Beyin şişi müalicəsində yenilik -Türk aliminin kəşfi

AZİZ SANCAR: “İKİ İL LAZIMDIR”

Nobel mükafatı laureatı Prof. Dr. Aziz Sancar beyin şişlərinin müalicəsinə yönələn tədqiqatların insanlarda tətbiq olunması üçün ən azı iki il vaxt lazım olduğunu açıqlayıb. O, laboratoriya və heyvan təcrübələrində əldə olunan nəticələrin ümidverici olduğunu, lakin bu nailiyyətlərin müalicəyə çevrilməsi üçün geniş klinik sınaqların keçirilməsinin vacib olduğunu vurğulayıb.

Sancar və komandası temozolomid (TMZ) ilə “EdU” adlı maddəni birləşdirərək şiş hüceyrələrinin bölünməsini zəiflətməyi hədəfləyir. Alimlər bildirir ki, bu kombinasiyanın beyin şişində proliferasiyanı azaltmaq potensialı var, lakin indiki mərhələdə nəticələr yalnız sınaq təcrübələrinə əsaslanır. İnsanlarda istifadəsi üçün əlavə təhlükəsizlik və effektivlik testləri tələb olunur.

Sancar tədqiqatın klinik mərhələyə keçməsi üçün dərman dozalarının müəyyənləşdirilməsi, yan təsirlərin qiymətləndirilməsi və uzunmüddətli nəticələrin izlənməsinin zəruri olduğunu deyib. O, bunun üçün ən azı iki il müddətinin lazım olduğunu bildirib.

Bu açıqlama, beyin şişi xəstələri və onların yaxınları üçün ümidverici olsa da, hələ real müalicə kimi istifadəyə verilməsinin zaman tələb etdiyini göstərir. Sancarın sözlərinə görə, tədqiqatın müvəffəqiyyətli olması üçün beynəlxalq standartlara uyğun klinik sınaqların aparılması əsas şərtdir.

 

İçməli suyu təmizləməyin ən ucuz üsulu - Şam Ağacı


EKOLOJİ HƏLL - ŞAM AĞACINDAN İSTİFADƏ EDİLİR
Finlandiyanın Oulu Universitetinin alimləri içməli və tullantı sularında qalan antibiotik və digər dərman qalıqlarını effektiv şəkildə aradan qaldıran yeni üsul təklif edib. Təcrübələr göstərir ki, şam ağacının qabığı əsasında hazırlanmış təmizləmə materialı bu zərərli maddələri sudan çıxarmaqda çox səmərəlidir.
Tədqiqatda qabıq əvvəlcə maqnetit ilə modifikasiya olunur — bu, materialın sudan daha asan ayrılmasına imkan verir. Hazırlanmış filtr vasitəsilə keçən tullantı suda antibiotiklər, antidepresantlar, ağrı kəsicilər və təzyiq dərmanlarının qalıqlarının bir çoxu təmizlənib. Hazırda tullantı suların təmizlənməsi üçün mövcud texnologiyalar dərman qalıqlarını tam çıxara bilmir və bu qalıqlar ətraf mühitə daxil olaraq antibiotik müqavimətinin artmasına səbəb olur.
Alimlərin sözlərinə görə şam ağacının qabığı kimi təbii materialların bu məqsədlə istifadəsi həm iqtisadiyyat prinsiplərinə uyğundur, həm də tullantı materiallarının yararlı məhsula çevrilməsinə imkan verir.

Kimin yaşamalı olduğunu süni intellekt seçəcək


“SUİCİDE POD” İXTİRAÇISI İZAH EDİR
Avstraliyalı həkim və evtanaziya üzrə ixtiraçı Philip Nitschke iddia edir ki, yaxın gələcəkdə süni intellekt (AI) insanların öz həyatını sonlandırmaq barədə qərar vermək qabiliyyətini qiymətləndirmək üçün ənənəvi psixiatrların yerini tutmalıdır. O, bu fikri Sarco adlı mübahisəli “suicide pod”un yaradıcısı kimi açıqlayıb.
Nitschke bildirir ki, hal-hazırda bəzi ölkələrdə köməkçi intihar üçün insanın psixi qabiliyyəti psixiatrlar tərəfindən qiymətləndirilir, lakin bu proses ardıcıl və etibarlı deyil. Onun fikrincə, AI vasitəsilə yaradılmış avatar həmin qabiliyyəti daha obyektiv müəyyən edə bilər və sınaqdan keçən insanlara prosesi aktivləşdirmək üçün 24 saatlıq pəncərə verə bilər. Nitschke bu təşəbbüsü belə əsaslandırır: həkimlərin qərarları bəzən fərqli baxışlara əsaslanır və süni intellekt “neytral” qiymətləndirmə verə bilər.
Bu yanaşma etik, hüquqi və tibbi dairələrdə mübahisələrə səbəb olub. Tənqidçilər inancları, təhlükəsizlik məsələləri və süni intellektin belə kritik qərarları verməsinin təhlükəli olacağını vurğulayırlar.

Tullantı hesab edilən faydalı məhsul

HƏKİM XƏBƏRDARLIQ EDİR
Bir çox insan yoqurt qabında yaranan mayeni görən kimi məhsulu yararsız hesab edərək zibilə atır. Lakin britaniyalı ümumi praktik həkim Amir Han bu vərdişin səhv olduğunu bildirib. Onun sözlərini “Surrey Live” nəşri yayımlayıb.
Həkim qeyd edib ki, yoqurtdan ayrılan bu şəffaf maye təhlükəli deyil, əksinə, sağlamlıq üçün olduqca faydalıdır. Mütəxəssis izah edib ki, bu maye zərdabdır və yoqurtun ən dəyərli maddələrinin böyük hissəsini özündə cəmləyir. Zərdabın tərkibində zülal, kalsium, kalium və B qrup vitaminləri mövcuddur. Bu maddələr isə xüsusilə bağırsaq sağlamlığı üçün mühüm rol oynayır.
Amir Han insanlara bu mayeni nə kanalizasiyaya tökməməyi, nə də yoqurtu atmağı tövsiyə edib. Onun fikrincə, yoqurtu sadəcə qarışdıraraq istehlak etmək kifayətdir.

Kişilərdə cinsi istək bu yaşdan sonra azalır


ALİMLƏR İDDİA EDİR
Yeni elmi araşdırma kişilərin cinsi istəyi ilə bağlı mövcud olan təsəvvürləri alt-üst edib. Estoniyanın Tartu Universitetinin alimləri müəyyən edib ki, kişilərdə libido gənclik dövründə deyil, əsasən orta yaşa qədər artmağa davam edir və pik nöqtəsinə təxminən 40 yaşda çatır. Tədqiqatın nəticələri “Scientific Reports” jurnalında dərc olunub.
Araşdırma çərçivəsində 20–84 yaş aralığında olan 67 mindən çox insanın məlumatları təhlil edilib. Alimlərin fikrincə, sosial, psixoloji və şəxsi münasibətlər kimi faktorlar libidoya azı hormonlar qədər təsir göstərir.
Tədqiqatın həmmüəllifi, professor Toyvo Aavik bildirib ki, istək insanın münasibətlərindən, həyat məmnunluğundan və sosial mühitindən güclü şəkildə asılıdır. Maraqlıdır ki, bəzi peşə sahiblərində, hərbçilər, sürücülər, zavod operatorları və yüksək vəzifəli rəhbərlərdə libido daha yüksək qeydə alınıb. Araşdırmada qadınlarla bağlı nəticələr isə fərqli olub. Qadınlarda cinsi istək əsasən 20–30 yaşlarında zirvəyə çatır və 50 yaşdan sonra azalır.
Mütəxəssislər bildirib ki, cinsi istək hər iki cins üçün fərdi xüsusiyyətlərdən asılıdır.

