Alkoqolu düşünmək də sərxoş edir

İÇMƏDƏN DƏM OLMAQ MÜMKÜNDÜR


Alkoqolun yalnız fiziki deyil, psixoloji təsirləri də diqqət mərkəzindədir. Yeni araşdırmaya görə, insanlar müəyyən içkilər haqqında sadəcə düşünərkən belə fərqli emosional və davranış modellərinə köklənir.

Tədqiqat “Young Consumers” jurnalında dərc olunub.
Alimlər 429 nəfərin iştirakı ilə aparılan dörd mərhələli araşdırmada iştirakçıların müxtəlif içkilərlə bağlı assosiasiyalarını öyrəniblər.

Nəticələr göstərib ki, tekila “əyləncə və parti”, viski “kişilik və güc”, şərab isə “zəriflik və elitlik” hissləri ilə əlaqələndirilir.
Eksperiment zamanı iştirakçılar yalnız bu içkilər barədə düşünərək öz hisslərini qiymətləndiriblər, yəni alkoqol qəbul edilməyib.

Bu da göstərir ki, təsirlər birbaşa içkidən yox, sosial və mədəni təsəvvürlərdən qaynaqlanır.
Mütəxəssislər bildirir ki, bu cür “öyrənilmiş assosiasiyalar” insanların seçimlərinə, davranışına və gözləntilərinə təsir edə bilər.

Bu nəticələr xüsusilə gənclər arasında alkoqolla bağlı vərdişlərin necə formalaşdığını anlamaq baxımından əhəmiyyətlidir.

Mənbə: Euronews, 2026

Robotlar jestləri "anlamağa" başladı

YENİ TEXNOLOGİYA ƏŞYALARI DAHA DƏQİQ TAPMAĞA İMKAN VERİR


Alimlər robotların insan jestləri vasitəsilə əşyaları tapmasını mümkün edən yeni texnologiya hazırlayıblar.

Tədqiqatda robotlar təkcə sözləri deyil, həm də əl işarələri və baxış istiqamətini birlikdə analiz edərək axtarış aparır.
Məlumata görə, bu yanaşma robotların qeyri-müəyyən şəraitdə daha düzgün qərar verməsinə kömək edir.

Sistem ehtimallara əsaslanaraq işləyir və robotun səhv obyekt seçmə riskini azaldır.
Sınaqlar zamanı robotlar mürəkkəb mühitdə düzgün əşyanı təxminən 89 faiz hallarda tapa bilib ki, bu da əvvəlki üsullardan daha yüksək nəticədir.
Tədqiqatçılar bildirir ki, bu texnologiya gələcəkdə məişətdə və istehsalatda insanlarla daha təbii əməkdaşlıq edən robotların yaradılmasına imkan verə bilər.


Mənbə: involta.media

1 tələbə, 1 şagird vəfat edib - Meninqit həyəcanı

VAKSİN VURULUR, ANTİBİOTİK PAYLANIR

 

Böyük Britainiya Səhiyyə orqanlarının nümayəndələri Kent qraflığı ərazisində baş verən meningit yayılmasının lokallaşdırılıb-lokallaşdırılmadığını hələ təsdiqləyə bilmirlər. Bu barədə regionun səhiyyə direktoru Anjan Qoş BBC Radio 4 efirində bildirib.

Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan araşdırma zamanı 20 ehtimal olunan yoluxma halı, o cümlədən iki ölüm faktı qeydə alınıb. Həlak olanlar arasında 21 yaşlı universitet tələbəsi və yerləşən Kraliça Yelizaveta adına məktəbin yuxarı sinif şagirdi var.

Ehtimal olunur ki, yoluxma Kenterberi şəhərindəki gecə klublarından birində yayılıb. Obyekt sahibinin sözlərinə görə, iki əməkdaş da yoluxub, onların vəziyyəti stabildir.

Görülən tədbirlər çərçivəsində Kent Universiteti kampusunda 600-dən çox tələbəyə vaksin vurulub, ikinci dozanın isə dörd həftə ərzində tətbiqi planlaşdırılır. Bununla yanaşı, 8400-dən artıq profilaktik antibiotik dozası paylanıb.

Bununla yanaşı, Böyük Britaniya hakimiyyəti meninqokok infeksiyasının, xüsusilə B qrupu – MenB-nin yayılması ilə bağlı araşdırmaları davam etdirir. Bu infeksiya Neisseria meningitidis tərəfindən törədilir və meningit və ya sepsisə səbəb olur. Xəstənin vəziyyəti saatlar ərzində kritik həddə çatır.

İnsan ildə neçə dəfə qrip olmalıdr?

TERAPEVT BÖYÜKLƏR ÜÇÜN NORMANI AÇIQLADI


Böyüklərin il ərzində bir neçə dəfə soyuqdəymə keçirməsi normal hesab olunur.

Terapevt Anna Soloduxinanın sözlərinə görə, ildə 2–4 dəfə kəskin respirator virus infeksiyası (QRVİ) keçirmək sağlam insan üçün adi haldır.

Mütəxəssis bildirir ki, ümumilikdə böyüklər ildə 6 dəfədən çox xəstələnməməlidir.

Bu göstəricinin artması immun sisteminin zəifləməsindən və ya xroniki problemlərdən xəbər verə bilər.

Həkim qeyd edir ki, tez-tez xəstələnən şəxslər həyat tərzinə diqqət yetirməli, düzgün qidalanmalı və kifayət qədər istirahət etməlidir.

Eyni zamanda, uzunmüddətli və ya ağır keçən infeksiyalar zamanı həkimə müraciət etmək vacibdir.

Mənbə: Rossiyskaya Gazeta

Səhərə kimi MRT cihazında qalan pasiyent - Həkim səhlənkarlığı

Tibb işçiləri işdən qovuldu 


Çinin Uhan şəhərində yerləşən xəstəxanalardan birində səhlənkarlıq hadisəsi baş verib. Yerli məlumata görə, Tan soyadlı pasiyent MRT müayinəsi üçün aparata yerləşdirilsə də, prosedur bitdikdən sonra o, aparatın içində unudulub.
Qeyd olunur ki, müayinə təxminən 20 dəqiqə çəkməli idi. Lakin bu müddət başa çatdıqdan sonra pasiyenti çıxaran olmayıb. MRT cihazı işləməyə davam etdiyi üçün kişi özbaşına çıxmağa cəsarət etməyib və kömək üçün səslənib. Nəticədə o, təxminən 6 saat aparatın içində qalıb.
Yalnız səhər saatlarında təmizlik işçisi onun səslərini eşidərək mühafizəçilərə məlumat verib. Bu vaxtadək pasiyentin həyat yoldaşı onun itkin düşdüyünü düşünərək polisə müraciət edib.
Araşdırma zamanı məlum olub ki, hadisə növbə dəyişməsi zamanı baş verən anlaşılmazlıq səbəbindən yaşanıb. Həkim müayinəni tamamlanmış kimi qeyd etsə də, pasiyentin çıxarılıb-çıxarılmadığı yoxlanılmayıb. Hadisəyə görə məsul şəxslər işdən uzaqlaşdırılıb, xəstəxana rəhbərliyi isə pasiyentdən üzr istəyib.

