Kakao, göz və görmək qabiliyyəti...

YENİ ELMİ ARAŞDIRMA



Cənubi Koreyanın Songyunkvan Universitetinin alimləri kakao tozunun görmə qabiliyyətinin zəifləməsini ləngidə biləcəyini müəyyən edib. Tədqiqatın nəticələri “Nutrients” jurnalında dərc olunub. Araşdırmaya görə, kakao gözlərdə patoloji damar artımını və torlu qişanın zədələnməsi ilə bağlı prosesləri zəiflədir.
Alimlər əvvəlcə kakaonun təsirini insanın qan damar hüceyrələri üzərində, daha sonra isə siçanlarda 2 fərqli göz xəstəliyi modeli üzərində sınaqdan keçirib. Nəticələr göstərib ki, kakao oksigen çatışmazlığı zamanı aktivləşən və yeni damarların yaranmasını stimullaşdıran zülalının aktivliyini azaldıb. Eyni zamanda, iltihab və toxuma dəyişiklikləri ilə əlaqəli digər molekulların səviyyəsi də aşağı düşüb.
Təcrübələrdə, kakaonun damar patologiyalarının yayılmasını azaltdığı, iltihab və fibroz göstəricilərini zəiflətdiyi müşahidə olunub. Bundan əlavə, torlu qişanın hüceyrə qatının qorunmasına kömək etdiyi qeyd edilib. Lakin tədqiqat hələ heyvanlar üzərində aparıldığından, bu təsirin insanlarda da eyni olub-olmayacağı dəqiq deyil. Alimlər bunun təsdiqi üçün əlavə klinik araşdırmaların vacib olduğunu bildirib.

Sinir bərpasında yeni texnologiya

TİKİŞSİZ ƏMƏLİYYAT


ABŞ-da cərrahiyyə sahəsində mühüm yenilik qeydə alınıb.

Qida və Dərman Administrasiyası (FDA) kəsilmiş sinirlərin bərpası üçün tikişsiz, işıqla aktivləşən polimer texnologiyasını təsdiqləyib.

MIT tədqiqatçıları tərəfindən hazırlanıb “Tissium” şirkəti tərəfindən inkişaf etdirilən bu sistem mikrocərrahiyyədə yeni mərhələ sayılır.
Yeni üsulda cərrahlar sinir uclarına xüsusi maye polimer tətbiq edir. Daha sonra işıq vasitəsilə maddə sürətlə bərkiyərək siniri əhatə edən elastik qoruyucu qat yaradır.

Bu təbəqə sinir toxumasının təbii şəkildə bərpasına imkan verir və sızmanın qarşısını alır.
Texnologiyanın əsas üstünlüyü istifadə olunan materialın bioloji sorulmasıdır.

Sağalma tamamlandıqdan sonra polimer orqanizmdə iz qoymadan yox olur, bu da iltihab və ağırlaşma riskini azaldır.
Mütəxəssislər hesab edir ki, bu yenilik gələcəkdə ürək-damar və digər cərrahi sahələrdə də tətbiq oluna bilər və regenerativ tibbdə böyük irəliləyişə səbəb olacaq.

Onkoloji xəstələrə vaksinlər pulsuz olacaq

ONKOLOJİ XƏSTƏLƏR ÜÇÜN VAKSİNLƏR PULSUZ OLACAQ
QƏRAR


Rusiyada onkoloji xəstəliklərin müalicəsində mühüm yenilik tətbiq olunub.

Hökumətin qərarına əsasən, fərdiləşdirilmiş onkovaksinlər icbari tibbi sığorta paketinə daxil edilib.

Bu barədə Baş nazir Mixail Mişustin bildirib. Onun sözlərinə görə, artıq xərçəng xəstələri yüksək texnologiyalı və fərdi yanaşmaya əsaslanan müalicə üsullarından pulsuz yararlana biləcək.
Yeni sistem çərçivəsində hər bir pasiyent üçün xüsusi hazırlanmış vaksinlər istifadə olunacaq.

Bu preparatlar şişin və orqanizmin genetik xüsusiyyətlərinə uyğun tərtib edilir və immun sistemi xərçəng hüceyrələrinə qarşı mübarizə üçün stimullaşdırır.
Ekspertlər qeyd edib ki, bu yanaşma ənənəvi müalicə üsullarından daha effektiv nəticələr verə bilər.

Eyni zamanda, bahalı sayılan bu texnologiyanın sığorta hesabına əlçatan olması minlərlə xəstə üçün böyük üstünlük yaradır.

Otağa niyə gəldiyinizi unudursunuz?

MÜTƏXƏSSİS İZAH EDİR


İnsanların otağa daxil olarkən nə üçün gəldiklərini unutması “qapı effekti” kimi tanınan psixoloji hadisə ilə izah olunur. Amerikalı psixoloq Sanam Hafiz bildirib ki, bu vəziyyət tamamilə normaldır və beynin işləmə prinsipi ilə bağlıdır. Onun sözlərinə görə, beyin xatirələri olduğu mühitlə əlaqələndirir və insan bir otaqdan digərinə keçərkən əvvəlki məkanla bağlı düşüncə zəifləyir və ya itir.
Mütəxəssis qeyd edib ki, bu hal xüsusilə diqqəti tez yayınan, eyni anda bir neçə işi görən, yaradıcı və stres altında olan insanlarda daha çox müşahidə olunur. Eyni zamanda, bu xüsusiyyət bəzən yüksək zehni aktivliyin göstəricisi hesab edilir. Belə ki, beyin artıq növbəti addımları planlaşdırdığı üçün cari tapşırıq arxa plana keçir.
Psixoloq “qapı effekti”nin qarşısını almaq üçün sadə üsullar da tövsiyə edib. O, otağa keçərkən planları ucadan deməyi və qapıda bir neçə saniyəlik dayanmağı məsləhət görür. Bu qısa fasilə beynin “yenilənmə” prosesini ləngidərək yaddaşa məlumatı saxlamaq üçün əlavə imkan yaradır.

