Programçı iti üçün xərçəng əleyhinə vaksin düzəldib, həyatını xilas elədi

SÜNİ İNTELLEKTDƏN İSTİFADƏ EDİB


Avstraliyada texnologiya və tibbin sərhədlərini aşan diqqətçəkən hadisə baş verib. Avstraliyalı Paul Conyngham ölümcül xərçəng diaqnozu qoyulan iti Rosieni xilas etmək üçün qeyri-adi üsula əl atıb. O, ChatGPT və AlphaFold kimi süni intellekt alətlərindən istifadə edərək heyvana xüsusi mRNA xərçəng peyvəndi hazırlayıb.
Conyngham əvvəlcə itin şişindən götürülən nümunələri Cənubi Uels Universiteti laboratoriyalarında genetik analizdən keçirib. Sağlam və şiş hüceyrələrinin DNT-sini müqayisə edərək xərçəngə xas mutasiyaları – neoantigenləri müəyyən edib. Daha sonra bu məlumatları süni intellekt vasitəsilə analiz edərək şişin molekulyar quruluşunu modelləşdirib.
Alimlərin dəstəyi ilə hazırlanan fərdi mRNA peyvəndi itin immun sisteminə tətbiq olunub. Cəmi 3 ay ərzində şişin ölçüsü 2 dəfə kiçilib, heyvanın ümumi vəziyyəti və enerjisi isə nəzərəçarpacaq dərəcədə yaxşılaşıb.
Bu hadisə süni intellektin tibbdə tətbiqinin real nəticələr verə biləcəyini göstərib. Mütəxəssislər hesab edir ki, belə yanaşma gələcəkdə fərdiləşdirilmiş xərçəng müalicəsi üçün yeni imkanlar aça bilər.

Saglamolun.Az