Sperma donoru yüzlərlə uşağa xərçəng geni ötürüb

XƏRÇƏNG RİSKİ İLƏ DOĞULAN UŞAQLAR

Avropada aparılan genişmiqyaslı jurnalist araşdırması ciddi tibbi qalmaqalı üzə çıxarıb. Xərçəng riskini kəskin artıran genetik mutasiya daşıyan anonim sperm donorunun sperması ilə azı 197 uşaq dünyaya gəlib. Mütəxəssislərin bildirdiyinə görə, bu uşaqların bir qismi artıq müxtəlif xərçəng növlərinə tutulub, bəziləri isə erkən yaşda həyatını itirib.
Məlumata əsasən, donorun spermasında TP53 genində mutasiya olub. Bu gen orqanizmdə hüceyrələrin xərçəngə çevrilməsinin qarşısını alan əsas mexanizmlərdən biridir. Donorun özü sağlam olsa da, spermasının təxminən 20 faizində təhlükəli mutasiya mövcud olub. Həmin sperma ilə doğulan uşaqlarda isə mutasiya bədənin bütün hüceyrələrinə ötürülüb və bu, Li-Fraumeni sindromu kimi tanınan ağır genetik risklə nəticələnib. Bu sindrom ömür boyu xərçəngə tutulma ehtimalını 90 faizə qədər yüksəldir.
Araşdırma Avropa Yayım Birliyinin Jurnalist Araşdırmaları Şəbəkəsi çərçivəsində 14 media qurumu, o cümlədən BBC tərəfindən aparılıb. Məlum olub ki, donorun sperması 14 ölkədə 67 klinikada istifadə edilib.

MƏNBƏ: BBC News

Saglamolun.Az