Pendir, balıq və yumurta əvəzinə yosun yeyəcəyik?


GƏLƏCƏYİN PROTEİN MƏNBƏYİ
Yosunlar gələcəkdə protein tələbatını qarşılayacaq, eyni zamanda planetimizə əlavə yük yaratmayacaq mənbə kimi təqdim olunub. Almaniyalı tədqiqatçılar tərəfindən “Nutrients” jurnalında dərc olunan son araşdırmada, yosunun tərkibində olan proteinin qida baxımından tam dəyərli və sağlamlıq üçün faydalı mənbə olduğu qiymətləndirilib.
Tədqiqatlar göstərib ki, yosunlar metabolizm, əzələ sağlamlığı, ürək-damar sistemi və immunitet üçün faydalıdır. Xüsusilə omega-3 yağ turşuları ilə zəngin olmaları balıq yeməyənlər üçün vacib alternativdir. Əzələ protein sintezini stimullaşdırır, lipid profilini yaxşılaşdıra və iştahı tənzimləyə bilər. Spirulina və Chlorella kimi mikroyosunlar yüksək proteinlə zəngindir və bütün vacib amin turşularını təmin edir. Onlar az torpaq və su tələb edir, böyümə zamanı karbon qazını udur.
Buna baxmayaraq, uzunmüddətli təsirlər və optimal dozalar hələ də araşdırılmalıdır. Yosunlar gələcəkdə yüksək keyfiyyətli və davamlı protein mənbəyi olaraq qida sistemində əhəmiyyətli rol oynaya bilər.

Ev heyvanlarının ölümü doğma insan itkisi qədər ağırdır - Elmi açıqlama


ŞOK ARAŞDIRMA
Britaniyalı alimlərin apardığı yeni araşdırma ev heyvanının ölümü insanlarda illərlə davam edən ciddi psixi pozuntulara yol açdığını göstərib.
"PLOS One" elmi jurnalında dərc olunan tədqiqat göstərib ki, ev heyvanını itirən biri bu ağrını ən yaxın dostunun və ya qohumunun ölümü ilə eyni dərəcədə ağır yaşayır. 975 nəfər arasında keçirilən sorğu nəticəsində məlum olub ki, iştrakçıların 7,5%-də uzunmüddətli Yas Pozuntusu (UYP) diaqnozu müşahidə olunub. Bu rəqəm dostunu (9,1%) və ya bacı-qardaşını (8,9%) itirənlərin göstəricilərinə olduqca yaxındır.
İrlandiyanın Meynut Universitetinin psixologiya professoru Filip Haylend bildirib ki, bu itkini yaşayan insanlar dərin ümidsizlik, emosional uyuşma və gündəlik işləri yerinə yetirə bilməmək kimi simptomlarla üzləşir.
Ekspertlər xəbərdarlıq edir ki, bu cür itki yaşayan şəxslərə peşəkar psixiatrik yardımın göstərilməməsi onların həyat keyfiyyətini pisləşdirə bilər.

Ailənin birinci övladları daha uğurlu olur

ARAŞDIRMA NƏTİCƏLƏRİ MÜZAKİRƏ MÖVZUSUNA ÇEVRİLDİ 



Ailədə uşaqların doğulma ardıcıllığının onların gələcək həyatına ciddi təsir göstərdiyi barədə yeni araşdırmalar maraqlı faktlar ortaya qoyub.
Alman tədqiqatçılarının 2014-cü ildə apardığı tədqiqatlara görə, ailənin ilk övladları bacı-qardaşları arasında orta hesabla daha yüksək IQ səviyyəsinə malik olur. Araşdırma “Proceedings of the National Academy of Sciences” jurnalında dərc olunub. Statistik göstəricilərə əsasən astronavtların 91 faizi, ABŞ prezidentlərinin 53 faizi və Harvard Universiteti tələbələrinin təxminən 80 faizi ailənin ilk uşaqlarıdır. Mütəxəssislər bunu valideynlərin ilk övlada daha çox vaxt ayırması, daha ciddi nəzarət və təhsil verməsi ilə izah edib. İlk uşaqlar adətən liderlik xüsusiyyətləri ilə seçilir və rəhbər vəzifələrə daha tez yüksəlir. Lakin bu üstünlüklərin mənfi tərəfi də var.
Araşdırmalar göstərib ki, ilk övladlar yüksək qan təzyiqi və piylənmə kimi sağlamlıq problemləri ilə daha çox üzləşir. Alimlərin fikrincə, ailə daxilində artan məsuliyyət və psixoloji təzyiq bu riskləri artırır.

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat


YUXU, YEMƏK VƏ HƏRƏKƏT
Gündəlik həyatda edilən çox kiçik dəyişikliklər insan ömrünü uzada bilər. “The Lancet” jurnalında dərc olunan 2 yeni araşdırmaya görə, cəmi 5 dəqiqə əlavə fiziki aktivlik, daha az oturaq həyat tərzi və yuxu rejimində düzəlişlər ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər.
Tədqiqatlar göstərib ki, gündə 5 dəqiqə orta tempdə yerimək belə ümumi ölüm riskini təxminən 10 faiz azaldır. Fiziki aktivliyin on dəqiqəyə çatdırılması bu göstəricini 15 faizə qədər yüksəldə bilər. Az hərəkətli insanlar üçün isə əlavə 5 dəqiqə aktivlik ölüm riskinin 6 faiz azalması ilə əlaqələndirilib. Bundan əlavə, gündəlik oturaq vaxtın 30–60 dəqiqə azaldılması da ölüm hallarının 7–13 faiz azalmasına kömək edir.
Araşdırma Norveç, İsveç, ABŞ və Böyük Britaniyada 135 mindən çox insanın 8 il ərzində izlənməsi əsasında aparılıb. Alimlər vurğulayıb ki, bu dəyişikliklər ÜST-nin tövsiyə etdiyi yüksək aktivlik hədəflərinə çata bilməyən insanlar üçün daha real və əlçatandır.
İkinci araşdırma isə yuxu və qidalanmanın roluna diqqət çəkib. Gündə əlavə 5 dəqiqə yuxu və tərəvəz qəbulu ömrü bir ilə qədər uzada bilər. Sağlam vərdişlərin birləşməsi isə ömrü doqquz ildən çox artırmaq potensialına malikdir.

Dünyada tüğyan edən virus infeksiyalarından necə qorunmalı?

