İdman və vitamin D - dostdurlar, ya düşmən?! - Yeni Araşdırma


Mütəmadi fiziki məşqlər D vitamini səviyyəsinin qorunmasına kömək edir. Britaniyalı alimlər bu qənaətə elmi araşdırmaların nəticələrini təhlil etdikdən sonra gəlib. Tədqiqatın nəticələri “Frontiers in Endocrinology” jurnalında dərc olunub.


Araşdırmaya əsasən, hətta bir dəfə fiziki məşq etmək qanda D vitamininin və onun aktiv formasının səviyyəsini bir neçə saat ərzində müvəqqəti yüksəldir. Mütəmadi məşqlər zamanı isə bu təsir daha uzun müddət davam edir.


Alimlər xüsusilə qış aylarında fiziki aktivliyin əhəmiyyətini vurğulayır. Günəş işığının azalması səbəbindən bu dövrdə D vitamininin səviyyəsi aşağı düşür. Lakin müntəzəm məşq edən insanlarda mövsümi azalmanın daha zəif olduğu müşahidə edilib. Bu təsirin yalnız çəki itkisi ilə bağlı olmadığı da müəyyənləşdirilib. D vitamini sümüklərin sağlamlığında, immun sisteminin fəaliyyətində və əzələlərin normal funksiyasında mühüm rol oynayır.


Bununla belə, tədqiqatçılar fiziki aktivliyin D vitamini çatışmazlığının müalicəsində əlavələri tam əvəz etdiyini iddia etmir. Müşahidə olunan təsirin mexanizmini dəqiqləşdirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Saglamolun.Az