Uşaqlarda epilepsiyanın səbəbləri, əlamətləri və müalicə yolları 

Epilepsiya, beynin elektrik aktivliyində baş verən qəfil və nəzarətsiz dəyişikliklər nəticəsində yaranan xroniki nevroloji xəstəlikdir. Bu vəziyyət əsasən təkrarlanan qıcolma tutmaları ilə özünü göstərir və uşaqlarda olduqca geniş yayılıb. Erkən diaqnoz və düzgün müalicə planı uşağın həyat keyfiyyətini qorumaq üçün çox vacibdir. Uşaq nevroloqu olaraq Dr. Ülkər Mürsəlova epilepsiyanın hər uşağa görə fərqli yanaşma tələb etdiyini vurğulayır.

 

  • Uşaqlarda epilepsiyanın səbəbləri

Epilepsiya uşaqlarda müxtəlif səbəblərə görə yarana bilər. Bəzən bu, doğuşdan gələn genetik meyllərlə bağlı olur, bəzən də hamiləlik və doğuş zamanı baş verən oksigen çatışmazlığı ilə əlaqələnir. Sinir sisteminin iltihabi xəstəlikləri, beyin travmaları, metabolik pozğunluqlar da risk faktorları arasında yer alır. Bəzi hallarda isə epilepsiyanın səbəbi heç bir müayinədə aşkar olunmur və bu, “idiopatik epilepsiya” adlanır.

 

  • Əlamətləri vaxtında tanımaq çox vacibdir

Valideynlər çox zaman epilepsiyanı yalnız güclü qıcolmalarla əlaqələndirirlər, amma xəstəlik fərqli şəkildə də özünü göstərə bilər. Uşaq qəfil dayanaraq bir nöqtəyə baxa bilər, şüuru bir neçə saniyəlik itə bilər və ya əllərində, ayaqlarında ani titrəmələr baş verə bilər. Tutmadan sonra yuxululuq və halsızlıq da tez-tez rast gəlinən hallardandır. Bu əlamətlərdən hər hansı biri təkrarlanırsa, vaxt itirmədən uşaq nevroloquna müraciət etmək çox önəmlidir.

 

  • Diaqnostika və düzgün müalicə

Epilepsiyanın müalicəsi yalnız dərman təyin etməkdən ibarət deyil; əsas məsələ xəstəliyin düzgün diaqnozudur. Dr. Ülkər Mürsəlova hər bir uşağı fərdi şəkildə qiymətləndirir. Diaqnostika mərhələsində EEG müayinəsi, MRT görüntüləmə və zəruri hallarda genetik testlər tətbiq olunur. Bu, epilepsiya növünü və yaranma səbəbini daha dəqiq müəyyənləşdirməyə imkan verir.

Müalicə adətən antiepileptik dərmanlarla başlayır və çox hallarda qıcolmalar nəzarət altına alınır. Bəzi uşaqlar üçün xüsusi pəhriz — ketogenik dieta — qıcolmaların tezliyini əhəmiyyətli dərəcədə azalda bilər. Dərmanlara cavab verməyən nadir hallarda cərrahi müdaxilə və ya vagus sinir stimulyasiyası kimi müasir üsullar da nəzərdən keçirilir. Müalicənin uğuru müntəzəm izləmə, dozaların düzgün tənzimlənməsi və valideynlərlə sıx əməkdaşlıqdan asılıdır.

 

  • Valideynlər üçün vacib məsləhət

Epilepsiya diaqnozu valideynlər üçün qorxulu görünə bilər, amma vaxtında düzgün həkimə müraciət edildikdə bu xəstəliyə nəzarət etmək mümkündür. Qıcolma zamanı uşağı təhlükəsiz vəziyyətə gətirmək, başını yana çevirmək və ağzına heç nə qoymamaq lazımdır. Tutma 5 dəqiqədən çox davam edirsə və ya uşağın şüuru uzun müddət bərpa olunmursa, dərhal təcili yardım çağırmaq vacibdir. Eyni zamanda, uşağın mütəmadi olaraq nevroloji müayinədə olması və Dr. Ülkər Mürsəlovanın tövsiyələrinə əməl etməsi müalicənin uğurunu artırır.

Epilepsiya uşaqlarda vaxtında aşkarlanarsa, müalicə ilə çox vaxt uğurla idarə oluna bilər. Əgər övladınızda yuxarıda qeyd olunan əlamətləri müşahidə edirsinizsə, gecikmədən Dr. Ülkər Mürsəlovaya müraciət edin və uşağınız üçün düzgün diaqnostika və fərdi müalicə planı əldə edin.

 

  • Düzgün mütəxəssis seçimi uşağın həyat keyfiyyətini qorumaqda ən önəmli addımdır.

 

 

 

Dietoloq lif pəhrizinin təhlükəsindən danışdı

RİSK ETMƏYƏ DƏYƏRMİ?

Dietoloq və biokimya üzrə elmlər doktoru Maks Goulend sosial şəbəkələrdə yayılan “mümkün qədər çox lif qəbul etmək” trendinin bəzi insanlar üçün zərərindən danışıb.
O qeyd edir ki, yetkin insanlar üçün gündəlik lif norması təxminən 30 qramdır, lakin yeni trend bu rəqəmi 40–50 qrama qaldırmağa təşviq edir.
Çox miqdarda lif qəbulu qarnın şişməsi, spazm, ağrı və qaz yaranmasına səbəb ola bilər. Həmçinin lifin həddindən artıq olması və kifayət qədər maye qəbul etməmək sərt nəcis və qəbizliyə gətirib çıxara bilər.
Lif sağlamlıq üçün vacib olsa da, orqanizmin həddindən artıq yükə məruz qalması qaraciyər və bağırsaq sistemini yükləyə, bəzi mineral maddələrin (kalsium, dəmir, maqnezium, sink) sorulmasını azalda bilər.
Bu trend xüsusilə mədə-bağırsaq xəstəlikləri olan insanlar, məsələn Crohn xəstəliyi və ya irritabl bağırsaq sindromu (İBS) olanlar üçün risklidir və xəstəliyi pisləşdirə bilər.
Belə pəhriz dəyişiklikləri etməzdən əvvəl həkim məsləhəti almaq vacibdir.
Xatırladaq ki, buğda məhsulları - çörək, yulaf, makaron), paxlalılar- lobya, noxud, mərcimək, meyvə, tərəzvəz və qoz-fındıq, badam, günəbaxan tumu lif tərkibli əzaqlardır.

Antiperspirant və süd xərçəngi arasında əlaqə

ELMİ TƏDQİQATLARIN NƏTİCƏLƏRİ

ABŞ Milli Xərçəng İnstitutu (National Cancer Institute) və Amerika Xərçəng Cəmiyyəti (American Cancer Society) tərəfindən qiymətləndirilən araşdırmalar göstərir ki, antiperspirantların gündəlik istifadəsinin süd vəzi xərçəngi riskini artırdığına dair elmi sübut yoxdur.
Bir sıra sistematik icmal və meta-analizlər də bu mövzuda toplanmış məlumatları təhlil edərək antiperspirant istifadəsi ilə süd vəzi xərçəngi arasında əlaqə tapmayıb.
Əsas narahatlıqlardan biri alüminium duzlarının və bəzi parabens tərkibli maddələrin estrogen hormonuna bənzər təsir göstərə bilməsidir. Kiçik laborator tədqiqatlarda bu maddələrin hüceyrə səviyyəsində müəyyən dəyişikliklərə səbəb ola biləcəyi müşahidə edilib. Lakin bu nəticələrin insan orqanizmində xəstəlik yaratdığına dair sübut yoxdur.
Avropa İstehlakçı Məhsullarının Təhlükəsizliyi üzrə Elmi Komitəsi (SCCS — Scientific Committee on Consumer Safety) kosmetik məhsullarda alüminium tərkibli maddələrin istifadəsini qiymətləndirib. Komitə mövcud elmi dəlilləri nəzərdən keçirərək bildirib ki, antiperspirantların normal dozada istifadəsi süd vəzi xərçəngi riski yaratmır.
 