Portağal qoxusu xoşbəxt edir

YENİ ARAŞDIRMA


Çinin Çjeçzyang Universitetinin alimlərinin apardığı yeni araşdırma sitrus meyvələrinin qoxusunun stressi azaltmağa kömək etdiyini göstərib. Tədqiqatın nəticələri “Food Quality and Safety” jurnalında dərc olunub.
Məlum olub ki, portağal, qreypfrut və digər sitrus yağlarının qoxusu beyin fəaliyyətinə təsir edərək müsbət emosiyaları gücləndirir. Araşdırma zamanı iştirakçılar müxtəlif efir yağlarının qoxusunu qəbul edərkən onların beyin aktivliyi və vegetativ sinir sistemi göstəriciləri ölçülüb. Nəticələr göstərib ki, ürək ritmi sakitləşdirici parasimpatik aktivliyə keçib. Beyində alfa və delta dalğalarının artması müşahidə olunub ki, bu da rahatlama və emosional tarazlıqla əlaqələndirilir.
Alimlər bildirib ki, qoxuların emosional təsiri çox vaxt şüuraltı səviyyədə baş verir.
Tədqiqat sitrus aromalarının qida, içki və ictimai məkanlarda istifadə olunaraq insanların stress səviyyəsini azaltmaq və diqqəti artırmaq üçün perspektiv vasitə olacağını göstərib.

30-dan sonra ata olmaq təhlükəlidir

ALİMLƏRDƏN XƏBƏRDARLIQ


Alimlər müəyyən edib ki, yaş artdıqca kişilərin sperması gələcək nəsillər üçün daha riskli ola bilər. “Nature” jurnalında dərc olunan yeni araşdırmaya görə, zaman keçdikcə spermatozoidlərdə təkcə təsadüfi deyil, həm də “drayver mutasiyalar” adlanan genetik dəyişikliklər toplanır. Bu mutasiyalar hüceyrələrin daha sürətli bölünməsinə və yaşamasına kömək etsə də, eyni zamanda irsi xəstəliklərin ötürülmə riskini də artırır.
Tədqiqat çərçivəsində 22–84 yaş aralığında olan 75 kişinin sperması müasir “NanoSeq” texnologiyası ilə analiz olunub. Nəticələr göstərib ki, neytral mutasiyalar yaşla paralel artsa da, zərərli dəyişikliklər daha sürətlə çoxalır. Məsələn, 30 yaşlı kişilərdə təhlükəli mutasiyalar təxminən 2% təşkil etdiyi halda, 70 yaşda bu göstərici 4,5%-ə çatır.
Alimlər bildirib ki, bu mutasiyaların böyük hissəsi gələcəkdə uşaqlarda inkişaf pozuntularına və ciddi xəstəliklərə səbəb olur. Buna görə də, gec yaşda ata olma planlaşdırılarkən genetik risklərin nəzərə alınması vacib sayılır.

TƏBİB-in Müşahidə Şurasının yeni sədri o oldu

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib.

 Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Müşahidə Şurasının tərkibi aşağıdakı kimi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Maliyyə nazirinin müavini;

Səhiyyə nazirinin müavini;

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini;

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Qeyd edək ki, bundan əvvəl Müşahidə Şurasının sədri vəzifəsini İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri icra edib.

Məlumat üçün bildirək ki, hazırda Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Xalid Əhədovdur.

Xəyanətin qiyməti 20 000 manatdır

YENİ QƏRAR


“İnsanlar niyə xəyanət edir?” ABŞ-da aparılan sorğuya görə, xəyanətin əsas səbəblərindən biri emosional çatışmazlıqdır. Partnyorlar arasında diqqət və anlayış azaldıqda, insanlar bu boşluğu başqa münasibətlərdə doldurmağa çalışır. Mütəxəssislər qeyd edib ki, xəyanət tək bir səbəbdən yaranmır. Bu, fərdi xüsusiyyətlər, münasibət dinamikası və emosional ehtiyacların qarşılıqlı təsiri nəticəsində formalaşan mürəkkəb prosesdir.
Azərbaycanda həyat yoldaşına xəyanət, hüquqi baxımdan müəyyən nəticələrə səbəb olur. Bu hallarda zərər çəkmiş tərəf mənəvi təzminat tələb etmək hüququna malikdir.
2026-cı ildən etibarən qüvvəyə minən qərarın etibarlılığı keçmiş xəyanətlərə aid deyil.
Əsas məsələ xəyanətin sübut edilməsidir. Bunun üçün video və fotomateriallar, yazışmalar və ya qeyri-rəsmi nikahdan övladı olan hallarda müvafiq sənədlər təqdim edilə bilər. Xəyanətə uğrayan tərəf məhkəməyə müraciət edərək şəxsiyyət hüquqlarının pozulması və ləyəqətin alçaldılması üzrə iddialarını qaldıra bilər. Təmin olunduğu halda, bu məbləğ 10–20 min manat arasında dəyişəcək.

 

Elektrik cərəyanı depressiyadan xilas edir

YENİ METOD


Alimlər dərin beyin stimulyasiyası (DBS) üsulunun depressiyadan əziyyət çəkən xəstələrin müalicəsində effektiv olub-olmadığını araşdırıb.

Bu metod artıq Parkinson xəstəliyi kimi nevroloji pozuntularda tətbiq olunur və titrəmə kimi simptomları azaltmağa kömək edir.
Dərin beyin stimulyasiyası zamanı beyinə xüsusi elektrodlar yerləşdirilir və onlar müəyyən nahiyələrə zəif elektrik impulsları ötürür.

Depressiya zamanı isə təsir daha gec ortaya çıxır, çünki proses emosiyalarla əlaqəli mürəkkəb beyin strukturlarını əhatə edir.
Tədqiqatçılar bildirib ki, bəzi pasiyentlərdə bu üsuldan sonra vəziyyətdə nəzərəçarpacaq yaxşılaşma müşahidə olunub.

Xüsusilə dərman və psixoterapiyaya cavab verməyən xəstələr üçün bu, alternativ müalicə yolu kimi qiymətləndirilib.
Hazırda alimlər metodun effektivliyini daha dəqiq qiymətləndirmək, hansı beyin nahiyələrinin stimulyasiyasının daha uyğun olduğunu müəyyənləşdirmək və uzunmüddətli təhlükəsizliyini araşdırmaq üzərində işləyir.

