ELMİ PROQNOZ

Arıqlamaq üçün istifadə olunan bəzi məşhur dərmanların gələcəkdə narkotik asılılığının müalicəsində də rol oynaya biləcəyi ehtimal edilir. Son tədqiqatlar göstərir ki, GLP-1 qrupuna aid preparatlar – Ozempic, Wegovy, Mounjaro və Zepbound – yalnız çəki azaltmaqla kifayətlənmir, həm də beyin sisteminə təsir edərək müxtəlif asılılıqlara qarşı potensial fayda verir. Əslində bu dərmanlar diabet və piylənmənin müalicəsi üçün hazırlanıb və iştahı azaldaraq, həzm və insulin proseslərinə təsir göstərir. Alimlər hesab edir ki, eyni mexanizm insanlarda alkoqol və digər psixoaktiv maddələrə olan istəyi də azalda bilər.
ABŞ Veteranlar İdarəsinin məlumat bazası əsasında aparılan geniş araşdırmada 2-ci tip diabeti olan 600 mindən çox insanın tibbi məlumatları təhlil edilib. Nəticələr göstərib ki, GLP-1 preparatları qəbul edənlərdə alkoqol, nikotin, opioid və digər maddələrə bağlı pozuntuların yaranma riski daha az olub. Hətta mövcud asılılığı olan şəxslərdə narkotiklə əlaqəli ölüm hallarında təxminən 50 faiz azalma müşahidə edilib.
Bununla belə, mütəxəssislər bildirib ki, bu nəticələri təsdiqləmək üçün daha geniş klinik tədqiqatlara ehtiyac var. Araşdırmalar davam edir və yaxın illərdə bu dərmanların asılılıq müalicəsində istifadəsi ilə bağlı daha dəqiq nəticələrin əldə olunacağı gözlənilir.
Saglamolun.Az



