Təzyiq dərmanı: Səhər yoxsa axşam içək?

 

NƏHAYƏT ELMİ CAVAB

Böyük Britaniyada aparılan və “The Lancet” jurnalında dərc olunan nəhəng klinik sınaq – TIME (Treatment in Morning versus Evening) – hipertoniya xəstələrinin ən çox verdiyi suallardan birinə aydınlıq gətirib: təzyiq dərmanını səhər içmək daha yaxşıdır, yoxsa axşam?
Tədqiqatda 21 mindən çox hipertoniya xəstəsi iştirak edib. İştirakçılar təsadüfi olaraq iki qrupa bölünüb: biri səhər, digəri isə axşam dərman qəbul edib. Onlar illərlə izlənilib və ürək tutması, insult və ölüm halları müqayisə olunub.
Nəticə gözlənildiyi kimi sadə olmayıb: axşam qəbulun səhərdən əhəmiyyətli üstünlüyü aşkarlanmayıb. Yəni kardiovaskulyar hadisələrin tezliyi hər iki qrupda eyni səviyyədə olub. Bu, illərdir aparılan “axşam qəbul daha yaxşı qoruyur” iddialarına ciddi cavab sayılır.
Alimlər qeyd edirlər ki, bəzi xəstələrdə axşam qəbul qan təzyiqinin gecə nəzarətini yaxşılaşdıra bilər, lakin bu, hamıya aid deyil. Üstəlik, sidikqovucu tərkibli dərmanların axşam qəbul edilməsi yuxu pozğunluğuna səbəb ola bilər.
Araşdırmanı aparan “University of Dundee” və bir neçə britaniyalı klinik mərkəzin alimləri vurğulayıb ki, əsas məsələ dərmanı vaxtında və mütəmadi qəbul etməkdir. Qəbul saatını isə həkimlə birgə, şəxsi həyat tərzinə və dərmanın növünə uyğun müəyyənləşdirmək lazımdır.

Qadın həkimlər daha çoxdur?

BEYNƏLXALQ HƏKİMLƏR GÜNÜDÜR

Beynəlxalq Səhiyyə Təşkilatının (WHO) məlumatlarına görə, 2025-ci ildə dünyada həkimlərin sayı 10.000 nəfər əhalidə təxminən 150 nəfər təşkil edir. Bu göstərici ölkələr arasında əhəmiyyətli fərqlər göstərir. Məsələn, Lüksemburqda 10.000 nəfər əhalidə 500-dən çox həkim fəaliyyət göstərir, halbuki bəzi inkişaf etməkdə olan ölkələrdə bu rəqəm 10-dan azdır.
Son illərdə həkimlər arasında cinsiyyət bərabərliyi mövzusunda əhəmiyyətli dəyişikliklər müşahidə olunur. 2025-ci ildə Fransa və Böyük Britaniyada qadın həkimlərin sayı kişiləri keçərək, həkimlər arasında qadınların üstünlük təşkil etdiyi ilk dəfə qeydə alınmışdır. Eyni zamanda, müxtəlif etnik qruplardan olan həkimlərin sayı da artmışdır, xüsusən Hindistan, Pakistan və Misir kimi ölkələrdən gələn həkimlərin sayı nəzərə çarpır.
Dünyada həkimlərə olan tələbat artmaqdadır. OECD-nin 2023-cü il hesabatına görə, yaşlı əhalinin artması ilə əlaqədar olaraq inkişaf etmiş ölkələrdə həkim çatışmazlığı problemi gündəmdədir. Bu vəziyyət, həkimlərin iş yükünü artırır və səhiyyə sistemlərinin davamlılığını təhlükə altına alır.
Saf televiziyası və STV xəbər kollektivi adından Beynəlxalq həkimlər günü münasibətilə bu məluliyyətli peşənin sahiblərini təbrik edirik!

Niyə qadınlar kişilərdən daha uzun yaşayır?


YENİ TƏDQİQAT
Qadınlar kişilərdən daha uzun yaşayır. Bu ömür fərqi qadınların çox vaxt daha sağlam qidalanma və həyat tərzinə riayət etmələri, öz sağlamlıqlarına daha çox diqqət yetirmələri ilə izah olunur.
“Science Advances” jurnalında dərc edilən araşdırmaya görə, qadınlar səhiyyə və yaşayış şəraitindəki irəliləyişlərə baxmayaraq, hələ də kişilərdən daha uzun yaşayır. Bu tendensiya sadəcə insanlarda deyil,bəzi heyvanlarda da belədir.
Tədqiqat həm vəhşi təbiətdə, həm də zooparklarda yaşayan şimpanze, gəmirici, sığın və bir çox quş növləri də daxil olmaqla 1176 növdən ibarət olub. Bu indiyədək edilən ən əhatəli təhlildir.
Tədqiqat nəticəsində məlum olub ki, məməli növlərinin 72%-də dişilər orta hesabla 12% daha uzun yaşayır. Quş növlərində isə 68% erkəklər orta hesabla 5% daha uzun yaşayır.
Tədqiqatçılar xromosomlardakı fərqin bu mətləbə aydınlıq gətirdiyini vurğulayıblar.
Məməlilərdə dişilərdə iki X xromosomu var, kişilərdə isə bir X xromosomu və bir Y xromosomu var ki, bu da qadınları "zərərli" genetik mutasiyalardan qoruyaraq potensial olaraq üstünlüyü təmin edir.

Çox arıq olmaq ölüm riskini 3 dəfə artırır


ARAŞDIRMA
Danimarkalı alimlərin apardığı genişmiqyaslı araşdırma göstərib ki, az çəkili insanların ölüm riski artıq çəkidən əziyyət çəkənlərlə müqayisədə daha yüksəkdir. 85 mindən çox iştirakçının daxil olduğu bu tədqiqatda iştirakçıların orta yaşı 66 olub və onlar 5 il müddətində müşahidə edilib. Bu müddət ərzində 7 555 nəfər vəfat edib ki, bu da ümumi iştirakçıların 8%-ni təşkil edir.
Tədqiqatın aparıcı müəlliflərindən biri, Orhus Universitet Xəstəxanasından Dr. Sigrid Gribşolt, qeyd edib ki, bəzi insanlar xroniki xəstəliklər səbəbilə çəki itirir və bu da ölüm riskinin yüksəlməsinə səbəb olur. Yəni təkcə az çəki deyil, onun səbəbi də mühüm rol oynayır.
Məsələ ilə bağlı mütəxəssislər vurğulayır ki, arıq insanlarda da bəzən xolesterin və şəkər səviyyəsi yüksək olur və bu da infarkt, insult kimi ürək-damar xəstəliklərinə səbəb olur.