Nə etməli? Professorun məsləhətləri

Hazırda tənəffüs yollarının virus infeksiyaları – qrip və qripəbənzər xəstəliklər
geniş yayılmışdır. Bir çox hallarda bu xəstəliklərə dəqiq diaqnoz qoyula bilmir, ona
görə də ümumiləşdirilmiş adla tənəffüs yollarının virus infeksiyaları adı altında
müalicə olunur. Xüsusən uşaqlarda, eləcə də ahıl yaşlı insanlarda və müxtəlif
səbəblərdən orqanizmin müdafiə qabiliyyəti zəifləmiş insanlarda bu xəstəliklər daha
ağır gedişə malik olub fəsadlaşmalarla nəticələnir.

Müsahibimiz tibb elmləri doktoru, professor, Asiya Elmlər Akademiyasının
həqiqi üzvü Akif Qurbanovdur.


- Hazırda virus infeksiyaları geniş yayılıb.
Onların orqanizmə nə kimi təsiri ola bilər və bu barədə sizin tövsiyələriniz nədir?

Bəli, virus infeksiyaları yenidən geniş yayılıb və insanlar bədən müqavimətini
gücləndirmək üçün müxtəlif üsullara əl atırlar. Xəstəliyin ilk dövrlərində zökəm əlamətləri,
öskürək, yüksək hərarət, əzələ və baş ağrıları, yorğunluq kimi hallara çox rast gəlinir. Lakin
virus infeksiyaları yalnız bu əlamətlərlə kifayətlənmir, onlar ciddi sistemli iltihabi və
immun reaksiyalara səbəb ola bilər. Məsələn, respirator viruslar epitel hüceyrələrini
zədələyir, tənəffüs yollarında iltihabi proses yaradır və bəzən bronxit, pnevmoniya kimi
ağırlaşmalara yol aça bilər. Bundan əlavə, virus infeksiyaları bəzən sitokin fırtınasını
tətikləməklə sistemli iltihab reaksiyası törədərək orqanların funksiyalarını zədələyə bilər.
Viruslar immuniteti zəiflədə bilər, bu da bakterial infeksiyaların qoşulma riskini artırır. Bu
səbəbdən virus infeksiyalarında tək simptomları aradan qaldırmaq kifayət deyil, immun
sistemini dəstəkləmək də vacibdir.


- Sizin fikrinizcə, insanlar nə etməlidirlər ki, bu kimi fəsadlardan uzaq
olsunlar?

- Bu hallarda yüksəkdozalı vitamin C immun sisteminə təsir edərək virus
infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir. Yüksəkdozalı vitamin
C immun hüceyrələrin aktivliyini normallaşdıraraq interferon sintezini artırmaqla virus və
bakteriyalara qarşı müdafiəni artırır, antioksidant təsir göstərir. Beləliklə, yüksəkdozalı
vitamin C orqanizmin antiviral müdafiə mexanizmlərini stimullaşdırır, sərbəst radikalları
neytrallaşdırır və virusun hüceyrələrə verdiyi zərərləri azaltmağa kömək edir.
Qeyd etmək istərdim ki, Covid-19 kimi ciddi respirator virus infeksiyasının tuğyan
etdiyi zaman yüksəkdozalı vitamin C sitokin fırtınasının yaratdığı oksidativ stresi
azaltmaqla, immun cavabı tənzimləyib, fəsadlaşmaları minimuma endirərərək xeyli insan
həyatın xilas etmişdir. Öz effektini sübut etdiyinə görə yüksəkdozalı vitamin C (7,5 qram,
50 ml-lik venadaxili infuziya məhlulu) dünyada, eləcə də Azərbaycanda Covid-19
xəstəliyinin müalicə protokoluna daxil edilmişdir. Bu protokola əsasən yüksəkdozalı
vitamin C gündəlik venadaxili infuziya şəklində 5 gün müddətində təyin edilir.
Hazırda müşahidə olunan respirator virus infeksiyaları Covid-19 qədər zədələyici
deyil və yüksəkdozalı vitamin C orqanizmin antiviral müdafiəsini gücləndirərək
simptomları daha tez, effektiv azaltmağa və bərpa prosesini sürətləndirməyə kömək edir.
Hesab edirik ki, tənəffüs yollarının virus infeksiyalarının müalicəsində yüksəkdozalı
vitamin C gündəlik venadaxili infuziya şəklində 3 gün müddətində təyin edilməsi kifayətdir.


 Virus infeksiyasında antibiotiklər əvəzinə yüksəkdozalı vitamin C
istifadəsi nə dərəcədə məqsədəuyğundur?


Virus infeksiyaları antibiotiklərlə müalicə olunmur, çünki antibiotiklər yalnız
bakteriyalara təsir edir. Virus infeksiyaları zamanı antibiotik qəbulu immuniteti zəiflədə
bilər və əlavə stress yaradır. Yüksəkdozalı vitamin C isə antioksidant və
immunomodulyator xüsusiyyətləri hesabına orqanizmin müdafiəsini dəstəkləyərək
virusların çoxalmasını ləngidir, həm də iltihabi prosesləri zəiflədir.


 Yüksəkdozalı vitamin C yalnız respirator virus infeksiyalarında istifadə
olunur, yoxsa başqa hallarda da faydalıdır?

Yüksəkdozalı vitamin C çoxşaxəli təsir göstərir və yalnız respirator virus
infeksiyasında deyil, digər hallarda da faydalıdır. Məsələn, orqanizmdə ömür boyu
saxlanılmaqla vaxtaşırı aktivləşən herpesvirus infeksiyalarında (sadə herpes,
sitomeqalovirus infeksiyası, infeksion mononukleoz, qurşaqlı uçuq, xroniki yorğunluq
sindromu və s.) yüksəkdozalı vitamin C virusun orqanizmdə replikasiyasını zəiflədir və
zədələnmiş hüceyrələrin bərpasını sürətləndirir. Allergik və iltihabi proseslərdə antioksidant
xüsusiyyəti sayəsində reaktiv oksigen radikallarını neytrallaşdırır, immun cavabı
tənzimləyir və allergiya əlamətlərini zəiflədir. Hətta xərçəng xəstəliyinin kompleks
konservativ müalicəsində onun effektivliyi elmi tədqiqatlarla sübut edilmişdir.
Ümumiyyətlə, iltihabi proseslərlə əlaqəli istənilən patologiyalarda sərbəst radikalların
yüksəkdozalı vitamin C ilə neytrallaşdırılması hüceyrə zədələnmələrini azaltmaqla
xəstəliyin daha tez və fəsadlaşmalar olmadan sağalmasını təmin edir.

