Gecələr tez-tez oyananların ağlı azalır


ARAŞDIRMA
Amerikalı alimlər yaşlı insanlarda düşünmə sürətini zəiflədən amili müəyyən edib. “Sleep Health” jurnalında dərc olunan araşdırmaya görə, gecə yuxusunun tez-tez bölünməsi ümumi yuxu müddəti normal olsa belə, növbəti gün idrak sürətinin azalmasına səbəb olur.
Tədqiqat “Einstein Aging Study” layihəsi çərçivəsində aparılıb. Yaşı 70-dən yuxarı olan, demensiya əlamətləri olmayan 261 iştirakçı 16 gün ərzində biləklərində “Actiwatch” adlı cihaz daşıyıb. Bu cihaz hərəkətləri qeydə alaraq yuxu və oyaq olduqları vaxtları obyektiv şəkildə ölçüb. Eyni zamanda iştirakçılar gün ərzində smartfon vasitəsilə bir neçə dəfə qısa koqnitiv testlər yerinə yetirib.
Testlər məlumatın emal sürətini, yaddaşı və vizual obrazları saxlamaq qabiliyyətini ölçüb. Əsas göstərici isə yuxuya getdikdən sonra oyaq qalınan ümumi vaxt olub. Məlum olub ki, gecə daha çox oyanan yaşlı insanlar tapşırıqları daha ləng icra edib. Hətta bir gecə adi haldan 30 dəqiqə artıq oyaq qalmaq belə növbəti gün düşünmə sürətini nəzərəçarpacaq dərəcədə azaldıb.
Araşdırma göstərib ki, yuxunun ümumi müddəti deyil, onun fasiləsizliyi daha vacibdir.

Saglamolun.Az