Hər gün kivi və gavalı ye - qəbizlikdən qurtul!

ALİMLƏR: SUYU DƏYİŞ, MEYVƏNI ARTIR, SAĞLAM OL

London Kral Kollecinin (King’s College London) alimləri tərəfindən hazırlanan və “Journal of Human Nutrition & Dietetics” jurnalında dərc edilən yeni araşdırma göstərib ki, gündə bir neçə kivi yemək qəbizliyin qarşısını almağın ən sadə və təsirli yollarından biridir.
Tədqiqat rəhbəri Dr. Eirini Dimidinin sözlərinə görə, qəbizliyə qarşı mübarizədə ilk addım pəhrizdə lifli qidaları artırmaqdan çox, meyvə və minerallı su qəbulunu gücləndirməkdir. O, gündə 2-3 kivi və ya 8-10 gavalı yeməyi tövsiyə edir. Kivinin tərkibindəki lif nəcis həcmini artırır, bağırsaq hərəkətlərini aktivləşdirir və orqanizmdə su balansını tənzimləyərək nəcisi yumşaldır.
Alimlər bildirirlər ki, minerallarla zəngin su, xüsusilə maqnezium tərkibli sular, adi kran suyundan daha effektlidir. Maqnezium oksid əlavələri isə qarın ağrısı, köp və tualetdə gərginlik kimi simptomları azaldır.
Layihəni maliyyələşdirən Britaniya Dietoloqlar Assosiasiyası yeni təlimatları “dərmansız və elmi əsaslı qidalanma yanaşmasının mühüm addımı” kimi qiymətləndirib.

Saglamolun.Az