Banan menstruasiya ağrılarını azaldır

ARAŞDIRMALAR DA BUNU TƏSDİQLƏYİRMİ?


yaranan ağrılar bir çox qadın üçün ciddi narahatlıq yaradır. Qarında sancı və spazmlar əsasən prostaglandin hormonlarının təsiri ilə uşaqlığın yığılması nəticəsində baş verir.

Bu dövrdə sadə qidalanma dəyişiklikləri belə vəziyyəti bir qədər yüngülləşdirir. Mütəxəssislər qeyd edib ki, banan bu baxımdan faydalı seçimlərdən biridir.
Bananın tərkibində olan maqnezium, B6 vitamini və kalium əzələlərin fəaliyyətinə və sinir sisteminə müsbət təsir göstərir. Elmi araşdırmalar da bu təsirləri təsdiqləyib.

“Nutrients” və “Magnesium Research” jurnallarında dərc olunan məlumatlara əsasən maqneziumun menstruasiya zamanı spazmların azalmasına kömək edir.
Aparılan klinik müşahidələr isə prostaglandinlərin menstruasiya ağrısının əsas mexanizmi olduğunu göstərib.

Bundan əlavə, B6 vitamini əhval dəyişikliklərini və şişkinliyi yüngülləşdirməyə, kalium isə yorğunluğu azaltmağa dəstək olur.

 

Kinli olmaq sosial əlaqələri zəiflədir

YENİ ARAŞMA 


Son araşdırmalar göstərib ki, insanların dünyaya həddindən artıq kinli və şübhə ilə yanaşması onları aldanmaqdan qorumaq əvəzinə, əksinə daha çox məyusluq və sosial problemlərlə üz-üzə qoyur. Alimlər qeyd edib ki, insanlara güvənməmək yalanı daha yaxşı ayırd etməyə kömək etmir.
Tədqiqatlara görə, həm çox şübhəli, həm də çox güvənən insanlar yalanı aşkar etməkdə səhvlər edir. Miçigan Dövlət Universitetinin professoru Devid Markovits bildirib ki, yalanı davranış və mimika ilə müəyyən etmək çox çətindir, çünki bu siqnallar etibarlı deyil.
Bununla yanaşı, mütəxəssislər vurğulayıb ki, həddindən artıq kinli yanaşma insanların sosial əlaqələrini zəiflədir və tənhalığı artırır. Araşdırmalar göstərib ki, insanlara müəyyən səviyyədə etibar etmək, həm münasibətlərin yaxşılaşmasına, həm də qarşılıqlı davranışın müsbət istiqamətdə dəyişməsinə səbəb olur.
Ekspertlər, aldanmamaq üçün əsas yol kinli olmaq deyil, diqqətli və düşünülmüş qərarlar vermək olduğunu deyib.

 

Tənhalıq ürəyi xəstə edir

YENİ ARAŞDIRMA


Aparılan yeni tədqiqatlar göstərib ki, insanın özünü nə qədər tənha hiss etməsi onun sosial vəziyyətindən daha böyük əhəmiyyət daşıyır. Alimlər vurğulayıb ki, tək qalmaqla tənha hiss etmək eyni şey deyil və bu fərq sağlamlığa ciddi təsir göstərir.
Cornell University tərəfindən aparılan və “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada müəyyən edilib ki, özünü daha tənha hiss edən insanlar daha yüksək xəstəlik və ölüm riski ilə üzləşib. Tədqiqatda İngiltərədə yaşayan 50 yaşdan yuxarı 7 845 nəfərin məlumatları 13 ildən çox müddətdə izlənilib.
Mütəxəssislər bu fərqi “sosial assimetriya” adlandırıb. Yəni insan sosial olaraq aktiv olsa belə, özünü tənha hiss edirsə, bu, ürək-damar və digər xroniki xəstəliklərin riskini artırır. Əksinə, sosial baxımdan təcrid olunmuş, lakin özünü tənha hiss etməyən insanlarda risk daha aşağıdır.
World Health Organization məlumatına görə, dünyada insanların təxminən 16%-i tənha olduğunu hiss edir. Ekspertlər bildirib ki, bu problemin həlli yalnız sosial əlaqələrin artırılması ilə deyil, həm də insanların psixoloji vəziyyətinə diqqət yetirməklə mümkündür.

Tibbi maskalar su hövzələrini çirkləndirir

Mütəxəssislər xəbərdarlıq edir 

Yeni araşdırma göstərib ki, təkrar istifadə olunan antimikrob maskalar yuyulma zamanı zərərli metalları ətrafa yayır. “Environment and Health” jurnalında dərc olunan nəticələrə görə, tərkibində gümüş və mis kimi metal nanohissəciklər olan bu maskalar həm insan sağlamlığı, həm də ətraf mühit üçün risk yaradır.

Alimlər müəyyən edib ki, maskalar su və yuyucu vasitələrlə təmas zamanı quruluşundakı metalların bir hissəsini buraxır. Bu maddələr su hövzələrinə düşərək canlı orqanizmlərdə toplanır və qida zənciri vasitəsilə insanlara qədər çatır. Araşdırmada həmçinin qurğuşun, nikel və sürmə kimi digər təhlükəli elementlərin də maskalarda mövcud olduğu aşkarlanıb.

Tədqiqatçılar bildirib ki, xüsusilə yuyucu vasitələr metalların ayrılmasını daha da sürətləndirir. Nəticədə bu proses su ekosistemlərinə ciddi zərər verir.