 

Azərbaycanda tibbi arayış pulsuz olacaq

YENİ TƏKLİF

Azərbaycanda hökumət tərəfindən ilk dəfə işə başlayan şəxslərə tibbi arayışın pulsuz verilməsi təklif edilib. Hazırda işə qəbul üçün tələb olunan tibbi arayış ödənişlidir, çünki o, profilaktik müayinəyə daxildir və məcburi tibbi sığortaya daxil deyil.

Arayışın alınması üçün terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otorinolarinqoloq, dermatoveneroloq və stomatoloq müayinəsi, həmçinin florografiya və qan analizi tələb olunur. Hökumətin 2025-ci il üzrə fəaliyyət hesabatında qeyd olunur ki, arayış tarifləri tibbi xidmətlərin maya dəyəri, əhali ehtiyacları və beynəlxalq təcrübə nəzərə alınaraq müəyyən edilir.

Sosial müdafiəni gücləndirmək məqsədilə təklif olunur ki, ilk dəfə işə başlayan şəxslər bu arayışı pulsuz ala bilsin. Bu addım gənc işçilərin maliyyə yükünü azaltmaq və onların əmək bazarına inteqrasiyasını asanlaşdırmaq üçün nəzərdə tutulur. Təklif hələ müzakirə mərhələsindədir və qəbul edildiyi halda, ölkədə sosial təminat sahəsində önəmli yenilik hesab olunacaq.

Alimlər milçək yaratdı

DÜNYADA İLK DƏFƏ

Amerikalı startap “Eon Systems” ilk dəfə meyvə milçəyinin beyninin tam rəqəmsal simulyasiyasını virtual bədənlə birləşdirib. Tədqiqat “Nature” jurnalında dərc olunub.

125 min neyron və 50 milyon sinapsdan ibarət model, fiziki simulyasiya olunmuş bədəndə müstəqil hərəkət edib və təbii davranış nümunələrini nümayiş etdirib. Beyin modeli sensor siqnalları neyron şəbəkəsi vasitəsilə bədənə ötürülərək hərəkət təmin olunur.

Növbəti məqsəd siçanın beynini rəqəmsal formaya çevirməkdir. Bu,

 70 milyon neyronla daha mürəkkəb proses olacaq. Gələcəkdə insan beyninin rəqəmsal surətini yaratmaq planlaşdırılır. Layihə sübut edir ki, canlı beyin fəaliyyətini virtual mühitdə tam təkrarlamaq mümkündür və neyrobiologiya, süni intellekt və robototexnika sahələrində inqilabi tətbiqlərə yol açır.

82 milyon adam müalicə üçün yeməkdən imtina edir

SORĞU APARILIB

ABŞ-da milyonlarla insan tibbi xidmətlərin yüksək qiyməti səbəbindən gündəlik xərclərini azaltmağa məcbur qalır.

“West Health-Gallup Center on Healthcare in America” tərəfindən aparılan sorğu göstərib ki, ölkədə 82 milyondan çox amerikalı tibbi xərcləri ödəmək üçün qida, kommunal xidmətlər və nəqliyyat kimi əsas ehtiyaclara qənaət edir.

Təxminən 20 min yetkin arasında keçirilən sorğuya görə, respondentlərin üçdə biri tibbi hesabları ödəmək üçün ən azı bir gündəlik xərci azaltmalı olduğunu bildirib.

Bəziləri yeməkləri buraxır, bəziləri isə istilik və elektrik kimi kommunal xərcləri minimuma endirir.

Mütəxəssislər bildirib ki, bu vəziyyət ölkədə səhiyyə xidmətlərinin əlçatanlığı ilə bağlı böhranın göstəricisidir.

Tibbi xərclərin artması və əhalinin sağlamlıq problemlərinin çoxalması xidmətlərə tələbatı da artırır.

Ekspertlər xəbərdarlıq edib ki, tibbi sığortanın azalması vəziyyəti gələcək illərdə daha da ağırlaşdıra bilər.

Zehni f'əaliyyət bu xəstəliyi ləngidir

YENİ ARAŞDIRMA


Yeni araşdırma göstərib ki, zehni aktivliyi qorumaq Alzheimer xəstəliyinin inkişafını gecikdirə bilər. Oxumaq, yazmaq, xarici dil öyrənmək, şahmat oynamaq və ya müxtəlif məntiq tapmacalarını həll etmək kimi fəaliyyətlər beynin fəaliyyətini gücləndirərək demensiya riskini azalda bilər.
Çikaqodakı “Rush University Medical Center” alimlərinin apardığı tədqiqatda 53–100 yaş arasında olan təxminən 2 000 nəfər 8 il ərzində müşahidə edilib. Araşdırmanın nəticələri “Neurology” jurnalında dərc olunub. Məlum olub ki, zehni fəaliyyətlə müntəzəm məşğul olan insanlarda Alzheimer xəstəliyinin yaranması orta hesabla təxminən 5 il daha gec baş verir.
Mütəxəssislər bildirib ki, beynin davamlı məşq etdirilməsi “kognitiv ehtiyat” adlanan qoruyucu mexanizmi gücləndirir. Bu isə beynin yaşlanma və xəstəlik nəticəsində yaranan zədələrə qarşı daha davamlı olmasına kömək edir. Alimlər həmçinin fiziki aktivlik, yuxu və sağlam həyat tərzinin də beyin sağlamlığı üçün mühüm olduğunu vurğulayıb.

