RABİTƏ NAZİRİ TƏZYİQLƏRƏ BOYUN ƏYMƏYƏCƏK
Avstraliyada 16 yaşadək yeniyetmələrin sosial şəbəkələrdən istifadəsini qadağan edən qanun ölkənin Ali Məhkəməsində mübahisəyə səbəb olub. İki 15 yaşlı yeniyetmə, Noa Cons və Meysi Neyland qanunun konstitusiyaya zidd olduğunu bildirərək, onların sərbəst ünsiyyət hüququnu məhdudlaşdırdığını iddia ediblər.
Qanuna əsasən, 10 dekabrdan etibarən Meta, TikTok və YouTube kimi şirkətlər 16 yaşdan kiçik avstraliyalıların sosial şəbəkələrdə hesab açmasına icazə verməməlidir. Hökumət bu addımı uşaqların zərərli məzmun və alqoritmlərdən qorunması ilə əsaslandırır.
Lakin Rəqəmsal Azadlıq Layihəsi tərəfindən dəstəklənən yeniyetmələr qadağanın uşaqların hüquqlarını nəzərə almadığını vurğulayıb. Onlar sosial şəbəkələrin informasiya əldə etmək və ünsiyyət üçün vacib platforma olduğunu bildirib. Qurum hesab edir ki, qadağa ən çox həssas qruplara, əlilliyi olan, yerli icmaların üzvü olan və ucqar bölgələrdə yaşayan uşaqlara təsir göstərəcək.
Rəsmilər bildirib ki, uşaqların psixi sağlamlığı əsas prioritetdir, buna görə də etirazlar nəzərə alınmayacaq.
Saglamolun.Az



