Mütəxəssislər belə maskaların düzgün utilizasiyası və istehsalına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Zorla cinsiyyəti dəyişdirildi

Evlənmək təklif edildi


20 yaşlı gənc iddia edir ki, razılığı olmadan cinsiyyət dəyişdirmə əməliyyatı aparılıb. Hadisə Hindistanın Uttar Pradesh ştatında baş verib. Muzaffarnagar bölgəsində yaşayan Mucahid bəyin sözlərinə görə, Omprakaş adlı şəxs tərəfindən aldadılaraq xəstəxanaya aparılıb və iynə vurularaq huşsuz vəziyyətə salınıb. O bildirib ki, ayıldıqdan sonra həkimlər onun artıq qadına çevrildiyini deyib.
Mucahid iddia edib ki, Omprakaş son 2 ildə onu təqib edib və əməliyyatdan sonra onunla evlənmək istədiyini bildirib, hətta ailəsini təhdid edib. Lakin xəstəxana rəhbərliyi bu ittihamları rədd edib və əməliyyatın şəxsin razılığı ilə aparıldığını açıqlayıb.
Hadisə ölkədə geniş rezonans doğurub. Bharatiya Kisan Union təşkilatı məsələ ilə bağlı etiraz aksiyası keçirib və xəstəxananı qanunsuz fəaliyyətlərdə ittiham edib. Polis Omprakaşı saxlayıb, araşdırmalar davam edir.

13 növ xərçəngə qarşı dərman hazırlanıb

İstehsalına başlanılıb


Rusiyanın Moskva şəhərində xərçəngə qarşı yeni dərmanın istehsalına başlanılıb.

Bu barədə paytaxtın meri Sergey Sobyanin məlumat verib.

Bildirilib ki, “Texnopolis Moskva” xüsusi iqtisadi zonasında fəaliyyət göstərən şirkət eyni anda 13 müxtəlif xərçəng növünün müalicəsi üçün nəzərdə tutulan preparat hazırlayıb.
Yeni dərman əsasən melanoma, ağciyər xərçəngi və digər onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün nəzərdə tutulub.

Onun təsir mexanizmi insanın immun sistemini gücləndirərək bədxassəli hüceyrələri tanımaq və məhv etmək üzərində qurulub.
Məlumata görə, preparat artıq Rusiyanın Səhiyyə Nazirliyi tərəfindən klinik tövsiyələr siyahısına daxil edilib və həyati əhəmiyyətli dərmanlar siyahısında yer alıb.

Yaxın zamanda bu dərmanın Moskva xəstəxanalarına çatdırılması planlaşdırılır.

 

Keçəlliyin psixoloji gücü

YENİ TREND


Almaniyada bir neçə kişi saç tökülməsi ilə mübarizədə qərar qəbul edib – saçlarını tam qırxır. Aparılan müşahidələr və fərdi təcrübələr göstərir ki, tökülən saçlarla mübarizə aparmaqdansa, onları tamamilə qırxmaq nəzarət və özünəinam mənbəyinə çevrilir.
Saçlarını itirməyə başlayan şəxslər illərlə bu reallıqla barışmayıb.
Kimisi seyrəlmiş hissələri gizlətmək üçün fərqli darama üsullarına əl atır, kimisi seyrək saçlarını papaqla gizlədir.
Uzun saçları öz şəxsiyyətinin bir hissəsi hesab edənlər üçün bu proses daha ağrılı keçir; onlar bahalı transplantasiya və dərman preparatlarına müraciət etsələr də, çox vaxt nəticə müvəqqəti olur. Hər səhər güzgüdə yeni tökülmə izi axtarmaq daimi stress və narahatlıq mənbəyinə çevrilir.
Dermatoloqlar və psixoloqlar qeyd edib ki, kişilərin əksəriyyəti 50 yaşına qədər ciddi saç seyrəlməsi ilə üzləşir. Təcrübələr göstərib ki, "keçəlliyi qəbul etmək" qərarı insana illərdir itirdiyi psixoloji rahatlığı geri qaytarır.
Saçlarını qırxan şəxslər qeyd edir ki, hətta ən gur saçları olduğu vaxtda belə, bu addımdan sonrakı qədər özlərinə əmin olmayıblar.
Unutmayın, insanı yoran saçın yoxluğu deyil, onu itirmək qorxusudur.

 

Zəncirotu yarpaqlari Alzheimer riskini azaldir

YENİ ARAŞDIRMA

“Foods” jurnalında dərc olunan yeni araşdırma zəncirotu bitkisinin yarpaqlarının beyin sağlamlığı üçün faydalı ola biləcəyini göstərib.

Tədqiqatda bitkinin yarpaq, çiçək və kök hissələrindəki polifenolların həzm prosesindən sonra neyroprotektiv təsiri araşdırılıb.

Alimlər müəyyən edib ki, xüsusilə yarpaqlar yüksək miqdarda fenollar və flavonoidlər ehtiva edir.

Maddələr Alzheimer xəstəliyi ilə əlaqəli fermentlərin fəaliyyətini zəiflədir. Araşdırmaya görə, həzm prosesindən sonra bu birləşmələrin bir hissəsi aktivliyini qoruyaraq beyin hüceyrələrini zədələnmədən qoruyur.

Mütəxəssislər bildirib ki, təsirin tam təsdiqi üçün əlavə klinik tədqiqatlara ehtiyac var.

 

Prezidentdən Cəmil Əliyevlə bağlı - Sərəncam



Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev Sərəncam imzalayıb.

Bildirilib ki, Azərbaycanda tibb elminin və səhiyyənin inkişafında xüsusi xidmətlərinə görə Cəmil Əziz oğlu Əliyev “İstiqlal” ordeni ilə təltif edilib.

Qeyd edək ki, martın 30-u C.Əliyevin 80 yaşı tamam olacaq.

Programçı iti üçün xərçəng əleyhinə vaksin düzəldib, həyatını xilas elədi

SÜNİ İNTELLEKTDƏN İSTİFADƏ EDİB


Avstraliyada texnologiya və tibbin sərhədlərini aşan diqqətçəkən hadisə baş verib. Avstraliyalı Paul Conyngham ölümcül xərçəng diaqnozu qoyulan iti Rosieni xilas etmək üçün qeyri-adi üsula əl atıb. O, ChatGPT və AlphaFold kimi süni intellekt alətlərindən istifadə edərək heyvana xüsusi mRNA xərçəng peyvəndi hazırlayıb.
Conyngham əvvəlcə itin şişindən götürülən nümunələri Cənubi Uels Universiteti laboratoriyalarında genetik analizdən keçirib. Sağlam və şiş hüceyrələrinin DNT-sini müqayisə edərək xərçəngə xas mutasiyaları – neoantigenləri müəyyən edib. Daha sonra bu məlumatları süni intellekt vasitəsilə analiz edərək şişin molekulyar quruluşunu modelləşdirib.
Alimlərin dəstəyi ilə hazırlanan fərdi mRNA peyvəndi itin immun sisteminə tətbiq olunub. Cəmi 3 ay ərzində şişin ölçüsü 2 dəfə kiçilib, heyvanın ümumi vəziyyəti və enerjisi isə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Bu hadisə süni intellektin tibbdə tətbiqinin real nəticələr verə biləcəyini göstərib. Mütəxəssislər hesab edir ki, belə yanaşma gələcəkdə fərdiləşdirilmiş xərçəng müalicəsi üçün yeni imkanlar aça bilər.