Hormon terapiyası qadağan edildi

YENİ QƏRAR


Böyük Britaniyada National Health Service 18 yaşdan kiçik şəxslərə gender dəyişimi ilə bağlı hormon terapiyası üçün yeni reseptlərin verilməsini müvəqqəti dayandırıb. Qurumun qərarı aparılan geniş araşdırmadan sonra qəbul olunub. Araşdırmada bildirilib ki, bu müalicənin fayda və ya zərəri ilə bağlı mövcud elmi sübutlar “çox azdır” və dəqiq nəticə çıxarmağa imkan vermir.
Hormon terapiyası insanın bioloji cinsindən fərqli olaraq seçdiyi genderə uyğun fiziki xüsusiyyətlərin formalaşmasına kömək edə bilər. Lakin bu müalicə səsin qalınlaşması və ya bədəndə digər dəyişikliklər kimi geri dönməyən təsirlərə səbəb olur. Yeni qərar? əsasən 16–17 yaşlı yeniyetmələrə təsir edəcək. Artıq hormon qəbul edən şəxslər isə müalicəni davam etdirə biləcək, lakin onların müalicə planı həkimlər tərəfindən yenidən nəzərdən keçiriləcək.
Qurum eyni zamanda uzunmüddətli tövsiyələrin hazırlanması üçün 90 günlük ictimai müzakirələrə başlayıb. Transgender hüquqlarını müdafiə edən bəzi təşkilatlar isə bu qərarı ayrı-seçkilik kimi qiymətləndirərək hüquqi addımlar ata biləcəklərini bildirib.

Ağır epilepsiyalı uşaqlar üçün yeni dərman

TUTMALAR 90 FAİZƏDƏK AZALIB


Ağır epilepsiya forması olan Drave sindromu ilə doğulan uşaqlar üçün yeni dərman tapılıb. Alimlərin hazırladığı preparat xəstəliyin əsas səbəbinə – beyin hüceyrələrinin fəaliyyətinə təsir edən genetik qüsura yönəlib. Araşdırmalara görə, dərman onurğa nahiyəsindən inyeksiya yolu ilə verilərək beyin-omurilik mayesi vasitəsilə beyinə çatdırılır və sinir hüceyrələrinin normal işləməsinə kömək edir.
“Stoke Therapeutics” şirkəti tərəfindən hazırlanmış preparatın ilkin klinik sınaqlarının nəticələri “New England Journal of Medicine”də dərc olunub. ABŞ və Böyük Britaniyada aparılan sınaqlarda dərmanı qəbul edən uşaqlarda tutmaların sayı bəzi hallarda 90 faizədək azalıb.
Böyük Britaniyada yeni müalicə növünü alan ilk uşaqlardan biri 8 yaşlı Freddi Trulavdır. Onun tutmaları əvvəllər gündə 100 dəfə olduğu halda, indi həftədə bir neçə dəfə baş verir. Həkimlər bildirib ki, əlavə tədqiqatlar aparılsa da, bu nəticələr ağır epilepsiya ilə yaşayan ailələr üçün böyük ümiddir.

QƏHVƏ DÖZÜMLÜLÜYÜ ARTIRIR

MÜTƏXƏSSİS İZAH EDİR


"Qəhvə bəzi insanlarda arterial təzyiqin qısa müddətə yüksəlməsinə səbəb ola bilər".

 

Bu barədə rusiyalı kardioloq Denis Sokolov açıqlamasında bildirib.


Onun sözlərinə görə, belə reaksiya daha çox hipertoniya xəstələrində və kofeini nadir hallarda qəbul edən insanlarda müşahidə olunur.


Həkim qeyd edib ki, qəhvəni müntəzəm içən insanlarda zamanla kofeinə qarşı dözümlülük formalaşır. Bu halda içkidən sonra təzyiqdə kəskin artım daha nadir hallarda baş verir.


D.Sokolov əlavə edib ki, hətta sağlam insanlarda da tünd qəhvə qısamüddətli təzyiq artımına səbəb ola bilər. Lakin adətən bu təsir uzun çəkmir və müəyyən müddətdən sonra göstəricilər normaya qayıdır.

Robotla insanı ayırd etmək mümkün olmayacaq - Canlı toxumalardan hazırlanıb

"OSCAR" ADLI BİO-HİBRİD SİSTEM YARADILIB


Alimlər biologiya ilə robot texnologiyasını birləşdirən yeni bio-hibrid robot – OSCAR layihəsini təqdim edib. Bioloq Kornelius Vlasman tərəfindən hazırlanmış bu sistem adi robotlardan fərqli olaraq modul biologiya hissələrindən ibarətdir. Onun quruluşu canlı toxumalar, orqanlar və müxtəlif bioloji komponentlərin bir araya gətirilməsi ilə formalaşdırılıb.


Mütəxəssislərin sözlərinə görə, OSCAR-ın hər bir modulu müstəqil şəkildə fəaliyyət göstərə bilir. Sistem hərəkət etmək, toxunuşa reaksiya vermək və müəyyən hallarda özünü bərpa etmək kimi xüsusiyyətlərə malikdir. Robotun daxilində pompalama və “nəfəs alma” mexanizmlərinə bənzər funksiyalar da mövcuddur ki, bu da bioloji komponentlərin birlikdə işləməsini təmin edir.


Tədqiqatçılar hesab edir ki, belə bio-hibrid texnologiyalar gələcəkdə ürək və böyrək kimi orqanların yaradılması, həmçinin əlilliyi olan insanlar üçün yeni bioloji həllərin hazırlanmasında istifadə oluna bilər.

Gizli bioloji laboratoriya - Təhlükəli viruslar saxlanılıb

MİNLƏRLƏ TƏHLÜKƏLİ İNFEKSİYA TAPILDI


ABŞ-ın Las-Veqas şəhərində yerləşən evlərin birinin qarajında qanunsuz bioloji laboratoriya aşkarlanıb. Hadisə 2 nəfərin “naməlum bioloji material”la təmasdan sonra kritik vəziyyətdə xəstəxanaya yerləşdirilməsi ilə üzə çıxıb. Hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı laboratoriyada minlərlə təhlükəli patogen və naməlum mayelərlə dolu sınaq şüşələri tapılıb.
ABŞ Federal Təhqiqat Bürosu (FBI) faktla bağlı araşdırmaya başlayıb. İddialara görə, bu laboratoriya 2023-cü ildə Kaliforniyada bağlanan başqa bir gizli biolaboratoriya ilə əlaqəli ola bilər. Həmin laboratoriyada HİV, malyariya, COVID-19 və Ebola kimi xəstəliklərin nümunələri saxlanıldığı bildirilib.
Mütəxəssislər bildirib ki, süni intellekt və genetik məlumat bazalarına açıq çıxış bioloji texnologiyaları daha əlçatan edib. Bu isə qanunsuz “ev laboratoriyalarının” yaranması riskini artırır və qlobal təhlükəsizlik üçün ciddi narahatlıq doğurur.

