Ana südü hər bir uşağın tələbatını ideal şəkildə ödəyən “canlı” qidadır. Onun tərkibində qanın tərkibindəki qədər canlı hüceyrələr var.
Bu hüceyrələr bakteriyalar, göbələklər və bağırsaq parazitlərini aktiv şəkildə parçalayır və immun sistemini stimullaşdırır.
Ana südünün tərkibində olan infeksiya əleyhinə müdafiə faktorları uşağı müxtəlif xəstəliklərdən qoruyan təbii “dərmandır”, o, təmiz (steril), daimi əlverişli temperaturda olan qidadır.
Ana südünün tərkibində olan bifidogen amillərin təsirindən uşağın bağırsağınınnormal florası formalaşır və bu proses 2 yaşa qədər davam edir. Ona görə də, müqəddəs dini kitab “Qurani Kərim”də körpələrin 2 yaşa qədər ana südü ilə qidalandırılması tövsiyə edilir.
Təbii – ana südü ilə qidalanma ana ilə körpə arasında funksional (emosional və fiziki) əlaqələri təmin edir. Ana südünün tərkibində olan bir çox faydalı maddələr körpənin sinir sisteminin inkişafına qoruyucu təsir edir, gələcəkdə uşağın sosial adaptasiyasını və psixi inkişafını müəyyən edir.
Təbii qidalanma (döşlə əmizdirmə) zamanı ana tərəfindən yaranan bəzi çətinlikləri (döş giləsinin çatı, süd vəzilərinin bərkiməsi, süd vəzinin iltihabı, qeyri-düzgün formalı döş giləsi – batıq, kiçikölçülü, yastı, uzunsov və iri olması) nəzərə almaq lazımdır. Artıq əmizdirməyə başlayan anaların əksəriyyəti bu səbəbdən əmizdirmədən imtina edirlər. Qeyd olunanların heç biri döşlə əmizdirməyə əks göstəriş deyil, bütün hallarda döşlə əmizdirmə davam etdirilməlidir.
Döş giləsi çatı və bərkiməsi zamanı müvafiq müalicə (lanolintərkibli krem) istifadə edilməklə əmizdirmə davam etdirilməlidir. İlk növbədə düzgün əmizdirmə texnikasını anaya başa salmaq lazımdır. Çatların profilaktikası və artıq yaranmış çatları aradan qaldırmaq üçün lanolin tərkibli kreminin döşgilələrinə çəkilməsi tövsiyə olunur.Lanolin tərkibli krem dəri səthində müvəqqəti hava keçirici baryer yaratmaqla, dərini nəmləndirir vəyaraların sağalmasını sürətləndirir.Təbabətdə istifadə edilən tibbi lanolin təmiz və qatqısız olub, dadsız, qoxusuz, hipoallergen olması ilə digər vasitələrdən ciddi fərqlənir. Əmizdirmədən öncə silinməsinə ehtiyac yoxdur. Lanolin iltihab əleyhinə, antimikrob və qoruyucu xüsusiyyətlərə malikdir. Tibbi lanolin tərkibli kremlərdən istifadə edildikdə döş giləsinin çatının ölçüsü kiçilir və ağrının azalması müşahidə edilir.
Süd vəzinin iltihabı zamanı isə körpəni döşə tez-tez qoymaqla əmizdirmə aparılmalıdır.
Müəllif:
Azərbaycan Tibb Universitetinin Neonatologiya kafedrasının müdiri,
t.e.d., professor Həsənov Səfixan Şamil oğlu
İstinadlar
Sayed Ahmed EM et al. Evidence Based Guideline Using to AlleviateTraumatic Nipple among Nursing Mothers. World Journal of Nursing Sciences., 2015;1(3):35-44.
Coca KP et al. An evaluation of the effect ov lanolin in healing nippleInjuries. Acta Paul Enferm 2008;21(1):11-6.
Saglamolun.Az