Psixoloqdan "dofamin alış-verişi" izahı

Yorğun və gərgin bir iş gününün sonunda telefonunuzda təklif olunan məhsula baxarkən "Ödəniş et" düyməsini sıxmaq sizə tanıdış gəlir? Bir neçə gündən sonra isə həmin əşyanın əslində heç lazımlı olmadığını anlayır, təəssüf və təqsirkarlıq hissi keçirirsiniz. Psixoloq Alyona Artamonovanın sözlərinə görə, bu hal "dofamin alış-verişi" adlanır. Bu, ani həzz almaq və mənfi emosiyalardan qaçmaq üçün düşünülmədən edilən impulsiv xərclərdir.

Beynimiz hər hansı bir mükafat gözləntisi qarşısında dofamin hormonu ifraz edir. Endirim elanları, cəlbedici reklamlar və ya "son 2 məhsul" kimi xəbərdarlıqlar beynə ani impuls ötürür. Biz faktiki olaraq məhsulun özündən deyil, yeni bir şeyə sahib olmaq gözləntisindən həzz alırıq. Marketinq hiylələri — taymerlər və şəxsi tövsiyələr də "təcili almalıyam" illüziyası yaradır. Nəticədə qısa müddətli əhval qaldırma və ya özünü uğurlu hissetmə duyğusu yaranır, lakin bu təsir çox tez keçir. Zamanla bu vərdiş maliyyə sıxıntısına, vicdan əzabına və daxili boşluğa gətirib çıxarır.

İmpulsiv xərclərin qarşısını almağın 5 təsirli yolu

Arzuolunmaz xərclərin və "dofamin tələsinin" qarşısını almaq üçün psixoloq bir neçə sadə, lakin effektiv addım təklif edir:

24-48 saatlıq gözləmə qaydası: Bəyəndiyiniz əşyanı dərhal almayın. Əgər 1-2 gün keçdikdən sonra da həmin əşyaya ehtiyacınız olduğunu düşünürsünüzsə, deməli, o həqiqətən lazımdır.

Tətikləyiciləri aradan qaldırın: Onlayn mağazaların xəbərdarlıqlarını (push-bildirişləri) və reklam mesajlarını söndürün.

Əyləncə üçün xüsusi büdcə ayırın: Ayın əvvəlində özünüzü sevindirmək üçün kiçik bir məbləğ ayırın və bu çərçivədən kənara çıxmayın.

Alış-verişi faydalı alternativlərlə əvəz edin: Dofamin səviyyəsini qaldırmaq üçün alış-veriş yerinə təmiz havada gəzintiyə çıxın, dostunuzla danışın, sevdiyiniz təamdan dadın və ya meditasiya edin.

İmpuls gündəliyi tutun: Nə vaxt və hansı hisslər təsirində (əsəb, yorğunluq, darıxmaq) mal almaq istədiyinizi qeyd edin. Bu, öz emosional tətikləyicilərinizi görməyə kömək edəcək.

Böyük alış-verişlərdən əvvəl bir dostunuzla məsləhətləşmək də faydalıdır. Unutmayın ki, kiçik sevinclər həyat keyfiyyətini artırmalıdır, problemlərdən qaçış vasitəsinə çevrilməməlidir.

Saglamolun.Az