İş yerində xəstəlik yayan həmkarınıza görə təzminat almaq mümkündür?

VİRAL PAYLAŞIMLARIN ARXASINDA HANSI HÜQUQİ REALLIQ GİZLƏNİR


Son günlər sosial şəbəkələrdə iş yerində xəstə həmkarın yoluxdurduğu infeksiyaya görə təzminat tələb etməyin mümkün olduğu ilə bağlı iddialar geniş yayılıb.

Paylaşımlarda bildirilir ki, burun axıntısı və öskürəklə işə gələn əməkdaşın səbəb olduğu xəstəlik nəticəsində əmək haqqı itkisi, müalicə və dərman xərcləri, həmçinin mənəvi zərər tələb oluna bilər.
Araşdırma göstərir ki, bu məlumat konkret bir məhkəmə hadisəsinə əsaslanmır və əsasən ümumi hüquqi yanaşmanın sadələşdirilmiş forması kimi təqdim edilir.

Hüquqşünasların izahına görə, belə iddialar nəzəri baxımdan mümkündür, lakin onların təmin olunması üçün ciddi sübut bazası tələb olunur.

Zərərçəkən tərəf xəstəliyin məhz həmin iş yoldaşından keçdiyini, onun səhlənkarlıq etdiyini və nəticədə real zərər yarandığını sübut etməlidir.
Ekspertlər qeyd edir ki, praktikada bu cür halların sübutu olduqca çətindir.

Çünki infeksiyanın konkret mənbəyini müəyyənləşdirmək və səbəb-nəticə əlaqəsini hüquqi müstəvidə təsdiqləmək asan deyil.

Bundan əlavə, iş yerlərində yoluxucu xəstəliklər daha çox ümumi sanitariya və əmək mühafizəsi qaydaları çərçivəsində qiymətləndirilir.
Nəticə olaraq, sosial mediada yayılan məlumat tam yanlış olmasa da, şişirdilmiş və kontekstdən çıxarılmış formada təqdim olunur.

Hüquqi reallıqda isə hər xəstəlik yoluxması avtomatik olaraq təzminat hüququ yaratmır və hər bir hal ayrıca, sübutlar əsasında qiymətləndirilir.

Bir qadın dünyaya cəmi 30 uşaq gətirə bilər

MİF YOXSA YALAN?


Qadının həyat boyu maksimum 30 uşaq dünyaya gətirə bilməsi ilə bağlı iddialar elmi baxımdan dəqiq hesab olunmur.

Mütəxəssislər bildirib ki, insan biologiyasında belə konkret və sabit hədd mövcud deyil.

Qadının neçə dəfə ana ola bilməsi bir sıra amillərdən – ovulyasiya dövrün müddəti, sağlamlıq vəziyyəti, hamiləliklər arasındakı fasilə, tibbi xidmətə çıxış və ümumi ömür uzunluğundan asılıdır.
Tarixi məlumatlar göstərib ki, bəzi nadir hallarda qadınlar 30-dan çox uşaq dünyaya gətirib.

Bununla yanaşı, müasir dövrdə bir qadına düşən uşaq sayı xeyli aşağıdır və tibb, hamiləliyin qadın orqanizmi üçün ciddi fiziki yük olduğunu vurğulayır.

Təkrarlanan doğuşlar müxtəlif ağırlaşmalar, bərpa problemləri və xroniki xəstəlik riskini artırır. Bu səbəbdən çoxsaylı hamiləliklər hər zaman təhlükəsiz hesab olunmur.
Nəticə olaraq, insan orqanizmi böyük imkanlara malik olsa da, doğuş sayı üçün konkret bioloji limit yoxdur.

Məhdudiyyətlər daha çox sağlamlıq, zaman və risk amilləri ilə müəyyən olunur.

2 dəqiqə gülmək, 20 dəqiqə gəzinti qədər faydalıdır

YENİ ARAŞDIRMA



Cəmi 2 dəqiqə gülmək 20 dəqiqəlik gəzintiyə bərabər təsir göstərir.

Bu nəticə Merilend Universitetinin Tibb Mərkəzində aparılan araşdırmalarda ortaya çıxıb.

Mütəxəssislərin sözlərinə görə, gülüş - ürək-damar sisteminə yüngül məşqlər kimi müsbət təsir edir.
Araşdırmalar göstərib ki, gülüş zamanı qan damarları genişlənir və qan dövranı yaxşılaşır.

Bu isə orqanizm toxumalarına daha çox oksigen çatdırılmasına kömək edir və ürəyin fəaliyyətini dəstəkləyir.

Eyni zamanda damarların elastikliyi də artaraq, ürək-damar xəstəliklərinin riski azalır.
Bundan əlavə, gülüş stress hormonlarının səviyyəsini aşağı salır.

Uzunmüddətli stressin ürəyə mənfi təsiri olduğu məlumdur və gülmək bu təsiri təbii şəkildə balanslaşdırır.

Mütəxəssislər qeyd edib ki, səmimi gülüş gündəlik həyatda sadə, lakin effektiv vərdiş kimi həm psixoloji, həm də ürək sağlamlığı üçün faydalıdır.

 

"Enerji içkilərini su yerinə içirlər" - VİDEO

TƏHLÜKƏ BARƏDƏ HƏKİM AÇIQLAYIB

Gənclərin əksəriyyəti, xüsusi ilə də 18 yaşına çatmayan yeniyetmələr mütəmadi olaraq enerji içkilərindən geniş istifadə edirlər.
Onlar bu içkilərindən tez-tez istifadə etmələrini yorğunluğu götürməsi və insanı daha gümrah etməsi ilə əsaslandırırlar.