 

Gecələr tez-tez oyananların ağlı azalır


ARAŞDIRMA
Amerikalı alimlər yaşlı insanlarda düşünmə sürətini zəiflədən amili müəyyən edib. “Sleep Health” jurnalında dərc olunan araşdırmaya görə, gecə yuxusunun tez-tez bölünməsi ümumi yuxu müddəti normal olsa belə, növbəti gün idrak sürətinin azalmasına səbəb olur.
Tədqiqat “Einstein Aging Study” layihəsi çərçivəsində aparılıb. Yaşı 70-dən yuxarı olan, demensiya əlamətləri olmayan 261 iştirakçı 16 gün ərzində biləklərində “Actiwatch” adlı cihaz daşıyıb. Bu cihaz hərəkətləri qeydə alaraq yuxu və oyaq olduqları vaxtları obyektiv şəkildə ölçüb. Eyni zamanda iştirakçılar gün ərzində smartfon vasitəsilə bir neçə dəfə qısa koqnitiv testlər yerinə yetirib.
Testlər məlumatın emal sürətini, yaddaşı və vizual obrazları saxlamaq qabiliyyətini ölçüb. Əsas göstərici isə yuxuya getdikdən sonra oyaq qalınan ümumi vaxt olub. Məlum olub ki, gecə daha çox oyanan yaşlı insanlar tapşırıqları daha ləng icra edib. Hətta bir gecə adi haldan 30 dəqiqə artıq oyaq qalmaq belə növbəti gün düşünmə sürətini nəzərəçarpacaq dərəcədə azaldıb.
Araşdırma göstərib ki, yuxunun ümumi müddəti deyil, onun fasiləsizliyi daha vacibdir.

Virus əleyhinə C vitamininin rolu

Havaların soyuması ilə əlaqədar ölkə ərazisində kəskin respirator virus infeksiyaların, həmçinin, qripin yayılmasında artım müşahidə olunur.
Kəskin respirator virus infeksiyaları yüksək hərarət, öskürək, boğaz ağrısı, ümumi halsızlıq, düzgün müalicə olunmadıqda isə ağırlaşmalarla müşayiət olunur. Əhalinin ən həssas təbəqələri - yaşlılar, xroniki xəstələr, hamilə qadınlar və uşaqlarda bu infeksiyalar daha ağır gedişatlı və fəsadlı ola bilər.
Kəskin respirator virus infeksiyalarına qarşı mübarizədə profilaktik tədbirlər mühüm rol oynayır. İnfeksiyadan qorunmaq və xəstəliyə yoluxmamaq üçün

-tibbi maskadan istifadə;
-otaq havasının tez-tez dəyişdirilməsi;
-əllərin təmizliyi
-sağlam qidalanma
-immun sisteminin gücləndirilməsi vacibdir.

İmmun sisteminin gücləndirilməsi virus infeksiyalarının profilaktikası üçün əhəmiyyətli şərtlərdəndir. Virus əleyhinə immun cavabda vitamin C mühüm rol oynayır. Xüsusilə vitamin C-nin yüksək konsentrasiyası immun sisteminin virusa qarşı adekvat cavabı üçün çox vacibdir, çünki mitoxondrial, virus əleyhinə siqnal zülallarının və interferonun əmələ gəlməsi üçün bütöv kaskadı induksiya edir.

Həmçinin, Vitamin C defisitində dərinin və selikli qişanın baryer funksiyası yetərli olmur.
Vitamin C-nin çatışmazlığı orqanizmin immun sistemini zəiflədir. Bu vitamin orqanizmdə güclü antioksidant və əsas immunomodulyatorlardan biri olaraq, infeksiyaya və iltihaba qarşı müdafiəni aktivləşdirir. Bu baxımdan venadaxili yüksək dozalı vitamin C kəskin respirator virus xəstəliklərinə yoluxmuş insanlara tövsiyə olunur.
Yüksəkdozalı Vitamin C-nin terapevtik faydası tədqiqatlarla sübut olunub. Yüksəkdozalı vitamin C-nin çoxsaylı farmakoloji xüsusiyyətləri sırasında aşağıdakılar immun sisteminə təsir edərək virus infeksiyalarının profilaktika və müalicəsində olduqca əhəmiyyətlidir:


• İmmun hüceyrələrinin aktivliyini normallaşdıraraq virus və bakteriyaya qarşı immun cavabı təmin edir
• Komplement sistemini aktivləşdirir
• İnterferon sintezini artırır
• Antioksidant təsir göstərir

İstifadə qaydası: Yüksəkdozalı vit. C 7,5 g - 50 ml + NaCl 0,9% -100 ml venadaxili damcı üsulu ilə həftədə 2 dəfə.

Mənbə: BTİMM elmi şöbəsi

100 yaşdan yuxarı insanların bədənində bunlar var

ALİMLƏR AÇIQLADI


Braziliyalı alimlər uzunömürlü insanların sağlamlığının əsas sirrini açıqlayıb. San-Paulu Universitetinin tədqiqatçıları müəyyən edib ki, 100 və daha yuxarı yaşa çatan şəxslərin immun sistemi adi insanlardan fərqli işləyir. Araşdırmanın nəticələri “Genomic Press” jurnalında dərc olunub.
Tədqiqatda 140-dan çox iştirakçı yer alıb. Onların arasında yaşı 100-dən yuxarı olan şəxslər və 110 yaşdan artıq “superuzunömürlülər” də olub. Alimlər aşkar edib ki, bu insanların immun hüceyrələri zədələnmiş zülalların parçalanmasını və toxumaların hüceyrə “tullantılarından” təmizlənməsini daha effektiv həyata keçirir. Bu mexanizmlər xroniki iltihabın qarşısını alır və demensiya, xərçəng, ürək-damar xəstəlikləri riskini azaldır.
Alimlərin fikrincə, bu xüsusiyyətlər COVID-19 pandemiyası dövründə də mühüm rol oynayıb. Araşdırmada iştirak edən və 2020-ci ildə virusa yoluxan üç uzunömürlü ağır fəsadlar olmadan tam sağalıb. Gələcəkdə bu mexanizmlərin öyrənilməsi immun yaşlanmanın ləngidilməsinə və sağlam ömrün uzadılmasına kömək edə bilər.

Kalori yox, qida keyfiyyəti önəmlidir

ARIQLAMAĞIN SİRRİ


Amerikalı mütəxəssislər uzunmüddətli arıqlama üçün əsas amilin kalori saymaq deyil, qidalanmanın keyfiyyəti olduğunu bildirib.

“The Conversation” portalının yazdığına görə, qısa müddətli sərt pəhrizlər tez nəticə versə də, əksər hallarda davamlı olmur və çəkinin yenidən artması ilə nəticələnir.
Araşdırmalar göstərib ki, pəhrizlə arıqlayan insanların cəmi 20 faizi əldə etdiyi nəticəni uzun müddət qoruyur.

Bunun əsas səbəblərindən biri ciddi qadağalara əsaslanan pəhrizlərin psixoloji və fizioloji baxımdan çətin olmasıdır.

Sevilən qidaların tamamilə rasiondan çıxarılması beyini zəiflədir və güclü yemək istəyi yaradır.

Fizioloji baxımdan isə kəskin kalori azaldılması iştahın artmasına, toxluq hissinin zəifləməsinə və enerjiyə qənaət mexanizmlərinin işə düşməsinə səbəb olur.

Bundan əlavə, sürətli arıqlama zamanı yağla yanaşı əzələ kütləsi də itirilir ki, bu da maddələr mübadiləsini zəiflədir və çəkinin geri qayıtma riskini artırır.
Mütəxəssislər balanslı və tədricən arıqlamanı tövsiyə edib.

Zülal və liflə zəngin qidalar — tam taxıllar, paxlalılar, meyvə və tərəvəzlər — daha uzunmüddətli toxluq yaradır.

