TARİXİ UĞUR

Vyetnamda 12 yaşlı qız uşağında tətbiq olunan innovativ CAR-T terapiyası qan xərçənginin müalicəsində tarixi uğur kimi qiymətləndirilib. Həkimlər xəstənin öz immun hüceyrələrini toplayaraq laboratoriyada genetik olaraq yenidən proqramlaşdırıb. Bu hüceyrələrə yalnız xərçəngli hüceyrələri tanıyıb onlara bağlanan xüsusi mexanizm əlavə edilib. Daha sonra milyonlarla artırılan hüceyrələr nazik boru vasitəsilə yenidən xəstənin orqanizminə köçürülüb.
Bədənə qaytarılan gücləndirilmiş hüceyrələr qısa müddətdə xərçəng hüceyrələrini aşkar edərək məhv etməyə başlayıb. Müalicədən sonra bir neçə gün yüksək hərarət və ağır reaksiyalar müşahidə olunsa da, həkimlərin nəzarəti altında vəziyyət sabitləşib. Aparılan son müayinələr nəticəsində xəstənin orqanizmində xərçəng izinə rast gəlinmədiyi açıqlanıb.
Mütəxəssislər bildirib ki, bu hadisə Vyetnamda CAR-T üsulu ilə sağalan ilk uşaq kimi tarixə düşüb. Alimlər bu nailiyyətin gələcəkdə digər qan və onkoloji xəstəliklərin müalicəsində də yeni imkanlar açacağına ümid edir.
Mənbə: haberyenigundem.com
Saglamolun.Az



