T.Ü.F.D. CƏRRAH-KARDİOLOQ FAİQ İSAYEV STV-yə bildirib ki, enerji içkilərində olan maddələr məhsulun reklam mətnlərində təlqin etdiyi şüarlarla uzlaşmır.

T.F.D. FAİQ İSAYEV - VİDEO

Qeyd edək ki, insan orqanizminə ciddi zərərləri olduğuna görə Fransa, Danimarka, Norveç və Uruqvayda enerji içkilərinin satışı tam qadağan edilib.

Almaniyada isə 2009-cu ildə enerji içkilərində kokain aşkarlandığına görə birmənalı qadağa tətbiq edilib.

Küveytdə isə 16 və 21 yaşlı iki şəxsin məhz enerji içkisindən ölməsi təsdiqləndiyi üçün qadağan edilib. Bir çox ölkələrdə isə bu bu içkilərin satışında yaş məhdudiyyəti var. Belə ki, Böyük Britaniyada, Litva və Latviyada içkilərin 16 yaşından aşağı şəxslərə satılması qadağandır.


Azərbaycanda 1 yanvar 2020-ci il tarixindən etibarən 18 yaşına çatmamış şəxslərə enerji içkilərinin satışı qadağan edilib.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən tətbiq edilən qaydalara görə, içkilərin etiketində "18 yaşdan aşağı şəxslərə satışı qadağandır" yazısı mütləqdir. Bu qadağanın əsas məqsədi yeniyetmələrin sağlamlığını qorumaqdır.

 

Heyvanlar üzərində sınaqlar dayandırılır

YENİ LAYİHƏ


ABŞ-da heyvanlar üzərində testlərin azaldılması istiqamətində yeni təşəbbüslər güclənir, lakin mütəxəssislər bildirib ki, mövcud texnologiyalar hələ bu sahədə tam alternativ yarada bilmir. ABŞ Qida və Dərman Administrasiyası (FDA) dərman istehsalçıları üçün alternativ test üsullarının istifadəsinə dair yeni layihə təlimatı yayımlayıb. Eyni zamanda ABŞ Milli Sağlamlıq İnstitutları (NIH) bu sahənin inkişafı üçün 150 milyon dollar investisiya ayırıb.
Yeni yanaşma heyvanlar üzərində sınaqları azaltmağı hədəfləsə də, alimlər qeyd edib ki, bu təcrübələr hələ də tibbi tədqiqatlarda mühüm rol oynayır. Heyvanlar insanlara bioloji cəhətdən oxşar olduqları üçün xəstəliklərin öyrənilməsində və yeni müalicələrin hazırlanmasında geniş istifadə olunur.
Ekspertlər bildirib ki, alternativ metodlar – məsələn, laboratoriya modelləri və hüceyrə əsaslı texnologiyalar bütün suallara cavab verə bilmir. Buna görə də yaxın gələcəkdə heyvan testlərinin tam ləğvi real görünmür. Bununla belə, hökumətin yeni addımları bu sahədə dəyişikliklərin başladığını göstərir.

Hər səhər qayğanaq yemək xeyirlidir

DİYETOLOQLAR TÖVSİYƏ EDİR



Səhər yeməyində yumurtanın yer alması sağlam qidalanma baxımından düzgün seçim hesab olunur.

Bu barədə “Zdorovye Mail” portalına danışan endokrinoloq-dietoloq

Natalya Kovaleva bildirir ki, yumurta həm qida dəyəri, həm də faydalı tərkibi ilə ideal səhər yeməyi variantıdır.
Mütəxəssisin sözlərinə görə, sağlam insan gündə 1–2 yumurta qəbul edə bilər. Bir ədəd yumurta orqanizmin gündəlik zülal ehtiyacının təxminən 10 faizini ödəyir, həmçinin yağlar, fosfolipidlər, vitaminlər və mikroelementlərlə zəngindir.

Xüsusilə selen, yod, sink və mis kimi vacib maddələrin əhəmiyyətli hissəsini təmin edir.
Yumurta yüksək keyfiyyətli zülal mənbəyidir və tərkibində orqanizm üçün vacib olan bütün amin turşuları mövcuddur.

Bu, əzələ kütləsinin qorunması və bərpası üçün mühüm rol oynayır.

Eyni zamanda yumurtada D, A və B qrup vitaminləri yer alır ki, bu da immun sisteminin güclənməsinə, sinir sisteminin düzgün fəaliyyətinə və görmə qabiliyyətinin qorunmasına dəstək verir.
Dietoloq tövsiyə edir ki, yumurta mümkün qədər az yağla bişirilsin və tərəvəzlərlə birlikdə istehlak edilsin.

Bu halda həm qida dəyəri artır, həm də yemək daha balanslı olur.


Mənbə: Zdorovye Mail

Gənəyə qarşı vaksin 70% effektivlik göstərdi

KLİNİK SINAQLAR ÜMİDVERİCİ NƏTİCƏ GÖSTƏRDİ

Laym xəstəliyinə, yəni yoluxmuş gənələrin dişləməsinə qarşı hazırlanmış yeni vaksin klinik sınaqlarda yüksək effektivlik nümayiş etdirib. “Euronews”un məlumatına görə, ABŞ-ın Pfizer və Fransanın Valneva şirkətləri tərəfindən hazırlanmış vaksin qarşısının alınmasında 70 faizdən çox təsir göstərib.
Məlumata əsasən, III faza klinik sınaqları zamanı vaksin 5 yaşdan yuxarı şəxslərdə Laym xəstəliyinin qarşısını almaqda 73,2 faiz effektivlik göstərib. Tədqiqatda Avropa, Kanada və ABŞ-dan ümumilikdə 9400-ə yaxın sağlam könüllü iştirak edib. Laym xəstəliyi yoluxmuş gənələrin dişləməsi ilə ötürülən bakterial infeksiyadır. Xəstəlik əsasən qızdırma, baş ağrısı, yorğunluq və dəri səpgisi ilə özünü göstərir və vaxtında müalicə olunmadıqda ciddi fəsadlara səbəb ola bilər.
Hazırda bu xəstəliyə qarşı insanlar üçün təsdiqlənmiş vaksin mövcud deyil. Qeyd olunur ki, vaksinlərin təsdiqi üçün əsas meyarlardan biri xəstəlik riskinin ən azı 20 faiz azaldılmasıdır. Son nəticələrdə bu göstərici 21,7 faiz həddini keçərək tələb olunan minimum səviyyəni təmin edib.
Mənbə: Euronews