Telefon istifadəsinə 2 saatlıq qadağa


ASILILIQ – XƏSTƏLİKDİR.
Yaponiyada şəhər meri mobil telefondan gündə yalnız iki saat istifadəyə icazə verdi.
Oktyabrın 1-dən Yaponiyanın Toyoake şəhərinin sakinlərinə işdən və ya dərsdən kənarda gün ərzində mobil telefon, planşet, oyun konsolu və hətta kompüterdən cəmi iki saat istifadə etməyə icazə verilib.
Qəzetin yazdığına görə, bu məhdudiyyətin qoyulması ideyası şəhər meri Masafumi Kuokiyə ağlına getdikcə daha çox məktəblinin dərsdən yayınması barədə məlumat verilməsindən sonra gəlib. Mer bu tendensiyanın mobil qurğulardan və oyunlardan asılılıq ilə əlaqələndirib.
Yeni qayda əsasən simvolik xarakter daşıyır, çünki mobil telefondan istifadəyə nəzarət etmək imkanı yoxdur və heç bir cərimə nəzərdə tutulmur.

Alimlər yeni neyron yaradıb


CANLI NEYRON KİMİ HƏYƏCANLANA BİLİR
Massaçusets Universitetinin alimləri insan beyninin fəaliyyətini təqlid edə bilən inqilabi texnologiya üzərində işləyərək, canlı neyron hüceyrələrinin davranışını tam şəkildə təkrarlayan süni neyron hazırlayıb. Bu neyron həyəcanlana bilir, öyrənmə qabiliyyətinə malikdir və kimyəvi siqnallara reaksiya verir.
Yeni süni neyronun əsasını “memristor” adlanan yaddaşa malik olan rezistor təşkil edir. Bu cihaz “Geobacter” bakteriyasının zülal nanohissəciklərindən hazırlanıb. Tədqiqatçılar əlavə olaraq neyronu kimyəvi sensorlarla təchiz edib. Bu sensorlar ionlara və neyromediatorlara reaksiya verir və süni neyronun fəaliyyətini ətraf mühitdən gələn kimyəvi siqnallara uyğun olaraq tənzimləməsinə şərait yaradır.
Eksperimentlər zamanı süni neyron insan ürəyinin hüceyrələri ilə uğurla qarşılıqlı əlaqə qurub. O, ürək hüceyrələrinin yığılmalarını izləyib və noradrenalin kimi maddələrə reaksiya verib.
Alimlər bildirir ki, bu texnologiya hələlik erkən mərhələdədir və yalnız laboratoriya şəraitində istifadə olunur.

Süni intellekt uşaqlarda xərçənglə mübarizəyə cəlb edilir


YENİ QƏRAR
ABŞ prezidenti Donald Tramp süni intellektdən (Sİ) istifadəni uşaqlarda xərçənglə mübarizəyə yönəldən yeni fərman imzalayıb. O, Ağ Evdə keçirdiyi tədbirdə bu addımın diaqnostikanı sürətləndirəcəyini, klinik sınaqları daha effektiv edəcəyini və profilaktikanı gücləndirəcəyini bildirib.
Yeni təşəbbüs çərçivəsində 50 milyon dollar ayrılacaq. Bu vəsait Trampın prezidentliyinin ilk dövründə başladılan “Uşaq xərçəngi üzrə məlumat toplama təşəbbüsü”nün maliyyəsini ikiqat artıraraq ümumilikdə 100 milyon dollara çatdıracaq. Layihə böyük həcmli tibbi məlumatların toplanması və onların süni intellekt vasitəsilə təhlilinə yönələcək.
Xatırladaq ki, “Ümumdünya Səhiyyə Təşkilatının” hesablamalarına görə, dünyada hər il 19 yaşadək 400 min uşaq və yeniyetmə bu xəstəliyə tutulur.

Xoruldayanlara şəhərdə yaşamaq təhlükəlidir


YUXU APNESİ HAQQINDA YENİ ARAŞDIRMA
Tədqiqat göstərib ki, havanın yüksək səviyyədə çirkli olduğu ərazilərdə yaşayan yuxu apnesi xəstələrinin vəziyyəti daha da ağırlaşır.
Hollandiyanın Amsterdam şəhərində Avropa Tənəffüs Cəmiyyətinin (ERS) Konqresində təqdim edilən beynəlxalq araşdırmaya görə, havanın çox çirkli olduğu ərazilərdə yaşayan obstruktiv yuxu apnesi (OSA) olan insanlar daha ağır simptomlarla üzləşirlər. Tədqiqata 14 ölkənin 25 şəhərində obstruktiv yuxu apnesi (OSA) olan 19 325 xəstənin məlumatları daxil edilib. İnformasiya Avropa Yuxu Apnesi Məlumat Bazasından götürülüb.
Təhlil göstərib ki, böyük şəhərlərdə yaşayanların obstruktiv yuxu apnesi daha ağır simptomlar verib.
Xatırladaq ki, bu xəstəlik zamanı tez-tez yüksək səslə xoruldama, yuxuda ağır nəfəs alma və qəfildən uzunmüddətli dayanmalar müşahidə edilir. Pasientlər dəfələrlə yuxudan oyadır, hətta yuxuda ikən hava çatışmazlığından həyatını itirir.
Həmçinin bu xəstəliyi olanlar hipertoniya, insult, ürək-damar xəstəlikləri və 2-ci tip diabet riski də daşıyır.

Hakim: Həkimlər yazı yazmağı öyrənsin


YENİ QAYDA
Ölkədə reseptlərin aydın, böyük hərflərlə yazılması həkimlər üçün məcburi edilib.Hindistanda həkimlərin oxunmaz reseptlər yazması ciddi problemə çevrilib və bu, bəzən xəstələrin həyatına təhlükə yaradır.
2014-cü ildə Hindistanın Nalqonda şəhərindən olan əczaçı 3 yaşlı qızın yanlış dərman səbəbilə vəfat etməsindən sonra məhkəməyə müraciət edib. Bu hadisə nəticəsində 2016-cı ildə Hindistan Tibb Şurası həkimlərə reseptləri oxunaqlı şəkildə yazmağı tövsiyə edən qərar qəbul edib. 2020-ci ildə isə səhiyyə naziri bu qaydalara əməl etməyənlərə qarşı cəza tədbirlərinin görüləcəyini açıqlayıb.
Buna baxmayaraq, xüsusilə kənd yerlərində hələ də oxunmaz reseptlər əczaçılara ciddi çətinlik yaradır. Təcrübəli əczaçılar bəzi hallarda yazını təxmin edə bilsələr də, səhvlərin qarşısını almaq üçün tez-tez həkimlərlə əlaqə saxlamaq məcburiyyətində qalır. Hindistanın Ali Məhkəməsi məsələ ilə bağlı qərarında reseptin oxunacaq vəziyyətdə olmasının xəstənin hüququ olduğunu və hətta həyat qurtara biləcəyini vurğulayıb. Məhkəmə həmçinin tibbi təhsilə xətt dərslərinin əlavə olunmasını və yaxın 2 il ərzində rəqəmsal resept sisteminə keçidi tövsiyə edib.

Diabet və allergiya dərmanı skleroza qarşı


YENİ TƏDQİQAT
Kembric Universitetinin alimləri diabet və allergiyaya qarşı istifadə olunan iki dərmanın birlikdə tətbiqinin dağınıq skleroz xəstələrinin müalicəsində ümidverici nəticələr verdiyini açıqlayıb.
Avropanın Dağınıq Skleroz Araşdırmaları və Müalicəsi Komitəsinin konfransında təqdim olunan araşdırmaya görə, metformin və klemastin dərmanlarının kombinasiyası zədələnmiş sinir örtüyü mielini bərpa edə bilər.
Tədqiqatda təxminən 70 dağınıq skleroz xəstəsi iştirak edib. Onların yarısına 6 ay boyunca bu dərman kombinasiyası, digər yarısına isə plasebo verilib. Nəticədə, aktiv dərman alan qrupda sinir impulslarının ötürülmə sürəti sabit qalıb, plasebo qəbul edənlərdə isə bu göstərici zəifləyib. Bu isə mielinin bərpasının mümkün olduğunu göstərir.
Əgər növbəti mərhələlərdə effektivlik və təhlükəsizlik təsdiqlənərsə, bu yanaşma təkcə dağınıq skleroz deyil, həm də Alzaymer və Parkinson kimi digər neyrodegenerativ xəstəliklərin müalicəsində də inqilabi dönüş nöqtəsi ola bilər.

