“Science” jurnalında dərc olunan yeni araşdırma göstərib ki, uzaqdan işləyən əməkdaşlar ənənəvi iş yerlərində çalışanlarla müqayisədə psixoloq və digər psixi sağlamlıq mütəxəssislərinə daha çox müraciət edir. Tədqiqatın nəticələrinə görə, evdən işləmək insanların daha çox tənhalıq hissi aşılayır, narahatlıq və depressiya əlamətlərinin artmasına səbəb olur.
Araşdırma 2011–2024-cü illər ərzində ABŞ-da 588 mindən çox işçinin məlumatları əsasında aparılıb. Alimlər müəyyən edib ki, pandemiyadan sonra uzaqdan işləməyə keçən şəxslər gün ərzində daha çox vaxt tək olur, onların psixoloji vəziyyəti pisləşir və psixi sağlamlıq xidmətlərindən istifadə halları artır.
Tədqiqat müəllifləri bildirib ki, işçilərin əksəriyyəti uzaqdan işləməyə üstünlük versə də, bu model sosial əlaqələrin azalmasına gətirib çıxarır. Mütəxəssislər hesab edir ki, insanlarla gündəlik ünsiyyət psixi sağlamlığın qorunması üçün vacibdir.
Ekspertlər uzaqdan işləyən şəxslərə sosial aktivliklərini artırmağı, dostlar və həmkarlarla daha çox ünsiyyət qurmağı tövsiyə edir.
Saglamolun.Az



