 

Həkim cəllad deyil

ŞOTLANDİYA EVTANAZİYADAN İMTİNA ETDİ

Şotlandiyada evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə emosional müzakirələrdən sonra rədd edilib. Britaniyalı siyasətçi Liam McArthur tərəfindən irəli sürülən təşəbbüs, sağalmaz xəstəliyi olan yetkin şəxslərə tibbi yardım vasitəsilə həyatlarına son qoymaq imkanı verir. Lakin səsvermədə layihə 69-a qarşı 57 səslə qəbul edilməyib.
Müzakirələr zamanı əleyhdarlar əsasən insanların bu qərara məcbur edilə biləcəyi ilə bağlı narahatlıqlarını bildirib. Bəzi deputatlar isə əlilliyi olan şəxslərin və digər həssas qrupların risk altında qalacağını vurğulayıb. Digər tərəfdən də, tərəfdarlar bunun əziyyət çəkən insanlar üçün seçim azadlığı olduğunu bildirib.
Layihəyə görə, pasiyent 2 dəfə yazılı müraciət etməli və həkimlər tərəfindən təzyiq altında olmadığını təsdiqləməlidir. Buna baxmayaraq, parlament üzvlərinin bir hissəsi palliativ qayğının gücləndirilməsinin daha vacib olduğunu qeyd edib.
Nəticədə, Şotlandiya Böyük Britaniyada evtanaziyanı leqallaşdıran ilk region olmaq imkanını itirib.

 

Uşaq cərrahiyyəsində Sİ istifadəsinin müzakirəsi

ALİMLƏR RİSKLƏRİ VƏ ÜSTÜNLÜKLƏRİNİ ARAŞDIRIB

Uşaq cərrahiyyəsində süni intellektin tətbiqi tibbdə yeni imkanlar yaratsa da, etik problemləri də gündəmə gətirir. “World Journal of Pediatric Surgery” jurnalında 25 mart 2026-cı ildə dərc olunan məqalədə bu sahədə əsas çağırışlar təhlil olunub.

Tədqiqat dörd əsas etik prinsip üzərində qurulub: muxtariyyət, faydalılıq, zərər verməmək və ədalət.

Araşdırmaya görə, süni intellekt cərrahi risklərin proqnozlaşdırılması, nadir anadangəlmə xəstəliklərin diaqnostikası və əməliyyatdan sonrakı fəsadların öncədən müəyyən edilməsində istifadə olunur. Bu texnologiyalar daha dəqiq nəticələr versə də, pediatrik pasiyentlərdə məlumat azlığı və inkişaf fərqləri səbəbindən yanlış proqnoz riski qalır.

Məqalədə vurğulanır ki, məlumat məxfiliyi, kiber təhlükəsizlik və sistemlərin şəffaf olmaması onların tətbiqini çətinləşdirir. Müəlliflər bildirir ki, süni intellekt yalnız həkim nəzarəti ilə istifadə olunmalı və pasiyent təhlükəsizliyi əsas prioritet kimi qorunmalıdır.

Mənbə: World Journal of Pediatric Surgery

"Çirkli ərzaqlar onluğu" açıqlandı - Şaftalı, ispanaq,üzüm və s.

RƏSMİ XƏBƏR


2026-cı il üçün “Çirkli Ərzaqlar Onluğu” siyahısına daxil edilən meyvə və tərəvəzlərdə yüksək səviyyədə pestisid qalıqları aşkar edilib.

ABŞ-ın Environmental Working Group (EWG) tərəfindən yayımlanan hesabata görə, xüsusilə ispanaq, çiyələk və üzüm kimi məhsullar ən çox çirklənmiş qidalar sırasındadır.

Siyahıya həmçinin şaftalı, albalı, alma, armud, kartof və qaragilə də daxildir.
Araşdırma zamanı 47 növ məhsul üzrə 54 mindən çox nümunə yoxlanılıb və onların əksəriyyətində bir neçə pestisid izinə rast gəlinib.

Hətta yuyulub təmizləndikdən sonra belə, məhsullarda 264 müxtəlif kimyəvi maddə aşkarlanıb.

İlk dəfə olaraq nümunələrin 60%-dən çoxunda “kimyəvi maddələr” kimi tanınan PFAS da müəyyən edilib.
Mütəxəssislər bildirib ki, pestisidlər uzunmüddətli təsirdə xərçəng, hormonal pozuntular və reproduktiv problemlərlə əlaqələndirilir.

Bununla belə, US Environmental Protection Agency bu maddələrin müəyyən hədlər daxilində təhlükəsiz sayıldığını qeyd edib.
Ekspertlər meyvə-tərəvəzdən imtina etməməyi, lakin onları yaxşı yumağı tövsiyə edib.

Alkoqolu düşünmək də sərxoş edir

İÇMƏDƏN DƏM OLMAQ MÜMKÜNDÜR


Alkoqolun yalnız fiziki deyil, psixoloji təsirləri də diqqət mərkəzindədir. Yeni araşdırmaya görə, insanlar müəyyən içkilər haqqında sadəcə düşünərkən belə fərqli emosional və davranış modellərinə köklənir.

Tədqiqat “Young Consumers” jurnalında dərc olunub.
Alimlər 429 nəfərin iştirakı ilə aparılan dörd mərhələli araşdırmada iştirakçıların müxtəlif içkilərlə bağlı assosiasiyalarını öyrəniblər.

Nəticələr göstərib ki, tekila “əyləncə və parti”, viski “kişilik və güc”, şərab isə “zəriflik və elitlik” hissləri ilə əlaqələndirilir.
Eksperiment zamanı iştirakçılar yalnız bu içkilər barədə düşünərək öz hisslərini qiymətləndiriblər, yəni alkoqol qəbul edilməyib.

