Tetris psixoloji travmanı azaldır

YENİ ÜSUL

Tetris video oyunu travma sonrası yaranan xatirələrin azalmasına kömək edir. Bu nəticə 19 fevral 2026-cı ildə The Lancet Psychiatry jurnalında dərc olunan və Euronews tərəfindən yayımlanan elmi araşdırmada təqdim olunub.

Tədqiqat İsveçdə Uppsala Universiteti, həmçinin Kembric Universiteti və Oksford Universiteti alimlərinin iştirakı ilə aparılıb. Araşdırma posttravmatik stress pozuntusunun əsas simptomu olan qəfil və istənməyən vizual xatirələrin azaldılmasına yönəlib.

Metodun əsasını travmatik xatirənin qısa xatırlanmasından sonra təxminən 20 dəqiqə Tetris oynamaq təşkil edir. Bu zaman beynin vizual-məkan sahələri məşğul olur və travmatik obrazların formalaşması zəifləyir.

Nəticələr göstərib ki, dörd həftə ərzində müdaxilə alan iştirakçılarda müdaxiləedici xatirələrin sayı həftədə 14-dən 1-ə düşüb. Altı ay sonra isə iştirakçıların 70 faizi bu simptomlardan tam azad olub. Alimlər bildirirlər ki, bu üsul həm də narahatlıq və depressiya səviyyəsinin azalmasına müsbət təsir göstərir.

Mənbə: Euronews, The Lancet Psychiatry

Saglamolun.Az