2025-ci il, oktyabrın 4-də Bakıda “Dayaq-hərəkət sisitemi xəstəliklərində kollagen tibbi vasitələrinin tətbiqi: yeni klinik təcrübələr”

2025-ci il, oktyabrın 4-də Bakıda “Dayaq-hərəkət sisitemi xəstəliklərində kollagen tibbi vasitələrinin tətbiqi: yeni klinik təcrübələr” adlı beynəlxalq konfrans keçiriləcək. Tədbirin   Baku Marriot Hotel Boulevard otelində keçirilməsi nəzərdə tutulub. İnteqrativ Təbabətdə Elmi araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq  tədbirdə Azərbaycanda fəaliyyət göstərən bir sıra məşhur klinikaların uzman doktorları  dayaq-hərəkət sistemi xəstəliklərinin müalicəsində Kollagen preparatının effektli təsirinə dair maraqlı mövzularla çlxış edəcəklər. Konfransın əsas spikeri Alessandro Perra isə İtaliyadan dəvət olunub. GUNA Pharmaceuticals şirkətinin Elmi şöbəsinin direktoru A.Perranın məruzəsi ”Kollagen tibbi vasitələri-Elmi araşdırmalardan sübutlar” mövzusundadır. Təxminən 150 yerli həkimin iştirakı nəzərdə tutulan  Beynəlxalq tədbirdə iştirakçılara 6 DTT balı və sertifikat veriləcək.
Əgər  sözü gedən beynəlxalq konfrans sizi maraqlandırırsa, aşağıdakı linkə daxil olmaqla tədbirdə iştirak üçün qeydiyyatdan keçməyə tələsin.
 

Az su içmək stress hormonunu artırır


ARAŞDIRMA
Yeni elmi araşdırmaya görə, gündəlik kifayət qədər su içməyən insanlarda stress zamanı kortizol hormonunun səviyyəsi daha çox artır. Bu, az miqdarda su qəbulunun uzunmüddətli sağlamlıq riskləri ilə əlaqəsini izah edir.
ABŞ-da aparılan və “Journal of Applied Physiology” jurnalında dərc olunan araşdırmada müəyyən edilib ki, daimi olaraq az su içən şəxslərdə psixososial stress zamanı kortizolun ifrazı daha güclü olur. Bu da zamanla metabolik, böyrək və ürək-damar xəstəlikləri riskini artırır.
Tədqiqat zamanı iştirakçılar gündəlik su qəbuluna görə 2 qrupa bölünüb: çox və az su içənlər. Stress testindən sonra hər 2 qrupda kortizol səviyyəsində artım müşahidə edilsə də, az su içənlərdə bu reaksiya daha güclü olub. Bu da orqanizmin susuz qaldıqda stressə daha həssas olduğunu göstərir.
Alimlər bildirib ki, yetərli maye qəbul etmək yalnız fiziki deyil, psixoloji sağlamlıq üçün də önəmlidir.

Duz təzyiqi qaldırır


MÜTƏXƏSSİS İZAH EDİR

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova SEHİYYE.GOV.AZ saytına verdiyi müsahibədə “Ürək xəstələri necə qidalanmalıdır?” sualına cavab verib.
Mütəxəssis qeyd edib ki, doğru qidalanma ürəyə düşən yükü azaldır, damarların sağlam qalmasına kömək edir və təzyiqi, xolesterini normada saxlamağa yardım edir.
Həddindən artıq duz istehlakı təzyiqi qaldırır və ürəyə əlavə yük salır. Həmçinin, yemək bişirilməsində heyvani yağlardan istifadə (quzu, qoyun piyi, kərə yağı) damarların daralmasına səbəb ola bilər. Daha çox bitki yağlarına – zeytun, günəbaxan və ya kətan yağına üstünlük verilməlidir. Qızartmadan daha çox yeməyi suda bişirmə, sobada hazırlama, buğlama daha faydalıdır.

 

 

Həmçinin, həftədə ən azı 1–2 dəfə balıq yemək tövsiyə olunur, çünki omeqa-3 yağ turşuları ürəyi qoruyur, damarları elastik saxlayır, deyə Kardiologiya İnstitutunun direktoru bildirib.
Gülnaz Dadaşova əlavə olaraq qeyd edib ki, gündəlik rasionunuz vitamin, lif və minerallarla zəngin tərəvəz və meyvələrdən ibarət olmalıdır. Lif xolesterini aşağı salır, bağırsaqları yaxşı işlədərək orqanizmi təmizləyir.
Ağ çörək və şirniyyat yerinə kəpəkli çörək, qarabaşaq, yulaf, qəhvəyi düyü daha faydalıdır. Bunlar həm toxluq verir, həm də ürəyə yük salmır. Qırmızı ətin miqdarına diqqət yetirməkdə fayda var. Əti tam qadağan etmək lazım deyil və daha çox toyuq, hinduşka, balıq seçmək daha düzgündür.
Şəkər və şirniyyat istehlakına diqqət yetirmək lazımdır, çünki çoxlu şirniyyat və şəkərli qidalar ürək-damar sisteminə mənfi təsir edir və artıq çəki yaradır. Ona görə də. şirniyyatı minimuma endirmək lazımdır.
Həmçinin, maye qəbulunu nəzarət etmək lazımdır. Ürək çatışmazlığı olan xəstələr bol maye qəbul etdiyi zaman ürəyin yükü artır. Belə hallarda həkimlə razılaşdırılmış miqdarda maye içmək vacibdir. Lakin sağlam ürək xəstələri üçün təbii su içmək faydalıdır, deyə professor vurğulayıb.

117 yaşlı qadın ən çox nə yeyib


ALİMLƏR ÖMRÜ UZADAN MƏHSULLARI AÇIQLAYIB
Alimlər ötən il 117 yaşında vəfat edən ispaniyalı Maria Brañas Moreranın uzun ömür sürməsinin səbəbini müəyyən etmək üçün onun DNT-sini və digər bioloji parametrlərini araşdırıblar. Maria Branas Morera dünyanın ən yaşlı insanı idi.
Araşdırma zamanı məlum olub ki, Morera gündə üç qatıq yeyib.
"Qatığın sağlamlıq və uzunömürlülük faydalarını göstərən tədqiqat çox azdır, buna görə də bu kəşfimiz, bir irəliləyişdir"- deyə tədqiqat rəhbəri Manel Esteller bildirib.
O, əlavə edib ki, Morera qatıqdan əlavə səkkiz müxtəlif taxıldan ibarət gündəlik “smuzi”, yəni sıyıq içib. O, həmçinin siqaret çəkməyib və spirtli içki qəbul etməyib.
Maria Branas Morera iki dünya müharibəsindən, İspaniya vətəndaş müharibəsindən, ispan qripi pandemiyasından və 113 yaşında COVID-19-dan sağalıb. Lakin 117 yaşında həyata vəda edib.

