Saxta məhsullar saç sağlamlığına təhlükə yaradır – Trixoloq Aytəkin Quliyeva ilə müsahibə
Trixoloq Aytəkin Quliyeva: Qoxu, qablaşdırma və qiymət şampunun orijinallığını müəyyən edən əsas göstəricilərdir.
ÜST-nin son məlumatına görə, kosmetik bazarda saxta məhsulların payı artır və bu, təkcə istehlakçıların büdcəsinə deyil, sağlamlığa da ciddi zərər vurur. Saxta şampunlar allergiya, saç tökülməsi və dəridə iltihab riskini yüksəldir. Məsələ ilə bağlı sağlamolun.az-a danışan trixoloq Aytəkin Quliyeva saxta və orijinal şampunları ayırd etməyin yollarını açıqlayıb.
Aytəkin xanım, şampunun orijinal olub-olmadığını necə bilək?
İlk növbədə qablaşdırmaya diqqət edin. Orijinal məhsulda yazılar dəqiq, çap keyfiyyəti yüksək olur. Əgər etiketdə orforafik səhvlər, solğun rəng və ya fərqli şriftlər varsa, bu artıq xəbərdarlıq siqnalıdır. Qapağın keyfiyyəti və barkodun oxunaqlı olması da vacibdir. Hər orijinal məhsulda partiya nömrəsi və istehsal tarixi mütləq qeyd edilir.
Qoxu və tərkib baxımından nəyi nəzərə almaq lazımdır?
Orijinal şampunlarda qoxu sabit və markaya xas olur. Saxta məhsullarda isə kəskin, kimyəvi və ya qəribə qoxu duyulur. Konsistensiya da vacib göstəricidir – çox duru və ya çox qatı olmamalıdır. Əgər şampun maye kimi axırsa, çox güman ki, seyrəldilib.
Bəzi hallarda tanınan brendlər çox ucuz olur. Bunun keyfiyyətə təsiri varmı?
Əlbəttə. Normaldan 40-50 faiz ucuz satılan məhsul demək olar ki, saxtadır. Brendlər endirim edirlər, amma heç vaxt bu qədər aşağı qiymətə satmırlar.
Şampunu haradan almaq daha təhlükəsizdir?
Rəsmi mağaza, aptek və ya brendin öz satış nöqtələri etibarlıdır. Sosial şəbəkələrdə, tanınmayan səhifələrdə və ya “ucuz orijinal” adı altında satılan məhsullardan uzaq durmaq lazımdır. Onlayn alış zamanı satıcının reytinqini və rəyləri mütləq yoxlayın.
QR və seriya kodlarının rolu nədir?
Bu, çox effektiv üsuldur. İstehsalçının təqdim etdiyi QR və ya seriya kodunu brendin saytında yoxlayaraq məhsulun orijinal olub-olmadığını öyrənmək mümkündür. Kod səhv çıxırsa, məhsul saxtadır.
Oxucularımıza əsas tövsiyəniz nədir?
Saç və saç dərisi sağlamlığı birbaşa istifadə etdiyiniz məhsullardan asılıdır. Saxta şampunlar saç tökülməsi, qaşınma və allergiyaya səbəb ola bilər. Hər zaman qablaşdırma, qoxu, qiymət və satış mənbəyinə diqqət edin. Şübhə yarandıqda istehsalçı ilə əlaqə saxlamaq ən düzgün addımdır.
Saglamolun.Az