15 min tibb bacısı tətilə çıxdı

ŞƏHƏR TARİXİNDƏ ƏN BÖYÜK KÜTLƏVİ ETİRAZ


Nyu-York şəhərində tibb işçilərinin tarixində ən böyük etiraz aksiyası keçirilir. Şəhərdə təxminən 15 min tibb bacısı işlərini dayandıraraq küçələrə çıxıb. “Politico” nəşrinin məlumatına görə, bu, Nyu-York tarixində tibb bacılarının say baxımından ən böyük tətilidir.
Aksiya iştirakçıları inflyasiyanın mövcud səviyyəsini nəzərə alan maaş artımı, kadr çatışmazlığına qarşı tədbirlərin qorunub saxlanılması və genişləndirilməsi, eləcə də əmək müqavilələrinə iş yerində zorakılıqdan müdafiə mexanizmlərinin daxil edilməsini tələb edib.
Xəstəxana rəhbərləri irəli sürülən tələbləri real olmadığını və federal maliyyə dəstəyinin azalması riskindən narahat olduqlarını bildirib. Nyu-York ştatının qubernatoru Keti Hoçul pasiyentlərin təhlükəsizliyini təmin etmək üçün əlavə resursların səfərbər edildiyini açıqlayıb. Şəhər meri Zohran Mamdani isə əhaliyə tibbi xidmətin fasiləsiz göstəriləcəyinə dair təminat verib. Xəstəxanalar müvəqqəti personal cəlb etməyə məcbur qalıb.

Təcili yardım həkimləri fırtınada xəstəni 1 kim xərəkdə daşıyıb

GÜCLÜ FIRTINA SƏBƏBİNDƏN


Kamçatkada güclü siklon səbəbindən təcili tibbi yardım həkimləri ekstremal şəraitdə çalışmaq məcburiyyətində qalıb. Regional səhiyyə nazirliyinin məlumatına görə, küləyin sürətinin saniyədə 45 metrə çatdığı şiddətli fırtına zamanı təcili yardım əməkdaşları bir xəstəni bir kilometrdən artıq məsafədə xərəkdə daşıyıblar.
Hadisə yanvarın 13-nə keçən gecə baş verib. Ayaq sınığı olan pasiyent yol şəraitinin ağır olması səbəbindən avtomobillə daşına bilməyib. Həkimlər FHN əməkdaşları ilə birlikdə güclü külək və qar fırtınasına baxmayaraq xəstəni təhlükəsiz şəkildə tibb müəssisəsinə çatdırıb. Nazirlikdə bildirilib ki, bu, sutka ərzində qeydə alınan yüzlərlə çağırışdan yalnız biridir.

Yeni nəslin beyni buna görə "çürüyür"

PSİXOLOQLAR XƏBƏRDARLIQ EDİR


2024-cü il üzrə aparılan psixoloji trend analizləri Z nəsli yetkinləri arasında narahatedici bir davranışın geniş yayıldığını göstərir. Araşdırmalara görə, bir çox gənc xroniki stress və zehni həddindən artıq yüklənməyə cavab olaraq saatlarla yataqda qalaraq telefonla vaxt keçirir və yuxuya gedə bilmir.
Psixologiyada “yataqda çürümə” (bed rotting) adlandırılan bu davranış forması zahirən istirahət təsiri bağışlasa da, mütəxəssislər bunun əslində tükənmişliyin və emosional yorğunluğun göstəricisi olduğunu vurğulayırlar. Psixoloqlar bildirir ki, beyin həddindən artıq yükləndikdə özünü qorumaq məqsədilə “qapanma” rejiminə keçir və əlavə enerji tələb edən fəaliyyətlərdən yayınmağa çalışır.
Mütəxəssislərin sözlərinə görə, qısa müddətdə rahatladıcı görünən bu vəziyyət uzunmüddətli perspektivdə ciddi mənfi təsirlərə yol aça bilər. Belə ki, davamlı “yataqda çürümə” diqqət toplama qabiliyyətinin zəifləməsinə, əhval-ruhiyyənin pozulmasına, motivasiyanın azalmasına və gündəlik fəaliyyətlərə marağın itirilməsinə səbəb olur.
Psixoloqlar gənclərə stresslə mübarizə üçün passiv qaçış yolları əvəzinə, yuxu rejiminin tənzimlənməsi, fiziki aktivlik, ekran vaxtının azaldılması və peşəkar psixoloji dəstək kimi daha sağlam üsullara üstünlük verməyi tövsiyə edirlər.

Azərbaycan kişiləri dünyada 4-cü yerdədir

TESTESTERON SƏVİYYƏSİNƏ GÖRƏ


“World Population Review” tərəfindən yayımlanan məlumata görə, Azərbaycan kişiləri orta testosteron səviyyəsinə görə dünyada 4-cü pillədə qərarlaşıb. Statistik göstəricilərə əsasən, ölkədə kişilərin orta testosteron səviyyəsi 740 nanogram/desilitr təşkil edir.
Reytinq cədvəlinə Özbəkistan liderlik edir. Bu ölkədə kişilərin orta testosteron səviyyəsi təxminən 780 nanogram/desilitr olaraq qeydə alınıb. İkinci yerdə Xorvatiya qərarlaşıb – burada göstərici 760 nanogram/desilitr civarındadır. İlk üçlüyü Kamerun tamamlayır.
Siyahının beşinci pilləsində Monqolustan yer alıb. Bu ölkədə orta testosteron səviyyəsi 720 nanogram/desilitr təşkil edir. Altıncı sırada isə 710 nanogram/desilitr göstərici ilə Efiopiya qərarlaşıb.
Mütəxəssislər testosteron səviyyəsinə genetika, qidalanma, həyat tərzi və fiziki aktivlik kimi amillərin təsir etdiyini bildirirlər. Qeyd olunur ki, testosteron səviyyəsi kişi sağlamlığı, əzələ kütləsi, enerji və ümumi fiziki vəziyyətlə sıx bağlıdır.

İnsanlar normadan 40% artıq duz istehlak edir

YENİ ARAŞDIRMA


Araşdırmaya görə, İngiltərədə yaşayan böyüklər həftə ərzində təxminən 155 paket çipsə bərabər miqdarda duz qəbul edir.

Britaniya Ürək Fondu (BHF) bildirir ki, orta hesabla gündəlik duz qəbulu 8,4 qramdır ki, bu da hökumətin tövsiyə etdiyi 6 qramlıq normadan təxminən 40 faiz çoxdur.

Mütəxəssislər xəbərdarlıq edir ki, bu vəziyyət yüksək qan təzyiqi, infarkt və insult riskini ciddi şəkildə artırır.
Ürək Fondunun məlumatına görə, istehlak edilən duzun böyük hissəsi çörək, səhər yeməyi taxılları,

hazır souslar və yarımfabrikatlar kimi gündəlik məhsullarda gizlidir.

Buna görə də insanlar nə qədər duz qəbul etdiklərinin fərqində olmur.

Yüksək təzyiq “səssiz qatil” adlandırılır və Böyük Britaniyada böyüklərin təxminən üçdə birinə təsir edir, lakin milyonlarla insan bundan xəbərsizdir.
Ümumdünya Səhiyyə Təşkilatı duz istehlakının azaldılmasının minlərlə vaxtsız ölümü qabaqlaya biləcəyini vurğulayır.

