Zehni f'əaliyyət bu xəstəliyi ləngidir

YENİ ARAŞDIRMA


Yeni araşdırma göstərib ki, zehni aktivliyi qorumaq Alzheimer xəstəliyinin inkişafını gecikdirə bilər. Oxumaq, yazmaq, xarici dil öyrənmək, şahmat oynamaq və ya müxtəlif məntiq tapmacalarını həll etmək kimi fəaliyyətlər beynin fəaliyyətini gücləndirərək demensiya riskini azalda bilər.
Çikaqodakı “Rush University Medical Center” alimlərinin apardığı tədqiqatda 53–100 yaş arasında olan təxminən 2 000 nəfər 8 il ərzində müşahidə edilib. Araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub. Məlum olub ki, zehni fəaliyyətlə müntəzəm məşğul olan insanlarda Alzheimer xəstəliyinin yaranması orta hesabla təxminən 5 il daha gec baş verir.
Mütəxəssislər bildirib ki, beynin davamlı məşq etdirilməsi “kognitiv ehtiyat” adlanan qoruyucu mexanizmi gücləndirir. Bu isə beynin yaşlanma və xəstəlik nəticəsində yaranan zədələrə qarşı daha davamlı olmasına kömək edir. Alimlər həmçinin fiziki aktivlik, yuxu və sağlam həyat tərzinin də beyin sağlamlığı üçün mühüm olduğunu vurğulayıb.

Saglamolun.Az