Bu, autizm riskini 30% azaldır

MÜTƏXƏSSİS İZAH EDİR


Tanınmış pediatr, teleaparıcı Yevqeniy Komarovskiy sosial şəbəkə hesabında autizm riski ilə bağlı böyük elmi araşdırmanın nəticələrini paylaşıb. Onun sözlərinə görə, tədqiqatda hamiləliyə hazırlıq və erkən hamiləlik dövründə fol turşusu və prenatal multivitamin qəbul edən qadınların uşaqlarında autizm spektr pozuntularının yaranma ehtimalı müqayisə edilib.
Araşdırma 8 sistematik icmal və meta-analizi əhatə edib və ümumilikdə 3 milyondan çox qadın və onların uşaqları haqqında məlumatlar təhlil olunub. Nəticələr göstərib ki, fol turşusu və prenatal vitaminlərin qəbulu autizm spektr pozuntularının riskini təxminən 30–34 faiz azalda bilər.
Mütəxəssislər bildirib ki, bu nəticə tam qorunma demək deyil, lakin riskin təxminən üçdə bir qədər azalması ilə əlaqələndirilməsi mühüm göstərici hesab olunur. Komarovskiy qeyd edib ki, belə genişmiqyaslı statistik məlumatlar gələcək analar üçün vacib məlumat mənbəyi ola bilər.

Arıqladan şəkər dərmanları narkotikdən müalicə üçün istifdə ediləcək

ELMİ PROQNOZ


Arıqlamaq üçün istifadə olunan bəzi məşhur dərmanların gələcəkdə narkotik asılılığının müalicəsində də rol oynaya biləcəyi ehtimal edilir. Son tədqiqatlar göstərir ki, GLP-1 qrupuna aid preparatlar – Ozempic, Wegovy, Mounjaro və Zepbound – yalnız çəki azaltmaqla kifayətlənmir, həm də beyin sisteminə təsir edərək müxtəlif asılılıqlara qarşı potensial fayda verir. Əslində bu dərmanlar diabet və piylənmənin müalicəsi üçün hazırlanıb və iştahı azaldaraq, həzm və insulin proseslərinə təsir göstərir. Alimlər hesab edir ki, eyni mexanizm insanlarda alkoqol və digər psixoaktiv maddələrə olan istəyi də azalda bilər.
ABŞ Veteranlar İdarəsinin məlumat bazası əsasında aparılan geniş araşdırmada 2-ci tip diabeti olan 600 mindən çox insanın tibbi məlumatları təhlil edilib. Nəticələr göstərib ki, GLP-1 preparatları qəbul edənlərdə alkoqol, nikotin, opioid və digər maddələrə bağlı pozuntuların yaranma riski daha az olub. Hətta mövcud asılılığı olan şəxslərdə narkotiklə əlaqəli ölüm hallarında təxminən 50 faiz azalma müşahidə edilib.
Bununla belə, mütəxəssislər bildirib ki, bu nəticələri təsdiqləmək üçün daha geniş klinik tədqiqatlara ehtiyac var. Araşdırmalar davam edir və yaxın illərdə bu dərmanların asılılıq müalicəsində istifadəsi ilə bağlı daha dəqiq nəticələrin əldə olunacağı gözlənilir.

Bluetooth ilə çalışan qulaqlıqlar qalxanabənzər vəz düyünləri riskini artırır

ALİMLƏRDƏN XƏBƏRDARLIQ


Çin alimlərinin yeni araşdırması göstərib ki, simsiz Bluetooth qulaqlıqlarının uzun müddət istifadəsi qalxanabənzər vəzinin sağlamlığı üçün müəyyən risk yarada bilər. Tədqiqat “Sciencefic Reports! Jurnalında dərc edilib. Alimlər xüsusilə qulağın içinə yerləşdirilən və boyun nahiyəsinə yaxın olan qulaqlıqların qalxanabənzər vəzə təsirini araşdırıb.
Tədqiqatın nəticələrinə görə, Bluetooth qulaqlıqlarının qalxanabənzər vəzə fiziki yaxınlığı artdıqca bu vəzdə düyünlərin əmələ gəlməsi riski də yüksəlir. Qalxanabənzər vəzi boynun ön hissəsində yerləşən və maddələr mübadiləsini tənzimləyən vacib orqandır. Bu vəzdə yaranan düyünlər çox vaxt xoşxassəli olsa da, onların vaxtında aşkarlanması və mütəmadi tibbi nəzarət sağlamlıq baxımından böyük əhəmiyyət daşıyır.
Tədqiqatçılar hesab edir ki, Bluetooth qulaqlıqlarının yaydığı zəif elektromaqnit dalğaları uzunmüddətli təsir nəticəsində vəz toxumalarına müəyyən təsir göstərə bilər. Bununla belə, bu mexanizmi tam anlamaq üçün daha geniş elmi araşdırmalara ehtiyac olduğu vurğulanıb.
Ekspertlər qulaqlıqlardan istifadə müddətini məhdudlaşdırmağı, mümkün olduqda naqilli qulaqlıqlara üstünlük verməyi və uzun telefon danışığı zamanı cihazı boyun nahiyəsindən uzaq tutmağı tövsiyə edib.

Sağlam biri psixiatrik xəstəxaya yerləşdirilərsə...

MƏŞHUR EKSPERİMENTİN NƏTİCƏLƏRİ


Amerikalı psixoloq Devid Rozenhan tərəfindən aparılan məşhur “Rozenhan eksperimenti” psixiatriya sahəsində diaqnozların etibarlılığı ilə bağlı ciddi müzakirələrə səbəb olub. 1970-ci illərdə keçirilən təcrübə psixi xəstəliklərin müəyyən edilməsi məqsədini daşıyıb.
Eksperimentin ilk mərhələsində 8 sağlam insan müxtəlif psixiatriya xəstəxanalarına müraciət edərək eşitdikləri qeyri-real səslərdən şikayət edib. Həkimlər onları müayinə etdikdən sonra demək olar ki, hamısına şizofreniya diaqnozu qoyaraq xəstəxanaya yerləşdirib. Maraqlısı isə odur ki, “pasiyentlər” xəstəxanaya qəbul edildikdən sonra normal davransalar və sağlam olduqlarını bildirsə də, tibb personalı buna inanmayıb və onları müalicə etməyə davam edib. Təcrübə zamanı iştirakçılardan biri gördüklərini gündəlikdə qeyd edib. Lakin tibb işçiləri bu qeydləri yoxlamaq əvəzinə onun tibbi sənədlərində “qrafomaniya” kimi psixoloji problem qeyd edib.
Təcrübənin ikinci mərhələsində Rozenhan həkimlərə 3 ay ərzində klinikalara yeni “saxta pasiyentlər” göndərəcəyini bildirib. Bu müddətdə həkimlər müraciət edən 193 nəfərdən 41-ni simulyant hesab edib. Lakin sonradan məlum olub ki, Rozenhan həmin dövrdə klinikalara ümumiyyətlə heç bir agent göndərməyib.
Bu eksperiment psixiatriya sahəsində diaqnostika üsullarının etibarlılığı ilə bağlı böyük müzakirələr yaradıb və tibbi etik qaydaların təkmilləşdirilməsinə təkan verib.

