Sağlam biri psixiatrik xəstəxanaya yerləşdirilsə, nə olar?


MƏŞHUR EKSPERİMENTİN NƏTİCƏLƏRİ


Amerikalı psixoloq Devid Rozenhan tərəfindən aparılan məşhur “Rozenhan eksperimenti” psixiatriya sahəsində diaqnozların etibarlılığı ilə bağlı ciddi müzakirələrə səbəb olub. 1970-ci illərdə keçirilən təcrübə psixi xəstəliklərin müəyyən edilməsi məqsədini daşıyıb.


Eksperimentin ilk mərhələsində 8 sağlam insan müxtəlif psixiatriya xəstəxanalarına müraciət edərək eşitdikləri qeyri-real səslərdən şikayət edib. Həkimlər onları müayinə etdikdən sonra demək olar ki, hamısına şizofreniya diaqnozu qoyaraq xəstəxanaya yerləşdirib. Maraqlısı isə odur ki, “pasiyentlər” xəstəxanaya qəbul edildikdən sonra normal davransalar və sağlam olduqlarını bildirsə də, tibb personalı buna inanmayıb və onları müalicə etməyə davam edib. Təcrübə zamanı iştirakçılardan biri gördüklərini gündəlikdə qeyd edib. Lakin tibb işçiləri bu qeydləri yoxlamaq əvəzinə onun tibbi sənədlərində “qrafomaniya” kimi psixoloji problem qeyd edib.


Təcrübənin ikinci mərhələsində Rozenhan həkimlərə 3 ay ərzində klinikalara yeni “saxta pasiyentlər” göndərəcəyini bildirib. Bu müddətdə həkimlər müraciət edən 193 nəfərdən 41-ni simulyant hesab edib. Lakin sonradan məlum olub ki, Rozenhan həmin dövrdə klinikalara ümumiyyətlə heç bir agent göndərməyib.


Bu eksperiment psixiatriya sahəsində diaqnostika üsullarının etibarlılığı ilə bağlı böyük müzakirələr yaradıb və tibbi etik qaydaların təkmilləşdirilməsinə təkan verib.

 

Saglamolun.Az