Doğuşdan sonra psixi pozuntu kütləvi hal alıb


ARAŞDIRMA
İsveçdə aparılan və “Molecular Psychiatry” jurnalında dərc olunan geniş araşdırma göstərib ki, qadınlarda doğuşdan sonrakı həftələrdə psixi sağlamlıq problemləri riski yüksəlir.
Məlum olub ki, doğuşdan 5–15 həftə sonraya qədər depressiya riski hamiləlikdən əvvəlki dövrlə müqayisədə 20% daha yüksəkdir. Psixoz riski isə doğuşdan sonrakı ilk 5 həftədə 6-7 dəfə, 20-ci həftəyə qədər isə iki dəfə artır.
Ekspertlər vurğulayıb ki, bu hallar ciddi müalicə tələb edən psixi pozuntulardır. Simptomlara halüsinasiyalar, paranoya və bipolyar pozuntu daxildir, lakin düzgün müalicə ilə tam sağalma mümkündür.
Tədqiqat 2003–2019-cu illər arasında İsveçdə 1,8 milyon doğuşun məlumatları əsasında aparılıb. Alimlər bildirir ki, həkimlərin hamiləlik dövründə qadınları daha yaxından izləməsi psixi sağlamlıq problemlərinin vaxtında aşkarlanmasına və ağırlaşmaların qarşısının alınmasına kömək edə bilər.
ÜST-nın məlumatına görə, dünyada hər 10 hamilə qadından biri və doğuşdan sonrakı qadınların 13%-i psixi pozuntular yaşayır. Alimlər gənc anaların psixi sağlamlığının qorunması üçün doğuşdan sonrakı dövrdə diqqətli müşahidə və dəstəyin vacib olduğunu vurğulayır.

3 dəqiqəyə sınıqları sağaldan gel hazırlanıb


İNQİLABİ YENİLİK
Çinli alimlər tibbdə inqilabi yeniliyə imza atıb. Bu yenilik Çinin Çjeczyan (Zhejiang) vilayətindən olan elmi araşdırma qrupu tərəfindən təqdim edilib. Onlar cəmi 3 dəqiqə ərzində sınıqları sağalda bilən xüsusi gel hazırlayıb. Bu gel, sümük toxumasını möhkəm bir şəkildə birləşdirən və bərpa prosesini sürətləndirən yüksək effektivliyə malik bioloji yapışdırıcıdır.
Yeni hazırlanmış bu gel isə həm biouyğunluq, həm də yüksək yapışma qabiliyyəti baxımından əvvəlki texnologiyalardan fərqlənir. Tətbiq edildikdən sonra cəmi 3 dəqiqə ərzində sümük səthlərini birləşdirir və möhkəm bərpa təmin edir. Bu yenilik travmatologiya və ortopediya sahəsində əməliyyatların daha az invaziv və daha sürətli olmasına imkan verəcək.
Hazırda gelin klinik sınaqları davam etdirilir və gələcəkdə onun geniş tibbi istifadəyə verilməsi gözlənilir.
Xatırladaq ki, ötən həftə Cənubi Koreya və Amerikalı alimlər unikal tibbi cihaz hazırlayıblar - əməliyyat zamanı birbaşa zədə yerində sümük greftlərini 3D çap etməyə qadir olan dəyişdirilmiş "yapışqan tapança".
Hər iki kəşf travmatologiya sahəsində çox böyük irəliləyiş sayılır.

Gen terapiyası autizmə qarşı


İNQİLABİ YENİLİK
Çinli alimlər tibbdə inqilabi yeniliyə imza atıb. Bu yenilik Çinin Çjeczyan (Zhejiang) vilayətindən olan elmi araşdırma qrupu tərəfindən təqdim edilib. Onlar cəmi 3 dəqiqə ərzində sınıqları sağalda bilən xüsusi gel hazırlayıb. Bu gel, sümük toxumasını möhkəm bir şəkildə birləşdirən və bərpa prosesini sürətləndirən yüksək effektivliyə malik bioloji yapışdırıcıdır.
Yeni hazırlanmış bu gel isə həm biouyğunluq, həm də yüksək yapışma qabiliyyəti baxımından əvvəlki texnologiyalardan fərqlənir. Tətbiq edildikdən sonra cəmi 3 dəqiqə ərzində sümük səthlərini birləşdirir və möhkəm bərpa təmin edir. Bu yenilik travmatologiya və ortopediya sahəsində əməliyyatların daha az invaziv və daha sürətli olmasına imkan verəcək.
Hazırda gelin klinik sınaqları davam etdirilir və gələcəkdə onun geniş tibbi istifadəyə verilməsi gözlənilir.
Xatırladaq ki, ötən həftə Cənubi Koreya və Amerikalı alimlər unikal tibbi cihaz hazırlayıblar - əməliyyat zamanı birbaşa zədə yerində sümük greftlərini 3D çap etməyə qadir olan dəyişdirilmiş "yapışqan tapança".
Hər iki kəşf travmatologiya sahəsində çox böyük irəliləyiş sayılır.

Beyinlər necə dostlaşır?



MARAQLI KƏŞF
Stanford və Princeton universitetlərinin alimləri insan münasibətləri sahəsində maraqlı və təsirli elmi kəşfə imza atıb. Araşdırmalar göstərib ki, 2 insan arasında güclü emosional bağ olduqda, istər dost, istər tərəfdaş, istərsə də yaxın qohum, onların beyinləri eyni ritmdə işləməyə başlayır.
Eksperiment zamanı məlum olub ki, yaxın insanlar birlikdə film izləyərkən və ya söhbət edərkən onların diqqət və emosiyalarla bağlı beyin sahələri sinxron şəkildə aktivləşir. Emosional bağ nə qədər güclüdürsə, beyin dalğalarının sinxronluğu da bir o qədər yüksək olur.
Mütəxəssislər bu hadisəni "interpersonal neyron sinxronizasiya" adlandırır. Bu fenomen, insanların bir-birini uzaqdan "hiss etməsi", fikirləri tamamlaması və bir-birini sözsüz başa düşməsi kimi hadisələri elmi baxımdan izah edir.
Nəticədə, dostluq və yaxınlıq beynimiz səviyyəsində görünməz bağın olması deməkdir.

İnsan daha bir genetik xəstəliyə qalib gəldi


ALİMLƏR İZAH EDİR
Avropalı alimlər genetik və müalicəsi çətin olan Hantinqton xəstəliyinin inkişafını ilk dəfə dayandırmağa nail olub. Niderlandın “UniQure” biotexnologiya şirkəti tərəfindən hazırlanan və gen terapiyasına əsaslanan AMT-130 adlı preparat klinik sınaqlarda ümidverici nəticələr göstərib.
Xəstəlik beyin hüceyrələrini zədələyərək, qeyri-iradi hərəkətlərə, əzələ tonusunun pozulmasına və psixoloji dəyişikliklərə səbəb olur. Adətən diaqnozdan sonra xəstələr 10-13 il ərzində həyatlarını itirir. AMT-130 preparatı genetik səbəb olan huntingtin zülalının səviyyəsini azaldır.
ABŞ-da keçirilən I və II fazalı klinik sınaqlarda xəstəliyin yeni başlanmış mərhələsində olan 26 pasiyent iştirak edib. Onlardan bəzilərinə MRT nəzarəti altında beyinlərinə preparat yeridilib. 3 il sonra bu xəstələrin 75%-də xəstəliyin inkişafı demək olar ki, dayanıb.
Mütəxəssislər qeyd edir ki, bu müalicə üsulu xəstələrin həyat keyfiyyətini əhəmiyyətli dərəcədə artıra və onlara uzun illər normal həyat bəxş edə bilər. Alimlər bunu Hantinqton xəstəliyinin müalicəsində tarixi bir dönüş nöqtəsi kimi qiymətləndirir.