7 milyon insan hər il bu səbibdən erkən ölür

MƏLUM OLMAYAN RİSKLƏR - ÇİRKLİ HAVA

Beynəlxalq araşdırmalar hava çirkliliyinin insan sağlamlığına təsirinin ciddi miqyas aldığını göstərib.
Dünyada havanın keyfiyyəti artıq yalnız “çirklənmə” nümunəsi deyil — yeni araşdırmalar göstərir ki, zərərli hava təkcə ağciyər xəstəliklərinə deyil, insan sağlamlığının gözlənilməz sahələrinə də ciddi təsir edir. Məsələn, çoxölkəli qlobal tədqiqat nəticələrinə görə, uzun müddətli çirkli havaya məruz qalma idman etməyin faydalarını xeyli zəiflədir və sağlam yaşamağı çətinləşdirir. Bu, milyonlarla insanı gündəlik həyat tərzi barədə yenidən, daha ciddi düşünməyə məcbur edir.
Bir başqa beynəlxalq araşdırma isə hava çirkliliyinin artıq tropik xəstəliklərin ölüm riskini də artıra biləcəyini aşkarlayıb — çirklənmiş havanın virusla mübarizəni zəiflədə biləcəyi müşahidə olunub.
Hava çirklənməsi hər il təxminən 7 milyon erkən ölümə səbəb olur, xüsusilə aşağı və orta gəlirli ölkələrdə bu rəqəm daha yüksəkdir. Çirkli hava ürək və tənəffüs xəstəlikləri ilə yanaşı, uşaqların davranış və emosional inkişafında da mənfi təsirlər yaradır.
Son hava keyfiyyəti xəbərlərinə görə, Avropada çirkli hissəciklər səbəbindən milyonlarla insan sağlamlıq problemləri ilə qarşılaşmağa davam edir və şəhər mühitində yaşayan insanların sağlamlıq risklərini artırır.

Cihazlar düşüncə ilə idarə ediləcək

YENİ TEXNOLOGİYA

Çində "beyin-kompüter" neyrointerfeyslərinin yaxın 3-5 il ərzində geniş istifadəyə verilə biləcəyi bildirilib.
“Beyin-kompüter neyrointerfeysləri” (ingiliscə Brain–Computer Interface) – insan beyninin elektrik siqnallarını birbaşa kompüterə və ya elektron qurğulara ötürən texnologiyadır.
Sadə dillə desək, beynin düşüncə siqnalları cihazlara çevrilir və həmin cihazlar düşüncə ilə idarə olunur.
Çinin Siçuan Beyin Elmləri İnstitutunun direktoru Yao Dejunun sözlərinə görə, texnologiya inkişaf etdikcə bu sistemlər tədricən əhalinin istifadəsinə veriləcək.
Qeyd olunur ki, ölkənin yeni beşillik iqtisadi inkişaf planında neyrointerfeyslər kvant texnologiyaları, 6G rabitəsi və termonüvə sintezi ilə yanaşı gələcəyin əsas sahələrindən biri kimi göstərilib.
Hazırda Çində invaziv neyrointerfeyslər üzrə ondan çox klinik sınaq aparılır və bu göstəriciyə görə ölkə ABŞ ilə eyni səviyyəyə çatıb. Bu il isə 50-dən çox pasiyentin sınaqlara cəlb olunması planlaşdırılır.

Ölü donordan diri uşaq doğuldu

Minlərlə qadın üçün ümid işığı

Böyük Britaniyada ilk dəfə uşaq *ölü donorun uşaqlıq yolu sayəsində* dünyaya gəlib. 30 yaşlı Greyс Bell, uşaqlığı olmadığı üçün əvvəllər uşaq dünyaya gətirə bilməyən qadın, artıq kiçik oğlu Hyuqo ilə tanış olub. Hyuqo, hazırda 10 həftəlikdir. Bell və tərəfdaşı Stiv Pauell donorun ailəsinə “möhtəşəm hədiyyə” üçün təşəkkür edir və onları bu yolda dəstəkləyən Oksford və London tibb komandalarına minnətdarlığını bildirirlər.

Transplantasiya əməliyyatı və sonrakı embrion köçürülməsi bir neçə ay davam edib. Hyuqonun dünyaya gəlməsi “çığır açan hadisə” sayılır və oxşar diaqnozlu qadınlar üçün ümid yaradır.

Bu əməliyyat, Britaniyada həyata keçirilən 10 oxşar transplantasiyadan ilk uğurlu doğumdur. Tibbi komanda hesab edir ki, bu prosedur gələcəkdə daha çox qadın üçün standart müalicə yolu ola bilər.

Adamlar bir-birinin dərmanıdır

ÜNSİYYƏT İNSANI DİRİ SAXLAYIR


Tokio Sağlam Uzunömürlülük Tədqiqatları Mərkəzinin mütəxəssisləri bildirib ki, uzun ömür yalnız düzgün qidalanma və fiziki aktivliklə deyil, həm də insanların bir-biri ilə qurduğu münasibətlərlə sıx bağlıdır.


Tədqiqatçılar qeyd edib ki, Yaponiyada tarixən güclü icma münasibətləri mövcud olub. Qonşuluq əlaqələri, birgə sosial fəaliyyətlər və gündəlik ünsiyyət insanların sosial həyatının mühüm hissəsi sayılıb. Məhz bu cür münasibətlərin ölkədə yüksək uzunömürlülük göstəricilərinə mühüm təsir etdiyi bildirilir.


Lakin müasir həyat tərzi bu ənənələri getdikcə dəyişir. Onlayn xidmətlərin geniş yayılması insanların gündəlik ehtiyaclarını birbaşa ünsiyyət olmadan həll etməsinə imkan yaradır. Nəticədə, bir çox insan canlı ünsiyyəti əlavə yük kimi qəbul etməyə başlayır.
Ekspertlər “zəif əlaqələr” adlandırılan münasibətlərin qorunmasının vacibliyini də vurğulayıb. Bu, tez-tez görüşmək məcburiyyəti olmadan belə, ətrafdakılarla əlaqənin saxlanılması deməkdir. Onların fikrincə, hətta qısa və təsadüfi ünsiyyət belə insanların psixoloji və fiziki sağlamlığına müsbət təsir göstərir.

Sağlam biri psixiatrik xəstəxanaya yerləşdirilsə, nə olar?


