Bakıda 8 məktəbli saqqızdan zəhərlənib

 

TƏBİB-DƏN AÇIQLAMA

14 nömrəli tam orta ümumtəhsil məktəbindən verilmiş məlumatda qeyd olunub ki, dekabrın 11-də məktəbin 8 şagirdi naməlum səbəbdən özlərini narahat hiss edib. Şagirdlərdə ümumi narahatlıq və ürəkbulanma əlamətləri müşahidə edilib.

Məktəb rəhbərliyi tərəfindən dərhal təcili tibbi yardıma müraciət olunub və şagirdlər müvafiq səhiyyə müəssisəsinə çatdırılıb. İlkin araşdırmalarda məlum olub ki, şagirdlərdən biri dərsə gələrkən məktəbin yaxınlığındakı marketdən saqqız alıb və sinif yoldaşlarına da verib. Ehtimal olunur ki, saqqıza görə uşaqlar özlərini narahat hiss edib.

TƏBİB-dən verilən məlumata görə,  11.12.2025-ci il tarixində saat 09:00 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, 14 saylı orta məktəbdən təcili çağırış qeydə alınıb.

Bildirilib ki, təcili tibbi yardım briqadası tərəfindən Respublika Pediatriya Mərkəzinin nəzdində olan Ə.F.Qarayev adına Uşaq Klinik Xəstəxanasına 5 nəfər (kişi cinsli), Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına 3 nəfər (kişi cinsli) hospitalizasiya olunub.

Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Pasiyentlərdən 1-nə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər 7 pasiyentə isə kəskin qastrit diaqnozu təyin edilib.

Məsələ Qida Təhlükəsizliyi Agentliyinin regional bölməsi tərəfindən nəzarətə götürülüb. Bildirilib ki, müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb. Nəticəsi barədə məlumat veriləcək.

 

Saglamolun.Az