Otağa niyə gəldiyinizi unudursunuz?

MÜTƏXƏSSİS İZAH EDİR


İnsanların otağa daxil olarkən nə üçün gəldiklərini unutması “qapı effekti” kimi tanınan psixoloji hadisə ilə izah olunur. Amerikalı psixoloq Sanam Hafiz bildirib ki, bu vəziyyət tamamilə normaldır və beynin işləmə prinsipi ilə bağlıdır. Onun sözlərinə görə, beyin xatirələri olduğu mühitlə əlaqələndirir və insan bir otaqdan digərinə keçərkən əvvəlki məkanla bağlı düşüncə zəifləyir və ya itir.
Mütəxəssis qeyd edib ki, bu hal xüsusilə diqqəti tez yayınan, eyni anda bir neçə işi görən, yaradıcı və stres altında olan insanlarda daha çox müşahidə olunur. Eyni zamanda, bu xüsusiyyət bəzən yüksək zehni aktivliyin göstəricisi hesab edilir. Belə ki, beyin artıq növbəti addımları planlaşdırdığı üçün cari tapşırıq arxa plana keçir.
Psixoloq “qapı effekti”nin qarşısını almaq üçün sadə üsullar da tövsiyə edib. O, otağa keçərkən planları ucadan deməyi və qapıda bir neçə saniyəlik dayanmağı məsləhət görür. Bu qısa fasilə beynin “yenilənmə” prosesini ləngidərək yaddaşa məlumatı saxlamaq üçün əlavə imkan yaradır.

Saglamolun.Az