MƏŞHUR EKSPERİMENTİN NƏTİCƏLƏRİ


Amerikalı psixoloq Devid Rozenhan tərəfindən aparılan məşhur “Rozenhan eksperimenti” psixiatriya sahəsində diaqnozların etibarlılığı ilə bağlı ciddi müzakirələrə səbəb olub. 1970-ci illərdə keçirilən təcrübə psixi xəstəliklərin müəyyən edilməsi məqsədini daşıyıb.


Eksperimentin ilk mərhələsində 8 sağlam insan müxtəlif psixiatriya xəstəxanalarına müraciət edərək eşitdikləri qeyri-real səslərdən şikayət edib. Həkimlər onları müayinə etdikdən sonra demək olar ki, hamısına şizofreniya diaqnozu qoyaraq xəstəxanaya yerləşdirib. Maraqlısı isə odur ki, “pasiyentlər” xəstəxanaya qəbul edildikdən sonra normal davransalar və sağlam olduqlarını bildirsə də, tibb personalı buna inanmayıb və onları müalicə etməyə davam edib. Təcrübə zamanı iştirakçılardan biri gördüklərini gündəlikdə qeyd edib. Lakin tibb işçiləri bu qeydləri yoxlamaq əvəzinə onun tibbi sənədlərində “qrafomaniya” kimi psixoloji problem qeyd edib.


Təcrübənin ikinci mərhələsində Rozenhan həkimlərə 3 ay ərzində klinikalara yeni “saxta pasiyentlər” göndərəcəyini bildirib. Bu müddətdə həkimlər müraciət edən 193 nəfərdən 41-ni simulyant hesab edib. Lakin sonradan məlum olub ki, Rozenhan həmin dövrdə klinikalara ümumiyyətlə heç bir agent göndərməyib.


Bu eksperiment psixiatriya sahəsində diaqnostika üsullarının etibarlılığı ilə bağlı böyük müzakirələr yaradıb və tibbi etik qaydaların təkmilləşdirilməsinə təkan verib.

 

Menyudan uşaq seçin - Valideynlər üçün yeni imkanlar


Çinli alimlər iddia edir kı, 2018-ci ildə hərtərəfli genetik düzəliş edilmiş körpələr doğulacaq. Hadisə elmi ictimaiyyətdə, hüquqi dairələrdə və etik ekspertlər arasında böyük səs küylə qarşılanıb. Çinli bioloq He Jiankui CRISPR Cas9 adlı gen redaktə texnologiyası vasitəsilə embrionların DNT-ni dəyişdiyini açıqlayıb.


Lakin bu elmi iddia rəsmi şəkildə təsdiqlənməyib və layihə tənqidçilərdən çox ciddi reaksiya alıb. Dünyanın müxtəlif ölkələrində gen redaktəsi ilə bağlı qanunlar bu cür klinik təcrübələri çox sərt şəkildə qadağan edir. Çin hökuməti də faktı araşdıraraq, bu hərəkəti milli qaydalara və elmi etikaya zidd hesab edib, bir müddət bütün embriyonal gen redaktəsi tədqiqatlarını dayandırıb. 2019 cu ildə He Jiankui və onunla əlaqəli bir neçə digər elm adamı Çin məhkəməsi tərəfindən “qanunsuz tibbi praktikalar və etik normaların pozulması" səbəbilə 3 illik həbs cəzasına məhkum edilib.


Elmi dairələrdə bu hadisə etik, sosial və hüquqi diskussiyalara səbəb olub. Bu mövzu hələ də beynəlxalq müzakirələrin mərkəzindədir. Bəzi yeni startuplar embrion genetik modifikasiyası mövzusunda daha təhlükəsiz və etik çərçivədə işlərlə məşğul olmaq fikrindədir.


Zəka, sağlamlıq və fiziki mükəmməllik kimi keyfiyyətlər valideynlər tərəfindən “menyudan” seçiləcək. Bu cür texnologiyanın geniş yayılması halında cəmiyyət 2 əsas qrupa — bioloji üstünlüklərə malik “dizayn edilmiş” və təbii şəkildə doğulan uşaqlara bölünə bilər. Elm adamları xəbərdarlıq edir ki, belə inkişaf insan cəmiyyətində yeni ayrıseçkilik sisteminin başlanğıcı ola bilər. Gələcəkdə bəzi uşaqlar digər uşaqlarla eyni imkanlara sahib olmayacaq.

 

İranda əməliyyat edilən azərbaycanlının ağciyərində tibbi tampon tapılıb - VİDEO

XƏSTƏNİN HƏYATI SON ANDA XİLAS OLUNUB

İranda əməliyyat olunan Azərbaycan vətəndaşının ağciyərində tibbi tampon aşkarlanıb. Hadisə barədə T.Ü.F.D., torakal cərrah Dr. Cəmil Ələkbərov məlumat verib. Həkimin sözlərinə görə, tampon vaxtında aşkarlanmasaydı, xəstənin həyatı ciddi təhlükə altında qala bilərdi.

Mütəxəssis bildirib ki, xəstə müayinə üçün müraciət etdikdən sonra aparılan tibbi yoxlamalar zamanı ağciyərdə yad cisim müəyyən edilib. Sonradan məlum olub ki, bu, əvvəlki əməliyyat zamanı bədəndə qalmış tibbi tampondur. Xəstənin müayinəsi və əməliyyatı Saf Hospitalda icra olunub.

“Əgər vaxtında aşkarlamasaydıq, xəstə həyatını itirə bilərdi”, – deyə torakal cərrah qeyd edib.

Hadisə ilə bağlı videonu təqdim edirik:  VIDEO BURADA

Mənbə: STV Xəbər, Saf Hospitalın sosial şəbəkə hesabı

Simsiz qulaqlıqların təhlükəsi

ALİMLƏRDƏN CAVAB


Son illər simsiz qulaqlıqların istifadəsi sürətlə artıb və bir çox insan onların sağlamlıq üçün təhlükəli olub-olmadığından narahatdır. Bu qurğular Bluetooth texnologiyası vasitəsilə işləyir və radiotezlikli şüalanma yayır. Mütəxəssislər bildirib ki, bu şüalanma insan orqanizmi üçün zərərli hesab olunan səviyyədən xeyli aşağıdır. Böyük Britaniyada fəaliyyət göstərən “Cancer Research UK” 2019-cu ildə açıqlayıb ki, Bluetooth qulaqlıqların xərçəng riskini artırdığına dair kifayət qədər elmi sübut yoxdur. Bununla belə, araşdırmalar davam edir.
Səsboğucu funksiyalı qulaqlıqlar isə xarici səsləri azaltdığı üçün istifadəçilərin musiqini daha aşağı səslə dinləməsinə imkan yaradır və bu, eşitmə qabiliyyətinin qorunmasına kömək edir. Mütəxəssislər uzun müddət 85 desibeldən yuxarı səsə məruz qalmağın təhlükəli olduğunu vurğulayıb.
Araşdırmaya görə, Royal National Institute for Deaf People (RNID) gənclər arasında yüksək səsə bağlı eşitmə problemlərinin artdığını bildirir. Mütəxəssislər mütəmadi fasilə verməyi və səs səviyyəsini normada saxlamağı tövsiyə edirlər.

