3D bioprinterlərin tibdə istifadəsi əsl inqilab kimi qiymətləndirmək olar.
3D bioprinterdə sümükləri, sinirləri, hətta orqanları çap etmək mümkündür.
Bu yaxınlarda Rusiya alimləri 3D bioprinterdə siçanın qalxanvari vəzisini çap ediblər. Bu haqda Kommersant jurnalı məlumat yayıb.
Eksperiment başlayanda siçanların qalxanvari vəzisi radioaktiv yodun köməyi ilə dağıdılıb. Daha sonra siçanlardan götürülən hüceyrələrdən 3D bioprinterdə qalxanvari vəzi çap olunub. Sonra vəz siçanların bədəninə köçürülüb. Transplantasiyadan sonra alimlər siçanların qanında T4 hormonun (qalxanvari vəzi hormonu) səviyyəsini təyin ediblər. Məlum olub ki, T4-ün səviyyəsi qalxıb. Bu isə o deməkdir ki, köçürülmüş orqan bitişib və artıq fəaliyyət göstərir.
Transplantasiyanın əsas problemlərindən biri əməliyyatdan sonra köçürülmüş orqanın insan orqanizmi tərəfindən qəbul etməməsidir. İmmun sistemimizin əsas funksiyası orqanizmdə yad olan hüceyrələrin tapılması və onların məhv edilməsidir. Donordan köçürülmüş orqanın hüceyrələri resepiyent üçün yaddır. Bu səbəbdən immun sistemi onlara qarşı hücuma keçir. Nəticədə insan hətta həlak ola bilər. Bunun qarşısını almaq üçün xəstələr əksər hallarda həyatın sonuna qədər immun sistemini zəiflədən xüsusi dərmanlar qəbul etməli olur. Bu isə, təbii ki, orqanizm üçün ziyanlıdır.
İnsanın öz hüceyrələrindən 3D bioprinterində çap olunmuş orqanların köçürülməsi zamanı belə halın inkişafı riski minimaldır və bu o deməkdir ki, immuniteti zəiflədən dərmanların qəbuluna ehtiyac yaranmayacaq.
Hal hazırda alimlər insan qalxanvari vəzisinin və böyrəyinin 3D çapını həyata keçirməyi planlaşdırır. Bu dünya transplantasiyasının böyük uğuru olacaq. Donor orqanları bütün dünyada böyük problem sayılır. Bir çox hallarda xəstələr donor orqanı gözləyərkən ölür.
Saglamolun.Az