Yay mövsümündə bazarlarda qarpız və yemiş bolluğu müşahidə olunur. Lakin mütəxəssislər bu məhsulların seçimində və istehlakında tələsməməyi tövsiyə edirlər. Daxili xəstəliklər uzmanı, terapevt Uzm. Dr. Əfsanə Bayramova bildirib ki, qarpız və yemişi onların təbii yetişmə dövründə istehlak etmək daha məqsədəuyğundur.
Həkimin sözlərinə görə, meyvə alarkən qabığında çat, əzik və ya çürük izlərinin olmamasına diqqət yetirilməlidir. Açıq havada kəsilmiş şəkildə satılan qarpız və yemişlər isə gigiyenik baxımdan risk daşıdığından onların alınması məsləhət görülmür.
Mütəxəssis qeyd edib ki, istifadə etməzdən əvvəl meyvələr axar su altında yaxşı yuyulmalı, doğrandıqdan sonra isə uzun müddət otaq temperaturunda saxlanılmamalıdır. Bu qaydalara əməl etmək qida mənşəli infeksiyaların qarşısının alınmasına kömək edir.
Uzm. Dr. Əfsanə Bayramova vurğulayıb ki, mövsümündə yetişən qarpız və yemiş həm daha təhlükəsiz, həm də qida dəyəri baxımından daha faydalıdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi də yay mövsümündə bu məhsulların seçilməsi, yuyulması və saxlanılması zamanı gigiyena qaydalarına ciddi riayət olunmasını tövsiyə edir.
VİDEO - İZLƏ
Saglamolun.Az



