12 yaşlı qız xərçəngdən sağaldı

TARİXİ UĞUR



Vyetnamda 12 yaşlı qız uşağında tətbiq olunan innovativ CAR-T terapiyası qan xərçənginin müalicəsində tarixi uğur kimi qiymətləndirilib. Həkimlər xəstənin öz immun hüceyrələrini toplayaraq laboratoriyada genetik olaraq yenidən proqramlaşdırıb. Bu hüceyrələrə yalnız xərçəngli hüceyrələri tanıyıb onlara bağlanan xüsusi mexanizm əlavə edilib. Daha sonra milyonlarla artırılan hüceyrələr nazik boru vasitəsilə yenidən xəstənin orqanizminə köçürülüb.
Bədənə qaytarılan gücləndirilmiş hüceyrələr qısa müddətdə xərçəng hüceyrələrini aşkar edərək məhv etməyə başlayıb. Müalicədən sonra bir neçə gün yüksək hərarət və ağır reaksiyalar müşahidə olunsa da, həkimlərin nəzarəti altında vəziyyət sabitləşib. Aparılan son müayinələr nəticəsində xəstənin orqanizmində xərçəng izinə rast gəlinmədiyi açıqlanıb.
Mütəxəssislər bildirib ki, bu hadisə Vyetnamda CAR-T üsulu ilə sağalan ilk uşaq kimi tarixə düşüb. Alimlər bu nailiyyətin gələcəkdə digər qan və onkoloji xəstəliklərin müalicəsində də yeni imkanlar açacağına ümid edir.

Mənbə: haberyenigundem.com

Sevdiyiniz yemək xarakterinizdən xəbər verir

YENİ TƏDQİQAT



Alimlərin araşdırmalarına görə, insanın seçdiyi yeməklər onun xarakter xüsusiyyətləri barədə müəyyən ipucları verə bilər.


Oxu.Az xəbər verir ki, “Your Tango” nəşrinin yazdığına əsasən, qastronomik seçimlər bəzən insanın davranış modelini əks etdirir.


1. Acı və ədviyyəli yeməkləri sevənlər
Belə insanlar adətən riskə meylli, yeniliklərə açıq və dəyişiklikdən qorxmayan olurlar. Monotonluqdan tez yorulurlar.
2. Acı (acımtıl) dadı sevənlər
Şəkərsiz qəhvə, tünd şokolad və zeytun kimi məhsullara üstünlük verənlərin daha sərt xarakter xüsusiyyətlərinə malik ola biləcəyi bildirilir. Tünd acı dadı sevmək bəzən empatiyanın zəifliyi və soyuqluqla əlaqələndirilə bilər.
3. Duzlu yeməkləri seçənlər
Belə şəxslər çevik və tez uyğunlaşan, eyni zamanda ambisiyalı və rəqabət ruhlu ola bilərlər.
4. Şirniyyat sevənlər
Desertlərə üstünlük verənlər adətən mehriban və yumşaq xasiyyətli sayılır. Araşdırmalar göstərir ki, şirin dad əməkdaşlıq və başqalarına yardım meylini artıra bilər.
5. Turş dadı sevənlər
Sitrus meyvələri və turş məhsullara üstünlük verənlər özlərinə və ətrafdakılara qarşı yüksək tələblər qoyurlar. Onlar tez-tez özünütənqidə meylli və həssas olurlar.
6. Pikant yeməkləri sevənlər


Mürəkkəb dad kombinasiyalarını seçənlər adətən ciddi, zövqlü və seçici xarakterə malik kimi təsvir olunur.
Mütəxəssislər vurğulayırlar ki, bu nəticələr statistik əlaqələrə əsaslanır. Dad seçimləri insanın şəxsiyyətini birbaşa müəyyən etmir, lakin onun bəzi xüsusiyyətlərini əks etdirə bilər.

Gecələr Wİ-Fİ şəbəkəsini söndürməyənlərə xəbərdarlıq!

MÜTƏXƏSSİSLƏR İZAH EDİR


Mütəxəssislər gecə saatlarında Wi-Fi şəbəkəsini söndürməyi faydalı vərdiş hesab edir. Onların fikrincə, bu sadə addım həm yuxu keyfiyyətinə, həm də ümumi həyat tərzinə müsbət təsir göstərir.
Bildirilir ki, simsiz qurğular fasiləsiz elektromaqnit dalğaları yayır və bu təsirin uzunmüddətli nəticələri hələ də araşdırılır. Gecə saatlarında şəbəkəni deaktiv etməklə orqanizm üçün daha sakit mühit yaratmaq mümkündür. Bu isə daha dərin və keyfiyyətli yuxuya şərait yaradır. Bundan əlavə, router və ona qoşulan cihazlar istifadə olunmadıqda belə enerji sərf edir. Wi-Fi-nin mütəmadi söndürülməsi elektrik xərclərinin az da olsa azalmasına və enerjidən daha səmərəli istifadəyə kömək edir.
Ekspertlər həmçinin rəqəmsal gigiyenanın əhəmiyyətini vurğulayıb. İnternetə gecə saatlarında çıxışın məhdudlaşdırılması sosial şəbəkələrdə uzunmüddətli vaxt itkisini azaldır, informasiya yüklənməsinin qarşısını alır və istirahət rejiminin formalaşmasına dəstək verir.

Narsistlər ən uğurlu iş adamıdır

YENİ ARAŞDIRMA İDDİA EDİR


Psixoloqların apardığı yeni araşdırma göstərib ki, “qaranlıq triada” adlandırılan şəxsiyyət xüsusiyyətləri – narsisizm, makiavellizm və psixopatiya sahibkarlıq meyilləri ilə əlaqəlidir. Nəticələr “Acta Psychologica” jurnalında dərc olunub. Tədqiqatda İspaniyadan 591 nəfər iştirak edib; onların əksəriyyəti muzdlu çalışanlar olub, yaş ortalaması isə 45-dir. İştirakçıların sahibkarlıq potensialı və “Böyük beşlik” şəxsiyyət modeli üzrə göstəriciləri qiymətləndirilib, həmçinin “Dirty Dozen” testi ilə qaranlıq xüsusiyyətlər ölçülüb.
Araşdırmaya görə, yeni təcrübələrə hazır olan şəxslər sahibkarlığa daha çox meyillidir.
“Qaranlıq triada” daxilində ən güclü proqnozlaşdırıcı amil narsisizm olub. Psixopatiya daha zəif göstərici sayılsa da, riskə meyl və cəsarətli qərarlar biznesdə daha faydalıdır. Makiavellizm isə yekun modeldə əhəmiyyətli rol oynamayıb.
Alimlər hesab edir ki, sahibkarlıq ruhu sadəcə peşə seçimi deyil, sabit xarakter xüsusiyyətidir.

