Tibbi maskalar su hövzələrini çirkləndirir

Mütəxəssislər xəbərdarlıq edir 

Yeni araşdırma göstərib ki, təkrar istifadə olunan antimikrob maskalar yuyulma zamanı zərərli metalları ətrafa yayır. “Environment and Health” jurnalında dərc olunan nəticələrə görə, tərkibində gümüş və mis kimi metal nanohissəciklər olan bu maskalar həm insan sağlamlığı, həm də ətraf mühit üçün risk yaradır.

Alimlər müəyyən edib ki, maskalar su və yuyucu vasitələrlə təmas zamanı quruluşundakı metalların bir hissəsini buraxır. Bu maddələr su hövzələrinə düşərək canlı orqanizmlərdə toplanır və qida zənciri vasitəsilə insanlara qədər çatır. Araşdırmada həmçinin qurğuşun, nikel və sürmə kimi digər təhlükəli elementlərin də maskalarda mövcud olduğu aşkarlanıb.

Tədqiqatçılar bildirib ki, xüsusilə yuyucu vasitələr metalların ayrılmasını daha da sürətləndirir. Nəticədə bu proses su ekosistemlərinə ciddi zərər verir.

Mütəxəssislər belə maskaların düzgün utilizasiyası və istehsalına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıb.

 

Saglamolun.Az