Çay, meyvə şirəsi və kofe ilə dərman içmək niyə zərərlidir?

 


DƏRMAN SOYUQ, YOXSA İSTI SU İLƏ QƏBUL EDİLMƏLİDİR?

Bir həbi quru udmaq çoxları üçün əhəmiyyətsiz bir iş kimi görünsə də, əslində risklidir. Maye olmadan, dərman özofagusa yerləşsə təhlükəli vəziyyət yarada bilər.
Su yalnız dərmanı udmağı asanlaşdırmaq üçün deyil, həm də dərmanı həzm sistemi boyunca düzgün şəkildə yaymaq üçündür. Maye olmadan, dərman daha uzun müddət həll olunur, daha az sorulur və buna görə də təsiri zəifləyir.
Süd, şirə, çay və ya qəhvə həblərin tərkibindəki maddələrlə kimyəvi reaksiya verə bilər. Buna görə həkimlər təmiz suyun həb içmək üçün ən təhlükəsiz seçim olduğunu deyir.
Həkimlər dərmanları otaq temperaturunda və ya bir qədər isti su ilə qəbul etməyi tövsiyə edir.
Bu, tabletin daha sürətli həll edilməsinə və bərabər şəkildə udulmasına imkan verir. Əlavə fayda ondan ibarətdir ki, ilıq maye mədə və bağırsaqları yumşaq bir şəkildə stimullaşdırır və yerli qan dövranını yaxşılaşdırır. Bütün bunlar bədənin aktiv maddələri daha tez və effektiv şəkildə mənimsəməsinə kömək edir.

Evdə allergiyanı 30 dəqiqəyə azaldan texnologiya


ALİMLƏR SADƏ VƏ EFFEKTİV HƏLL
ABŞ-ın Kolorado Universitetinin alimləri müəyyən edib ki, xüsusi ultrabənövşəyi şüalanma pişik tükləri, toz gənələri, kif və ağacların tozcuqları kimi allergenləri məhv edir. Gözlərin şişməsi, qaşınma və astma tutmalarına səbəb olan bu allergenlər, mənbə aradan qalxsa belə, evdə aylarla qalır.
Ultrabənövşəyi şüaların allergənləri yox etməsi ilə bağlı araşdırmanın nəticələri ACS ES&T Air (American Chemical Society environmental science and technology air) jurnalında dərc olunub.
Tədqiqatçılar 222 nanometr dalğa uzunluğuna malik ultrabənövşəyi lampalardan istifadə edib. Bu, dezinfeksiya üçün istifadə olunan ənənəvi ultrabənövşəyi şüasından daha təhlükəsiz hesab olunur. Onlar hermetik kamerada toz gənələri, kif və ev heyvanlarının tüklərindən alınmış allergenləri püskürtdükdən sonra 4 kompakt UV lampasını işə salıb. Cəmi 30 dəqiqə ərzində allergenlərin immun sistem tərəfindən tanınma səviyyəsi 20−25% azalıb.
“Bu nəticələr göstərir ki, allergenlərin təsirini sürətlə azaltmaq mümkündür” deyə araşdırmanın müəllifi Tessa Aydem bildirib.

Yeni, daha ucuz HİV peyvəndi


68 MANAT OLACAQ
İİV-in (İnsanın İmmunçatışmazlığı Virusu) qarşısının alınması üçün yeni dərman iki il ərzində 100-dən az inkişaf etmiş ölkədə daha ucuz qiymətə satılacaq. Bu addımın milyonlarla insanın müalicəsini təmin edəcəyi və dünyada HİV/AİDS epidemiyasına son qoyacağı gözlənilir.
“Lenacapavir” adlanan inyeksiyanın bu ilin sonunda satışa çıxarılacağı və 40 dollara, yəni 68 azn-ə qiymətləndiriləcəyi proqnozlaşdırırlır. Preparatın daha ucuz versiyası 2027-ci ildə aşağı və orta gəlirli 120 ölkədə təqdim ediləcək.
Alimlər iddia edirlər ki, bu dərman virusun hüceyrələrdə çoxalmasını əngəlləyir.
"Bir çox aşağı və orta gəlirli ölkələr üçün HİV-in qarşısının alınması lüks deyil, zərurətdir" deyə istehsalçılar vurğulayır.

Si antibiotiklərin yaradılmasını sürətləndirir


RUSİYA ALİMLƏRİ TƏDQİQ EDİR
Alqoritm avtomatik olaraq dərmanlar üçün namizəd molekulları seçir.
Rusiyanın Milli Tədqiqat Universiteti alimləri yeni antibiotiklər üçün namizəd molekulları avtomatik seçən süni intellektə əsaslanan sistem hazırlayıblar.
Alqoritm bağırsaq çöplərinin davamlı ştamlarına qarşı potensial effektiv olan 56 birləşməni müəyyən edib. İndi onlar laboratoriyada yoxlanılmalıdır.
Antibiotiklər dərmanların təsirindən yayınmağı öyrənən bakteriyaların təkamülü səbəbindən zamanla öz effektivliyini itirir. Bununla mübarizə aparmaq üçün bütün dünyada mütəxəssislər yeni maddələr axtarırlar. Rusiyanın Milli Tədqiqat Universitetində hazırlanmış alqoritm əksər oxşarlardan fərqli işləyir: o, sintez sürətini, toksikliyin olmaması və yan təsirləri nəzərə alaraq eyni vaxtda iki bakteriya zülalına qarşı molekullar yaradır. Kompüter modelləşdirməsinə görə, bəzi birləşmələr mövcud antibiotik novobiosindən daha yüksək aktivlik nümayiş etdirdi. Hesablamanın dəqiqliyi 81%-ə çatır, deyə alimlər bildirir.

Günün ən yuxulu saatları açıqlandı

I
MÜTƏXƏSSİS TÖVSİYƏLƏRİ
ABŞ-ın Miçiqan Universitetindən neyrobioloq doktor Ravia Allada-nın verdiyi açıqlamaya görə, birdən-birə yaranan halsızlıq və yuxusuzluq hissi, sadəcə yorğunluq deyil, elm tərəfindən sübut olunmuş fizioloji prosesdir.
Ekspertin sözlərinə görə, insan orqanizmi sirkad ritmi adlanan bioloji saatla idarə olunur. Bu ritmə əsasən, ən yüksək fayda səhər saat 10:00 radələrində müşahidə olunur. Lakin günorta yeməyindən sonra, təxminən saat 13:27 və 14:06 aralığında bir çox insan enerji azalması və artmış yuxululuq hiss edir. Bunun səbəbi isə "yuxu təzyiqi" adlanan təbii prosesdir. Yəni insan oyaq qaldıqca, beynin istirahətə olan tələbatı artır və bu, günün ortasında özünü güclü şəkildə göstərir. Dr. Allada qeyd edir ki, gün ərzində bədəndə sirkad ritmilə yuxu istəyi arasında davamlı “mübarizə” gedir.
2000 ofis işçisi arasında keçirilən araşdırma göstərib ki, ən çox yorğunluq və halsızlıq hissi saat 13:27 və 14:06-da yaşanır. Sorğuda iştirak edənlərin 25%-dən çoxu bunun səbəbini kompüter ekranı qarşısında uzun müddət keçirməklə əlaqələndirir. 22% isə nadir fasilələrin buna səbəb olduğunu deyir. Respondentlərin təxminən 25%-i həmkarların işə mane olduğunu düşünür.
Mütəxəssislər bildirirlər ki, səhv qidalanma da gündüz yorğunluğunun əsas səbəblərindən biridir. Onlar zülal və liflə zəngin qidaların qəbulunu tövsiyə edir. Günorta yorğunluğunun öhdəsindən gəlməyin ən effektiv yolu isə 20 dəqiqəlik qısa yuxudur. Əgər bu mümkün deyilsə, təmiz havada gəzinti və fiziki aktivlik də konsentrasiyanı artırmağa və ümumi əhval-ruhiyyəni yaxşılaşdırmağa kömək edir.

