Hər səhər qayğanaq yemək xeyirlidir

DİYETOLOQLAR TÖVSİYƏ EDİR



Səhər yeməyində yumurtanın yer alması sağlam qidalanma baxımından düzgün seçim hesab olunur.

Bu barədə “Zdorovye Mail” portalına danışan endokrinoloq-dietoloq

Natalya Kovaleva bildirir ki, yumurta həm qida dəyəri, həm də faydalı tərkibi ilə ideal səhər yeməyi variantıdır.
Mütəxəssisin sözlərinə görə, sağlam insan gündə 1–2 yumurta qəbul edə bilər. Bir ədəd yumurta orqanizmin gündəlik zülal ehtiyacının təxminən 10 faizini ödəyir, həmçinin yağlar, fosfolipidlər, vitaminlər və mikroelementlərlə zəngindir.

Xüsusilə selen, yod, sink və mis kimi vacib maddələrin əhəmiyyətli hissəsini təmin edir.
Yumurta yüksək keyfiyyətli zülal mənbəyidir və tərkibində orqanizm üçün vacib olan bütün amin turşuları mövcuddur.

Bu, əzələ kütləsinin qorunması və bərpası üçün mühüm rol oynayır.

Eyni zamanda yumurtada D, A və B qrup vitaminləri yer alır ki, bu da immun sisteminin güclənməsinə, sinir sisteminin düzgün fəaliyyətinə və görmə qabiliyyətinin qorunmasına dəstək verir.
Dietoloq tövsiyə edir ki, yumurta mümkün qədər az yağla bişirilsin və tərəvəzlərlə birlikdə istehlak edilsin.

Bu halda həm qida dəyəri artır, həm də yemək daha balanslı olur.


Mənbə: Zdorovye Mail

Saglamolun.Az