YENI ELMI ARAŞDIRMA SÜBUT ETDİ

İsveçdə aparılan uzunmüddətli araşdırma göstərib ki, yağlı pendir və qaymaq istehlakı demensiya riskinin azalması ilə əlaqələndirilib. “Neurology” jurnalında dərc olunan tədqiqatda bildirilib ki, yağ tərkibi yüksək olan pendir və süd məhsullarını müntəzəm yeyən insanlarda demensiyaya tutulma ehtimalı daha aşağı olub.
Araşdırmada İsveçin müxtəlif bölgələrindən olan 27 670 yetkin şəxs iştirak edib. Tədqiqatın əvvəlində iştirakçıların orta yaşı 58 olub və onlar təxminən 25 il ərzində izlənilib. Bu müddət ərzində 3 208 nəfərə demensiya diaqnozu qoyulub. Məlum olub ki, gündə ən azı 50 qram yağlı pendir yeyən şəxslərdə demensiya riski az yeyənlərlə müqayisədə 13 faiz aşağı olub.
Bundan əlavə, gündə 20 qram və ya daha çox yağlı qaymaq istehlak edənlərdə demensiya riski 16 faiz aşağı olub. Lakin bütün süd məhsulları üçün bu nəticə keçərli deyil. Yağsız və ya az yağlı süd məhsullarında oxşar qoruyucu təsir müşahidə olunmayıb.
Mütəxəssislər vurğulayırlar ki, bu araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir. Onların fikrincə, fiziki aktivlik, balanslı qidalanma, siqaretdən uzaq durmaq və ümumilikdə sağlam həyat tərzi beyin sağlamlığı üçün daha vacib amillərdir.
Saglamolun.Az



















