20 noyabr
Mənbə: Daily Summary Of
AZƏRBAYCAN TİBBİNDƏN XƏBƏRLƏR
5. ŞƏKƏR DİABETİ OLANLAR ÜÇÜN YENİ TİBBİ İMKANLAR
Azərbaycanda şəkərli diabet xəstələrinin dərman və tibbi vasitələrlə təminatı qaydalarına dəyişiklik edilib. Yeni qərara əsasən, insulin təminatı fərdi ehtiyaclara uyğunlaşdırılır, müasir şəkərsalıcı preparatların əhatə dairəsi genişləndirilir, uşaqlar üçün tibbi göstərişlərə əsasən davamlı qlükoza monitorları və insulin pompalarının təminatı nəzərdə tutulur. Qlükometrlərin verilməsi və cərrah konsultasiyasının illik tibbi xidmətlər siyahısına daxil edilməsi də yeniliklər arasındadır.
24 noyabr
Mənbə: Ombudsman.az
6. AZƏRBAYCANLI ALİMLƏRİN İXTİRASINA BEYNƏLXALQ PATENT
Azərbaycan Tibb Universitetinin professoru Novruz Hacıyev və həmkarlarının mədə və onikibarmaq bağırsaq xorası ilə əlaqəli qanaxmanın təkrarlanma riskini erkən proqnozlaşdıran metoduna Avrasiya Patent Təşkilatı tərəfindən patent verilib. Yeni metod qanaxma dayandırıldıqdan sonra onun təkrarlanma ehtimalını əvvəlcədən qiymətləndirməyə, müalicə taktikasını vaxtında seçməyə və zəruri hallarda profilaktik əməliyyat aparmağa imkan yarada bilər.
24 noyabr
Mənbə: Report.az
Günel İbadova
saglamolun.az
Saglamolun.Az



















