Məktəb və müəllimə olan münasibət tamamilə dəyişib - Buna səbəb nədir? VİDEO

Müəllim özünə haqq qazandırır, şagird və valideyni isə tam fərqli fikirlər səsləndirir. Son günlər müəllim-şagird-valideyn konfliktləri artıb.

Telefon vasitəsilə çəkilən görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq müzakirə mövzusuna çevrilir. Günah kimdədir? Niyə bu cür hadisələrin sayı son vaxtlar artıb? Xəzər Xəbər bu suallara cavab axtarıb.

Son dövrlər sosial şəbəkələrin gündəmini tez-tez belə görüntülər zəbt edir. Hər dəfə ayrı-ayrı məktəblərdə şagirdlərin müəllimləri tərəfindən döyülməsinə dair görüntülər yayılır... Və bütün bunlar bir sualı aktuallaşdırır: məktəblərimizdə nə baş verir və müəllim-şagird münasibətləri hara gedir?

Elə şagirdlər özləri də mövcud vəziyyətdən və bəzi sinif yoldaşlarının uyğunsuz davranışlarından narazıdırlar.

Bu cür dərsin gedişatını pozan şagirdlər hər zaman olub. Ancaq nə videoları yayılır, nə də valideyn narazılığı olurdu. "Əti sənin, sümüyü mənim" deyib əksər valideynlər övladlarını tam olaraq müəllimə həvalə edirdilər. İndi isə vəziyyət dəyişib. Valideynlər, hətta müəllimin səs tonunu qaldırmasını belə qəbul etmirlər.

Şiddətə hamılıqla qarşıyıq, artıq müəllim səs tonunu belə yüksəltməkdən ehtiyat edir. Siniflərdə isə kifayət qədər nadinc, dərsin gedişatını pozan şagirdlər var. Bəs müəllim necə davranmalıdır ki, bütün sinif bir şagirdin qeyri-adekvat davranışına qurban getməsin? 30-40 ilin müəllimlərini eşidək.

Xarici təcrübəni də öyrəndik. Hazırda ABŞ-ın Texas ştatında məktəb müdiri kimi fəaliyyət göstərən həmyerlimiz Rasim Dəmirov deyir ki, Amerika məktəblərində uşağa əl qaldırmaq qəti qadağandır, hətta səs tonunu belə yüksəldə bilməzsən.

Əgər yenə də nəticə olmasa, artıq hər məktəbin öz qayda-qanunu var ki, o, güzəştsiz tətbiq olunur. Söhbət o qaydalardan gedir ki, uşaq məktəbə qəbul edilən zaman həm özü, həm də valideynləri bu sənədi imzalayır.

Azərbaycanlı direktor və müəllimlərin isə ən həssas nöqtəsi elə valideynlərdir. Deyirlər ki, "şagirdi yola vermək daha asandır, nəinki valideynini". Bəs ata-anaları bu qədər aqressiv edən nədir? Ekspert Kamran Əsədov deyir ki, bunun başlıca səbəbi orta məktəblərin son illər nüfuzdan düşməsidir.

Ekspert deyir ki, şagirdin təhsil almaq hüququ ilə yanaşı, tədrisin normal gedişinə mane olmamaq kimi də öhdəlikləri də var. Yəni daxili nizam-intizam qaydasını pozan şagird cəzalandırılmalıdır.

Ekspert deyir ki, müəllimə daha geniş səlahiyyətlər verilərsə, proses bu qədər uzanmayacaq. Onun bir təqdimatı yetərli hesab olunacaq. Kamran Əsədov bir məsələni də xüsusi vurğulayır ki, müəllimin şəxsi keyfiyyətləri yüksək olmalıdır. Bəzi müəllimlər sosial şəbəkələrdə elə video və fotolar paylaşır və ya elə paltarlar geyinirlər ki, nəticədə şagirdin müəllimə münasibəti dəyişir və bu münasibətlər ciddi şəkildə zədələnir.

Əslində, şagird-müəllim-valideyn üçbucağı bütün dövrlər üçün aktual mövzudur. Təhsil Nazirliyinin bu məsələyə yanaşmasını isə, növbəti günlərdə öyrənməyə çalışacağıq.

Saglamolun.Az