Ömrü uzadan yeni texnologiyalar

TİBDƏ YENİ ERA BAŞLAYIR

Gen redaktəsi, süni intellekt və süni orqan texnologiyalarındakı inkişaf insan ömrünün əhəmiyyətli dərəcədə uzadılması perspektivini gündəmə gətirib. Mütəxəssislər bildirirlər ki, xüsusilə CRISPR gen texnologiyası DNT-də problem yaradan hissələri dəyişdirərək xərçəng və anadangəlmə xəstəliklərin müalicəsində yeni imkanlar yaradır. Bu üsulla Çində genetik müdaxilə edilmiş körpələrin doğulduğu da açıqlanıb.

Digər mühüm istiqamət dərman hazırlanmasında süni intellektin tətbiqidir. Google tərəfindən yaradılan AlphaFold sistemi zülal strukturlarını daha dəqiq proqnozlaşdıraraq yeni dərmanların hazırlanma müddətini əhəmiyyətli dərəcədə azaldıb. Artıq tam süni intellekt tərəfindən hazırlanmış dərmanların klinik sınaqlarına başlanılıb.

Alimlər həmçinin 3D printer vasitəsilə insan orqanlarının kiçik funksional modellərinin hazırlanmasını gələcəyin tibbi istiqamətlərindən biri hesab edirlər. Proqnozlara görə, 2030-cu illərdə süni orqanların geniş tətbiqi mümkün ola bilər.

Ekspertlər qeyd edirlər ki, bu texnologiyalar ömrün uzanmasına səbəb olsa da, səhiyyə və pensiya sistemləri üçün ciddi maliyyə problemləri yarada bilər. Bununla yanaşı, erkən diaqnostika və fərdiləşdirilmiş müalicə tibbin əsas inkişaf istiqamətlərindən biri kimi qiymətləndirilir.

Mənbə: analitik texnologiya və səhiyyə araşdırmaları, 2026.

Tetris psixoloji travmanı azaldır

YENİ ÜSUL

Tetris video oyunu travma sonrası yaranan xatirələrin azalmasına kömək edir. Bu nəticə 19 fevral 2026-cı ildə The Lancet Psychiatry jurnalında dərc olunan və Euronews tərəfindən yayımlanan elmi araşdırmada təqdim olunub.

Tədqiqat İsveçdə Uppsala Universiteti, həmçinin Kembric Universiteti və Oksford Universiteti alimlərinin iştirakı ilə aparılıb. Araşdırma posttravmatik stress pozuntusunun əsas simptomu olan qəfil və istənməyən vizual xatirələrin azaldılmasına yönəlib.

Metodun əsasını travmatik xatirənin qısa xatırlanmasından sonra təxminən 20 dəqiqə Tetris oynamaq təşkil edir. Bu zaman beynin vizual-məkan sahələri məşğul olur və travmatik obrazların formalaşması zəifləyir.

Nəticələr göstərib ki, dörd həftə ərzində müdaxilə alan iştirakçılarda müdaxiləedici xatirələrin sayı həftədə 14-dən 1-ə düşüb. Altı ay sonra isə iştirakçıların 70 faizi bu simptomlardan tam azad olub. Alimlər bildirirlər ki, bu üsul həm də narahatlıq və depressiya səviyyəsinin azalmasına müsbət təsir göstərir.

Mənbə: Euronews, The Lancet Psychiatry

Fasiləli aclıq arıqlatmır - İDDİA

ARAŞDIRMA 

Fasiləli orucun artıq çəkidən azad olmağa ciddi təsir göstərmədiyi müəyyən edilib. Bu barədə BBC-nin yaydığı məlumatda bildirilir ki, nəticələr Cochrane Database of Systematic Reviews jurnalında dərc olunan geniş icmala əsaslanır.

Araşdırmada 2 minə yaxın böyüklərin iştirak etdiyi 22 elmi tədqiqatın nəticələri təhlil olunub. Məlum olub ki, həftənin müəyyən günlərində ac qalmaq və digər günlərdə normal qidalanmaq arıqlama və həyat keyfiyyəti baxımından ənənəvi pəhriz tövsiyələri ilə müqayisədə ciddi üstünlük yaratmır.

Alimlər bildirirlər ki, fasiləli oruc bəzi insanlarda xolesterin və qan şəkəri kimi göstəricilərə müsbət təsir edə bilər. Lakin bu üsulun arıqlamaq üçün xüsusi və daha effektiv metod olması barədə iddialar elmi sübutlarla təsdiqlənmir.

Tədqiqat müəllifləri vurğulayır ki, artıq çəkidən xilas olmağın əsas yolu kalori qəbulunun azaldılması və sağlam qidalanmadır. Onların fikrincə, fasiləli orucun təsirlərini daha dəqiq qiymətləndirmək üçün əlavə araşdırmalara ehtiyac var.

Mənbə: BBC, Cochrane Database of Systematic Reviews,

Cərəyan vuran kişilər əliaçıq olur

ALMLƏRDƏN MARAQLI İDDİA

Alimlər müəyyən ediblər ki, beynə çox zəif elektrik stimulu verildikdə insanlar daha səxavətli davranmağa başlayır. Bu barədə Involta.media saytı məlumat yayıb.

Təcrübədə 44 nəfər iştirak edib. Onlara baş nahiyəsinə xüsusi cihaz vasitəsilə zəif elektrik impulsları verilib. Daha sonra iştirakçılara pul paylamaq təklif olunub. Məlum olub ki, stimulyasiya edilən şəxslər pullarını başqaları ilə daha çox bölüşürlər. Yəni onlar özlərində saxlamaq əvəzinə, qarşı tərəfə daha çox pay veriblər.

Alimlər hesab edir ki, bu, beynin qərarverməyə cavabdeh olan hissələrinin fəaliyyətinin dəyişməsi ilə bağlıdır. Stimulyasiya nəticəsində insanlar daha çox başqasını düşünməyə meylli olurlar.

Tədqiqat müəllifləri bildirir ki, bu üsul gələcəkdə insanların sosial davranışlarını öyrənmək və bəzi psixoloji problemlərin araşdırılması üçün istifadə oluna bilər.

Mənbə: Involta.media 

Subcategories