Bu da göstərir ki, təsirlər birbaşa içkidən yox, sosial və mədəni təsəvvürlərdən qaynaqlanır.
Mütəxəssislər bildirir ki, bu cür “öyrənilmiş assosiasiyalar” insanların seçimlərinə, davranışına və gözləntilərinə təsir edə bilər.

Bu nəticələr xüsusilə gənclər arasında alkoqolla bağlı vərdişlərin necə formalaşdığını anlamaq baxımından əhəmiyyətlidir.

Mənbə: Euronews, 2026

Robotlar jestləri "anlamağa" başladı

YENİ TEXNOLOGİYA ƏŞYALARI DAHA DƏQİQ TAPMAĞA İMKAN VERİR


Alimlər robotların insan jestləri vasitəsilə əşyaları tapmasını mümkün edən yeni texnologiya hazırlayıblar.

Tədqiqatda robotlar təkcə sözləri deyil, həm də əl işarələri və baxış istiqamətini birlikdə analiz edərək axtarış aparır.
Məlumata görə, bu yanaşma robotların qeyri-müəyyən şəraitdə daha düzgün qərar verməsinə kömək edir.

Sistem ehtimallara əsaslanaraq işləyir və robotun səhv obyekt seçmə riskini azaldır.
Sınaqlar zamanı robotlar mürəkkəb mühitdə düzgün əşyanı təxminən 89 faiz hallarda tapa bilib ki, bu da əvvəlki üsullardan daha yüksək nəticədir.
Tədqiqatçılar bildirir ki, bu texnologiya gələcəkdə məişətdə və istehsalatda insanlarla daha təbii əməkdaşlıq edən robotların yaradılmasına imkan verə bilər.


Mənbə: involta.media

1 tələbə, 1 şagird vəfat edib - Meninqit həyəcanı

VAKSİN VURULUR, ANTİBİOTİK PAYLANIR

 

Böyük Britainiya Səhiyyə orqanlarının nümayəndələri Kent qraflığı ərazisində baş verən meningit yayılmasının lokallaşdırılıb-lokallaşdırılmadığını hələ təsdiqləyə bilmirlər. Bu barədə regionun səhiyyə direktoru Anjan Qoş BBC Radio 4 efirində bildirib.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırma zamanı 20 ehtimal olunan yoluxma halı, o cümlədən iki ölüm faktı qeydə alınıb. Həlak olanlar arasında 21 yaşlı universitet tələbəsi və yerləşən Kraliça Yelizaveta adına məktəbin yuxarı sinif şagirdi var.

Ehtimal olunur ki, yoluxma Kenterberi şəhərindəki gecə klublarından birində yayılıb. Obyekt sahibinin sözlərinə görə, iki əməkdaş da yoluxub, onların vəziyyəti stabildir.

Görülən tədbirlər çərçivəsində Kent Universiteti kampusunda 600-dən çox tələbəyə vaksin vurulub, ikinci dozanın isə dörd həftə ərzində tətbiqi planlaşdırılır. Bununla yanaşı, 8400-dən artıq profilaktik antibiotik dozası paylanıb.

Bununla yanaşı, Böyük Britaniya hakimiyyəti meninqokok infeksiyasının, xüsusilə B qrupu – MenB-nin yayılması ilə bağlı araşdırmaları davam etdirir. Bu infeksiya Neisseria meningitidis tərəfindən törədilir və meningit və ya sepsisə səbəb olur. Xəstənin vəziyyəti saatlar ərzində kritik həddə çatır.

İnsan ildə neçə dəfə qrip olmalıdr?

TERAPEVT BÖYÜKLƏR ÜÇÜN NORMANI AÇIQLADI


Böyüklərin il ərzində bir neçə dəfə soyuqdəymə keçirməsi normal hesab olunur.

Terapevt Anna Soloduxinanın sözlərinə görə, ildə 2–4 dəfə kəskin respirator virus infeksiyası (QRVİ) keçirmək sağlam insan üçün adi haldır.

Mütəxəssis bildirir ki, ümumilikdə böyüklər ildə 6 dəfədən çox xəstələnməməlidir.

Bu göstəricinin artması immun sisteminin zəifləməsindən və ya xroniki problemlərdən xəbər verə bilər.

Həkim qeyd edir ki, tez-tez xəstələnən şəxslər həyat tərzinə diqqət yetirməli, düzgün qidalanmalı və kifayət qədər istirahət etməlidir.

Eyni zamanda, uzunmüddətli və ya ağır keçən infeksiyalar zamanı həkimə müraciət etmək vacibdir.

Mənbə: Rossiyskaya Gazeta

Səhərə kimi MRT cihazında qalan pasiyent - Həkim səhlənkarlığı

Tibb işçiləri işdən qovuldu 


Çinin Uhan şəhərində yerləşən xəstəxanalardan birində səhlənkarlıq hadisəsi baş verib. Yerli məlumata görə, Tan soyadlı pasiyent MRT müayinəsi üçün aparata yerləşdirilsə də, prosedur bitdikdən sonra o, aparatın içində unudulub.
Qeyd olunur ki, müayinə təxminən 20 dəqiqə çəkməli idi. Lakin bu müddət başa çatdıqdan sonra pasiyenti çıxaran olmayıb. MRT cihazı işləməyə davam etdiyi üçün kişi özbaşına çıxmağa cəsarət etməyib və kömək üçün səslənib. Nəticədə o, təxminən 6 saat aparatın içində qalıb.
Yalnız səhər saatlarında təmizlik işçisi onun səslərini eşidərək mühafizəçilərə məlumat verib. Bu vaxtadək pasiyentin həyat yoldaşı onun itkin düşdüyünü düşünərək polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, hadisə növbə dəyişməsi zamanı baş verən anlaşılmazlıq səbəbindən yaşanıb. Həkim müayinəni tamamlanmış kimi qeyd etsə də, pasiyentin çıxarılıb-çıxarılmadığı yoxlanılmayıb. Hadisəyə görə məsul şəxslər işdən uzaqlaşdırılıb, xəstəxana rəhbərliyi isə pasiyentdən üzr istəyib.

 

Subcategories