İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

İnsan emosiyaları uzun illərdir psixologiya və nevrologiyanın əsas tədqiqat mövzularından biridir. Ənənəvi nəzəriyyələrdə sevinc, kədər, qorxu, qəzəb, ikrah və təəccüb kimi əsas emosiyalar ön plana çıxsa da, elmi araşdırmalar insanların emosional təcrübələrinin daha mürəkkəb və rəngarəng olduğunu göstərir.

ABŞ-ın Kaliforniya Universitetinin Berkli kampusundan alimlər Alan S. Cowen və Dacher Keltner "Proceedings of the National Academy of Sciences (PNAS)" jurnalında dərc olunan araşdırmalarında 27 fərqli emosional təcrübə kateqoriyası müəyyən ediblər.

2 185 VİDEO İLƏ EMOSİYALAR ARAŞDIRILIB

Tədqiqatçılar insanların emosional reaksiyalarını öyrənmək üçün müxtəlif hadisələri əks etdirən 2 185 qısa videodan istifadə ediblər. Videolarda doğuş, toy, təbiət mənzərələri, təhlükəli vəziyyətlər, qəza anları, heyvanlar, sənət əsərləri, müharibə, sevgi və gündəlik həyatda baş verən müxtəlif situasiyalar yer alıb.

İştirakçılar videolara baxdıqdan sonra keçirdikləri hissləri təsvir edib və qiymətləndiriblər. Alimlər toplanan cavabları statistik üsullarla təhlil edərək emosional təcrübələrin hansı kateqoriyalarda qruplaşdığını araşdırıblar.

Nəticədə heyranlıq, vurğunluq, estetik zövq, əyləncə, qəzəb, narahatlıq, möhtəşəmlik qarşısında heyrət, yöndəmsizlik, darıxma, sakitlik, çaşqınlıq, güclü arzu, ikrah, empatik ağrı, valeh olma, həyəcan, qorxu, dəhşət, maraq, sevinc, nostalji, rahatlıq, romantik hisslər, kədər, məmnunluq, cinsi istək və təəccüb olmaqla 27 emosional təcrübə müəyyən edilib.

 

EMOSİYALAR BİR-BİRİNDƏN TAM AYRILMIR

Araşdırmanın əsas nəticələrindən biri budur ki, emosiyalar arasında sərt sərhədlər yoxdur. Bir emosional vəziyyət tədricən digərinə keçə bilər. Məsələn, narahatlıq qorxuya, qorxu dəhşətə, dəhşət isə ikraha yaxınlaşa bilər. Eyni zamanda sakitlik, estetik zövq və heyrət arasında da keçidlər müşahidə olunur.

Alimlər bildirirlər ki, emosional təcrübəni yalnız müsbət və ya mənfi hisslər, yaxud həyəcanın səviyyəsi ilə izah etmək kifayət deyil. Konkret emosiyanın adı insanın nə yaşadığını daha dolğun ifadə edə bilər.

Bununla belə, tədqiqatçılar müəyyən edilmiş 27 kateqoriyanın insan emosiyalarının yekun və universal siyahısı olduğunu iddia etmirlər. Nəticələr iştirakçıların öz hisslərini necə təsvir etməsinə əsaslanır və başqa mədəniyyətlərdə, fərqli şəraitdə aparılacaq araşdırmalarla daha da dəqiqləşdirilə bilər.

 

Mənbə: Cowen, A. S. və Keltner, D.  Self-report captures 27 distinct categories of emotion bridged by continuous gradients. PNAS, 114(38), E7900–E7909.

Məqalə: https://pmc.ncbi.nlm.nih.gov/articles/PMC5617253/

Saglamolun.Az