Bu bitki qanaxmanı azaldır - Elmi araşdırma

MENSTRUASİYA AĞRILARINI ARADAN QALDIRIR

El rasında Quşəppəyi, elmi adı Capsella bursa-pastoris qadınların aylıq “period” dövründə qanaxmanı azaltmaq üçün istifadə etdiyi bitkidir.

News-Medical (2025) portalında dərc edilən məlumatda göstərilir ki, bitki menstruasiya zamanı intensiv qan itkisini azaltmaqda effektiv ola bilər. Mənbə tədqiqatlar arasında xüsusilə İran alimlərinin apardığı klinik araşdırmaya istinad edir. Bu araşdırmada quşəppəyi ekstraktı qəbul edən qadınlarda PBLAC göstəricisinə, yəni menstrual qanaxmanın həcmini obyektiv ölçmək üçün hazırlanmış xüsusi qiymətləndirmə cədvəlinə əsasən qanaxmanın həcmi nəzərəçarpacaq dərəcədə azalıb.

Elmi iş “Journal of Obstetrics and Gynaecology Research” jurnalında dərc olunub. Tədqiqatçılar bildirir ki, bitkinin damar daraldıcı və laxtalanmanı dəstəkləyən təsiri onun effektivliyini izah edir. Eyni zamanda, quşəppəyinin doğuş sonrası qanaxmanın azaldılmasında da müsbət nəticə verdiyi vurğulanır.

Mütəxəssislər bitkinin faydalı ola biləcəyini desələr də, hamiləlik və xroniki xəstəliklər zamanı həkimlə məsləhətləşməni vacib hesab edirlər.

Saglamolun.Az