Yuxunuz şiriin, könlünüz fərah olacaq!

Yatmazdan əvvəl cəmi 10 dəqiqə ərzində üzə kosmetik vasitələrlə yüngül masaj etmək həm yuxu keyfiyyətini artıra, həm də narahatlıq hissini azalda bilər. Bu nəticə **Scientific Reports** jurnalında dərc olunan yeni araşdırmada əldə edilib. 

Tədqiqat Fransanın **Chanel Parfums Beauté** şirkəti və elmi-tədqiqat müəssisələrinin əməkdaşlığı ilə aparılıb. Araşdırmaya 25-45 yaş arasında, yuxu problemlərindən əziyyət çəkən sağlam qadınlar cəlb olunub. İştirakçılar əvvəlcə bir həftə müşahidə edilib, daha sonra isə 4 həftə ərzində hər axşam yatmazdan əvvəl təxminən 10 dəqiqə davam edən dəriyə qulluq və özünə üz masajı ritualını yerinə yetiriblər. Masaj zamanı vanil və yüngül çiçək notları olan bədən kremi və üz serumu istifadə olunub. 

Nəticələr göstərib ki, bu ritualı tətbiq edən qadınlar daha tez yuxuya getdiklərini, yuxularının keyfiyyətinin yüksəldiyini, özlərini gün ərzində daha enerjili hiss etdiklərini və narahatlıq səviyyəsinin azaldığını bildiriblər. Bundan əlavə, onların psixi sağlamlıq və həyat enerjisini qiymətləndirən göstəricilərdə də müsbət dəyişikliklər qeydə alınıb. Ağıllı üzük vasitəsilə toplanan məlumatlar isə istirahət günlərində ümumi və dərin yuxu müddətinin artdığını göstərib.

Alimlər qeyd edirlər ki, bu nəticələr ümidverici olsa da, müsbət təsirin məhz masajdan, kosmetik vasitələrin tərkibindən, yoxsa hər ikisinin birlikdə təsirindən qaynaqlandığını dəqiqləşdirmək üçün daha genişmiqyaslı və randomizə olunmuş tədqiqatlara ehtiyac var.


Mənbə: News-Medical.net

 

Saglamolun.Az