Ana südünün miqdarını ölçən ilk cihaz

509 MANATA SATIŞA ÇIXARILACAQ


CES 2026 (sies) sərgisində valideynlərin marağına səbəb olan yeniliklərdən biri dünyada ilk dəfə

ana südünün miqdarını real vaxtda ölçən “Coro” monitoru olub.

Bu cihaz körpənin nə qədər süd qəbul etdiyini 0,01 millilitr dəqiqliklə izləyə bilir və

bazarda analoqu olmayan texnologiya kimi təqdim olunur.

“Coro” silikon döş ucu qoruyucusu formasındadır və içərisində patentləşdirilmiş mikroaxını ölçən sensor yerləşir.

Süd qoruyucudan keçdikcə məlumatlar dərhal mobil tətbiqə ötürülür.

Pulsuz tətbiq süd həcmini təhlil edərək valideynlərə körpənin qidalanma ehtiyaclarını daha yaxşı anlamağa kömək edir.

Bayram süfrəsinin "təhlükəli" qidaları

HƏKİM-DİETOLOQ AÇIQLAYIR

Qarşıdan gələn Yeni il bayramı ərəfəsində zəngin və ağır qidalar sağlamlıq üçün risk yaradır. Rusiyalı həkim-dietoloq və qastroenteroloq Yevgeni Arzamastsev bildirib ki, həddindən artıq yemək və uyğun olmayan qida kombinasiyaları mədə-bağırsaq sistemi üçün zərərlidir.
Mütəxəssisin sözlərinə görə, bayram süfrəsində ən təhlükəli məhsullar sırasında ilk yeri kolbasa, sosis və sardelkalar tutur. Onlardan sonra hisə verilmiş məhsullar gəlir. Üçüncü sırada alkoqollu içkilər və mayonez, dördüncü yerdə isə piyli və ya yağda qızardılmış ətlər qərarlaşıb. Daha sonra şirniyyatlar və tortlar, siyahının sonunda isə duzlu şorabalar yer alır.
Arzamastsev qeyd edib ki, ağır qidaların eyni vaxtda qəbul edilməsi riski daha da artırır. Xüsusilə göbələk, mayonez və pendirin birlikdə yeyilməsi mədə üçün ağır yükdür.
Həkim bayram günlərində daha yüngül seçimlərə üstünlük verməyi tövsiyə edir. O, mayonezin zeytun yağı ilə, duzlu xiyarın isə təzə xiyarla əvəz olunmasını məsləhət görərək, bu cür dəyişikliklərin mədə-bağırsaq sisteminə düşən yükü azalda biləcəyini vurğulayıb.

 

Mübahisəsiz əyləncə üçün bunları edin

 

STRES YOX, SEVİNCLƏ QEYD EDİN

Yeni il bayramında ailə və dostlarla xöşbəxt anlar arzulayarkən, bəzən mübahisələr də baş qaldırır. Psixoloqlar, bayram süfrəsi ətrafında münaqişələrdən qaçmaq üçün ən sadə qaydanı xatırladır: söhbət mövzusuna diqqət yetirin və konflikt yarada biləcək mətləblərdən, məsələn siyasətdən uzaq durun. Belə mövzular bayram əhval-ruhiyyəsini pozaraq mübahisəni alovlandıra bilər və onları başqa gün müzakirə etmək məqsədəuyğundur.
Mütəxəssislər həmçinin deyir ki, bayram süfrəsinə yaxşı əhval-ruhiyyə ilə əyləşmək vacibdir və gərginlik yaranarsa, qısa fasilə vermək və ya söhbəti daha neytral mövzuya yönəltmək kömək edir. Bu, stressli anlarda hamının rahatlamağına və münasibətləri qorumağa imkan yaradır.
Unutmayıbn ki, bütün mübahisələrin sonunda yenə də hər kəs öz fikrində qalır, deyə ekspertlər bildirir.

Mənbə: Health.ru

 

Alkoqollu içkinin azı olmur

AVROPA SPİRTLİ İÇKİLƏRƏ “YOX” DEYİR

Alkoqolun sağlamlıq üçün təhlükəsiz dozasının olub-olmaması Avropada hələ də mübahisə mövzusudur. Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, alkoqolun heç bir miqdarı təhlükəsiz deyil və o, birinci qrup kanserogenlər  sırasına daxildir. Məlumata görə, Avropa İttifaqı dünyada adambaşına ən çox alkoqol istehlak edilən regiondur və burada xərçəng əsas ölüm səbəblərindən biridir.

2023-cü ildə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv ölkələrdə orta illik alkoqol istehlakı 8,5 litr təmiz spirt təşkil edib. Latviya, Portuqaliya və Rumıniyada bu göstərici 11,5 litrdən çox olub. Bununla belə, bəzi elmi dairələr az miqdarda alkoqolun ürək-damar xəstəlikləri riskini azaltmadığını, lakin ümumi sağlamlıq üçün faydasının sübut olunmadığını bildirir.

Avropa ölkələrinin tövsiyələri isə fərqlidir. İrlandiyada qadınlar üçün həftədə 11, kişilər üçün 17 qram standart porsiya limiti müəyyən edilib. İspaniya daha sərt yanaşaraq qadınlara gündə 10 qramdan artıq alkoqol qəbul etməməyi tövsiyə edir. Latviya və Litva isə tam imtinanı məsləhət görür.

 

Mənbə: Euronews

Bayramda şirniyyatın qədərini necə müəyyən edək?

 TƏTİL ÜÇÜN ŞİRİN TÖVSİYƏ

Tətil günlərində sağlam qidalanma və idman vərdişlərini qorumaq çətin olsa da, mütəxəssislər, bu dövrdə özünüzə çox sərt qaydalar qoymaq əvəzinə, kiçik və davamlı vərdişlərə fokuslanmağı məsləhət görüb.

Rusiyalı dietoloq Natali Mokarinin sözlərinə görə, sevdiyiniz bayram yeməklərindən tam imtina etməyə ehtiyac yoxdur. Əsas məqsəd balans yaratmaqdır. Məsələn, şirniyyatlarla yanaşı meyvə və tərəvəzlər də əlavə etmək, kifayət qədər su içmək və porsiyalara diqqət yetirmək özünüzü daha enerjili hiss etməyə kömək edə bilər.

Fiziki aktivlik də mütləq idman zalı demək deyil. Qısa gəzintilər, yüngül dartınmalar, ailə ilə açıq havada hərəkətli oyunlar bədəni oyadır və yorğunluğu azaldır. Amerikalı fitness mütəxəssisi Dana Santas isə bildirib ki, 10 dəqiqəlik gəzinti belə faydalıdır.

Ən vacibi isə günahkarlıq hissindən uzaq durmaqdır. Tətilin məqsədi dincəlmək və yaxınlarla vaxt keçirməkdir. Kiçik sağlam seçimlər edərək həm bayramın dadını çıxarmaq, həm də özünüzü yaxşı hiss etmək mümkündür, deyə mütəxəssis bildirib.

Yeni il hədiyyə qutuları alarkən diqqətli olun!