Təhsilə meyl cinsi istəyi azaldır


YENİ ARAŞDIRMA
Beynəlxalq tədqiqatçılar qrupu maraqlı bir qanunauyğunluq aşkar edib: yüksək təhsil səviyyəsi aşağı cinsi fəaliyyətlə əlaqələndirilə bilər. Tədqiqatın nəticələri “Proceedings of the National Academy of Sciences” (PNAS) jurnalında dərc olunub.
Tədqiqatda Böyük Britaniya və Avstraliyanın bir neçə yüz min sakini iştirak edib. Tədqiqatçıların əsas məqsədi ali təhsilin insanın intim həyatına təsir edib-etmədiyini müəyyən etmək olub. Nəticələr göstərib ki, iştirakçıların təxminən 1%-i heç vaxt cinsi əlaqədə olmayıb.
Bununla belə, tədqiqatçıların qeyd etdiyi kimi, bu, genetik bir problem deyil - "bekarlıq geni" deyilən bir şey yoxdur. Cinsi davranışa şəxsiyyət xüsusiyyətləri, sosial mühit və hətta yaşantılar də daxil olmaqla bir çox amillər təsir edir.
Buna baxmayaraq, tədqiqatçılar ardıcıl bir tendensiya nəzərə çarpıb: təhsil səviyyəsi nə qədər yüksək olarsa, yaxınlığa olan marağın azalması ehtimalı bir o qədər yüksəkdir. Tədqiqatçılar hesab edirlər ki, bunun müxtəlif səbəbləri ola bilər. Bunlara peşəkar fəaliyyətlərə güclü diqqət, karyera yüksəlişi arzusu və şəxsi münasibətlər üçün vaxt çatışmazlığı daxildir.

Autizmi aşkar edən neyron şəbəkə yaradıldı


98% DƏQİQLİK
Alimlər autizmi aşkar etmək üçün 98% dəqiqliyə malik neyron şəbəkə yaradıblar.
Plimut Universitetinin alimləri istirahət vəziyyətinin funksional MRT məlumatlarına əsaslanaraq demək olar ki, autizmi 100% dəqiqliklə aşkar etməyə qadir olan dərin neyron şəbəkə yaradıblar.
Model beyin fəaliyyətini əks etdirən qan oksigen səviyyələrindəki dəyişiklikləri təhlil edir və hansı beyin bölgələrinin proqnoza daha çox təsir etdiyini göstərən şərh edilə bilən xəritələr yaradır.
Testlər alqoritmin yüksək effektivliyini və böyük məlumat dəstlərini təhlil etmək və autizm spektri pozğunluğu olan xəstələrin beyin fəaliyyətində gizli nümunələri müəyyən etmək potensialını nümayiş etdirib.
Daha əvvəl bildirilmişdi ki, alimlər keçirici plastiklərdən 17 xüsusiyyətə malik süni neyronlar yaradıblar və onları fərqli sahələrdə istifadə etməyi palnlaşdırırlar.

Parasetamolun autizmlə əlaqələndirilməsi iddiası təkzib edilib


“HEÇ BİR ƏLAQƏSİ YOXDUR”
ABŞ Prezidenti Donald Tramp "Düşünürəm ki, autizmin səbəbini tapdıq. Məsələ hamilə qadınların parasetamol içməyidir ", deyə açıqlama verdikdən sonra qlobal müzakirələr başlayıb.
Böyük Britaniyanın Durham Universitetinin Sosial və İnkişaf Psixologiyası üzrə Dosenti Dr.Monika Botha, "Mən əminliklə deyə bilərəm ki, parasetamol və autizm arasında heç bir əlaqə yoxdur", açıqlaması verib.
Bəzi tədqiqatlar erkən hamiləlikdə parasetamol istifadəsi ilə uşaqlarda autizmin bir qədər yüksək nisbətləri arasında potensial əlaqə olduğunu göstərir, lakin onlar qəti deyil və dərmanın autizmə səbəb olduğunu sübut etmir, deyə açıqlamalar da gündəmdə özünə yer tapıb.
Digər mühüm tədqiqatlar da bu tapıntıları təkzib edir.
Məsələn, keçən il isveçli tədqiqatçılar 24 il ərzində doğulan 2,5 milyona yaxın uşağın məlumatlarını təhlil ediblər.
Onlar aşkar ediblər ki, hamiləlik zamanı parasetamol istifadəsi uşaqlarda autizm, əqli qüsurlar və ya diqqət çatışmazlığı hiperaktivlik pozuntusu (DEHB) inkişaf riski ilə əlaqəli deyil.
Tədqiqatçılar hesab edirlər ki, autizm genetik və ətraf mühit faktorlarının, məsələn, yaşlı valideyn, havanın çirkliliyinə prenatal məruz qalma və doğuş zamanı aşağı oksigen səviyyələri və digərlər faktorlardan yaranır.

Yüksəkdozalı C vitaminin xərçəngə təsiri ilə bağlı aparılmış tədqiqat



Xərçəngin yeni müalicəsi insanlarda uğurla sınaqdan keçirildi. ABŞ-da həkimlər C vitamininin ultra yüksək dozalarından istifadə etməklə beyin və ağciyər xərçənginin müalicəsi üzrə bir sıra klinik sınaqları uğurla həyata keçiriblər. Onkologiyadan əziyyət çəkən könüllülərə kimyaterapiyadan əvvəl gündəlik normadan min dəfə artıq vitamin verilib – yəni 70–100 qram. (Hesablama qaydası: C vitaminin gündəlik tələbat miqdarı olan 70–100 mq X 1000.

Nəticə: 70 000–100 000 mq – yəni 70–100 qram.) Sınaqlarda 11 nəfər iştirak edib. Bu barədə Cancer Cell elmi jurnalında məlumat verilir.

“Hazırda işlədiyimiz xərçəng xəstələrinin əksəriyyəti digər xəstələrin həyatını xilas edə biləcək eksperimentlərdə iştirak etməkdən məmnundurlar. İndiyə qədər nəticələr ümidverici görünür, lakin biz hələ bilmirik ki, C vitamini təkbaşına Kimyaterapiyanın effektivliyini artırırmı? Bu, klinik sınaqların ikinci mərhələsində bəlli olacaq” – deyə Ayova Universitetinin elmi qrupunun rəhbəri Brayan Allen bildirib.

Qeyd edək ki, 2015-ci ildə bir qrup amerikalı alim C vitaminin xərçəngin ən geniş yayılmış növlərindən biri – bağırsaq xərçəngi ilə mübarizədə istifadə oluna biləcəyini müəyyən edib. Belə ki, siçanlar üzərində aparılan təcrübələr göstərdi ki, askorbin turşusu mutasiyalı xərçəng hüceyrələrini məhv etməyə qadirdir və ümumiyyətlə xərçəng şişlərinin böyüməsini ləngidir.
Təcrübələr zamanı yüksəkdozalı C vitamini (təxminən 300 portağala ekvivalent. 1 orta portağalda 90 mq C vitamini var: 300 × 90 = 27 000 mq, yəni 27 qram) verilən gəmiricilərdə şişlərin ölçüsündə nəzərəçarpacaq dərəcədə azalma müşahidə edildi (bəzi heyvanlarda şişlərin bir hissəsi tamamilə yox oldu).

