
ÇƏKİ NİYƏ GERİ QAYIDIR?
GLP-1 əsaslı arıqlama iynələri (Wegovy, Mounjaro) minlərlə insan üçün iştahı azaldaraq sürətli çəki itkisi yaradıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, preparatlar dayandırıldıqdan sonra risklər başlayır. Həkimlərin müşahidələrinə görə, iynələr kəsiləndən bir neçə gün sonra “iştaha siqnalı” yenidən aktivləşir, güclü aclıq hissi yaranır və 1–3 il ərzində itirilmiş çəkinin 60–80 faizi geri qayıdır.
BBC-yə danışan Britaniya vətəndaşı Tanya Hall iynələri dayandıranda qısa müddətdə həddindən artıq yeməyə başladığını, Ellen Ogley isə dərmanı tədricən azaldaraq həyat tərzini dəyişməyin çəkinin qorunmasında həlledici rol oynadığını bildirib. Mütəxəssislər vurğulayır ki, əsas problem dərmanı kəsmək deyil, “çıxış strategiyası”nın olmamasıdır. NICE tövsiyə edir ki, müalicədən sonra ən azı bir il qidalanma, fiziki aktivlik və psixoloji dəstək davam etməlidir. Əks halda arıqlama iynələrini dayandırmaq bir çoxları üçün çəki baxımından ciddi geriyə dönüş riski yaradır.
Mənbə: BBC
Saglamolun.Az



















