TƏCAVÜZƏ QARŞI QADINLARI QORUYAN PREZERVATİV HAZIRLANIB

 

Cənubi Afrikadan olan həkim potensial təcavüzkarları çəkindirmək məqsədilə "dişli" qadın prezervativi hazırlayıb. Bu "tələ"yə düşən cinayətkar ağrılardan yalnız həkim müdaxiləsi ilə xilas ola bilər.

Cənubi Afrikalı həkim Sonnet Ehlers təxminən 40 il ərzində zorakılardan qoruyan xüsusi prezervativ hazırlamaq ideyası üzərində çalışıb. O, 20 yaşında tibb sahəsində araşdırma apararkən təcavüz qurbanı olmuş bir qadınla qarşılaşıb. Həkimin sözlərinə görə, qadın "nəfəs alan meyitə" bənzəyirdi. Bu barədə Daily Mail məlumat yayıb.

CNN-ə müsahibəsində Ehlers həmin qadınla söhbətini xatırlayaraq deyib: "Kaş ki, orada dişlərim olaydı."? deyə təcavüz edilən qadın nalə çəkib.

Həkim bildirib ki, məhz bu sözlər ona ilham verib:

"Mən ona söz verdim ki, bir gün onun kimi insanlara kömək edəcək nəsə hazırlayacağam."

Həkimin hazırladığı Rape-Axe adlı qurğu qadın prezervatividir. Onun daxili hissəsində dişə bənzər xüsusi qarmaqlar yerləşdirilib. Cinsi zorakılıq zamanı bu qarmaqlar kişinin cinsiyyət üzvünə keçirilərək onu sıx şəkildə tutur.

Həkimin sözlərinə görə, qurğu taxıldıqdan sonra kişi güclü ağrı hiss edir, normal hərəkət etməkdə və sidiyə çıxmaqda çətinlik yaşayır. Qurğunu özü çıxarmağa cəhd etdikdə isə qarmaqlar daha da sıxılır. Bununla belə, qurğu dərini cırmır və bədən mayeləri ilə təmas riski yaratmır.

Saglamolun.Az