ŞOTLANDİYA EVTANAZİYADAN İMTİNA ETDİ
Şotlandiyada evtanaziyanın leqallaşdırılmasını nəzərdə tutan qanun layihəsi parlamentdə emosional müzakirələrdən sonra rədd edilib. Britaniyalı siyasətçi Liam McArthur tərəfindən irəli sürülən təşəbbüs, sağalmaz xəstəliyi olan yetkin şəxslərə tibbi yardım vasitəsilə həyatlarına son qoymaq imkanı verir. Lakin səsvermədə layihə 69-a qarşı 57 səslə qəbul edilməyib.
Müzakirələr zamanı əleyhdarlar əsasən insanların bu qərara məcbur edilə biləcəyi ilə bağlı narahatlıqlarını bildirib. Bəzi deputatlar isə əlilliyi olan şəxslərin və digər həssas qrupların risk altında qalacağını vurğulayıb. Digər tərəfdən də, tərəfdarlar bunun əziyyət çəkən insanlar üçün seçim azadlığı olduğunu bildirib.
Layihəyə görə, pasiyent 2 dəfə yazılı müraciət etməli və həkimlər tərəfindən təzyiq altında olmadığını təsdiqləməlidir. Buna baxmayaraq, parlament üzvlərinin bir hissəsi palliativ qayğının gücləndirilməsinin daha vacib olduğunu qeyd edib.
Nəticədə, Şotlandiya Böyük Britaniyada evtanaziyanı leqallaşdıran ilk region olmaq imkanını itirib.
Saglamolun.Az



