C vitamininin qoruyucu təsiri, askorbin turşusu sayəsində şiş ətrafındakı mayedə xərçəng hüceyrələrini öldürə bilən hidrogen peroksidin yüksək konsentrasiyasının yaranması ilə izah olunur. Bu zaman sağlam hüceyrələr zərər görmür. Hidrogen peroksid, həmçinin C vitamini tərəfindən istehsal olunan digər aqressiv molekullar qlükoza və digər şəkərləri hüceyrəyə daşıyan GLUT fermentinin fəaliyyətinə maneə törədir. Bu, bədxassəli hüceyrələrin aclıqdan ölməsinə gətirib çıxarır.

Bu nəticələr ağır ağciyər və beyin xərçəngindən əziyyət çəkən könüllülər üzərində aparılan klinik sınaqlarda yoxlanmışdır. Kimyaterapiya kursuna başlamazdan əvvəl onlara nəhəng dozalarla C vitamini verildi. Bundan sonra adi kimyaterapiya kursu başladı və bu müddət ərzində xəstələr askorbin turşusu qəbul etməyə davam etdilər. Təcrübə təxminən yeddi ay davam etdi.
Tədqiqatçılar xəstələrin heç bir ciddi yan təsirdən əziyyət çəkmədiyini qeyd ediblər. Vitamin C ya şişin böyüməsini dayandırdı, ya da bütün hallarda onun inkişafını əhəmiyyətli dərəcədə yavaşlatdı, hətta beyin xərçənginin ən bədxassəli formalarında belə xəstələrin ömrünü 4-6 ay uzatdı. Diaqnoz qoyulandan sonra bu xəstələr digər xərçəng xəstələrinə nisbətən 37-40 faiz daha çox yaşadı.

II fazanın klinik sınaqları uğurlu olarsa, C vitamini xəstələrin ömrünü uzatmaqla yanaşı, həm də müalicə xərclərini əhəmiyyətli dərəcədə azaldacaq, çünki askorbin turşusunun tam doqquz aylıq kursu birdəfəlik kimyaterapiya və ya immunoterapiyadan xeyli ucuz başa gəlir.


https://rg.ru/2017/03/31/novyj-metod-lecheniia-raka.html

Arıqlamaq üçün bu qədər alma sirkəsi içmək kifayətdir


YENİ ARAŞDIRMA
Yeni dərc edilən meta-analiz alma sirkəsinin çəki azaltma təsirini sübut edib. İtaliya alimləri tərəfindən aparılan tədqiqatda, gündəlik 30 ml alma sirkəsi qəbul edən insanların bədən çəkisində, Bədən Kütlə İndeksində (BKİ) və bel çevrəsində azalma müşahidə olunub.
Araşdırmaya əsasən, bu təsir xüsusilə artıq çəki, piylənmə və ya 2-ci tip şəkərli diabeti olan insanlarda daha çox nəzərə çarpır. Orta hesabla iştirakçılar 3 ay ərzində 7.5 kq çəki itirib, Bədən Kütlə İndeksləri isə 2.0 vahid azalıb.
Alma sirkəsinin təsiri mədə boşalmasının ləngiməsi, toxluq hissinin artması, qlükoza və lipid mübadiləsinin yaxşılaşması, bağırsaq mikrobiotasına müsbət təsir mexanizmlərlə izah olunur. Bununla belə, tədqiqatçılar uzunmüddətli təsirlərin və təhlükəsizliyin müəyyənləşdirilməsi üçün daha geniş və davamlı araşdırmaların aparılmasının vacibliyini vurğulayır.
Qeyd edək ki, alma sirkəsi müalicəvi vasitə kimi deyil, köməkçi vasitə kimi istifadə olunmalıdır. Üstəlik, sirkəni su ilə qarışdırıb içmək daha faydalıdır. İstənilən halda miqdar və qəbul etmə saatları ilə bağlı ailə həkimi ilə məsləhətləşmək vacibdir.

Bir çox orqanı zədələyən yeni xəstəlik


ƏZƏLƏ VƏ DAXİLİ ORQANLARI SIRADAN ÇIXARIR
“Duke-Nus” Tibb Məktəbinin rəhbərliyi ilə beynəlxalq tədqiqatçılar qrupu SPNS1 genində nadir mutasiyaların əvvəllər müəyyən edilməmiş, əzələləri və bəzi daxili orqanları zədələyən, multisistem xəstəliyinə səbəb ola biləcəyini aşkarlayıblar.
Tədqiqatın nəticələri "Journal of Clinical Investigation" jurnalında dərc olunub.
Qeyd olunub ki, SPNS1 genindəki mutasiyalar qaraciyər və əzələləri zədələyən xəstəliyə səbəb olur.
Alimlər müəyyənləşdiriblər ki, SPNS1 geninin qüsurlu versiyaları hüceyrənin "təkrar emal mərkəzləri" olan lizosomların işini pozaraq yağların və xolesterinin toplanmasına səbəb olur. Bu da öz növbəsində orqan və toxumalarda proqressiv zədələnməyə yol açır.
Yeni xəstəlik lizosomal toplanma xəstəlikləri qrupuna aid edilib. Bu kateqoriyaya, hüceyrə metabolizminin pozulması ilə əlaqəli 70-dən çox nadir pozuntunu daxildir.
Bu sahədə tapıntı, qohum olmayan iki ailənin məlumatlarının təhlili sayəsində mümkün olub. Həmin ailələrin uşaqları qaraciyər xəstəlikləri və əzələ zəifliyi də daxil olmaqla izah olunmayan simptomlardan əziyyət çəkiblər. Genetik testlər SPNS1 geninin hər iki surətində mutasiyalar olduğunu göstərib.

Nikotinin faydaları açıqlanıb

YADDAŞI YAXŞILAŞDIRIR
41 tədqiqatın nəticələrini birləşdirən ABŞ Milli Sağlamlıq İnstitutuna görə, nikotin dozaları plasebo ilə müqayisədə iştirakçılarda diqqəti və yaddaşı əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Digər tədqiqatlar da mümkün terapevtik təsirə işarə edir. Məsələn, 2023-cü ildə aparılan bir araşdırma, nikotinin Alzheimer və Parkinson xəstəlikləri olan insanlarda qısamüddətli və uzunmüddətli yaddaşı yaxşılaşdıra biləcəyini göstərib. Heyvanlar üzərində aparılan təcrübələr onun şizofreniya ilə əlaqəli pozuntulara müsbət təsir göstərdiyini sübut edib.
Bu təsir nikotinin stimullaşdırıcı təbiəti ilə izah olunur: o, dopamin, serotonin, norepinefrin və qlutamatın istehsalını artırır, ayıqlığı, öyrənməyi, yaddaşı və motor nəzarətini artırır. Bundan əlavə, bu maddə beynin düşünməyə cavabdeh olan bölgələrinə qan axını yaxşılaşdırır.
Bununla belə, alimlər risklər barədə də xəbərdarlıq edirlər. Heyvanlar üzərində aparılan təcrübələri göstərib ki, nikotinin erkən istifadəsi yetkinlik dövründə konsentrasiya və impulsivlik problemlərinə səbəb olur. Bundan əlavə, nikotin dopamin üzərində təsirinə görə asılılıq yaradır.

Subcategories