Pediatrdan donuz qripi ilə bağlı VACİB TÖVSİYƏLƏR

"Qrip xüsusi viruslar tərəfindən törədilən ayrıca xəstəlikdir.

Bu virusun 3 növü var - A, B, C. Bu viruslar isə vaxtaşırı mutasiyaya uğrayır. "Quş qripi” də, "donuz qripi” də A ştamının mutasiyaya uğramış formasıdır”. Bu sözləri həkim-pediatr Vaqif Qarayev "donuz qripi” kimi tanınan H1N1 virusunun yayılması ilə bağlı danışarkən deyib.

Onun sözlərinə görə, bu virus digər ştamlardan güclü yoluxuculuq qabiliyyəti və ölümcül ağırlaşmaları ilə fərqlənir: "Quşlardan insana keçəndə "quş qripi”, donuzlardan keçəndə isə adını "donuz qripi” qoydular. Halbuki, tarixdə qrip virusunun on milyonlarla insan həyatına son qoyan epidemiyaları olub. Adının nə olmasının heç bir əhəmiyyəti yoxdur. Faktiki olaraq H1N1 təhlükəli qrip virusudur.

Bizdə adi zökəmi, boğaz ağrısını, öskürəyi də qrip adlandırırlar. Halbuki, hər soyuqdəymə qrip sayılmır. Xalq arasında bu ifadə ilə razılaşmaq olar. Amma tibb işçiləri xəstə insandan analiz götürüb, laborator H1N1 aşkarlayıbsa, bu virusa qarşı başdansovdu yanaşmaq olmaz”.

Qripin adi soyuqdəymə və kəskin virus infeksiyalarından fərqləndiyini vurğulayan həkim deyib ki, onlar elə də ağır nəticə vermir. Qrip virusu isə Ümumdünya Səhiyyə Təşkilatının nəzarətində olan bir xəstəlikdir. Hansı ölkədə qrip daşıyıcısı aşkarlanırsa, mütləq bu təşkilatı məlumatlandırmaq lazımdır: "Kütləvi xarakter almasa da, rəsmilər ölkəmizdə H1N1 virusunun daşıyıcılarının aşkarlandığını təsdiqləyib. Yaşlılar, uşaqlar və hamilələr bu virusu daha ağır formada keçirdiyi üçün vaxtında həkimə müraciət etmək lazımdır.

Çünki H1N1 virusuna yoluxan şəxsdə hərarət həddindən artıq çox olur və günlərlə davam edir. Boğaz, əzələ, sümük ağrıları, zəiflik, süstlük olur.

Bu virus ağır hallarda təngnəfəslik və qusmaya səbəb olur. Ən təhlükəli ağırlaşması isə pnevmoniya, böyrəklərdə nefritdir. Ürəkləri zəif olan insanlarda ürəyin fəaliyyəti dayanır. Qrip virusuna vaxtında müdaxilə olunmazsa, bu kimi xoşagəlməz ağırlaşmalar qaçılmaz olur və nəticədə ölüm halı baş verir.

Sadaladığım əlamətləri özündə hiss edən şəxs dərhal xəstəxanaya yerləşdirilməlidir. Çoxlu miqdarda maye qəbul etməli, olduğu otağı təmiz saxlamalıdır. Xəstənin virusa yoluxmasını isə yalnız laboratoriyada müəyyən etmək olur. Aptek satıcılarının tövsiyələrinə uymayın. Onlar yalnız antibiotiklər təklif edirlər. Çünki bizim aptekçilərlə marketdəki satıçılar arasında heç bir fərq yoxdur. Həkimin göstərişi olmadan antibiotiklərdən istifadə etmək əlavə problemlər yaradır”.

Pediatr da məktəblilər arasında "donuz qripi” virusunun kütləvi yayılması kimi iddiaların əsassız olduğunu vurğulayıb. Onun sözlərinə görə, keçən il yayılan qrip virusunda ağırlaşmalar daha çox idi: "Bu il isə çox az hallarda uşaqlar arasında qripin ağırlaşmış formalarına rast gəlmişəm. Həkim qruplarında da təşviş doğuracaq müzakirələrə rast gəlməmişəm. Sayları az da olsa, Azərbaycanda H1 N1 virusuna yoluxan insanlar var. Bunu inkar etmirik. Çalışmalıyıq ki, qrip virusu epidemiya halını almasın. Bunun üçün də insanların sıx olduğu yerlərdən mümkün qədər imtina etmək, ictimai nəqliyyatdan az istifadə etmək, qoruyucu maskalardan istifadə etmək lazımdır.

Bu viruslara yoluxma daha çox gigiyenik qaydalara əməl etmədikdə baş verir. İnsanın ən çirkli üzvü əlləridir, bunun üçün əlləri vaxtaşırı sabunla yumaq lazımdır. Həmçinin xəstə olduqda çalışmaq lazımdır ki, evdən bayıra çıxılmasın, bu həm xəstənin, həm də digərlərinin sağlamlığı üçün vacibdir. Xəstə uşaqlar isə ümumiyyətlə bağça və məktəbə getməməlidir. Çünki uşaqlarda virusla bağlı ağırlaşmalar daha çox və uzunmüddətli olur. Valideynlər diqqətli olmalıdır. Virusa yoluxma halları daha çox uşaq bağçaları və məktəblərdə baş verir. Qrip virusu hava-damcı yolu ilə - öskürək və asqıraqla keçir. Bu isə o deməkdir ki, bir sinifdə bir uşaq 1 dəfə asqırmaqla bütov bir sinfi qripə yoluxdura bilər”.

Pediatr deyib ki, bağça və məktəblərdə nəzarət gücləndirilməlidir.Valideynlər və təhsil müəssisələrinin rəhbərləri bütün bəhanələri bir kənara qoyub, xəstə uşaqları məktəblərdən və bağçalardan uzaq tutmalıdır: "Yüksək qızdırma zamanı qızdırmasalıcılardan, parasetamol və nurafendən (antibiotiklərdən yox) istifadə etmək olar.

Çoxlu maye qəbul etmək lazımdır. Meyvə-tərəvəzdən bol-bol istifadə edin. Mümkün qədər açıq havada gəzmək lazımdır. Bu zaman da uşaqların ağız-burnunu şarfla 2-3 qat bağlamaq lazım deyil. Onda uşaq təmiz hava ala bilmir. Ondansa evdə otursa yaxşıdır. Davamlı yüksək qızdırmada özünümüalicə yolverilməzdir. Həkimə müraciət etmək lazımdır. Yaşlı insanlar və hamilələr daha diqqətli olmalıdır. Vaxtında həkimə müraciət etməlidir”.

Saglamolun.Az