AZƏRBAYCAN QİDA TƏHLÜKƏSİZLİYİ AGENTLİYİ

Yeni il yaxınlaşır və uşaqlar üçün şirniyyat dolu hədiyyə qutularına maraq artır.
Hədiyyə qutuları seçimində diqqətli olmaq vacibdir:
Rəsmi mağazalardan alış edin. Məhsulun tarixi və etiketini yoxlayın.

Qutunun sağlam və zədəsiz olmasına fikir verin. Tez xarab olan məhsullara diqqət edin. Valideynlər, uşaqların şirniyyatı həddindən artıq istehlak etməsinə nəzarət edin.
Bu xəbərdarlığı AR-nın Qida Təhlükəsizliyi Agentliyi yayıb.
Məlumatda bildirilir ki, hər hansı şübhə yaranarsa, Qida Təhlükəsizliyi Agentliyinin “1003-Çağrı Mərkəzi”nə müraciət ünvanlaya bilərsiniz.
Sağlam və təhlükəsiz Yeni il üçün doğru seçim edin!

 

"Sİ mətbəxdə təhlükədir" - Amerikalı jurnalist

PİNTEREST RESEPTLƏRİNDƏN ŞİKAYƏT

Amerikalı jurnalist Brenda Qudmanın Pinterest üzərindən tapdığı reseptin uğursuzluğu süni intellektin məişət sahəsində yaratdığı yeni riski üzə çıxarıb.

“Şokolad palıdı” adı ilə təqdim olunan desert resepti real inqrediyentlərə əsaslansa da, praktikada icraolunmaz olub.

Saatlarla davam edən cəhdlərdən sonra məlum olub ki, resept və onu müşayiət edən vizuallar süni intellekt tərəfindən yaradılıb.

Araşdırma göstərib ki, “DessertsPro.com” və oxşar saytlar AI vasitəsilə yüzlərlə saxta resept yayımlayır, real aşpaz və bloqçu görüntüsü yaradır.

Mütəxəssislər bildirir ki, bu cür platformalar istifadəçilərin vaxtını və pulunu itirməklə yanaşı, real kontent istehsalçılarını da sıxışdırır.

Pinterest rəhbərliyi AI məzmununu filtrasiya etdiyini desə də, bloqçular və istifadəçilər bunun hələ effektiv olmadığını bildirir.

 

Mənbə: CNN

Çəki azaldan iynələri dayandıranda iştah yenidən yüksəlir


ÇƏKİ NİYƏ GERİ QAYIDIR?

GLP-1 əsaslı arıqlama iynələri (Wegovy, Mounjaro) minlərlə insan üçün iştahı azaldaraq sürətli çəki itkisi yaradıb. Lakin mütəxəssislər xəbərdarlıq edir ki, preparatlar dayandırıldıqdan sonra risklər başlayır. Həkimlərin müşahidələrinə görə, iynələr kəsiləndən bir neçə gün sonra “iştaha siqnalı” yenidən aktivləşir, güclü aclıq hissi yaranır və 1–3 il ərzində itirilmiş çəkinin 60–80 faizi geri qayıdır.
BBC-yə danışan Britaniya vətəndaşı Tanya Hall iynələri dayandıranda qısa müddətdə həddindən artıq yeməyə başladığını, Ellen Ogley isə dərmanı tədricən azaldaraq həyat tərzini dəyişməyin çəkinin qorunmasında həlledici rol oynadığını bildirib. Mütəxəssislər vurğulayır ki, əsas problem dərmanı kəsmək deyil, “çıxış strategiyası”nın olmamasıdır. NICE tövsiyə edir ki, müalicədən sonra ən azı bir il qidalanma, fiziki aktivlik və psixoloji dəstək davam etməlidir. Əks halda arıqlama iynələrini dayandırmaq bir çoxları üçün çəki baxımından ciddi geriyə dönüş riski yaradır.

Mənbə: BBC

İlon Maskın şirkəti insan beyninə implant yerləşdirdi

NEYROLİNK İNSAN BEYNİNDƏ: İLK UĞURLU İMPLANT

İlon Mask insan beyninə Neuralink çipinin ilk uğurlu implantasiyasının həyata keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, prosedur problemsiz keçib. Pasiyentin vəziyyəti stabildir və ilkin neyron siqnalları ümidverici nəticələr göstərir. Neuralink beyin-kompüter interfeysi texnologiyasına əsaslanır və istifadəçiyə kompüter və digər rəqəmsal qurğuları yalnız düşüncə vasitəsilə idarə etməyə imkan verir.
Şirkət bu texnologiyanı ilk mərhələdə iflic və ağır nevroloji pozuntuları olan şəxslərin həyat keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutur. Mütəxəssislər uğuru mühüm elmi nailiyyət kimi qiymətləndirsələr də, təhlükəsizlik və etik məsələlərin diqqətlə araşdırılmasının vacibliyini vurğulayırlar.
Xatırladaq ki, bu çip beyin hüceyrələrinin elektrik siqnallarını oxuyaraq onları kompüter və digər rəqəmsal qurğular üçün əmrlərə çevirir və əlilliyi olan şəxslərin texnologiyalardan istifadəsinə imkan yaradır.

Mənbə: Involta.media

İt sahibi olmaq sağlamlığa faydalıdır

SOSİAL ƏLAQƏLƏRDƏ DƏ MÜSBƏT DƏYİŞİKLİK MÜŞAHİDƏ OLUNUR

Araşdırmalar göstərir ki, ilk dəfə it sahiblənən insanlar daha çox gəzir və sosial aktivliklərini artırır. Yaponiyada aparılan tədqiqatda yeni sahiblərin dost və tanışlarla daha tez-tez ünsiyyət qurduğu, üzbəüz görüşlərdə isə kiçik dəyişikliklər müşahidə edildiyi bildirilir.
“Scientific Reports” jurnalında dərc olunan araşdırmada qeyd olunur ki, it sahibi olmaq fiziki aktivliyi yüksəldir, gündəlik rutin və sosial həyatın zənginləşməsinə müsbət təsir göstərir. Nəticələr birbaşa səbəb‑nəticə kimi qiymətləndirilməsə də, sahiblərin həyat tərzində əhəmiyyətli dəyişikliklər yarandığı qeyd olunur. Yeni sahiblər gündəlik piyada gəzmə və sosial əlaqə vərdişlərini inkişaf etdirərək həm sağlamlıqlarını, həm də münasibətlərini gücləndirirlər.
Mənbə: News-Medical.net

 

Naftaln neftinin istifadəsi üzrə nəzarət gücləndirilir

SANİTARİYA QAYDALARINA ƏMƏL OLUNMASI YOXLANILACAQ

Naftalan neftinin tibbi məqsədlərlə istifadə zamanı mövcud norma və qaydalara uyğunluğu yoxlanılacaq. Bu barədə 2026–2029-cu illəri əhatə edən Tədbirlər Proqramında qeyd olunub. Sənədə əsasən, müvafiq dövlət qurumları tərəfindən sanitar-gigiyenik tələblərə əməl olunmasına nəzarət ediləcək, müalicə müəssisələrində yoxlamalar aparılacaq.
Məqsəd naftalan neftinin təhlükəsiz və səmərəli istifadəsini təmin etmək, müalicə prosesində mümkün risklərin qarşısını almaqdır. Eyni zamanda, məhsulun keyfiyyətinin qorunması və tibbi tətbiq sahəsində standartların gücləndirilməsi nəzərdə tutulur.
Mənbə: Report.az

Kofe əhvalı yüksəldir - Elm sübut etdi

ALİMLƏR İZAH EDİR


Alimlər yuxudan oyandıqdan sonra əhval-ruhiyyəni yaxşılaşdırmağın sadə yolunu açıqlayıb. “Scientific Reports” jurnalında dərc olunan araşdırmaya görə, səhər saatlarında qəhvə və digər kofeinli içkilərin qəbulu müsbət emosiyaları nəzərəçarpacaq dərəcədə artırır.
Tədqiqat Almaniyanın Bilefeld Universitetinin alimləri tərəfindən aparılıb və kofeinin gündəlik həyatda insanların emosional vəziyyətinə təsiri öyrənilib. Kofein dünyanın ən geniş yayılmış psixoaktiv maddəsidir və planet əhalisinin təxminən 80 faizi onu müntəzəm olaraq qəbul edir. O, qəhvə, çay, qazlı içkilər və şokoladın tərkibində olur, əsasən yorğunluğu azaltmaq, diqqəti artırmaq üçün istifadə edilir.
Araşdırmada yaşı 18–29 arasında olan 230-dan çox gənc iştirak edib. İştirakçılar iki və dörd həftə ərzində gündə bir neçə dəfə qısa sorğulara cavab verərək son 90 dəqiqədə kofein qəbul edib-etmədiklərini və emosional vəziyyətlərini qiymətləndirib. Nəticələr göstərib ki, kofein qəbulu müsbət emosiyaların artması ilə əlaqəlidir. Bu təsir xüsusilə oyandıqdan sonrakı ilk 2,5 saat ərzində daha güclü olub.
Mütəxəssislər qeyd edib ki, qəhvənin əhvalı yaxşılaşdıran təsiri xüsusilə özünü yorğun hiss edən insanlarda daha aydın müşahidə olunur.

Yağlı pendir və qaymaq demensiya riskini azaldır

YENI ELMI ARAŞDIRMA SÜBUT ETDİ



İsveçdə aparılan uzunmüddətli araşdırma göstərib ki, yağlı pendir və qaymaq istehlakı demensiya riskinin azalması ilə əlaqələndirilib. “Neurology” jurnalında dərc olunan tədqiqatda bildirilib ki, yağ tərkibi yüksək olan pendir və süd məhsullarını müntəzəm yeyən insanlarda demensiyaya tutulma ehtimalı daha aşağı olub.
Araşdırmada İsveçin müxtəlif bölgələrindən olan 27 670 yetkin şəxs iştirak edib. Tədqiqatın əvvəlində iştirakçıların orta yaşı 58 olub və onlar təxminən 25 il ərzində izlənilib. Bu müddət ərzində 3 208 nəfərə demensiya diaqnozu qoyulub. Məlum olub ki, gündə ən azı 50 qram yağlı pendir yeyən şəxslərdə demensiya riski az yeyənlərlə müqayisədə 13 faiz aşağı olub.
Bundan əlavə, gündə 20 qram və ya daha çox yağlı qaymaq istehlak edənlərdə demensiya riski 16 faiz aşağı olub. Lakin bütün süd məhsulları üçün bu nəticə keçərli deyil. Yağsız və ya az yağlı süd məhsullarında oxşar qoruyucu təsir müşahidə olunmayıb.
Mütəxəssislər vurğulayırlar ki, bu araşdırma səbəb-nəticə əlaqəsini sübut etmir. Onların fikrincə, fiziki aktivlik, balanslı qidalanma, siqaretdən uzaq durmaq və ümumilikdə sağlam həyat tərzi beyin sağlamlığı üçün daha vacib amillərdir.

Yaşlandıqca özünəinamın zəifləməyi demensiya xəbərçisidir

ALİMLƏR ORTA YAŞDA PSİXOLOJİ DƏYİŞİKLİKLƏRƏ DİQQƏT ÇƏKİR


Orta yaş dövründə özünə inamın azalması gələcəkdə demensiya riskinin artması ilə əlaqəlidir. Bu nəticəyə London Universitet Kollecinin alimləri gəlib. Araşdırmanın aparıcı müəllifi Filip Frank bu barədə Independent nəşrinə açıqlama verib. Tədqiqat Böyük Britaniyada həyata keçirilən Whitehall II uzunmüddətli araşdırmasının 5 811 iştirakçısının məlumatlarının təhlilinə əsaslanıb. İştirakçılar illər ərzində həm fiziki, həm də psixi sağlamlıqları barədə geniş məlumat təqdim ediblər.
Araşdırmaya görə, orta yaşda həyat çətinliklərinin öhdəsindən gələ bilmədiyini düşünən şəxslərdə demensiya riski təxminən 50 faiz daha yüksək olub. Eyni zamanda emosional uzaqlaşma, insanlara qarşı isti hisslərin azalması, davamlı stress və şəxsi fəaliyyətindən narazılıq da risk faktorları kimi müəyyən edilib. Hətta diqqətin cəmlənməsində subyektiv çətinliklər belə yaşlılıqda demensiya ehtimalının artması ilə əlaqələndirilib.
Filip Frank bildirib ki, bu əlamətlər tez-tez depressiya ilə müşayiət olunsa da, tədqiqatda depressiyanın özü birbaşa demensiya riski ilə əlaqəli çıxmayıb. Bu isə klinik diaqnozdan çox, beyində erkən və gizli gedən emosional və koqnitiv dəyişikliklərin həlledici rol oynadığını göstərir.


Mənbə: Independent

 

Bönövşəyi qidaların sağlamlığa faydaları açıqlandı

YENİ ARŞDIRMA


Alimlər bildirib ki, bənövşəyi, tünd mavi və qırmızı rəngli meyvə-tərəvəzlərdə bol olan antosianlar sağlamlıq üçün faydalıdır. Antosianlar giləmeyvələrə, qara üzümə, bənövşəyi kələmə, qara düyüyə və bənövşəyi şirin kartofa rəng verən təbii flavonoid piqmentlərdir. Araşdırmalar göstərib ki, bu maddələr güclü antioksidant təsirə malikdir və hüceyrələri oksidləşdirici stresdən qoruyur.
Elmi tədqiqatlara əsasən, antosianlar ürək-damar sisteminin fəaliyyətini yaxşılaşdırır, damarların elastikliyini artırır, qan təzyiqinin tənzimlənməsinə kömək edir və “pis” xolesterinin oksidləşməsini azaldır. Bu təsirlər ateroskleroz və ürək-damar xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.
Antosianların beyin sağlamlığına da xeyirlidir. Bəzi klinik araşdırmalarda giləmeyvə və albalı şirəsinin yaşlı insanlarda yaddaş, diqqət və nitq axıcılığını yaxşılaşdırdığı müəyyən edilib. Mütəxəssislər bunu antosianların iltihabı azaltması və beyin qan dövranını yaxşılaşdırması ilə izah edib.

Subcategories